Modern.az

Azərbaycan muğamlarının fəlsəfəsi miniatürlərdə - II

Azərbaycan muğamlarının fəlsəfəsi miniatürlərdə - II

12 Fevral 2021, 10:50

Buludxan Xəlilov

əvvəli burada

Hər bir xalqın həyatında müstəsna rol oynayan musiqilər olub və olacaqdır. Azərbaycan xalqının həyatında da muğam və aşıq musiqisi də müstəsnadır. Muğam və aşıq musiqisi həm də bunların qüdrətindən xəbər verir. Bəlkə də Azərbaycan xalqının muğamı, aşıq musiqisi olmasaydı, sonradan belə zəngin ədəbiyyatı, milli mənəvi dəyərləri də formalaşmazdı. Odur ki, biz muğam və aşıq musiqisinin fəlsəfəsini öyrənməliyik. Sənətşünaslar, filosoflar, etnoqraflar, mifoloqlar, dilçilər, tarixçilər muğamın, aşıq musiqisinin fəlsəfi mahiyyətinə enməyi bacarmalıdırlar. Muğamın və aşıq musiqisinin fəlsəfəsi nə qədər açılarsa, bir o qədər bu sahələr hər birimizin anlaya biləcəyimiz sərvət olacaqdır. Bu mənada da Fəxrəddin Əlinin muğamlarımıza həsr etdiyi miniatürlər muğamlarımızın ideya-məzmununun açılmasında, muğam ifaçıları tərəfindən onların yaxşı mənimsənilməsinə, muğam dinləyiciləri tərəfindən düzgün anlaşılmasına yardım edəcəkdir.

Muğamın tarixi nə vaxtdan başlayır? Bu suala “Azərbaycan muğamı miniatürlərdə” kitabında cavab axtarılır. Məlum olur ki, muğamın da, ilkin yazıların da vətəni Babilandır. Babilan sözündə bab – babanın ixtisar şəklində olan forması, il – el, xalq və an – ölkə, məkan deməkdir. Yəni Babilan “Baba xalqın məkanı” anlamındadır. Yeri gəlmişkən onu da qeyd edək ki, kitabda qeyd olunduğu kimi, eramızdan ən azı 4-5 min il əvvəl tikilmiş Ziqqurat adlı məbədlər olmuşdur. Onu qalıqlarına indiki İraq və İranda rast gəlinir. Bu məbədlərin ən böyüyü Babilin ilkin paytaxtı olmuş Ur-Nammu adlı şəhərdə 6-7 min il öncə ucladılmışdır. Mətləbdən uzaqlaşmayaraq Ziqqurat adlandırılan məbədlərin adı (Ziqqurat) Azərbaycan türkcəsindədir. Ziqqurat sözü cıqqur//cıqqır və at sözlərindən ibarətdir. Dilimizdə cıqqırını//cınqırını çıxarmaq ifadəsi vardır ki, bu da səsini çıxrtmaq mənasındadır. Deməli, Cıqqur//Cıqqır səs at, səs çıxar deməkdir.

Babilik ilkin paytaxtı Ur-Nammuda ən azı 7 min il öncəyə aid Sinbel dağının üstündə inşa edilmiş Cıqqır At adlı Allah Məbədində xüsusi taxcada tapılmış mixi yazılarda Üşşaq muğamı barədə məlumat verilir. Belə hesab olunur ki, Cıqqur At məbədi təkcə muğam məbədi olmamış, o, yerdəki insanlarla Allah arasında bir körpü olmuşdur. Muğam ulularımızın Allahla bir ünsiyyət vasitəsi olmuşdur. Ulularımız muğam vasitəsilə Allaha dua göndəriblər. “Azərbaycan muğamı miniatürlərdə” kitabında Cıqqur At məbədində tapılmış mixi yazılı silindrin üzərindəki 25 sətirlik yazıda 4 dəfə Üşşaq muğamına müraciət olunduğu qeyd olunur. Və kitabda 25 sətirlik yazının orijinalı və müasir dilimizdəki mənası verilir. (bax: Fəxrəddin Əli. Azərbaycan muğamı miniatürlərdə. “Şərq-Qərb” Nəşriyyat Evi, Bakı, 2015, s.15-16) Çox yer almamaq üçün burada orijinalı yox, onun Azərbaycan dilində necə səsləndiyini qeyd etməyi vacib bilirik.

  1. Nəbim, Naidim, tök şəri, Babili onun öz dilində dindir ki,
  2. Zənnin onun göylərə yüksəldə biləsən.
  3. Sətir dağlıb, təkcə “... Özü də...” sözləri qalıb
  4. Balıq dil annamaz, o Rəbb deməz, a nəki baldır,
  5. Amma sən ey elin dayaq yeri,
  6. Cıqqur at, öyün, şir qal!
  7. Çağırıb xalqı ona səs-ün ver ki,
  8. Yaşat Ur-Nammunu, şərdən uzaq et də paytaxt şəhəri.
  9. Sonumu Üşşaqın şən ləl-cəvahiri ilə süslə
  10. Bax, u Şulqi paytaxtı səpir Üşşaq bəli,
  11. Bu ki sənin adına layiqdir, Ur-Nammu.
  12. U Şulgi əmirimə hörmət edir,
  13. Tikiləcək Cıqqır At sənə şüadır, işıqdır, Ur-Nammu!
  14. Sonumu Üşşaqın şən ləli ilə süslə!
  15. Bax, u Şulqi paytaxtı səpir Üşşaq bəli,
  16. Ur-Nammu nə qədər ləl səpsə də, yenə anna, Cıqqur At bu şəhərə şüadı.
  17. Şənliyə yara vurma (ilişdirmə),
  18. Eli təmmənnayla – qayğıyla bürü.
  19. Yaşa Ur-Nammu, Şülqi paytaxtı!
  20. Sonda Cıqqır At sənə şüadı.
  21. Kimi la – kədər bürüyübsə,
  22. Yenə kipriyinlə çək u ağrını.
  23. Gözünə ağ su gəlsə əgər, aç, qoy gəlməsin,
  24. Bu dərdə Sinbel dözə bilməz (?)
  25. Sənə Əzəmətim, Vüqarım, Alicənab Ərşətim (Allah Evim) deyirəm!


Bu 25 sətirlik mətndəki bəzi ifadələrə də kitabda aydınlıq gətirilmişdir. Məsələn, “Balıq dil anlamaz, Rəbb deməz” ifadəsi məbədin tikilməsinə olan ehtiyac kimi izah olunur. Ur-Nammu səhvən “Şumer” adlandırılan ölkənin Şulqinin Şumer dövlətinin ilkin paytaxt şəhərləri olması.

“Azərbaycan muğamı miniatürlərdə” kitabında muğamın varlığından xəbər verən əlavə dəlillərə də müraciət olunur. (bax: Yenə orada. s.17) Kitabda Tariyel Azərtürkün “Hankı məkandan, hankı zamandan başlanır muğam?” araşdırmasında yazılır: “Muğamlardan Mahur və Üşşaq adlarına yenidən tərcümə olunmuş mixi yazılı mətnlərində rast gəldiyimizdən, Azərbaycan ictimai fikrində mövcud olan “Muğamın ərəb və ya fars musiqisindən alınması”, yaxud “İslamın (azanın) məhsulu olması” fikrinin də yanlış olduğunu cəsarətlə təsdiq edə bilərik. Bir həqiqəti qeyd edək ki, hələ ərəblər dünyaya gəlməmişdən inşa edilmiş Cıqqur At məbədi silindr Muğamatın mənşəyini təyin edir”. (bax: Yenə orada. s.18) Yazılı dəlillərə əsaslanan Tariyel Azərtürkün fikrincə, “... bu məbədlərdə göylərə və yaxud Nəbü Naidə, Rəbbə, İlaya, Bariya dua edən ilk insan öz duasını ucadan, məqamla və xüsusi avazla ifa edirdi, özü də Tarın, UDUN, Zilin (zurnanın) müşayiəti ilə. Bu cür dua oxumalar Üşşaq, Mahur, Simayi-Şəms muğamlarının fonunda baş verirdi”. (bax: Yenə orada. s.18) O, fikrini davam etdirərərk yazır: “Allah, “melcesindən” (evindən) sonsuz göylərə bu yolla müraciət sonralar şərqdə yaranan bir sıra dinlərə də sirayət edirdi. Yəhudilərin sinaqoqlarda Allah dualar, müsəlman məscid və camelərində imam, molla və ya azançının Muğam üstündə hündürdən avazla Allaha səcdələri, xristian kilsələrində orqanla müşayiət olunan böyük xorların varlığı, ulularımızın Cıqqur At məbədində həyata keçirdikləri səsin tarixi əks-sədaları – muğamın diversifikasiyasıdır”. (bax: Yenə orada. s.18) Tariyel Azərtürkün bizim muğamımızın yəhudilərin Yəhudi makamı altında oxuduqları dualarla müqayisə etməsi də maraqlıdır: “Yəhudilər də lap bizim kimi, ərəblər kimi muğam oxuyurlar– Yəhudi makamı adı altında. Tarın, kamanın, tütəyin müşayiəti ilə. Tamamilə Azərbaycan muğamının rəngi üstündə çalınan, deyək ki, “Şur” muğamı müəyyən mənada ərəb fəsiləsində səslənsə də, kök eynidir. Cıqqır At məbədinə Babildəki yəhudilər də gəlirdilər və öz vətənlərinə döndükdə yeni ölkədə eşidib sevdikləri musiqi ərməğanı ilə öz dinləyicilərini məftun edirdilər. İndi də yəhudi sinaqoqlarında Eloximə dualar makamlar üstündə səsləndirilir”. (bax: Yenə orada. s.18)

   
Fəxrəddin Əlinin Tariyel Azərtürkün araşdırmalarını nümunə, örnək kimi təqdim etməsi təsadüfi deyil. Hər şeydən əvvəl ona görə ki, Fəxrəddin Əlinin məqsədi muğamın fəlsəfəsini açmaqdır. Necə açmaq, necə təqdim etmək isə onun rəssamlığının imkanlarına, rəssam peşəkarlığına bağlanır. Odur ki, o, muğamın fəlsəfəsini miniatürlərdə əks etdirdiyi şəkillər vasitəsilə təqdim edir. Ancaq Tariyel Azərtürk isə muğamın fəlsəfəsini yazılı mənbələrə istinad edərək araşdırır. Bu araşdırmalar, təbii ki, Fəxrəddin Əli üçün əvəzsiz bir mənbə olur. Həmin mənbəyə istinad etməklə Fəxrəddin Əli muğamın fəlsəfəsi barədə öz duyğu, düşüncəsini miniatürlərin dili ilə rahat və asan bir yolla təqdim edir. Bir sözlə, Fəxrəddin Əli öz məqsədinə nail olmaq üçün Tariyel Azərtürkün muğamdakı musiqi alətləri ilə bağlı fikirlərini də örnək kimi istifadə edir. Belə ki, Tariyel Azərtürk 6500 il bundan öncə yaşamış Azərbaycanın antik şairi, riyaziyyatçısı, astronom və filosofu Enlil İsmə Dağan qəzəllərində udun (“Du gə, şahidi ol ki, mən ən az naxışlı udam!”) və anasının ölümüylə bağlı yazdığı “Elegiya”da tarın adını çəkdiyini (“Əqrəb ili a (Ana) oturub Tarını kaş bir də kökləyəydi...”) mənbələr əsasında dəyərli bir məlumat kimi bugünkü nəslə çatdırır. (bax: Yenə orada. s.17) Zurnanın, sazın ulularımızın bizə ərməğan etdikləri inandırıcı dəlillərlə öz təsdiqini tapır. Tariyel Azərtürkün fikrincə, zurnaya 8 min il öncəki piktoqramlarda, mixi yazı işarələrində rast gəlinir. O yazır: “Ulularımız zil səsinə görə ona (zurnaya – B.X.) zil də deyirdilər və Kars Konservatoriyasının professoru dostum Rafik İmraninin şəxsi söhbətimizdə bildirdiyinə görə, Türkiyədə ona elə zil də deyirlər”. (bax: Yenə orada. s.19)


(Ardı var)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir