Modern.az

Moskva görüşündən GÖZLƏNTİLƏR

Moskva görüşündən GÖZLƏNTİLƏR

Analitika

11 Yanvar 2021, 12:21

Yanvarın 11-də Moskvada Qarabağla bağlı hansısa sülh sazişinin imzalanacağı gözlənilmir.

Həmçinin, Azərbaycan, Rusiya və Ermənistan arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın bəndlərinə hansısa korrektələr ediləcəyi ehtimalı da azdır.

Üç liderin müzakirələri 10 noyabr sənədinin imzalanmasından sonra Dağlıq Qarabağda yaranmış yeni situasiyada tərəflərin və Rusiya missiyasının son iki aydakı gediş və davranışları, üçtərəfli Bəyanatın bir sıra şərtlərinin pozulması, əksər hallarda məhz sülhməramlı qüvvələr tərəfindən pozulması, həmçinin sənəddə qaranlıq qalan məqamların, fərqli şərh edilən şərtlərin dəqiqləşdirilməsi ilə bağlı olacaq.


Moskva görüşü ərəfəsində Azərbaycan DTX və Ermənistan MTX rəhbərlərinin neytral ərazidə keçirdiyi görüşlərdən belə qənaət çıxarmaq olar ki, əsirlər və itkin düşmüş şəxslərin mübadiləsi məsələsi də müzakirə predmeti olacaq.


Kremlin rəsmi açıqlamasına görə, görüşdə üçtərəfli Bəyanatının icrasına baxılması və bölgədəki problemlərin həlli üçün gələcək addımların müzakirə edilməsi planlaşdırılır:

“Hərbi əməliyyatlara məruz qalan bölgələrin sakinlərinə yardım göstərilməsi, ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin açılması və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcəkdir”.


Belə görünür ki, 11 yanvar görüşündə Zəngəzur və ya Mehri dəhlizinin - Naxçıvana yolun açılması əsas mövzu olacaq. Təbii ki, rəsmən açıqlanmayan məsələlər – rusların Dağlıq Qarabağdakı zorən məskunlaşdırma siyasəti, Bəyanatın 4-cü bəndinin pozulması (erməhi silahlı qüvvələrinin bölgədən hələ də çıxarılmaması) və s. neqativ tendensiyalar da Azərbaycan tərəfindən masaya çıxarılacaq. Bəzi proqnozlara görə, hərbi əsirlər, daha doğrusu, savaşdan sonra tutulan erməni terrorçuların qaytarılması ilə erməni qüvvələrinin Qarabağdan çıxarılması məsələləri bir-biri ilə əlaqələndirilə bilər.

Erməni teleqram-kanallarının iddiasına əsasən, yanvarın 11-də Paşinyanın Moskvada imzalayacağı sənədlərdə “Ermənistanın bəzi ərazilərinin Azərbaycana qaytarılması, Azərbaycanı Naxçıvanla birləşdirən dəhlizin açılması, həmçinin erməni qoşunlarının Dağlıq Qarabağdan çıxarılması əksini tapacaq”.

Paşinyan isə Facebook-dakı postunda Naxçıvana yolun açılmasını əsirlərin mübadiləsinə bağlayıb:

“10 noyabr bəyanatında "Mehri" və ya Ermənistan Respublikasının digər hər hansı digər ərazisi ilə bağlı "dəhliz" sözü yoxdur. Ermənistandan Rusiyaya və Azərbaycandan Naxçıvana əlaqə marşrutlarının seçilməsi ayrıca müzakirə mövzusudur və onun effektivliyinin artırılması üçün vacib şərt əsirlərin, girovların, digər saxlanılan şəxslərin, həlak olanların cəsədlərinin mübadiləsi, həmçinin itkin düşənlərin axtarışı üzrə işlərin həcminin və səmərəliliyinin artırılmasıdır”.


Həmin bəyanatda əslində, Naxçıvana yolun açılmasını savaşdan sonra tutulan diversantlarla bağlayan şərt yoxdur.


Biz hələ danışıqların əvvəlindəyik, uzun sürəcək bu prosesin əsəb və enerjimizi tükətməsinə imkan verməməli, hərb meydanındakı Zəfərimizin masada məntiqi sonuca varması üçün səbrli olmalıyıq. Ermənilərin bütün silahlı qüvvələrinin bölgədən çıxarılması və Mehri dəhlizi məsələsində inkişafa nail olunması 10 noyabr Bəyanatının tələbidir və Azərbaycan indiki konyunkturada və oyun düsturunda hələlik bu iki əsas məsələnin həllinə nail olmağa çalışacaq.


Üçtərəfli format təbii ki, risklidir, Rusiyanın təkbaşına “moderatorluğu” uzunmüddətli perspektiv baxımdan Azərbaycanın maraqlarına cavab vermir. Amma Bakı yaxın və orta vədəli planları üçün konyunkturaya uyğun oynayır, masada addım-addım hədəfinə nail olmağa çalışacaq.


Rusiyanın ilkin hədəfi Ermənistanı yenidən qucağına almaqdır. Moskvanın Dağlıq Qarabağdakı postsavaş ssenariləri effektiv olmaya və istədiyi nəticəyə aparmaya bilər. Ermənistanda anti-Rusiya ovqatı azalmır, əksinə artır və ermənilərin saqqızını oğurlamaq Kreml üçün asan olmayacaq. Azərbaycan cəmiyyətində də “qələbə oğrusu” Rusiyaya neqativ münasibət tarixən yüksək səviyyədədir. Moskva görüşü ərəfəsində Putinin güc strukturlarının rəhbərləri ilə RF Təhlükəsizlik Şurasının müşavirəsini keçirməsi həm də bu situasiyanın diqtəsi ola bilər.


Moskva görüşü ərəfəsində Ermənistan siyasətindəki panika xüsusilə diqqəti cəlb edir. Bəziləri “ağlamalı vəziyyətdə” olan Paşinyanı xilas etmək və ermənilərin qılığına girmək üçün Putinin Bakıdan bəzi “güzəştlər” istəyə biləcəyini və ya rus hərbi kontingentinin sayını artırmaq məsələsini gündəmə gətirəcəyini iddia edirlər. Arqumentsiz və absurd iddialardır. Qalib Bakı nədən məğlub İrəvana güzəştə getməlidir və ya Moskva hərbçilərinin sayını artırmağı nə ilə əsaslandıracaq?


Qərbli həmsədrlərdən əlini üzən Azərbaycan öz maraqlarına uyğun olaraq Rusiyanın təkbaşına vasitəçiliyinə və sülhməramı missiyasına razılıq verib. 44 günlük savaş nəticəsində yaranan geosiyasi reallıqların kobminasiyasında oyun qaydaları “rus varianti”nı seçməyə sövq etdirməyə bilməzdi. Amma burada “Türkiyə variantı” da var -bunu unutmaq lazım deyil. Moskva görüşündə Türkiyə iştirak etməsə də, kölgəsi yetər. Türkiyə sanki bu prosesdə “fantom”dur, görünmədən oynayır, amma effektli oynayır.


Digər tərəfdən, ABŞ və Fransa 10 noyabrdan sonra qəflətən oyundankənar olsalar da, əllərini Cənubi Qazqazdan çəkmək niyyətində deyillər.Təsadüfi deyil ki, Moskva görüşü ərəfəsində Paris özünü yada saldı, Makron Putinə zəng etdi. Yanvarın 20-dən sonra Bayden də bu mövzuda Putini zəngləri ilə dəng edəcək.


Belə görünür ki, 2021-ci ildə yeni qlobal geosiyasi reallıqlar fonunda Qabağla bağlı diplomatik səviyyələrdə sürpriz gediş və oyunların şahidi olacağıq.


Bu oyunlar uzun sürəcək və asan olmayacaq, amma nəhayətdə, Xankəndi, Xocalı, Xocakənd və rus hərbi kontingentinin yerləşdiyi digər yerləri de-fakto öz yurisdiksiyamıza qaytaracağıq.



Qəzənfər Həmidoğlu

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır