Modern.az

Nələr gizlədər döyüşçü ürəyi...

Nələr gizlədər döyüşçü ürəyi...

Aktual

5 Dekabr 2020, 19:36

Qanlı döyüşlərdən keçən, dostlarını göz görə-görə itirən, yaralarını tutub qanlarını qanlarına qarışdıran əsgərlərim, komandirlərim, sizlərin ürəyinə bir girə bilsəydim... Bilirəm ki, sizə qürur verən əyninizdəki o forma, hərbi mundir orada yığılıb qalan, sanki bir xəzinə kimi heç kimə göstərmədiyiniz hissləri, duyğuları üzə çıxarmağa yol verməz. Əsgər döyüşdə yaşadığını ancaq içində yaşadar, onu da özü ilə aparar. Yəqin ki, onları danışmaq da əbəsdir, çünki onları yaşamaq lazımdır ki, anlayasan. Əsgər istəməz kimsə onun yaşadığını yaşasın. Bizim əsgər sülh üçün döyüşdü, qan tökdü ki, sakit bir dünyamız olsun. Həm də niyə o ağrı-acıları bir də kiməsə ötürüb ona da ağır bir yük gətirsinki. Belə düşünür bizim igid əsgər qardaşlarımız.

 

Onlarla söhbətdə hadisələri parça-parça eşidərsən. Amma danışdıqca hiss edirsən ki, daxildəki o “xəzinədən” yan keçərlər, susub bir nöqtəyə baxarlar əsgərlərim. Amma onlar danışdıqca biz dolarıq, biz hiss edərik o yaşanan ağrıları, bizim ruhumuz sızlayar, onlar isə yenə də qaya kimi sərt gözlərlə bizə baxar.

 

Çox əsgərlərimiz indi azad edilən həmin torpaqlarda doğulublar. Onların yurd xiffəti açıq yara kimi idi. Bir vaxtlar uşaqikən məcburən çıxdığı torpağa əlində silahla düşməni məhv edə-edə gəlməyin hissini duymaq heç cür mümkün deyil kənardan.

 

Polkovnik Şahin Qəhrəmanovla söhbətdən sonra bu fikirlər yarandı məndə. Jurnalist bacarığımı səfərbər edib onu danışdırmağa nə qədər çalışsam da baxışları ilə mənə o hissləri bizdən başqa heç kim bilməyəcək deyirdi. Döyüşçü ürəyinin dərin qatlarına bəlkə də baxmağa cəhd etmək lazım deyil. Sadəcə bir insan kimi istədim hisslərin səsini eşidim, heç yazmazdım da onları.

 

Şahin Qəhrəmanov motoatıcı briqadası ilə cəbhənin dərinliklərinə qədər gedən zabitlərdəndi. Birinci Qarabağ müharibəsində Cəbrayıldan çıxanda 15 yaşı vardı. O, müharibə əlindən uşaqlığını, gəncliyini alan nəsillərdəndir. 11-ci sinfi 1993-cü ildə doğma elində, Cəbrayılın Horovlu kəndində bitirər-bitirməz məcburi köçkün həyatı başlamışdı. Elə itirdiyi torpağı bir gün geri alacağına inanaraq taleyini hərbə bağladı. Ali Hərbi Akademiyanı bitirən gündən ön cəbhələrdə oldu, əksər döyüş əməliyyatlarında iştirak etdi.

 

Məzəmdən başlayan döyüş yolu, Ali Baş Komqndanın rəhbərliyi ilə Lələtəpədə, aprel müharibəsində qələbə ilə yekunlaşdı.

 

Son 44 günlük Vətən müharibəsində də öndə oldu Şahin Qəhrəmanov.

 

Murovda başladığı uğurlu döyüş əməliyyatını doğulduğu doğma yurdunda Cəbrayılda davam etdirdi.

 

Şahin 15 yaşında çıxdığı Cəbrayıla peşəkar bir döyüş hazırlıqlı komandir kimi qayıtdı. Qayıtdı ki, Ali Baş Komamdirin Əmrini yerinə yetirsin. Qayıtdı ki, yaşı 100-ü haqlayan iki əsrin şahidi nənəsini bir gün o torpağa qovuşdura bilsin. Qayıtdı ki, Bakıda torpağa tapşırdığı atasına verdiyi sözü tutsun.

 

44 günlük Vətən müharibəsində Şahinin və onun komandiri olduğu N saylı hərbi hissənin əsgərlərinin sücaəti əvəzsizdir. 50 kilometrlik bir məsafəni 45 kiloluq bir yüklə pay-piyada qət edərək, qüsursuz döyüş əməliyyatı həyata keçirərək, qələbəyə öz imzalarını atdılar. Cəbrayıldan, Füzulidən başladığı döyüşü Qubadlıyadək davam etdirdi.

 

 

Laçının Güləbird kəndinə qədər gedib çatan zəfər yürüşünün iştirakçısı oldu.

Hacı Qaraman kimi neçə-neçə müqəddəs ziyarətgahlarımızın, məscidlərimizi düşməndən təmizləyənlərdən oldu.

 

Ermənilər tərəfindən vurulan tankdan iki əsgərini xilas etməyə çalışan Şahin də ağır yaralandı. Yaralı-yaralı 4 kilometr qət edən polkovniki hospitala yollamaq isə heç də asan olmadı. Nə itirdiyi qan, nə bədənindəki qəlpələr belə onun döyüş əzmini qıra bilmədi. Yaralı-yaralı huşunu itirənədək döyüşdən uzaqlaşmadı, komandir kimi əsgərlərinin qələbə əzmini daha da artırdı.

 

Bu gün biz 44 günlük ağır döyüşlərlə yadda qalan bu qələbə sevincimizi Şahin Qəhrəmanov kimi igid hərbçilərimizə, minlərlə sıravi əsgərlərimizə borcluyuq.

 

Ali Baş Komandanın beynəlxalq diplomatiyada qazandığı uğurlarını onun rəhbərliyi ilə Azərbaycan Ordusu rəşadətlə davam etdirdi, düşmənə layiq olduğu cavabı verdi. Bizə bugünkü ürək rahatlığı ilə yaşadığımız qələbə sevincinə görə onlara nə qədər təşəkkür etsək azdır. Bu gün yaralı polkovnikimizə Allahdan şəfa diləyib onun timsalında bütün hərbçilərimizə, var olun deyir, Şəhidlərimizə Allahdan rəhmət diləyirəm! Sizlər bizə çox şeyi öyrətdiniz.

 

 

Jurnalist Aygün Həsənova

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü