Modern.az

Azərbaycan muğamlarının fəlsəfəsi miniatürlərdə - I

Azərbaycan muğamlarının fəlsəfəsi miniatürlərdə - I

11 Fevral 2021, 11:55

Buludxan Xəlilov


Fəxrəddin Əlinin “Şərq-Qərb” Nəşriyyat evi tərəfindən 2015-ci ildə çap olunmuş “Azərbaycan muğamı miniatürlərdə” kitabı elmi, ədəbi və mədəni mühitimizdə bir hadisədir. Heç şübhəsiz ki, muğamın fəlsəfəsini doğru, düzgün anlamaq üçün bu kitab ən mötəbər mənbədir. Bu kitab muğamın daxili zənginliklərini, təbiətini, məzmun və mahiyyətini, fəlsəfəsini öyrənməkdə əvəzsiz bir qaynaqdır. Bir çox dəyərlərimiz kimi, muğam da öz zahiri cəhətləri ilə insanları ovsunlamış, ecazkar təsiri altına salmış, ancaq onun daxili zənginlikləri, daxili hikməti, daxili gücü hələ indiyə qədər sirr olaraq qalmışdır. Muğamın daxili zənginliyini, daxili gücünü, bir sözlə, fəlsəfəsini açmaq hər kəsin işi deyil. Və hər muğamşünasın, muğam ifaçısının da gücü çatacaq bir məsələ deyil. Bunun üçün kifayət qədər ensiklopedik biliyə malik olmaq, dünya xalqlarının tarixini, ədəbiyyatını, mədəniyyətini dərindən bilmək, mədəni dəyərlərin özünü müqayisə etmək bacarığına malik olmaq, böyük əksəriyyətdən fərqli orijinal düşüncəyə qadir olmaq və böyük əksəriyyətdən fərqli təhlil etmək bacarığına sahib olmaq vacibdir, həm də gərəklidir. Hələ muğamı tədqiq etmək, muğam ifaçısı olmaq işin yarısıdır. Ancaq muğamın tam mahiyyətinə, məzmununa, ruhuna və fəlsəfəsinə varmaq muğamşünas, eləcə də muğam ifaçısı olmaqla mümkün deyildir. Muğam aləminin bütün sirlərinə dərindən bələd olmaq üçün ensiklopedik biliyə, geniş dünyagörüşə, uzun illərlə bu mövzu barədə düşünmək, daşınmaq, bu mövzunu beyində bişirmək, həyat təcrübəsinə malik olmaq da böyük rol oynayır. Bu mənada Fəxrəddin Əli əvəzsiz miniatür ustası, rəssam və ziyalı kimi heç kəsə bənzəmir, fərqli bir yaradıcılıq üslubuna malikdir. Onun “Azərbaycan muğamı miniatürlərdə” kitabının elmi redaktoru akademik İsa Həbibbəyli, elmi məsləhətçisi akademik Teymur Kərimli, məsul redaktoru, ön sözün müəllifi və miniatürlərə izah verən sənətşünaslıq doktoru, professor Rafiq İmrani, muğamların tarixi izahına aydınlıq gətirən pedaqoqika elmləri üzrə master, biokimya üzrə doktor Tariyel Azərtürkdür.

Azərbaycanda musiqi mədəniyyətinin tarixi qədimdir. Həm musiqişünasların, həm də muisiqi ifaçılarının Azərbaycan musiqiləri barədə, o cümlədən muğamları barədə öz görüşləri var. Bu görüşlərin daha da zənginləşməsində Fəxrəddin Əlinin bu kitabı müstəsna rol oynayır. Respublikamızda bir çox sahələr kimi muğama dövlət səviyyəsində diqqət və qayğının olması muğamşünasların da, muğam ifaçılarının da peşəkarlıq məsuliyyətini daha da artırır. Bu sahənin elmi-praktik əsaslarının gənc nəslə aşılanması istiqamətində son dövrlərdə xeyli müsbət işlər görülmüş və irəliləyişlər əldə olunmuşdur. Muğam müsabiqələrinin keçirilməsi və hər dəfə yeni-yeni istedadlı gənclərin üzə çıxarılması bu istiqamətdə görülmüş işlərin uğurları kimi qiymətləndirilməlidir. Artıq neçə illərdir ki, muğam musabiqələri televiziya vasitəsilə birbaşa yayımlanır. Bu da muğamın da, muğam müsabiqələrinin də dövlətin diqqət mərkəzində olduğunu təsdiq edir. Heydər Əliyev Fondunun prezidenti, İSESKO-nun və YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın sözləri ilə desək: “Biz muğamı gələcək nəsillərə qəlbimizin və ruhumuzun bir hissəsi kimi miras qoyuruq. Məhz muğam bizim varislərimizdə köklərə bağlılıq, milli ləyaqət, qürur, emosional zənginlik, iztirab çəkməyi və başqalarının iztirabına şərik olmağı bacarmaq, muğamın özünün malik olduğu mənəvi kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir”. Doğrudan da, milli kökə bağlı olanlar, milli ləyaqəti, qüruru ilə fərqlənənlər, emosional zənginliyi ilə seçilənlər, iztirab çəkməyi və başqalarının iztirabını duymağı bacaranlar, mənəvi kamilliyi və tamlığı ilə üstün olanlar muğamın nə olduğunu daha yaxşı anlayır və bilirlər. Belələri muğamı daha dürüst və düzgün ifa edirlər. Belələri muğamdan daha müfəssəl yazmağı bacarırlar. Belələri muğamı miniatürlərdə daha inandırıcı və real nümayiş etdirə bilirlər. Belələri sayca çox olmur. Ancaq şükürlər olsun ki, belələri var, olub və olacaqdır. Onlardan biri də Fəxrəddin Əlidir. Fəxrəddin Əli bu kitabdakı miniatürlərinə qədər xeyli işlər görmüşdür. Onun “Atəşpərəstlər”, “Payız”, “Azərbaycan madonnası”, “Üç gül” qobeleni, “Biçindən sonra”, “Ağ karvan”, “Narahat oba” və s. yağlı boya ilə çəkdiyi əsərləri respublikada və xarici ölkələrdə nümayiş olunubdur. O, M.Şəhriyarın “Heydərbabaya salam” poemasının bütün bəndlərini miniatürlərlə işləmişdir. “Kitabi-Dədə Qorqud” mövzusunda çəkdiyi 25 miniatür M.Füzuli adına Əlyazmalar İnstitutunda, “Şəhidlər” xalçası miniatürü Tarix Muzeyində saxlanılır. Fəxrəddin Əlinin Azərbaycan şairi və yazıçılarının əsərlərinə çəkdiyi miniatürlər də orijinallığı və nəfis tərtibatı ilə fərqlənir. Məsələn, Nizami Gəncəvinin (20 ədəd), Xaqani Şirvaninin (10 ədəd), İmaməddin Nəsiminin (5 ədəd), Yunus İmrənin (6 ədəd), Məhəmməd Füzulinin (15 ədəd), Molla Pənah Vaqifin (10 ədəd), Nəsirəddin Tusinin (10 ədəd), Mirzə Fətəli Axundzadənin (5 ədəd), Əliağa Vahidin (150 ədəd), Əbdülqadir Marağalının (5 ədəd), Baba Kuhi Bakuvinin (4 ədəd), Hacı Mayılın (10 ədəd), Həmzə Vəlinin (10 ədəd) və digərlərinin əsərlərinə çəkdiyi miniatürlər bu qəbildəndir. Fəxrəddin Əli çəkdiyi bu miniatürlərlə öz dəst-xəttini və üslubunu təsdiq etmiş bir rəssamdır. Onun duyum qabiliyyəti, duyğusallığı və çəkdiyi miniatürlərdəki sənətkar kimi imkanları heç kəsə bənzəmir. O, özünəməxsus üslub sahibidir. Həm də Fəxrəddin Əli imzası ilə tanınan miniatür ustası, rəssamdır. Fəxrəddin Əli çəkdiyi hər hansı bir miniatürü sadəcə olaraq çəkmir. Çəkdikləri ilə bağlı mövcud olanları mənimsəyir, ürəyindən keçirir, beyninin məhsuluna çevirir, çəkdiklərinin hər birinin məzmununu aid olduğu sahə mütəxəssisləri ilə yüz dəfələrlə saf çürük edir. Onun çəkdiyi miniatürlərin özünəməxsusluğunu, bənzərsizliyini məhz bu cəhətlər fərqli və qeyri-adi edir.

“Azərbaycan muğamı miniatürlərdə” kitabı təkcə muğamlarla bağlı miniatürləri əks etdirmir, həm də musiqinin, o cümlədən muğamın fəlsəfi mahiyyətini xarakterizə edir. Xalqın yaratdığı milli-mənəvi dəyərlərin, eləcə də peşəkarların yaratdığı milli-mənəvi dəyərlərin bədii-estetik cəhətləri müəyyən olunur. Musiqi əsərlərində melodiyanın, melodik dil ünsürlərinin, metrik ölçünün, ritmik quruluşun bədii-estetik dəyərlərə daxil olduğu məxsusi bir hal kimi səciyyələndirilir. Xalq mahnılarının, xalq rəqslərinin, rəng və təsniflərin şifahi professional musiqi janrı kimi bədii-estetik dəyərlər sisteminin zənginliyini artırdığı qeyd olunur. Əkinçinin, balıqçının, toxucunun, zərgərin, çobanın və digərlərinin dünyagörüşündən doğan nəğmələrin mənəvi dəyərlər sistemində oynadığı rolun bədii-estetik cəhətdən böyük əhəmiyyət daşıdığı xalq şüurunun, bədii düşüncəsinin nailiyyəti hesab olunur.

