Modern.az

Hadi Rəcəbli: “Nə vaxtımızın, nə də canımızın qədrini bilirik” - MÜSAHİBƏ

Hadi Rəcəbli: “Nə vaxtımızın, nə də canımızın qədrini bilirik” - MÜSAHİBƏ

8 Avqust 2012, 11:05

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Modern.az saytına müsahibə verib.

 - Hadi müəllim, hazırda Azərbaycanda uşaqların yay istirahət düşərgələri necə təşkil olunub? 

 -  İstirahət düşərgələrinin olması, həm böyüklər, həm də məktəblilər üçün istirahəti daha səmərəli keçirməyə imkan yaradır. Son vaxtlar bu məqsədlər üçün xeyli işlər görülüb. Büdcə müzakirə olunanda Həmkarlar İttifaqına bununla bağlı müəyyən vəsaitlərin ayrılmasını təklif etdik. Çox təəssüf ki, bu normativlərin səviyyəsi aşağıdır və uşaqların istirahətini bu normativlərlə tam təmin etmək mümkünsüzdür.

 - Məktəbyaşlı uşağın istirahəti üçün nə qədər vəsait ayrılır?

 - Ayrılan vəsait çox aşağı səviyyədədir. Uşaqlar bu pulla  həm yeməli, yatmalı,  eyni zamanda  müəyyən  ehtiyaclarını ödəməlidirlər. Ona görə də bu normativlər dəyişdirilməlidir. Bəzi valideynlər yay tətili zamanı öz uşaqlarını müxtəlif ölkələrə göndərirlər. Bununla bağlı Gənclər və İdman Nazirliyində də  müəyyən işlər görülür. Gənclərin dincəlməsi üçün yay istirahət düşərgələri yaradılır. Məsələn, bu gün Mərdəkanda, Abşeronda, Pirşağıda məktəbyaşlı uşaqlar üçün istirahət düşərgələri yaradılıb. Eyni zamanda bəzi düşərgələr Gənclər və İdman Nazirliyi tərəfindən bərpa edilib. Bunun bir hisəsi dövlətin büdcəsindən asılıdırsa, yerdə qalan hisəsi sahibkarla bağlıdır. Sahibkar öz işçisini yay tətili ilə təmin etməlidir. Bu hər zaman diqqətdə olan bir məsələdir və düşünürəm ki, illər keçdikcə daha  da inkişafa edəcək. Hazırda Lənkəranda “Palıdlı Sahil” istirahət düşərgəsində əlli  uşaq dincəlir. Azərbaycanda regionların uşaqlara öyrədilməsi üçün  Gənclər və İdman Nazirliyi layihə həyata keçirilir. Bu layihənin əsas məqsədi regionlarımızla uşaqları tanış etmək, eyni zamanda bölgələrimizin gözəl güşələri haqqında onlara ətraflı məlumat verməkdir. Məsələn, uşaqları Quba-Xaçmazdan Lənkərana, Şəkidən Quba-Xaçmaza aparırlar və bir neçə dəfə bu proses təkrar olunmaqla onları məlumatlandırırlar. Mən düşünürəm ki, bu layihə daxilində iki min uşaq dincələ biləcək. İstirahət düşərgələrinin sayına gəlincə, müqayisəli şəkildə bu məsələyə baxsaq, görərik ki, SSR zamanında onlar daha çox idi. Hətta o vaxtlar Pirşağı, Məştağa, Xanlar, Lənkəranda belə 3-4 pioner düşərgəsi  mövcud idi. İlk növbədə onu düşünməliyik ki, indi nəyə görə belə düşərgələrin sayı azalıb, əksinə belə düşərgələr uşaqlara indi daha çox vacibdir. Bir məsələni də qeyd etmək istəyirəm, uşaqlar orta məktəbi bitirib instituta qəbul olduqdan sonra valideynlərin qayğıları daha çox artır. Belə ki, artıq o övladını harada yerləşdirəcəyi haqqında düşünür. Ona görə də bizdə yataqxana problemi qalır. Amma dünyada qəbul olunub ki, hər institutun nəzdində tələbələrin qalması üçün şəhərcik olmalıdır.  Burada institut şəhərciyi qapalı olur, eyni zamanda yataqxana, yeməkxana və tələbələrin istirahəti üçün diskoteka və s. fəaliyyət göstərir. O şəhərcikdə yaşayan uşaqlar həm təhsil, həm elmlə məşğul olur, eyni zamanda da istirahət edirlər. Düşünürəm ki, Azərbaycanda da bu kimi məsələlər öz həllini tapmalı və onun inkişafı yönündə müxtəlif tədbirlər görməliyik. 

- Qeyd etdiyiniz məsələlərin həlli üçün qanunvericilikdə dəyişiklik lazımdırmı?

- Qanunvericilikdə bu məsələlər bu və ya digər formada var. Amma bu, daha çox direktiv sənədlərlə həll olur. Nazirlər Kabinetinin də bu cür sənədləri mövcuddur.  Biz büdcədən vəsait ayıranda məqsədlərə daha çox vəsait ayırmalıyıq və bu yolla inkişafa doğru getmək olar. Bəzi universitetlər var ki, onların bununla bağlı büdcəsi var. Məsələn, Bakı Dövlət Universiteti, İqtisad Universiteti və Xarici Dillər Universitetinin öz büdcəsi var.

Ümumiyyətlə, turizm islam dininin bünövrəsi qoyulan zamanlarda yaranıb. Məşəd,    Kərbala, Həcc ziyarətləri-əslində bunun özü də turizmin bir növüdür. Müxtəlif yerləri gəzirsən, görürsən və mən deyərdim ki, bu ənənə Azərbaycanda da qalmaqdadır. Biz orta məktəbdə oxuduğumuz vaxtlarda bizi ekskursiyalara aparardılar, şəhərin gəzməli-görməli yerləri ilə tanış edirdilər. Bu gün Avropanın şəhərlərində, Yaponiyada da uşaqların istirahəti ilə bağlı belə ekskursiyalar təşkil edilir. 

- Bizdə istirahət mədəniyyətinin səviyyəsi ilə bağlı nə deyə bilərsiniz? 

 - Bu, Avropa ölkələrində  daha  geniş yayılıb. Burada yaşayan insanlar il  ərzində pullarını yığır və heç olmasa ildə bir dəfə dünyanın gəzməli-görməli yerlərində istirahət edirlər. Azərbaycanda isə insanlar pul yığıb ya ev, maşın, ya da bahalı kostyum alırlar. Demirəm almasınlar, amma kişi pulu yığıb arvadına qızıl alır, onun saglamlığının, istirahıətinin qayğısına qalmır. Belə bir deyim var ki, yəhudilər həkimə öz ayaqları ilə gedirlər, biz isə xərəklə. Belə bir vəziyyətin yaranma səbəbi, normal istirahətin olmamasıdır. Bakı bulvarı insanların istirahət mədəniyyətinin formalaşmasında xüsusi rol oynadı. Bu gün Bakıda Milli Parkda yaradılmış hər cür  şərait insanlara istədikləri kimi istirahət etmələrinə  yardımçı olur. Bir məsələni xüsusilə qeyd etmək istərdim, Fransanın Nitsa şəhəri dünyanın ən tanınmış turist və istirahət mərkəzidir. Amma mən deyərdim ki,  Lənkəranda olan rahatlıq, onun dənizi, havası, suyu, hətta otellər belə oradan səliqəlidir, təmizdir, xidmət mədəniyyəti yüksəkdir. Bizim mentalitetimizdə olan bəzi məsələlər var ki, onlar bizə mane olur. Orda bazarlıq turizmi daha yaxşı inkişaf edib. Azərbaycanda da bu sahədə inkişaf var.

 - Sizcə, Azərbaycanda insanların  öz sağlamlığının qeydinə qalması üçün  öz istirahətini neçə təşkil etməlidir? 

 - İnsana ilk növbədə sağlamlığı və zamanın səmərəli dəyərləndirilməsi vacibdir. Biz nə zamanın, nə də canımızın qədrini bilirik. İllər keçdikcə geri dönüb baxdığımız zaman peşmançılıq hissləri keçirsək də, ötən günləri geri qaytara bilmərik. Amma düşünməliyik ki, vaxt, zaman dəyərlidir və onun qədrini bilməliyik. Artıq Azərbaycanda da insanlar yavaş-yavaş istirahət mərkəzlərində pul xərcləməyə başlayıblar və sağlamlıqlarını düşünürlər. Pulu yığıb ilk növbədə sağlamlığımızın qeydinə qalmalıyıq. Bəzi özəl iş yerləri var ki, onlar öz işçilərini istirahət günlərində gəzintiyə aparırlar. İnsanlar arasında ehtiyatda pul saxlamaq  demək olar ki, dəbdən düşüb. Bəzi  imkanlı şəxslər isə bu istirahəti özlərinə çox görürlər. Azərbaycanda insanların öz sağlamlığı üçün pul xərcləmək mədəniyyəti hələki çox aşağı səviyyədədir.

- Hadi müəllim, Milli Məclisin deputatlarını tətil müddətinin bitməsinə az zaman qalıb. Bilmək istərdik, siz istirahətinizi harada keçirdiniz? 

 - İşimlə əlaqədar daha çox xarici ölkələrə gedirəm. Mən həm yayda, həm də qışda istirahət edirəm. Yayda əsasən dincəlməyə, gəzməyə gedirəm, qışda isə müalicə olunmağa. Dincəlmək üçün həmişə “Palıdlı Sahil” istirahət mərkəzini seçirəm,  Lənkəranda yerləşən bu istirahət mərkəzində mən daha yaxşı dincəlirəm.

 Pərvin ARZUQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?