Arxiv
5 mart 2021, 09:22 | MEDİA
Bizimkilər - Ukraynada çalışan azərbaycanlı jurnalist: “Xaricdə Azərbaycanı təmsil etmək böyük məsuliyyətdir”

Jurnalist fəaliyyəti zamanı Vətəndaş mövqeyini, dövlət və milli maraqları hər zaman üstün tutmalıdır”


Modern.az saytında  “Bizimkilər” rubrikasına davam edirik. Bu rubrikada özümüzünkülərdən – jurnalist həmkarlarımızdan yazır, onları oxucularla daha yaxından tanış edirik. Rubrikamızın budəfəki qonağı AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova ölkələri üzrə xüsusi müxbiri Emil Hüseynlidir.


Emil Hüseynli 1977-ci il martın 24-də Azərbaycanın qədim diyarı olan Gəncə şəhərində anadan olub. 1993-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq jurnalistika bölməsinə daxil olub. Jurnalist fəaliyyətinə 1996-cı ildən başlayıb.

Ailəlidir, iki oğul övladı var.


- Söhbətimizə ənənəvi sualla başlayaq: sizi jurnalistikaya gətirən səbəb nədir? Necə oldu ki, bu sahəni seçdiniz?

- Öncə dəyər verib, həmsöhbət olduğunuz üçün Sizə və saytınızın rəhbərliyinə təşəkkürümü bildirirəm. Onu da qeyd edim ki, Modern.az saytı Azərbaycan mediasına modernlik gətirməyi bacarıb, özünəməxsus üslubu ilə seçilir, tanınmış və gənc jurnalistlərin müəllif yazıları maraq doğurur. Yəni lakonik desək, sayt oxunaqlıdır və mənim də gündəlik izlədiyim KİV-lər siyahısındadır.

O ki qaldı, sizin sualınızın cavabına, görünür yazmaq həvəsi genetik kodlara bağlıdır, çünki ailəmizdə anam şair, yazıçıdır. Xəzangül xanım ötən əsrin 70-ci illərindən yazıb yaradır. Gəncədə, ailəmdə daim tanınan yazıçıları, ziyalıları görmüşəm, onların polemikasının şahidi olmuşam. Tanınmışların yazıları ilə böyümüşəm. Ona görə də jurnalistikaya həvəs var idi.

1993-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq jurnalistika bölməsi yaranmışdı. Yeni fakültə idi. Çox düşündükdən sonra seçimimi jurnalistika peşəsinə etdim.


- Sözsüz, hər peşənin çətinliyi var. Sizin fikrinizcə, jurnalistika sahəsinin çətinlikləri nədən ibarətdir?

- Həyatda asan olan məsələ yoxdur. İnsan ana bətnində necə mübarizə aparıb dünyaya gəlirsə, elə onun yaşamaq uğrunda mübarizəsi də asan olmur. Jurnalistika sahəsinin çətinliyi də, uğuru da cəmiyyətə bağlıdır. Normal, sivil cəmiyyətlərdə jurnalistlər öz sahəsinin şirinliyini dada bilirlər, təqiblərlə, şantajlarla üzləşmirlər. Bu faktlar barmaq sayılacaq qədər olur. Ancaq tam formalaşmamış, inkişafdan geri qalan, düz sözü həzm edə bilməyən cəmiyyətlərdə sözsüz ki, jurnalist təqiblərlə də üzləşir, qətlə də yetirilir. Bu, məsələnin bir tərəfidir. Digər tərəfi isə jurnalistlərin özünə bağlıdır. Bəzən jurnalistlər çətinlikləri, problemləri özləri yaradırlar. Əgər jurnalist cəmiyyətin inkişafından geri qalırsa, standartlara cavab vermirsə, əyri yolları düşünürsə, əlbəttə ki, çətinliklərlə üzləşir, problemlər yaşayır. Həm də jurnalist olmaq istəyən şəxs ən ağır nöqtələrdən reportajların hazırlanmasını göz qabağına gətirməlidir. Çətin yolda olduğuna varmalıdır. Digər çətinliklər texniki məsələlərdir.

- Heç fəaliyyətiniz dövründə qarşılaşdığınız çətinliklərdən yorulub  jurnalistikadan getməyi düşünmüsünüz?

- Desəm ki, olmayıb, səmimi cavab olmaz. Bu da təbiidir, çünki sən o hissi yaşamamısansa, demək peşəkar jurnalistika ilə məşğul olmamısan, çətin mövzulara, reportajlara baş vurmamısan. Sutkalarla yuxusuz gecələr də olub, yarıac, yarıtox günlər də... Bunu Azərbaycanda ötən əsrin 90-cı illərin əvvələrindən fəaliyyətə başlayan jurnalistlər daha yaxşı anlayar. Çünki o dövrün jurnalistlərinin hamısı bu çətinliyi keçib. “Çəkişməsən, bərkiməzsən!” ifadəsi jurnalistika sahəsinə daha çox uyğundur. Çətinlikləri görməsən, işinin peşəkarı olmazsan. Ona görə də çətinlikləri yaşasam da, jurnalist peşəsinin şirinliyini həmişə dadmışam.

- İndiki işinizə qədər haralarda çalışmısınız?

- Əsasən informasiya agentliklərində çalışmışam. Jurnalist kimi fəaliyyətə başlayıb, Baş redaktorun müavini vəzifəsinə qədər etimad qazanmışam. EM-Pİ-EY, “Olaylar”, APA və “Trend” informasiya agentliklərində çalışmışam. Mən o cəhətdən şanslı olmuşam ki, həmin kollektivlərdə kifayət qədər peşəkar, tanınan həmkarlarımla çiyin-çiyinə fəaliyyət göstərmişəm. Onlardan öyrəndiklərim çox olub. AZƏRTAC-a qədər sonuncu iş yerim “Trend” informasiya agentliyi idi. Çalışdığım hər bir kollektiv böyük məktəb olub və qazandığım təcrübə bugünkü fəaliyyətimdə yardımçı olur.

- Necə oldu ki, AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova ölkələri üzrə xüsusi müxbiri kimi fəaliyyətə başladınız...?

- AZƏRTAC böyük məktəbdir, Azərbaycan milli mətbuatının lokomotividir. Azərbaycan dövlətinin informasiya siyasətinin daşıyıcısı, təbliğatçısıdır. Milli maraqların qorunmasında misilsiz xidmətləri olan informasiya resursudur. Orada çalışmaq, düşünürəm ki, hər bir jurnalistin arzusudur. Mən də bu istəkdə olan bir jurnalist kimi fəaliyyətimi AZƏRTAC-da davam etdirmək qərarına gəldim və nəticə olaraq hazırda AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova ölkələri üzrə xüsusi müxbiri kimi çalışıram. Bilirsiniz, xarici ölkələrdə jurnalist kimi Azərbaycanı təmsil etməyin məsuliyyəti olduqca böyükdür. Çünki sən tək özünü yox, dövlətini təmsil edirsən. Sənin oturuşun, duruşun, savadın, insanlara münasibətin, peşəkarlığın, Vətəndaş mövqeyin, bunların hamısı Azərbaycanın adına yazılır. Xarici ölkədə jurnalist fəaliyyəti tək yazı yazmaqla bitmir, həm də Azərbaycan dövlətinin, xalqının maraqlarının müdafiəçisi olmalısan. Peşəkar jurnalistin prinsiplərini qorumaqla yanaşı, əsl vətəndaş mövqeyini də ortalığa qoymalısan. Təkcə jurnalist düşüncəsi ilə çalışmamalısan, həm də liderlik xüsusiyyətlərinə yiyələnməlisən, dövlət və milli maraqları daim diqqətdə saxlamalısan.

- Fəaliyyətiniz dövründə hansı məşhur insanlardan, dövlət rəsmilərindən müsahibə almısınız? Ən maraqlısı hansı olub? Və niyə?

- 25 ildir, fasiləsiz və müntəzəm jurnalist fəaliyyəti ilə məşğulam. Azərbaycanda prezident və parlament müxbiri olmuşam. Bəli, dövlət rəsmilərindən də, məşhur insanlardan da kifayət qədər müsahibələrim olub, ancaq istəməzdim adlar çəkim, bununla daha çox özümü reklam etmiş olaram.


- Azərbaycanda baş verən hadisələrdən xəbərdar olmaq üçün hansı mətbuat orqanlarını izləyirsiniz?

- Adları sıralasam, unutduqlarım ola bilər. Gündəlik 10-dan artıq informasiya agentliyi və xəbər portalını izləyirəm. Bundan başqa sosial şəbəkələri də yaxından izləyirəm, orada da informasiya bolluğu olur. Əslində, gündəlik beynin informasiya tutumu nə qədərdisə, o qədər də toplaya bilirsən. Ondan artığını etmək effektsizlik yaradır.

- Xarici mətbuatla Azərbaycan mətbuatını necə müqayisə edərsiniz? Sizcə Azərbaycan və Avropa mətbuatı arasında əsas fərqlər nədən ibarətdir?

- Sualınız çox dərin, həm də mənim daha çox marağımda olan bir mövzudur. Çünki həmişə aktuallığını saxlayan məsələdir. Son illər Azərbaycan mediası dünya mediası sırasında mövqelərini daha da möhkəmləndirməyi bacarıb. Söz və məlumat azadlığının yaratdığı şəraitdən maksimum istifadə edilir. Azərbaycanın dünya mediasına çıxışı artıb. Azərbaycan mediasında çalışan bir çox jurnalistlərin səviyyəsi elə vəziyyətə çatıb ki, dünya mediası bu jurnalistləri qəbul edir, tanıyır. Əvvəllər dünya mediasında informasiya resurslarımızın xəbərləri yayılırdısa, indi jurnalistlərimizn məqalələri dərc edilir. 44 günlük Vətən müharibəsi zamanı biz bunların əyani şahidi olduq. Dünyanın bir çox ölkələrində jurnalistlərimiz ekspert qismində çıxış etdilər, gündəlik operativ məlumatlar ötürdülər. Ancaq Avropa mediası ilə müqayisədə operativlik, özəl xəbər səbətinin doldurulması, pullu xəbərlərin satılması və digər məsələlərdə geri qalırıq. Qafqaz və Orta Asiya bazarında öndəyik, lakin Avropa media ailəsinin tamhüquqlu üzvü olması istiqamətində səyləri artırmalıyıq.

Azərbaycan hakimiyyətinin media sahəsində islahatlarda maraqlı olması göz önündədir və bu olduqca sevindirici haldır. Son vaxtlar verilən qərarlar islahatların ilkin mərhələsinin başladığını əyani şəkildə sübut edir. Medianın İnkişafı Agentliyi yaradılıb. Agentliyin qarşısında konkret yeni vəzifələr qoyulub. Hazırda medianın fəaliyyətini tənzimləyən yeni qanun üzərində iş aparılır. Beləliklə, davamlı və sistemli prosesə start verilib. Hesab edirəm bütün bunlar Azərbaycan mediasına yeni ruh gətirəcək, müasir standartlar formalaşacaq. Azərbaycan mediasını Avropa mediasına daha da yaxınlaşdıracaq.


-
Emil bəy, bu gün Azərbaycan mediasında xəbər portallarının bolluğu müşahidə edilir. Bu proses çərçivəni aşmayıb ki?

- Azərbaycan dövlətinin söz və məlumat azadlığına yaratdığı şəraitin məntiqi nəticəsidir ki, bu gün portalların bolluğu mövcuddur. Əslində normal prosesdir. Azərbaycanda yaranan hər bir xəbər agentliyinin, portalın fəaliyyətə başlamasını sevinc hissi ilə qarşılayırıq. Çünki media bazarında alternativlik nə qədər çox olarsa, söz və məlumat azadlığı, jurnalistlərin peşəkarlığı bir o qədər artar, media nümayəndələrinin sosial bazası güclənər. Vətəndaşların informasiya seçimi artar. Ancaq bunun müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Həddindən artıq xırda portalların yaranması dezinformasiyaya yol açır, bəzən isə cəmiyyətdə çaşqınlıq yaradan informasiyalara yol verilir. “Düşmənin dəyirmanına su tökən” informasiyaların olmasını qoyaq bir kənara, etik normalara sığmayan məlumatların internet mediasında yer alması jurnalistlərin adi iş rejiminə çevrilib. Təəssüf ki, bu gün ucuz sensasiya dalınca qaçan məlumatlara rast gəlmək olur. İnformasiyanı çox ucuzlaşdırırlar. Portallar fəaliyyətlərini təkcə “sayğac”a görə qiymətləndirməməlidir. Onda bu məntiqlə dünyanın tanınmış informasiya agentlikləri gərək öz fəaliyyətlərini donduralar. Dünyada nüfuzlu informasiya agentliklərinin əksəriyyətində xəbərlər bağlı gedir. Bağlı gedən xəbərlərə sözsüz ki, oxucu kütləsi cəlb etmək mümkün deyil. 


- Çalışdığınız müddətdə başınıza gələn ən yadda qalan hadisəni bizimlə bölüşə bilərsiniz?

- Yadda qalan çox hadisə olub, ancaq indi xatırladığım bir əhvalatı deyə bilərəm. Bir dəfə yüksək çinli dövlət məmuru ilə çox böyük müsahibə götürmüşdüm. Diktofonda baş verən nasazlığa görə, müsahibədən sonra işə qayıdanda, məlum oldu ki, səs yazısı yoxdur. Siz təsəvvür edirsiniz, həmin an bir isti tər gəldi mənə. Çox önəmli və vacib müsahibə idi. Müsahibimin humanistliyi təkrar müsahibə almaq imkanı yaratdı və problemi həll etməyə nail oldum.


- Söhbətimizi bu sualla sonlandıraq: jurnalist olmaq istəyən gələcək həmkarlarınıza sözünüz nə olar?

- Hansı peşəni seçirsən seç, birinci növbədə onun ruhunu, fəlsəfəsini dərk etməlisən. Hədəfini müəyyən etməlisən və pik hədəfə çatmaq üçün daim mübarizə aparmalısan. Jurnalist peşəsini seçənlər də ilk növbədə bunları özləri üçün müəyyən etməlidir. Jurnalist fəaliyyəti zamanı Vətəndaş mövqeyini unutmaq olmaz. Dövlət və milli maraqları hər zaman üstün tutmalıdır. Eyni zamanda, bu gün kommunikasiya bacarığı olmayan hər hansı kadr işində uğur qazana bilməz. Kommunikasiya bacarığı müasir dünyada bəlkə də uğurun yarısıdır. Hər bir gənc jurnalist insanlarla ünsiyyət bacarığına, ana dili ilə yanaşı, xarici dillərə mükəmməl yiyələnməlidir. Ünsiyyət dedikdə bura yüksək danışıq mədəniyyəti, vizual ünsiyyətlər də daxildir. Burada vizual ünsiyyətə daha diqqət yetirmək lazımdır. Dinləmək bacarığı, analitik düşüncə, bunlar da gənc jurnalistlərin fəaliyyətlərində önəmli yer tuta biləcək faktlardır. Azərbaycanda jurnalist olmaq istəyən bütün gənclərə çətin və şərəfli işlərində uğurlar arzulayıram.

Fidan İlqarqızı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Diplomatlar peyvənd oluna bilmir? - Xarici İşlər Nazirliyi məsələyə AYDINLIQ GƏTİRDİ 15 Aprel 2021, 11:55 “Türk Hava Yolları” Rusiyaya uçuşları dayandırdı 15 Aprel 2021, 11:50 İki mindən artıq koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb - Nazirlik 15 Aprel 2021, 11:44 Zərifə Əliyevanın anım günüdür 15 Aprel 2021, 11:38 Mərkəzi Seçki Komissiyasının səlahiyyəti bitdi 15 Aprel 2021, 11:32 “Osmanqızı TV” Tofiq Yaqublu ilə Əli Kərimlinin münasibətlərini pozub - İDDİA 15 Aprel 2021, 11:30 İtaliyalı deputatlar Gəncədə olublar 15 Aprel 2021, 11:28 Ermənistanda 6 hərbçini maşın vurdu – 2 ölü, 4 yaralı 15 Aprel 2021, 11:25 Yol polisi bir həftədə 19 şəhər və rayonda reydlər keçirib - sürücü və piyadalar cərimələnib 15 Aprel 2021, 11:23 Bəyanatların arxasında həm də xalqımızın iradəsi dayanır 15 Aprel 2021, 11:19 Ölkəmiz IV Dünya Etnospor Konfederasiyasının Forumunda iştirak edib 15 Aprel 2021, 11:15 “Azərenerji” “Yaşma” yarımstansiyasını yenidən qurur - VİDEO 15 Aprel 2021, 11:10 Azərbaycanda ata-oğul BIÇAQLANDI 15 Aprel 2021, 11:07 Azərbaycan hərbi təxribatlara hazır olmalıdır - ŞƏRH 15 Aprel 2021, 11:02 Goranboylular Vətən Müharibəsi qəhrəmanını belə qarşıladılar   15 Aprel 2021, 10:59 Saatlıda yas mərasiminə gedənlər cərimə ödəməli oldular 15 Aprel 2021, 10:56 Azərbaycanda yeni pambıq sortları yaradılacaq 15 Aprel 2021, 10:50 Laçının hansı kəndləri rusların nəzarətindədir? 15 Aprel 2021, 10:45 Qərbi Kaspi Universiteti Avropa İttifaqının tədbirində iştirak etdi 15 Aprel 2021, 10:40 “Azəriqaz” payız-qış mövsümünə hazırlıq işlərinə start verdi 15 Aprel 2021, 10:36 Bakıda iki müəllimin koronavirusdan öldüyü TƏSDİQLƏNDİ - FOTOLAR 15 Aprel 2021, 10:31 Lukaşenko Azərbaycandan nə “qoparmaq” istəyir? 15 Aprel 2021, 10:26 Tənha qadının evinə basqın edən şəxslər SAXLANILDI 15 Aprel 2021, 10:21 Cəlilabadda ata öldürüldü - oğlu yaralandı 15 Aprel 2021, 10:16 Azərbaycan nefti bahalaşdı 15 Aprel 2021, 10:10 Karantində kökələn sənətçi: “Ali təhsilli aktrisa var ki, ali təhsilsiz ondan bacarıqlıdır” - MÜSAHİBƏ 15 Aprel 2021, 10:07 Ucarda ər arvadını ÖLDÜRDÜ 15 Aprel 2021, 10:03 Ötən gün 17 nəfər aktiv koronavirus xəstəsi  saxlanıldı 15 Aprel 2021, 10:00 Zəngilan rayonunun Ağ oyuq qəsəbəsi - VİDEO 15 Aprel 2021, 09:58 Ölkə üzrə aprel ayının pensiyaları tam ÖDƏNİLDİ 15 Aprel 2021, 09:53 Kriminal avtoritet Əli Heydərovun qatili bacısını da öldürüb, yeznəsinin qulağını kəsib 15 Aprel 2021, 09:50 Azərbaycanın qələbəsi regional əməkdaşlığın yeni mərhələsinə keçidi şərtləndirib 15 Aprel 2021, 09:44 Azərbaycan bankları üçün BAFT tərəfindən beynəlxalq seminar keçirilib 15 Aprel 2021, 09:38 Nazirlik texniki baxışla bağlı “qaynar xətt” yaratdı 15 Aprel 2021, 09:32 Neftin qiyməti 66 dolları ötdü 15 Aprel 2021, 09:26