İnsan təbiət üzərində hakim olmaq istəyini, ilkin növbədə təbii mühitə uyğunlaşmağı bir ölçüyə çevirmişdir. Təbiətə uyğunlaşan insanlar uyğunlaşdıqları təbiətə uyğun əmək fəaliyyəti ilə də məşğul olmuşlar. Müxtəlif coğrafi ərazilərdə yaşayan insanların əmək fəaliyyəti müxtəlif olmuşdur. Həm əmək fəaliyyətinin özəllikləri, həm də xalqların danışdıqları dillərin özəllikləri (ahəngi, səs quruluşu və s.) imkan vermişdir ki, onlar fərqli əmək nəğmələri, rəqslər, bir sözlə musiqi yarada bilsinlər. Qədim insanlar, ümumiyyətlə, insanlar yaratdıqları nəğmələrdə, rəqslərdə, musiqidə öz istəklərini, arzularını, duyğularını, hiss və həyəcanlarını, iztirablarını ifadə edə bilmişlər. Ona görə də musiqişünas xalqın yaratdığı musiqi əsərlərində xalqın təfəkkürünü, dünyagörüşünü, istək və arzularını hiss edə bilir. Həm də peşəkarların yaratdığı musiqidə də peşəkarların təfəkkürünü, dünyagörüşünü, duyğu və hisslərini analiz edə bilir.

Xalqın yaratdıqlarına, eləcə də peşəkarların yaratdıqlarına bir model kimi baxmaq lazımdır. Bu mənada istər xalq musiqisi, istərsə də peşəkarların yaratdıqları musiqi modeldir. Bu modeldə insanın mənəvi dünyasının bir harmoniyası özünü göstərir. Ona görə də musiqini dinləyən hər bir kəs həmin harmoniyadan (insanın düşüncəsi, istəyi, arzusu və s.) qidalanır. Əgər həmin harmoniyada insanın hissinə, duyğusuna, istək və arzusuna təsir edən, əyləndirən məqamlar varsa, onda insan təsirlənə və əylənə bilir. Burada, təbii ki, zövqlər, duyğu və düşüncə səviyyəsi də müxtəlif olur. Ancaq yüksək səviyyəli musiqi nümunələri hər bir kəsin zövqünü oxşaya bilir, hər bir kəsə təsir edə bilir, hər bir kəsi düşündürə bilir, hər bir kəsi duyğulandıra bilir. Bu mənada muğam da, aşıq musiqisi də estetik zövqləri, insanların mənəvi tələbatını həmişə təmin edibdir. Həm muğamın, həm də aşıq musiqisinin fəlsəfəsində bir sıra xarakterik məqamlar var ki, onlar hər bir insanın mənəvi tələbatı kimi əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçir və yaşayır. Buraya muğam və aşıq musiqisinin insan şüuruna təsiri, əhval-ruhiyyəsinə təsiri, temperamentinə təsiri, xarakterinin formalaşmasına təsiri və s. daxildir. Muğam və aşıq musiqisi insanları kamilləşdirir, onların zövqünü və dünyagörüşünü formalaşdırır. İnsanları haqqa, ədalətə, sevgi və məhəbbətə bağlayır. Deməli, muğam və aşıq musiqisi sosial əhəmiyyət kəsb edərək insanları tərbiyələndirir, onların arasındakı münasibəti tənzimləyir, onları mənəvi cəhətdən qidalandırır, onlara saflıq və təmizlik hissləri aşılayır. Muğam və aşıq musiqisi insanlar arasında ünsiyyət yaradır. Hər bir muğamda və aşıq musiqisində ünsiyyət yaratmaq üçün kodlaşdırılmış informasiya özünü göstərir. Həmin kodlaşmış informasiya insanların mənəvi tələbatını ödəyir. Sevgi, məhəbbət, istək, arzu, duyğu, düşüncə və s. barədə insan tələbatını təmin edir. İnsan bu yolla kamilləşir, rahatlaşır, mənəvi rahatlıq tapır.

 

(Ardı var)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir