Modern.az

Azad olunmuş ərazilərin zəngin su mənbələri dirçəlişə SƏBƏB OLACAQ

Azad olunmuş ərazilərin zəngin su mənbələri dirçəlişə SƏBƏB OLACAQ

6 Yanvar 2021, 10:00

Artıq şirin su problemi qlobal məsələyə çevrilib və dünya əhalisinin 40%-dən çoxu içməli su problemi ilə üz-üzədir. Araşdırmalara görə, problemin yaranması iqlim dəyişmələri, insan fəaliyyəti ilə şirin su ekosistemlərinin çirklənməsi, əhali artımına müvafiq olaraq urbanizasiyanın və əkin sahələrinin sürətlə genişlənməsi və s. amillərlə bağlıdır. Azərbaycanda bu problemin qabarması həm də su ehtiyatlarının böyük hissəsi cəmləşən torpaqlarımızın 30 illik erməni işğalına məruz qalmasıdır. İndi isə torpaqlarımız da, su ehtiyatlarımız da azaddır!

 

AMEA Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov Modern.az-a bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsilə su ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi sahəsində dönüş yaranıb:

 

“Uğurlu hərbi əməliyyatlar nəticəsində Tərtər çayı üzərindəki Suqovuşan su anbarı, Köndələnçaydakı Kaskad su anbarları, Araz çayı üzərindəki Xudafərin su anbarı və İranla müştərək tikilməsi nəzərdə tutulmuş Qız qalası hidroqovşağı və s. işğaldan azad olunub. Suqovuşan su anbarı Aran Qarabağın düzənlik ərazilərinin suvarılmasında vaxtilə əhəmiyyətli rol oynayıb. Erməni işğalçıları buradan mənbəyini götürən sağsahil və solsahil Tərtərçay suvarma kanallarını demək olar ki, yararsız vəziyyətə salıb. Hazırda Suqovuşan su anbarından Tərtərçaya suyun buraxılması çayboyunca yaşayan əhalinin su təminatını yaxşılaşdırıb.

 

Azərbaycanın iri su anbarı olan Tərtərçay üzərindəki ikinci su anbarı Sərsəng su anbarı həm elektrik enerjisi istehsalında, həm də suvarmada geniş istifadə edilirdi. Araz çayı üzərindəki Xudafərin su anbarı və Qız qalası hidroqovşağı Azərbaycan Respublikasının və İranın Arazboyu düzənliklərində 75 min hektar əkin sahəsinin suvarılmasında və eyni zamanda 102 meqavat elektrik enerjisi alınmasında istifadəsi nəzərdə tutulmuşdu. Xudafərin su anbarında tikinti işlərinə İran tərəfindən 1999-cu ildə başlanmış, 2008-ci ildə başa çatmışdı. Lakin Ermənistanın işğalı ilə əlaqədar nəzərdə tutulmuş layihə tam başa çatmamışdı.

 

Müzəffər ordumuzun qəhrəmanlığı nəticəsində Dağlıq Qarabağ təbiətinin formalaşmasında önəmli rol oynayan bir sıra çaylarımız - Həkəriçay, Oxçuçay, Bəsitçay, Bərgüşad və s. azad olunub. Azad olunmuş su anbarları, çaylar və yeraltı mənbələr işğal müddətində kifayət qədər ciddi ekoloji təcavüzə məruz qalıb. Su anbarlarının düzgün idarə edilməməsi, vaxtında profilaktik tədbirlərin görülməməsi, çaylara çirkab və dağ-mədən sənaye tullantılarının təmizlənmədən axıdılması, çay hövzələrində meşələrin qırılması və bitki örtüyünün məhv edilməsi, kütləvi şəkildə hərbi istehkamlarının yaradılması və s. son nəticədə sututarlarda və çaylarımızda ekoloji pozuntulara səbəb olub”.

 

Direktorun sözlərinə görə,  işğaldan azad olmuş ərazilər həm də zəngin yeraltı qaynaqlarına malikdir:

 

“Kiçik Qafqazdan axan çayların Qarabağ düzünə açıldığı sahələrdə yaratdığı, dərəli-təpəli səthi malik gətirmə konusları və ətraf sahələrdəki yeraltı sulardan suvarmada və məişətdə istifadə etmək məqsədi ilə vaxtilə 1000-ə yaxın subartezian quyusu qazılmışdı. Bu quyuların azad edilməsi də əhalinin su təminatına kömək edəcək.

 

Bu baxımdan Qarabağdakı şirin su ehtiyatlarının müasir dövrün tələblərinə uyğun olaraq yenidən qiymətləndirilməsinin həyata keçirilməsi vacibdir”.

 

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Modern.az-a bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə ilkin qiymətləndirmələr aparılır:

 

“Bizim mütəxəssislər mövcud sistemləri bərpa etməklə Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Hadrut və Şuşada xidmət aparan heyəti içməli su ilə təmin edib. Eyni zamanda, bizim mütəxəssislər Suqovuşanda olub. Ərazidə sıradan çıxarılan sistemin bərpası istiqamətində işlər davam etdirilir.

 

Bundan başqa, mütəxəssislərimiz ilkin olaraq, işğaldan azad olunmuş ərazilərin içməli su ehtiyatları, gələcəkdə tikinti, quruculuq, abadlıq işləri zamanı kəndlərin, qəsəbələrin təminatında hansı su mənbələrindən istifadə olunacağı ilə bağlı qiymətləndirmələr aparırlar. Onu da qeyd edim ki, həmin ərazilər kifayət qədər yeraltı və yerüstü su ehtiyatları ilə zəngindir. İşğaldan azad edilmiş ərazilərimizdəki çaylar, bulaqlar, kəhrizlər, yeraltı sulardan gələcəkdə istifadə etmək olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...