Modern.az

İctimai Televiziya - 7 il - Tanınmışların rəyləri

İctimai Televiziya - 7 il - Tanınmışların rəyləri

Aktual

28 Avqust 2012, 18:59


Modern.az
saytının məlumatına görə, avqustun 29-da İctimai Televiziyanın 7 yaşı tamam olur. Tanınmış şəxslər İctimai Televiziyanın fəaliyyətini qiymətləndiriblər. Onları təqdim edirik:

 

Rəhim Hüseynov (Azərbaycan Marketinq Cəmiyyəti idare heyətinin sədri)

- Mən hesab edirəm ki, İctimai TV yarandığı gündən həqiqətən də xalqın televiziyası ola bildi. Bu kanalın qısa müddətdə özünə layiq yer tutmasi, Azərbaycana bir çox yeniliklər gətirməsi, “Avroviziya” və bunun kimi digər transmilli layihələrdə iştirakı qurumun həqiqətən də vətənpərvər bir telekanal olduğunu sübut etdi. Mən şəxsən çox həvəslə bu kanaldakı yenilikləri izləyir və inanıram ki, İctimai kanal gözəl vətənimizin inkişafı naminə daha böyük uğurlara imza atacaqdır. Ad gününüz mübarək!

***

Əli Məsimli

- Mən 7 il bundan öncə İctimai Televiziyanın açılış mərasimində iştirak edəndə daxilimdə belə bir televiziyanın neçə ilə ərsəyə gələcəyi sualını götür-qoy edib, ən yaxşı halda 10 il ətrafında müddət lazım olacağı qənaətinə gəldim. Amma İctimai televiziya yaxşı kadr potensialı, rəhbərliyin və onun təşkil etdiyi komandanın səriştəliliyi, fədakarlığı və dövlət dəstəyi sayəsində qısa dövr ərzində teleməkanda öz layiqli yerini tuta bildı. 7 yaş insan həyatının erkən uşaqlıq dövrüdür. İctimai Televiziya isə uşaqlıq dövrünü çox sürətlə başa vurub, bu 7 ildə püxtələşmə mərhələsini uğurla həyata keçirir. İctimai TV indi çox maraqlı, düşündürücü, istiqamətləndirici verilişləri ilə özünün formalaşmış, sabit, çoxsaylı auditoriyayasına malıkdir. Mən də bu televiziyanın verilişlərində çox məmuniyyətlə iştirak edirəm. Hətta bəzi verilişlər yüksək reytiq nümayış etdirdiyindən, üstündən xeyli vaxt keçməsinə baxmayaraq, indi də tamaşaçı tərəfindən xatırlanırsa, bu daha çox İctimai TV-nin professionallığının əyanı sübutudur. İctimai TV xalqa yaxın, əhalinin aktual problemlərinə həssas bi televiziyadır. Orada şəxsiyyətinə və peşəkarlığına hörmət etdiyim insanlar çalışır. İctimai Televiziyanı 7 yaşı münasibətilə ürəkdən təbrik edir, fəaliyyətində yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

***

Zumrud Dadaşzadə


- 7 yaş insan həyatı baxımından o qədər də çox deyil: məhz bu yaşda məktəbin birinci sinfini bitiririk. Bəs televiziya kanalı üçün necə - 7 il azdır, ya çoxdur? Düşünürəm ki, 7 illik fəaliyyət müəyyən ümumiləşdirmələrə əsas verir: nə kimi uğurlar var? Hansı işlər görülüb? Və işi təkmilləşdirmək üçün hansı yeniliklər etmək gərəkdir? Məncə, İTV bu 7 il ərzində müəyyən nailiyyətlər əldə edib. İlk əvvəl öz maraqlı, informativ, peşəkar səviyyəsi kifayət qədər yüksək olan verilişləri, filmləri ilə Azərbaycan televiziya məkanında məxsusi bir mövqe qazanıb. Kanal sevilir, onun Azərbaycanın sərhədləri ilə məhdudlaşmayan diqqətcil və minnətdar auditoriyası var. Hər bir kəs burada öz zövqünə, yaşına, peşə və maraqlarına uyğun verilişlər tapa bilər. İTV-də müzakirə olunan mövzuların çeşidi, cəmiyyətimiz üçün önəmi və aktuallığı, ekspert qismində dəvət olunanların nüfuzu, müzakirələrin ciddiliyi, obyektiv tonu təqdirəlayiqdir. Mühümdür ki, İTV canlı efirə üstünlük verir, bununla da tamaşaçıları ilə səmimi, qarşılıqlı etibara əsaslanan ünsiyyət yaradır.
Mən İTV ilə 2008-ci ildən müntəzəm əməkdaşlıq edirəm. Deməliyəm ki, burada hökm sürən atmosfer - qonaqlara ehtiram, özgə rəyə dözümlü münasibət, fikirləri sərbəst bölüşmək imkanı, aparıcıların əksər hallarda səriştəsi, peşəkarlığı məni hər zaman sevindirir, məmnun edir: bir sözlə, özümü İTV-də rahat hiss edirəm.

Bu illər ərzində dəfələrlə "Yeni gün", "Ortaq məxrəc", "Qərib axşamlar", "Səhər sovqatı", "Xalq mahnıları" verilişlərinin qonağı olmuşam. “Avroviziya” mahnı müsabiqəsinin müzakirələrində ekspert kimi iştirakımı xüsusi vurğulamaq istərdim. 2008-ci ildə Azərbaycanın bu müsabiqəyə ilk dəfə qatıldığı zaman İTV-də münsiflər heyətinin tərkibində işləmək olduqca şərəfli və həyəcanlandırıcı idi. Son iki ildə milli seçımlərin münsifi olmaq, Azərbaycanın bu nüfuzlu müsabiqədə təmsilçisini müəyyənləşdirmək də məsuliyyətli idi. Ən əsası da o idi ki, seçimimiz düzgün oldu, 2011-ci ildə Azərbaycana qalibiyyət gətirdi. 2010-cu ilin 1-ci günü Vyanadan canlı yayımlanan ənənəvi Yeni il konsertinin şərhi isə (L.Əliyeva ilə birgə) mənə və tamaşaçılara (həmin konserti indi də xatırlayanlar var) unudulmaz dəqiqələr yaşatdı.

Arzu edərdim ki, İTV-nin efirində həm Azərbaycan, həm Avropa klassik musiqsii ilə bağlı silsilə verilişlər yer alsın, müasir akademik musiqimizin də problemləri müntəzəm müzakirə olunsun.

İTV-ni səmimi qəlbdən təbrik edir, kanalın bütün əməkdaşlarına yeni yaradıcılıq uğurları, məhsuldar, ilhamlı fəaliyyət arzulayardım. Xeyli zəhmət çəkilib, uğurlar göz qabağındadır, amma irəlidə görüləsi işlər hələ çoxdur...

***

Fərhad Məmmədov Prezident yan
ında SAM-ın rəhbəri

- İctimai Televiziya vaxtında yaradılan televiziya idi. Muasir demokratik cəmiyyətin çox önəmli elementidir, dovlət tərəfindən maliyyələşən, amma cəmiyyətə xidmət edən və cəmiyyət tərəfindən idarə olunan bir qurumdur. İctimai televiziyası özlüyündə çox önəmli funksiyanı daşıyır - siyasi, etnik, dil, din mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının televiziyasıdır. Bu işdə daha böyük uğurlara imza atmağı  arzulayıram. Bu il “Avroviziya” kimi mötəbər müsabiqəni dünyaya çatdıran da məhz İctimai Televiziya olmuşdur. Gələcək illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymanızı arzu edirəm, dünya efirində öz yerinizi tutmağı diləyirəm.

***

Eynulla Fətullayev, jurnalist

Artıq televiziyanın erası bitməkdədir. Dünya media ekspertlərinin vahid rəyinə görə, virtual aləm XX əsrin möcüzəsini - TV efirini də özündə əks etdirəcək. Artıq jurnalistikanın janrlarıı və növləri arasında olan şətri sərhədlər götürülür və qeyri-adi mətbuat birmənalı şəkildə adi və sıravi vətəndaşın məsuliyyətinə çevrilir. Yeni vətəndaş jurnalıstikası TV-dən daha da böyük məsuliyyət tələb edəcək, çünki vətəndaşın özü, bloq vasitəsilə onun ifadəsi TV gücünə bərabər olacaq. Müasir sivilizasiyanın yeni ofis planktonu öz kompüteri qarşısında xəbəri yayımlayan dəqiqədə qəflətən bu xəbərin tamaşaçısına çevriləcək. Əlbəttə, TV meydana gələndə hər kəs radionun tarixin səhifəsinə çevriləcəyində əmin idi. Lakin radio nəinki məğlub olmadı, hətta ənənəvi nüfuzunu belə qoruyub saxladı. Radio TV-ni üstələmək üçün ən başlıca substansiyadan - vicdandan istifadə etdi. Və yaşadı.

TV interneti bir vasitə ilə üstələyə bilər, radionun TV ilə mübarizədəki üsulundan - vicdandan istifadə edərsə. Mən, Azərbaycanın TV məkanında yeganə müstəqil televiziyası olan İctimai TV-ya vicdanlı olmağa və yeni texnoloji dalğa qarşısında duruş gətirməyə arzu edirəm. Vicdanınız, mübarək olsun!

***

Əhməd Şəfəq, türk müğənnisi

Televizyon tekçe,eğlence vasıtası mıdır? Televizyon tekçe oyun için mi yarandı.Televizyon vakit geçirmek maksadıyla kurulan bir avadanlık mıdır? Hayır ! Televizyonlar,artık medeniyet savaşları formasında süren dünya oyununda milletlerin formalaşmasına ya da hibritleşmesine yol açan mekanizmlerdir.Televizyon ya millidir,ya gayri milli.İçtimai TV milli bir televizyondur,tekçe Azerbaycan'ın değil Türk Dünyasının da imicini temsil eden bir medeniyet obrazıdır.İÇTİMAİ TV ,Azerbaycan gedim medeniyetini 21.yüzyılda korumak yolunda sürdürdüğü çalışmaları başarıyla devam ettiren bir Dede Korkut yoldaşıdır.İÇTİMAİ TV,kuruluşundan 7.yılına kadar tarihteen geleceğe yürüyen bir milletin içtimai yoldaşı olmayı,milletle beraber yürümeyi,millet için yürümeyi kndine misya götürmüş bir kardeş kuruluştur.İsmail Ömerov'un müdrik başçılığında çalışanlarının sorumlulukla başarılara imza attığını görmek kıraktaki kardeşleri olarak bizi memnun etmektedir.Yedi yılda yetmiş yılın tecrübesiyle çalışmak İÇTİMAİ TV için fanr sebebi olmalıdır.Aşkolsun İÇTİMAİ TV'ye..AŞKOLSUN AZERBAYCAN TELEVİZYON DÜNYASINA..

***

Qənirə PAŞAYEVA, millət vəkili,

- Respublikamızın 1-ci kanalının – İTV-nin, ümumən İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTRYŞ) ekran-efir həyatına başlamasının 7-ci ili tamam olur.

Yaxşı yadımdadı, 2005-ci ilin 29 avqustunda bu yeni təsisata müsabiqə yolu ilə işçilərin qəbulu prosesi başladı, televiziyaya (televiziyaçılığa!) sadiq, öz işinin peşəkar olan, habelə yenilikçi ruhu ilə seçilən, azad fikirli jurnalistlər işə cəlb olundu, tamaşaçıya, dinləyiciyə üstün bir xidmət məkanı açıldı.

İctimai-siyasi h’yata televiziya(mılıq)dan gəlmiş bir insan olaraq, təbii ki, İctimai Televiziyanın quruculuq prosesinə biganə olmamışam və o işləri rəğbətlə, qibtə hissi ilə xatırlayıram. Baş direktor seçkisindən ötən çox qısa zaman kəsiyində - toplam 2-3 ay ərzində, doğrudan da bənzəri olmayan işlərə imza atıldı. –

Birincisi, artıq ölkədə bir neçə televiziya və radio vardı – gərək onlardan fərqlənməyi bacaraydın – İTRYŞ bunu bacardı;

ikincisi, “ictimai televiziya və radio” mandatını doğrultmaq lazım gəlirdi – hansı ki, bizdə bu təcrübə mövcud deyildi – İTRYŞ bunun da öhdəsindən gəldi;

üçüncüsü, fərqli televiziya və radiolardan, fərqli yaradıcılıq qurumlarından, mətbuatdan, elm və tədris müəssisələrindən işə cəlb olunmuş yaradıcı və texniki heyət vahid komanda ruhuna yiyələnməli idi və İTRYŞ bu sahədə də başarılı ola bildi.

Bir sözlə, İTRYŞ kollektivi qısa zamanda (və kamil şəkildə) bu çətin vəzifələrin öhdəsindən gəldi.

İTV və İctimai Radio bugün ictimai-siyasi, mədəni həyatımızın ayrılmaz bir par-çasına çevrilmişdir.

Fərqli baxış bucaqlarına malik insanların fikir və mülahizələrinə meydan tanıması;

ölkəmizin dünəni, bugünü və sabahına işıq tutması;

ən güncəl mövzuları müzakirəyə çıxarması;

milli və bəşəri sənət nümunələrini gərəyincə təbliğ etməsi,

nəhayət çoxfunksiyalı fəaliyyət göstərərkən özünəməxsusluğunu qoruyub saxlaması, məncə İTRYŞ-nin fərqləndirilməli özəllikləri sırasındadır.

Fürsətdən istifadə edib, İTRYŞ-nin bütün əməkdaşlarını şirkətin yayım həyatına başlamasının 7-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!

***

Azər Həsrət, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri

- 7 bir çox inanclara görə müqəddəs rəqəmdir. Özəlliklə də Türk milləti üçün. Bu gün İTV özünün 7-ci yaşını doldurduğu bir zamanda Azərbaycan TV məkanının ən gənc üzvü olmaqla ən sevilən, ən öndə gedən bir kanala çevrilə bilib. Ürəklə, həvəslə, çəkinmədən ailəcə baxa bildiyimiz bir kanaldır İTV. Özəlliklə də xəbər proqramlarını, analitik verilişlərini, müxtəlif ictimai əhəmiyyətli müzakirələrini həvəslə seyr etdiyimiz bir kanal olması baxımından İTV bizim ümid və arzularımızı doğruldan bir TV vahididir. Buna görə də İTV-nin 7 yaşı münasibətilə onun dəyərli kollektivini təbrik edir, hər zaman zirvədə olmasını arzu etdiyimi dilə gətirirəm.

***

Rəşad Məcid, “525-ci qəzet” baş redaktoru, Yazıçılar Birliyinin katibi

- İctimai TV yarandığı gündən diqqətimdə olan, izlədiyim və bəyəndiyim kanal olub. Çətin rəqabət mühitində və qısa bir vaxt ərzində yarandığına baxmayaraq öz səviyyəsilə ciddi tamaşacı kutləsinin destəyini qazanan İTV sonrakı illərdə də bu səviyyəni qoruyub saxlaya bildi.

Mənim Azərbaycan TV məkanında ən çox qiymətləndirdiyim iki veriliş var və  bunlar da məhz İTV-nin layihələridir: “Bakinskie taynı” ve “Bir mahnının tarixçəsi” verilişləri.

İndi də İTV  öz maraqlı layihələri, əhatəliliyi, səviyyəsi ilə seçilir. İTV-nin “Yeni gün” proqramı səhər proqramları içərisində ən dinamiki, ən maraqlısı və əhatəlisidi.

TRT Avazla birgə layihələr isə xususilə böyük əhəmiyyət daşıyır. İctimai TV-nin həm “Avroviziya” yarışmalarında, həm son Olimpiya Oyunlarında göstərdiyi peşəkarlıq, operativlik, əhatəlilik tamaşaçıları kanalı dəyişməməməyə vadar etdi.

İtv-nin analitik proqramları səviyyəsi ilə seçilir. “Çarpaz baxiş”, “Aktual”, “Ortaq məxrəc” verilişləri də cəmiyətin bir sıra sahələrdə mövcud olan problemlərini ictimai müzakirəyə çıxarır və ən fərqli fikirlərə yer ayırır.

İTV-nin mədəniyyətimizə,  ədəbiyyatımıza və tariximizə həsr edilən verilişləri də əhəmiyyətlidi, öz orijinal yanaşması ilə seçilir

İctimai TV-nin kadr potensialı da gucludu. Bu kanala rəhbərlik edənlər TV sahəsində uzun illər çalişmiş, bu işin incəliklərinə bələd olan insanlardı.

Gənclər də məhz bu mühitdə puxtələşir, öyrənir ve sürətlə peşə sirlərinə yiyələnə bilirlər.

Mən İctimai TV-nin ad gününü təbrik edirəm. Bütun kollektivə uğurlar arzulayıram və inanıram ki, uzun illər İctimai TV bu tempini, bu peşəkarliğını, bu maraqlılığını qoruyub saxlayacaq.

İctimai TV-də Azərbaycan mediasının problemləri vaxtaşırı müzakirə olunur. Yazılı medianın ən fərqli düşərgələrinin nümayəndələri İTV-nin efirindən öz sözlərini çatdıra, mediamızın qarşılaşdığı problemləri bölüşə bilirlər.

***

Elşad MİRİ, dinşünas

- İctimai Televiziya gənc kanaldır. Bu gənclik illərində göstərdiyi mərifəti ilə ictimaiyyət tərəfindən ailəvi kanal statusu almış bir televiziyadır. Müdrik gənclik dövrü yaşayan İctimai televiziya verilişləri ilə də cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsinə öz töhfəsini verir. İctimai həyatın bütün sahələrində öz sözünü deyən İctimai TV xüsusilə də milli-mənəvi dəyərlərin efir məkanında nümayiş etdirilməsində başqa kanallardan fərqlənir. Bu fərqlərdən biri də dini məzmunlu həftəlik yeganə verilişin də məhz bu kanalın “alnına” yazılmasıdır. Müstəqil medianın inkişafında öz aparıcı rollardan birini oynayan İctimai Televiziyanın fərqləndirici xüsusiyyətlərindən biri kimi hər cür fikrə açıq olması və deyilən açıqlamaları açıq-aşkar efirində nümayiş etdirməsidir.

Şəxsən dəvət edildiyim verilişlərdə bunun şahidi olmuşam. Hətta aparıcılara «Belə bir mövzunu necə işıqlandıra bilirsiniz”, “Bu veriliş efirə gedəcəkmi” kimi suallarla dəfələrlə təəccübümü bildirmiş, veriliş efirə gedəndə isə şübhələrimin yersiz olduğunun şahidi olmuşam.

Bəli, mən ictimaiyyətin sifarişi əsasında qurulan bu kanalı səviyyəli və ailəvi kanal halına gətirənlərə təşəkkür edirəm, müstəqil ölkənin və bu ölkə vətəndaşlarının güzgüsü olan İctimai televiziyanın çalışanları təbrik edirəm və Allah yolunuzu daha da açıq etsin deyirəm...

****

Yunus Oğuz
, “Olaylar”ın baş redaktoru


- İctimai Televiziyanın yaranması günün tələbi idi. Buna görə də 2004-cü il sentyabrın 11-də “İctimai Televiziya və Radio Yayımı haqqında” Azərbaycan Respublikası qanununun qəbul edilməsilə şəffaflıq, qərəzsizlik və ictimai maraq prinsiplərini önə çəkən İctimai Teleradionun yaradılmasına start verildi. Qanun İctimai TV-nin müstəqil, tərəfsiz, qərəzsiz və doğru-dürüst informasiya çatdırmasını, plüralizmi, dözümlülük, rəngarənglik və başqalarından fərqlənmək prinsiplərini əsas götürür. İctimai Televiziya daxil olduğu teleməkanda rəqabət apararkən uğur üçün keyfiyyəti qurban verməməli, dini və milli tolerantlığı təbliğ etməli, etnik mədəniyyətlərə hörmət hissləri aşılamalı, informasiyalı cəmiyyətin qurucusu olmalı idi. 2005-ci il 29 avqust tarixində İTRYŞ-nın açılış mərasimi gerçəkləşdi. İTV qoyulan tələblərə əməl prinsipi ilə işə başladı.
Bu gün hər bir Azərbaycan tamaşaçısı İTV-nin nələrə nail olduğunu bilmək üçün yeddi illik tarixə nəzər sala bilər. Qoyulan şərtlərə hansı şəkildə əməl olunduğunu bilmək üçün əvvəlcə tamaşaçı olmaq, sonra fikir söyləmək lazımdır. Bu gün İTV-də İnformasiya departamenti, analitik verilişlər, musiqi, bədii və əyləncəli proqramlar, səhər proqramları, gənclər, elm və təhsil verilişləri, kino və dublyaj, “Carçı film” yaradıcılıq birliyi, hüquq və beynəlxalq əlaqələr departamenti fəaliyyət göstərir. Bir Televiziya üçün vacib şərtlərdən olan xəbərlər İTV-də daim qərəzsiz, cəmiyyətin ümumi maraqlarına xidmət göstərir. Hadisələrə olduğu kimi yanaşmaq, şərh etmək İctimai televiziyanın xəbərlərində həmişə hiss olunur. Televiziya analitik proqramları ilə də hər zaman hadisələrin fonunda hərtərəfli, dəqiq mövqeyi ilə tamaşaçıların qarşısına çıxır. İTV hansısa bir qurumun, şəxslərin deyil, xalqın mənafeyini müdafiə edir. Tamaşaçılara təqdim etdiyi bütün verilişlərində də bunu sübut edir. Adət-ənənələrimizi, tariximizi, milli zənginliyimizi özündə əks etdirən verilişlərlə gənclərə, gələcək nəslə yol göstərmiş, işıq tutmuş olur. Bu gün İTV-də yayımlanan verilişlər həm müasir, həm qədim tarixi özündə əks etdirir. Bu gün xalqın sevə-sevə baxdığı verilişlərdən biri “Yeni gün” proqramıdır. Veriliş səhər-səhər insanlara xoş ovqat bəxş etməklə qalmır. Öyrədir, maarifləndirir, məlumat verir. İTV bu gün milli azlıqların adət-ənənələrini, xalqın özünəməxsusluğunu əks etdirən verilişlərlə də tamaşaçılarına xidmət edir. Gənclər üçün verilişlər, elm və təhsillə bağlı proqramlar hazırlanır. İTV tərəfindən son zamanlar yaxşı filmlər də çəkilir. Televiziya xaricdə yaşayan soydaşlarımızı da unutmur. “Qərib axşamlar” verilişi vətəndən uzaqda yaşayan insanlarınızın problem və istəklərini, uğurlarını bölüşür. Və ən nəhayət İTV beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə hazırlığı ilə tarixə düşür. “Eurovizion” mahnı yarışmasına neçə illərdir ki, yüksək səviyyədə həyata keçirilən hazırlıq və ən nəhayət bu il ölkəmizdə yarışmanın keçirilməsində İTV tərəfindən sərgilənən peşəkarlıq bir daha sübüt edir ki, İTV ona bəslənən ümüdləri doğrultmaq iqtidarındadır. Televiziyanın yayımında müasir günümüzün texnologiyasından istifadə olunur ki, bu da izləyicilərə verilişlərin daha keyfiyyətli təqdim olunmasına şərait yaradır. 7 illik tarix o qədər də böyük zaman deyil. Ümüd edirik ki, bundan sonra İTV ortaya çıxan çatışmazlıqları aradan qaldıracaq, yeni-yeni layihələrlə Azərbaycan xalqına, ədalətə, müasirliyə və inkişafa öz töhfələrini vermiş olacaq. Telekanalımıza uğurlar arzulayıram.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır