Modern.az

“Təəssüf ki, biz Azərbaycana dəstək verdik” deyən türkiyəli siyasətçi - Bakıdan getmiş diplomat yenə aranı qatdı

“Təəssüf ki, biz Azərbaycana dəstək verdik” deyən türkiyəli siyasətçi - Bakıdan getmiş diplomat yenə aranı qatdı

12 Fevral 2021, 10:22

Türkiyənin bu gün haqqında ən çox danışılan siyasətçilərindən biri olan Muharrem İnce bir neçə gün öncə - 8 fevralda ana müxalifət partiyası CHP-dən istefa verdi.

Millət vəkili Muharrem İnce istefa verərəkən belə bir məşhur cümlə də işlətdi: ““Təəssüf ki, biz Azərbaycana dəstək verdik” deyənlərlə bir yerdə ola bilmərəm".

Bəs maraqlıdır, “Təəssüf ki, biz Azərbaycana dəstək verdik” sözlərini Cümhuriyyət Xalq Partiyasında (CHP) kim deyib?

Modern.az-ın məlumatına görə, Azərbaycanın əleyhinə işlədilən həmin cümlə Türkiyənin Azərbaycandakı keçmiş səfiri və sonradan CHP-nin əsas simalarından biri olan Əhməd Ünal Çeviközün dilindən çıxıbmış.

Doğrudur, Çeviköz daha sonra sözlərinin yanlış anlaşıldığını vurğuladı. Ancaq heç kimi Azərbaycan əleyhinə danışmadığına inandıra bilmədi.

Xatırladaq ki, 27 sentyabr - 10 noyabr tarixlərini əhatə edən 44 günlük Vətən müharibəsində Türkiyə əvvəldən axıradək Azərbaycanın yanında oldu. Türkiyənin Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstək xaricdəki bir çox dairələri ciddi şəkildə qıcıqlandırmışdı. Bu qıcıq ermənipərəst qüvvələri gecə-gündüz rahatsız etmişdi.

Keçmiş səfir Əhməd Ünal Çeviköz də ermənipərəst siyasətçilərdən biridir.

O, 2018-ci ilin mayında CHP Məclis üzvlüyünə seçilmişdi…

Ünal Çeviköz 2001-2004-cü illərdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfiri olmuşdu.

Elə məhz həmin Çeviköz fiaskoya uğrayan məşhur "erməni açılımı”nın müəlliflərindən biridir.

2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanmış məşhur protokolları hazırlayan müəllif məhz Əhməd Ünal Çeviköz olub. Məlum protokolları hazırlayarkən Əhməd Ünal Çeviköz Ankarada Xarici İşlər Nazirliyinin məsul əməkdaşıydı. 

Bu üzdəniraq layihə Azərbaycan hakimiyyəti və ictimaiyyətinin vaxtında gerçəkləşən basqısı nəticəsində reallaşa bilmədi.

Xatırladaq ki, 2009-cu ildə ABŞ, Rusiya, Fransa, İsveçrə rəsmilərinin iştirakı ilə Türkiyə və Ermənistan arasında imzalanmış və tarixə “Sürix protokolları” adı ilə düşən sənədin əsas mahiyyəti Türkiyə-Ermənistan sərhədlərinin açılmasının şərtlərini özündə birləşdirirdi. Amma sonradan nə Türkiyə, nə də Ermənistan parlamenti həmin prokolları ratifikasiya etdi. 

Əhməd Ünal Çeviköz 1978-ci ildən Türkiyə XİN sisteminə işə başlayıb. 1989-cu ildə NATO-nun qərargahında, 1994-cü ildə NATO-nun Moskvadakı İnformasiya Bürosunda çalışıb. 1997-ci ildə yenidən Xarici İşlər Nazirliyinə qayıdan Çeviköz  2001-2004 illərdə  Azərbaycanda, 2004-2006-cı illərdə İraqda Türkiyənin səfiri olaraq görəv yerinə yetirib. 2007-2010-ci illərdə Ankarada XİN-də işləyib. Bu sırada 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanan protokolları hazırlayıb. 2010-cu ildə Londona səfir olaraq təyin olunub. 2014-cü ildə bu vəzifəsini tamamlayaraq Türkiyəyə dönüb. 2014-cü ilin sentyabr ayında öz istəyiylə təqaüdə çıxıb. 

Əhməd Ünal Çeviköz vaxtilə diplomatiya sahəsində çalışıdığından siyasi partiya üzvü ola bilməzdi


Çeviköz təqaüdə çıxandan sonra xarici siyasətə dair analizlərilə mediada çıxış etməyə başlayıb.

Bununla yanaşı o, bir siyasi araşdırmalar institutu da yaratdı - Ankara Politikalar Mərkəzi.

Sabiq diplomat son illər TV-lərdə diplomatik təhlilçi kimi şərhlərlə də çıxış edib.


Maraqlıdır ki, o, iki il öncə “Qalatasaray”  futbol klubunda seçkili quruma da gətirilmişdi.

2018-ci ildə Cümhuriyyət Xalq Partiyasına gələn Əhməd Ünal Çeviköz indi CHP-də sədr müavini postunu tutur…


Ə.Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?