Modern.az

“Xankəndiyə doğru hücuma keçib xeyli irəliləmişdik” - Döyüşdən qayıdan əsgər

“Xankəndiyə doğru hücuma keçib xeyli irəliləmişdik” - Döyüşdən qayıdan əsgər

9 Fevral 2021, 10:00

Adi günlərdən birində söhbət zamanı dedi “bacı, bəzən sulları elə verirsən, özümü sənə müsahibə verirmiş kimi hiss edirəm. Amma mən hara, müsahibə vermək hara”. Həmin söhbətimizdən 4 ay keçir və o, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı zəfərin iştirakçısı kimi mənə müsahibə verir...


Söhbət Vətən müharibəsi iştirakçısı, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilən ağstafalı Səyyaf Əsgərovdan gedir.


ARAYIŞ:
Səyyaf Şahin oğlu Əsgərov 9 noyabr 1994-cü ildə Ağstafa rayonunun Tatlı kəndində anadan olub. Orta təhsilə 2001-ci ildə Tatlı kənd orta məktəbində başlayıb. Daha sonra təhsilini Bakıdakı Suraxanı rayonu 104 saylı orta məktəbdə davam etdirib və 2012-ci ildə məzun olub. Elə həmin ildə Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olub, 2016-cı ildə ali məktəbi bitirib. 9 iyul 2016-10 iyul 2017-ci illərdə hərbi xidmətdə olub. Hazırda atası, anası, nənəsi və qardaşı ilə birlikdə Ağstafa rayonunun Tatlı kəndində yaşayır.


- Səyyaf, çağırış gələndə gülə-gülə getdiyin müharibənin reallığı nə idi, “mən belə təsəvvür etmirdim” deyə düşündünmü heç? Gedib dönməməmək vardı nə də olsa…


- Düzü hələ avqust ayında “müharibə olacaq” söhbətləri gəzəndə buna inanmırdım. Hətta evimizin həyətində ehtiyat üçün səngər qazılanda da, zarafatyana qarşılamışdım. Evimizə çağırış gələndə, Bakıda bibimgildə idim. Elə gecə ilə Ağstafaya yola düşdüm. Sentyabrın 30-da rayon “hərbi komissarlığından” birbaşa Gəncəyə apardılar. Gecə saat 3-4 radələrində formaları payladılar. 3 gün Şəmkrin Seyfəli kəndində poliqonda olduq. 26 günə yaxın hücum taktikalarını həm də kəşfiyyat təlimində öyrəndik.



- Qarabağı ancaq xəritədə görən biri kimi o yerləri qarış-qarış gəzmək nəsibin oldu. Bu həm də bir şans idi, hansı ki, hamıya qismət olmur. Hansı istiqamətlərdəki döyüşlərdə iştirak etdin, hansı mövqedəydin?


- Oktyabrın 29-da gecə saat 4-də həyəcan siqnalı ilə Füzuliyə yola düşdük. Əvvəlcə Füzulinin Əhmədbəyli kəndində olduq, məktəb binasında qalırdıq. 4 gün sonra rayonun işğaldan azad edilmiş kəndinə getdik. Noyabrın 4-də Xocavəndin Tuğ kəndinə yollandıq. Kəndə çatmağımız çətin oldu, çünki ermənilər yolboyu ağır artilleriyadan atəşə tuturdular. Həmin vaxt sağ qalmağımız da şans məsələsi idi. Ayın 6-dan 7-nə keçən gecə Xocavəndə çatdıq. Səhəri gün bütün briqada toplaşdı və Şuşa istiqamətinə yol aldıq. Öndə kəşfiyyatçılar, arxada biz idik. Ermənilər dayanmırdı, bizim hərbi maşınları vururdular. Elə yolda tankçımız şəhid oldu. Bir maşın dağdan aşdı, bir neçəsi yandırıcı mərmilərin təsirindən yandı. Çox böyük çətinliklə Xocavənddən Şuşaya, Daşalatı kəndinə gəldik. Şuşada olanda əmr verildi və biz Xankəndi istiqamətində hücuma keçdik. Müəyyən qədər irəlilədikdən sonra dəyişiklik oldu, biz Xankəndi istiqamətindən geri qayıdıb “Laçın dəhlizi”nə doğru irəlilədik. Ermənilər ağır artilleriyadan durmadan atəş açırdılar, amma Azərbaycan əsgəri dayanmırdı. Çox qəribədir, adi həyatda adamın yanında “piston” partlayanda  dik atılır, amma müharibədə əli silahlı düşmənin üstünə yeriməkdən qorxmursan. Mən hərbçi deyiləm, amma müharibə insanda qəribə hislər oyadır. Döyüş vaxtı hər kəsi, hər şeyi unudursan, ancaq irəliləməyi düşünürsən. İrəlilədikcə, geri qayıdacağımızı düşünmürdük. Döyüş yoldaşlarımızla söhbət zamanı hamı özünü ölümə, şəhidliyə hazırlamışdı. Çünki o odun-alovun içindən sağ çıxmaq çətin məsələ idi, həm də şans demək olar adına.


- Müharibə özü başdan-ayağa çətinlik deməkdir.
Amma sizin əsas çətinlikləriniz nə idi?

- Həqiqətən də müharibə çətinlik deməkdir. Ac qaldığımız da oldu, kabab çəkdiyimiz də. Hətta 10 gün əzgil, quzuqulağı ilə qidalandığımız da oldu. Bu hərbdir, kef məclisi qurası deyildik, çətinliklər təbiidir. Amma Şuşada olduğumuz günlər heç vaxt yaddaşımdan çıxmayacaq. Soyuğa, sazağa, çətinliyə baxmayaraq, Şuşa cənnəti xatırladırdı hər mənada.

 

- Noyabrın 10-da ölkə rəhbərinin iştirakı ilə imzalanan üçtərəfli bəyanatdan sonra əldə edilən sülh razılaşmasını eşidəndə nə raeksiya verdiniz?

- Əvvəla ondan başlayım ki, “Laçın dəhlizi”ndə olanda taborumuz parçalandı, bir-birimizlə əlaqəmiz kəsildi. Kimisi itkin düşdü, kimisi şəhid oldu, kimisi ağır yaralandı, çox az hissə sağ qaldı. Müharibəyə eyni vaxtda gəldiyimiz qardaşlar vardı, hansı ki, şəhid oldular.

Nəhayət noyabrın 9-da artıq “Laçın dəhlizi”ndə idik. Yolda yenə çox vurdular, yenə şəhidlərimiz oldu. Nə qədər itki versək də, geri dönmək yox idi.

Əvvəlcə “Laçın dəhlizi” ilə irəliləyirdik. Sonra düşmən atəşi imkan vermədi. Biz mənzil başına dərələrlə getməli olduq. Orada mühasirəyə düşdük. 3 cəhddən sonra gecə saat 12-də olduğumuz yerdən çıxa bildik. “Laçın dəhlizi”ndə alınması nəzərdə tutulan yüksəklik “Bayraktar”ın köməkliyilə düşməndən təmizləndi. Hansı ki, həmin zirvədən Xocavəndi, Xankəndini, Şuşanı, Laçını vururdular. Səhəri gün “Laçın dəhlizi”ndə olanda sülh xəbərini eşitdik. Həmin andan olduğumuz ərazinin müdafiəsi bizə tapşırıldı.

Noyabrın 22-23-ü “Laçın dəhlizi”ndən yenidən Şuşaya, Daşaltı kəndinə gəldik. 3 gün sonra Xocavəndə, ordan da Cəbrayıla gəldik. Cəbrayıla bir növ dincəlmək üçün gəlmişdik. Həm də mülkidən ehtiyacımız olan ərzaq və geyim təminatı göndərilmişdi. Cəbrayıldan sonra yenidən müdafiə məqsədilə Qubadlıya yollandıq. Hava çox soyuq idi, necə deyərlər qışın oğlan çağı, qar, şaxta… O soyuğa rəğmən biz çadırlarda qalırdıq, sonradan kənlərdəki evlərə yerləşdik. Bir onu deyə bilərəm ki, müharibə nə qədər ağır, nə qədər dəhşətli olsa da, əsgərlər arasında ruh düşkünlüyü olmadı. Hamı bir nəfər kimi irəli gedirdi, sonunda ölüm olsa belə.


- Ailən, qohumlarınla əlaqə saxlaya bilirdinmi ağır günlərdə?

- Şuşada olanda hamımızın evlə əlaqəsi kəsilmişdi. Sülh bəyanatından 1 həftə sonra Azercell öz şəbəkəsini qurdu və hamı ailəsi, yaxınları ilə əlaqə saxladı. Danışanda eləcə “yaxşıyam” deyib sağollaşırdıq, ətraflı söhbətə vaxt olmurdu. 


- Bir də medal almağınla bağlı məqam maraqlıdır. Gözləyirdin?


- Düzü heç ağlımın ucundan da keçmirdi, ta ki, sən cənab Prezidentin verdiyi sərəncamda siyahıdakı adımı “skrin” edib göndərənədək. Çox qürurludur təbii ki, çox sevindim.

 


- Müharibə bitib, amma illər keçsə də unutmayacağın nə oldu o döyüşlərdə?

- Güllə-boranın, partlayan mərmilərin səsi yəqin uzun müddət qulaqlarımdan getməyəcək. Bir də döyüş yoldaşlarım. Döyüş yoldaşlarım gözümün qarşısında şəhid oldu. Eləsi vardı parça-parça oldu, bədəninin hissələrini topladıq. Tikəsi ələ gəlməyənlərimiz oldu. Əlini, qolunu, gözünü itirənləri demirəm heç… Çox ağırdı müharibə, kənardan asan görünsə də. Elə gün oldu çörəyimizi, suyumuzu paylaşdıq. Qürurludur ki, Azərbaycan tarixinin yeni səhifəsinin yazılmasında bir əsgər kimi mən də iştirak etdim. Bu hissin sözlə ifadəsi yoxdur. Təbii nə qədər çətinlik olsa da yeni dostlar, qardaşlar qazandım, hansı ki, yıxılanda bir-birimizin əlindən tutub qaldırdıq, qoyub qaçmadıq. Amma gözümün önündə şəhid olan qardaşlarımı, yaralıları, mərmi səslərini unuda bilmirəm. İnsan psixologiyası bəzən tab gətirmir buna. Amma çalışıram özümü ələ alam.


- Müharibədən sonra bəzi əsgərlərimizin səhhətində narahatlıqlar var, səndə necədir vəziyyət, adaptasiya prosesin necə gedir?

- Ayaqlarımda, qollarımda ağrılar var. Gələn gündən müalicə alıram. Yəqin ki, zamanla keçib gedər. Hər şey qaydasındadır.


- Bir vaxtlar Bakı sənin arzularının reallaşacağı məkan, bir başlanğıc idi. Döyüşlərdə iştirakından sonra düşüncələrində, planlarında dəyişiklik varmı?

- Planlarım işləmək və gələcəyə doğru baxmaqdır. Vətən müharibəsi həyatımın altından qırmızı xətlə çəkdiyim bir parçasıdır. Sevinci, kədəri, ölümü, həyatı bir anda yaşadığım dopdolu 44 gündür. Yatsam yuxuma girməzdi ki, müharibə başlayar, mən də onun iştirakçısına çevirilərəm. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir