Modern.az

Döyüşən jurnalist: “Fəxr edirəm ki, bu zəfərdə payım var!” - MÜSAHİBƏ

Döyüşən jurnalist: “Fəxr edirəm ki, bu zəfərdə payım var!” - MÜSAHİBƏ

Media

8 Yanvar 2021, 09:15

İkinci Qarabağ Müharibəsinin başladığı ilk günlərdən sonuna qədər cəbhədə əsgər və zabitlərimizlə çiyin-çiyinə döyüşən jurnalistlər də vardı. Onlar cəbhə bölgəsinə jurnalist kimi qələminin və sözünün gücüylə deyil, əsgər kimi savaşmağa getmişdilər.

“İki sahil” qəzetinin baş redaktor müavini Anar Miriyev də vətənə xidmət üçün səfərbər olanlar sırasında idi. O, Vətən Müharibəsinə ehtiyatda olan baş leytenant kimi getmişdi.


Anar Miriyev artıq ordu sıralarından tərxis olunub.


Həmkarımıza Vətən müharibəsi bitdikdən sonra kapitan hərbi rütbəsi verilib. Bununla yanaşı, xidmət etdiyi hərbi hissənin komandiri tərəfindən “Fəxri fərman”la da təltif olunub.

Bu günlərdə evinə qayıdan Anar Miriyev Modern.az saytının müsahibi olub.


- Anar bəy, cəbhəyə nə zaman yollandınız?

- Prezidentin sərəncamı ilə qismən səfərbərlik elan olundu. Ondan sonra ehtiyatda olan baş leytenant kimi sentyabrın 28-i ordu sıralarında xidmətə çağırıldım. Sentyabrın 29-u cəbhəyə yollandım.


- Bir jurnalist olaraq qələmi süngü ilə əvəz etmək çətin idimi?


- İlk başda mənim üçün çətin olacağını düşündüm. Silahdan istifadə edərkən çətinlik çəkəcəyimi fikirləşirdim. Cəbhəyə yollanarkən necə edəcəyimi, bunların öhdəsindən gələ bilərəmmi deyə, suallar beynimdə dolaşırdı. Daha sonra gördüm ki, hər şeyin öhdəsindən gəlirəm və mən bunu bacardım. Müharibə, döyüş elədir ki, insana çox şey öyrədir.


- Yəqin ki, döyüşlərlə bağlı xatirələriniz çoxdur...

- Döyüşlərlə bağlı o qədər danışılası xatirə var ki... Vətən, torpaqlarımızın azad olunması uğrunda 44 günlük müharibə oldu. Orada ancaq bir amal var idi ki, torpaqlarımız düşmən tapdağından azad olunmalı, ərazi bütövlüyümüz bərpa edilməlidir. Mən bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini kimi hərbçilərin mənəvi, psixoloji hazırlığı, döyüş ruhunun yüksəldilməsi, vətənpərvərlik uğrunda tərbiyəsinə birbaşa cavabdeh idim. Həmin vaxt şəxsi heyətlə iş zamanı da müşahidə edib gördüm ki, istər səfərbərlikdən cəlb olunan əsgərlər, istərsə də oradakı köhnə əsgərlər olsun, onların hamısında yüksək mənəvi-psixoloji hazırlıq var. Hamısı yüksək vətənpərvərlik ruhunda idi. Hamı bir amal uğrunda birləşmişdi. Orada elə bir əsgər yox idi ki, nədənsə qorxsun, çəkinsin. Bütün əsgərlərimizin, zabitlərimizin bir məqsədi var idi. O da torpaqlarımızın azad olunması idi. Heç kəsin gözündə qorxu, narahatçılıq görmədim. Orada bir şeyi də müşahidə etdim. Ordumuzun Ali Baş Komandana olan inamı yenilməz idi. Prezidentimizin çıxışlarını mən radio vasitəsi ilə əsgərlərə dinlədirdim. Baxırdım ki, bu onlara necə gözəl, müsbət təsir edir. Ali Baş Komandanın çıxışı hərbçilərin döyüş, vətənpərvərlik ruhunu daha da artırırdı.



- Döyüş zamanı unutmadığınız hansı anlar oldu?

- Mənim üçün heç vaxt unutmayacağım anlar çox oldu. Allah şəhidlərimizə rəhmət etsin. Xidmət etdiyim bölükdən şəhidlərimiz oldu. 3 şəhid verdik, 10-dan çox yaralımız oldu. Şəhidlərimizi heç vaxt unuda bilmərəm. O anları unutmaq mümkün deyil.
Düşmənin üzərinə hücum edib, mövqelərini ələ keçirəndə, onlara yaxınlaşanda silahlarını yerə atıb qaçmaqlarını görmək böyük bir hadisə idi. Bunları heç vaxt unuda  bilmərəm. Orada həmin məqamda hiss olunurdu ki, bu torpaq bizimdir. Biz öz torpağımızda vuruşurduq. Düşmən bilirdi ki, bu torpaq onların deyil. Buna görə də silah-sursatlarını qoyub qaçırdılar. Cənab Prezidentin dediyi kimi, onların öz səngərlərini, silahlarını özlərinə qarşı istifadə etdik.


- Cəbhəyə gedərkən nələr düşünürdünüz?

- Cəbhəyə gedərkən ancaq bunu fikirləşirdim ki, gedib döyüşməliyəm və torpaqlarımız azad olunmalıdır. Bilirdim ki, bu məsələ sülh yolu ilə həll olunmayacaq. Onlar xoşluqla torpaqlarımızı geri qaytarmayacaqlar. Bir yol var idi: o da müharibə. Biz addım-addım ona doğru gedirdik. Dövlətin, ordunun hər cəhətdən gücləndirilməsi bunu göstərirdi. Səbr etdik, həmin gün gəlib çatdı. Getdik döyüşdük, torpaqlarımızı azad etdik. Böyük zəfəri qazandıq. Sevinirəm ki, bu zəfərdə bizim də payımız var.
Orduda olanda təkcə evlə bağlı narahatlığım var idi. O da ki, sağolsunlar həmkarlarım həmin narahatlığı aradan qaldırdılar. Ailəmə zəng vurub maraqlanır, tez-tez ziyarət edir, tək buraxmırdılar. Hər cür dəstəyi göstəriblər. Hamısına təşəkkürümü bildirirəm. Cəbhədə arxadan arxayın olmaq çox gözəl bir hissdir. Fürsət tapanda zəng vurub evlə danışırdım. Biləndə ki, həmkarlarım dəstəyini əsirgəmir, bu, psixoloji baxımdan mənə böyük güc verirdi.


- Hansı bölgələrdə döyüşürdünüz?

- Biz Xocavənd istiqamətindəki döyüşlərdə iştirak etdik. Xocavənd istiqaməti coğrafi və relyef baxımından çox sərt yerdir. Orada döyüşmək çox çətin idi. Xocavənddə qızğın döyüşlər gedirdi. Bir neçə kəndin işğaldan azad olunmasında iştirak etdim. Ağdam işğaldan azad olunandan sonra həmin əraziyə keçdik. Əsasən Xocavənd və Ağdam istiqamətində döyüşlərdə oldum.



- Ailəniz sizin cəbhəyə yollanmağınızı necə qarşılamışdı?

- Əvvəl çox narahat idilər. 2 azyaşlı uşağı evdə qoyub getmişdim. Onlar çox narahat idilər. Döyüş vaxtı demək olar ki, əlaqə saxlaya bilmirdim. Səngərdə danışmaq mümkün deyildi. Şəbəkə də yox idi. 2-3 gündən bir zəng edib bir kəlmə danışırdıq ki, sağ-salamat olduğumu bilsinlər. Zəng vura bilməyəndə çox böyük narahatlıq yaşayırdılar. Daha sonra isə alışdılar. İndi uşaqlar fəxr edirlər ki, onların ataları torpaqların azad olunmasında iştirak edib.


- Müharibədə yaşadığınız anları bir jurnalist kimi necə qələmə alardınız?

- Müharibə elə bir məfhumdur ki, orada gördüklərimizi, yaşadıqlarımızı sözlə ifadə etmək həqiqətən çox çətindir. O dəhşəti yaşamaq, odun-alovun içindən keçmək çox çətindir. Çiyin-çiyinə səngərdə dayandığın döyüş yoldaşının gözlərinin qarşısında döyüşə-döyüşə şəhid olması çox ağır mənzərədir. Döyüş zonasında yaralı əsgər yoldaşını oradan çıxarmaq, səngərə gətirmək, onun yaşamağına kömək etmək insana böyük rahatlıq verir. Oradaki bütün əsgərlər bir-birilərinə dəstək idilər. Bütün bu anların hamısını görmək, yaşamaq çox ağır idi. Əsgərlərimizin, ordumuzun nə qədər cəsur olduğunu gördüm. Böyük zəfəri, qələbəni qazanmağımızda ordumuzla yanaşı, xalqımızın da dəstəyi inanılmaz dərəcədə oldu. İnsanlarımız cəbhəyə əlindən gələn dəstəyi əsirgəmirdi. Bizə yardımlar göndərirdilər. Respublikanın bütün bölgələrindən bizi ruhlandıracaq məktublar gəlirdi. Onaların hamısını yığıb saxlamışıq. Onları əsgərlərə göstərəndə görürdüm ki, bu hərbçilərə  nə qədər ruh yüksəkliyi verir. 44 günlük müharibə bizim birliyimizin simvolu oldu. Ordu, xalq, dövlət birlik nümayiş etdirdi.


- Nə zaman tərxis olundunuz?

- Bizim sərəncamımız dekabrın 30-u çıxmışdı. Lakin mən elə yerdə idim ki, əlaqə saxlamaq çətin idi. Dağlıq hissədə idik. Bir gün sonra artıq günortanı keçəndə xəbər gəlib çatdı ki, tərxis olunmaqla bağlı əmrimiz çıxıb. Doğrusu buna inana bilmirdim. Fikirləşirdim ki, biz zabitləri bir az gec buraxarlar. Bundan əlavə, şəxsi heyətə o qədər öyrəşmişdim ki, onları qoyub gəlmək istəmirdim. Onlarla ayrılıq mənim üçün çox ağır oldu. İndi də zəng vurub əlaqə saxlayıram. Ayın 31-i gecə saatlarında biz yola çıxdıq. Yanvarın 1-i gəlib evə çatdıq.


Nəzrin Vahid

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi