Modern.az

“...Qubadlını ermənilərdən geri ala bilərdik...”

“...Qubadlını ermənilərdən geri ala bilərdik...”

31 Avqust 2012, 07:42

“...BAKIDAN GƏLƏN ƏMR BUNA İMKAN VERMƏDİ...”

31 avqust - daha bir bölgəmizin qara yubileyidir... Qubadlının ermənilərə işğal etdirilməsindən 19 il ötür. 19 ildir ki, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli... kimi  bu yurdumuzu da yağı yağmalayır... Bizim isə əlimizdən dərdlərimizi danışmaqdan, yazmaqdan savayı bir şey gəlmir... 19 ildir ki, Qubadlıdan da köçənlər  növbə ilə bu dünyadan da köçür Haqq dünyasına... O yurdlarda yaşamış, o torpaqları ürəkdən sevən insanlar ürəklərindəki torpaq həsrətilə birgə gözlərini yumur... O torpaqları azad etmək eşqi ilə yaşayan insanlar olmasa, kim azad edəcək onları?..

Erməni tapdağında olan bütün bölgələrimizin işğalında ümumi bir xətt  qabarıq görsənir: bölgənin işğalı ərəfəsində hərbi və siyasi qüvvələr arasında kəskin parçalanma və hətta qarşıdurma... Ardınca şayiə və panika...  Şuşada da eyni  proses gedib, Laçında da, Kəlbəcərdə də, Ağdamda da, Qubadlıda da... Burada xarici kəşfiyyatların, xüsusən  keçmiş “KQB-“QRU” (SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və  Orduda Baş Kəşfiyyat İdarəsi) şəbəkəsinin rolu da şəksizdir. 1988-ci ildən bəri bütün bu bölgələrdə erməniləri böyük itkilərə məruz qoymuş Azərbaycan oğullarının iradəsini   başqa yolla sındırmaq olmazdı...

 Qubadlı camaatının 5 il ərzində ermənilərlə mübarizəsinin şahidi və bilavasitə iştirakçısı olmuş, 706 saylı briqadanın tərkibində döyüşlərdə fəal iştirakına görə fəxri fərmanlara layiq görülmüş  əziz dostum  gizir Mirağa Babayev bölgənin işğalı barədə bunları danışmışdı:

“...1993-cü il avqustun sonunda artıq təxribatçı qüvvələr öz istəklərinə nail olmuşdular. Əksəriyyəti AXC könüllülərindən ibarət hərbi qüvvələr daxilində parçalanma  başlanmışdı. Avqustun 30-da Qafan istiqamətində Seytaz postu alındıqdan sonra vəziyyət kəskin şəkildə dəyişdi. Ertəsi gün artıq Yazı düzü istiqamətindən Qubadlını “qrad”la atəşə tutmağa başladılar. Ən böyük kəndlərimizdən biri olan Xanlıq erməni əlinə keçdi. Artıq düşmən Laçın istiqamətindən irəliləyirdi. Eyni zamanda Ermənistan  tərəfdən rayon mərkəzi  və kəndlər aramsız atəşə tutulurdu. Ermənilər Hadrut-Cəbrayıl istiqamətindən  də hücuma keçmişdilər. Əvvəlcə hərbi qüvvələrin bir hissəsi düşmənə müqavimət göstərirdi. Lakin Xanlıq yaxınlığında bizim vertolyotlardan biri vurulduqdan sonra əsgərlər və əhali panika içərisində rayonu tərk etməyə başladı. Bizim 706-cı hərbi hissənin əsas qüvvələri rayon mərkəzindən çıxsa da, 13  kənddə mövqe tutmuşdu... Sentyabrın 1-də hərbi hissənin komandiri  polkovnik Nüsrət Namazov mən də daxil olmaqla 12 nəfəri Qubadlı şəhəri istiqamətində kəşfiyyata göndərdi. Səhərə yaxın şəhər ətrafına çatdıq. Şəhərdə olan düşmən qüvvələr əsasən qarətçilər idi. Qarət olunan əşyalar yük maşınlarına  yığılırdı.  Sarışın əsgərlər görünür, həm  ermənicə, həm rusca danışıqlar, söyüşlər eşidilirdi. Tankları evlərin, beşmərtəbəli binaların üzərinə sürür, uçururdular. Lakin həm kəndlərdə, həm də şəhərdə düşmənin hərbi qüvvəsi çox az idi. Geri qayıdarkən Məmər və Xil kəndləri yaxılığında ermənilərlə qarşılaşdıq. Atışmada xeyli düşməni məhv etdik. Axşam düşəndə qəflətən Xanlıqdan tutmuş Ermənistanla sərhəddə qədər təxminən eyni xətt üzrə yerləşən kəndlərin eyni vaxtda alova büründüyünü gördük. Neçə kilometrlərlə uzanan odlu zolaqdan diri-diri yandırılan insanların,  tövlələrdə bağlı qalmış heyvanların vahiməli səsləri eşidilirdi... Tükürpədici və dözülməz mənzərə idi...

Ermənilərin hərbi qüvvələrinin az olduğunu eşidən komandirimiz polkovnik Nüsrət Namazov səhər tezdən əks-hücuma keçib Qubadlı şəhərini geri almaq qərarına gəldi. Lakin gözlənilmədən N.Namazovun artıq komandirlikdən azad edildiyi və onun yerinə Bakıdan göndərilmiş podpolkovnik İlqar Məmmədovun təyin olunduğu məlum oldu. Komandirimizlə birgə biz də İ.Məmmədova etiraz etsək də,  Bakıdan gətirdiyi sənədləri göstərib dedi ki, o, qanuni komandirdir və onun əmrinə tabe olmamaq hərbi cinayət sayılacaq... Qeyd edim ki, polkovnik N.Namazov yüksək ixtisaslı, bacarıqlı, qətiyyətli bir hərbi zabit idi. Onun sayəsində Qubadlı uzun müddət ermənilərdən müdafiə olunmuşdu...

I.Məmmədov söylədi ki, Bakıdan verilən əmrə əsasən ordu Qubadlıdan çıxarılmalı və Cəbrayılın kəndlərindən birində yerləşdirilməlidir.  Biz isə onun əmrlərinə tabe olmayıb Qubadlının kəndlərində mövqe tutduq. Bizə günlərlə ərzaq, sursat çatdırılmadı. Oktyabr ayında Zəngilan da işğal edildikdən sonra 45 gün Cəbrayılın Qumlaq kəndində mühasirədə qaldıq. Lakin bu şəraitdə də ermənilərlə döyüşürdük. Nəhayət, hərbi sursatımız tükəndikdən sonra Araz çayını keçməklə mühasirədən çıxmağa məcbur olduq...

Beləlikə, Qubadlı, ardınca da Zəngilan satqın və  təxribatçıların güclü fəaliyyəti nəticəsində düşmənə təhvil verildi...”

Digər mənbələrdən aldığımız məlumata görə, təxribat planlarına mane olduğuna görə polkovnik Nüsrət Namazov  Qubadlıda gərgin döyüşlər getdiyi bir məqamda müşavirə adı ilə Yevlağa çağırtdırılıb. Onu vəzifəsindən azad edərək həbs etdiriblər. Üstəlik, ürəkləri soyumayaraq erməni ilə bir kameraya saldırıblar.  N.Namazovun yerinə təyin edilmiş podpolkovnik İlqar Məmmədov isə sonradan Qubadlının işğalı ilə əlaqədar həbs etdirilib.  Qarşısında şərt qoyublar ki, o,  Qubadlıdan briqadanı  Bakıdan gələn əmrlə deyil, öz təşəbbüsü ilə çıxardığı barədə ifadə versə, həbsdən azad ediləcək...

 Qubadlının asanlıqla işğalının səbəblərindən biri də o olub ki,   əraziyə daha yaxşı bələd olan təcrübəli yerli döyüşçüləri bölgədən uzaqlaşdırıb əvəzində nabələd təcrübəsiz əsgərlər gətiriblər...

Biz hələ bu 19-20 ildə bölgələrimizin işğal səbəblərini doğru-dürüst araşdıra bilməmiş, öz içimizdən olan satqın və təxribatçıları dəqiq müəyyən edib cəzalandırmamışıq. İllərsə ötür... Düşmən nəinki aldıqlarını qaytarmaq istəmir,  yeni bölgələrimizi işğal etməyi planlaşdırır. İllər ötür... O yurdlarda doğulub boya-başa çatmış, o torpaqlar uğrunda vuruşmuş insanlar bir-bir dünyadan köçür... Bayaq Qubadlının işğalı haqqında söylədiklərini nəql etdiyim  unudulmaz dostum, əvəzedilməz  türk oğluu Qubadlının məşhur Dəmirçilər kəndindən olan  Mirağa Babayev də ötən il qəfil avtomobil qəzasında həlak oldu...

Vətən, milət, torpaq adı gələndə yanıb-yaxılırdı... Deyirdi ki, bir 500 nəfər say-seçmə, qeyrətli oğul olsa, torpaqlarımızı azad edə bilərik... Özü  də say-seçmə oğullardan idi; boyu iki metrə yaxın, enlikürək... Döyüşdə neçə erməni məhv etmişdi, neçəsini girov götürmüşdü... Allah cəmi şəhidlərimiz kimi sənə də rəhmət eləsin, Mirağa qardaşım..

Bəli, zaman ötür... Atəşkəs olsa da, Mübariz İbrahimov kimi oğulları ön cəbhədə, Mirağa Babayev kimi oğulları da dinc həyatda itirir, fəqət, bir kəndimizi də azad edə bilmirik...

Allah özü  bizləri torpaqlarımıza qovuşmaq üçün səfərbər etsin! Amin!..

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!