Modern.az

İki övladını Vətənə əmanət edən döyüşçü - Şəhidin HƏYAT HEKAYƏSİ

İki övladını Vətənə əmanət edən döyüşçü - Şəhidin HƏYAT HEKAYƏSİ

Müsahibə

15 Mart 2021, 11:32

Süleyman Qarayev Vətən müharibəsində canından keçən şəhidlərimizdən biridir.


Arayış:
1995-ci il iyulun 3-də Sabirabad rayonunun Qalaqayın kəndində anadan olub. 2016-cı ildə ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılıb.
2020-ci il sentyabr ayının 21-də hərbi təlimlərə cəlb olunub. Sentyabrın 27-də isə Vətən müharibəsinə qatılıb.
Oktyabrın 7-də Ağdam rayonu istiqamətində gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb. Doğulduğu Sabirabad rayonunun Qalaqayın kəndində dəfn olunub. İki övladı yadigar qalıb.


Modern.az
saytının əməkdaşı şəhidin ömür-gün yoldaşı Şəlalə Qarayeva ilə həmsöhbət olub.


“Sanki vəsiyyət edirdi”

“Döyüşlərə könüllü olaraq getdi, vətəni üçün hər an hər şey etməyə hazır idi. Sentyabrın 21-də çağırış gələn kimi təlimlərə yollandı. Sonra da müharibə başladı...
Süleyman döyüşlərə qatılan ərəfədə ikinci övladımız dünyaya yeni göz açmışdı, 3 günlük idi. Yoldaşım hər şeyi arxasında buraxıb vətəni üçün savaşmağı seçdi....


Sentyabr ayının 27-dən oktyabrın 5-ə qədər heç nə olmamış kimi çox rahat idim. Oktyabrın 5-i Süleyman mənə zəng vurdu... Sən demə bu onun son zəngi imiş, sanki vəsiyyət edirdi. Dedi, “Şəlalə ağlama, uşaqlarımıza yaxşı bax, sizin üzünüz gülsə, mən də güləcəm”.
Oktyabrın 6-sı içimdə bir narahatlıq yaranmışdı uşaqlar belə hər şeyi hiss edirdilər, atalarını istəyirdilər. Həmin gün çox ağladım, yatdım, Süleyman yuxuma gəldi, bu hissləri izah etmək mümkünsüzdür. Səhər xəbər saytları yazdı etdi ki, Sabirabad rayonundan olan Süleyman Qarayev adlı şəxs şəhidlik zirvəsinə ucalıb. İnanmadım, onun öldüyünü qəbul edə bilmirdim, sanki dəli olmuşdum, özümü harasa atmağa çalışırdım, evə girə bilmirdim, məni zorla sakitləşdirməyə çalışırdılar. Artıq yavaş-yavaş hamı başsağlığı üçün bizim evə gəlməyə başladı, mən isə qışqırırdım ki, “nəyə görə gəlmisiniz, Süleyman sağdı, o qayıdacaq”.
Günorta saatlarında onun bayrağa bükülmüş tabutu gəldi, elə bildim ki, bütün dünya başıma yıxıldı. Mən onu yaralı gözləyirdim. Deyirdim ki, ayaqları olmasın, gözü olmasın, amma təki qayıtsın.. Əlil kimi qayıdardı, ona ömrüm boyu baxardım, amma olmadı..


Dəfələrlə canıma qıymaq istədim, sonra övladlarımı düşündüm, axı mən onlarla nəfəs alıram. Övladlarıma görə həyata tutundum. 40 gün özümə gələ bilmədim, hər gün yolunu gözləyirdim... hamı gəldi Süleymandan başqa... artıq gözüm yollardan yığışdı.
Yanımızda olmasa da, yuxularıma gəlir, mənə nələr etməli olduğumu deyir. O ölməyib, axı şəhidlər ölmür. O mənim də, övladlarımızın da yanındadır...
Süleyman hər zaman deyirdi, “Şəlalə, gün gələcək, hər kəs bizim sevgimizi örnək götürəcək”. İndi görürəm ki, onun  dediyi doğru oldu, sevgimiz əbədiyyətə qovuşdu...”.



Övladlarının yanında sonuna qədər olmaq qismət deyilmiş”

“İndi iki övladım və yoldaşımın ailəsi ilə qalıram. Övladlarımızdan birinin 2 yaşı var, balaca isə 5 aylıqdır. Böyük oğlumun 2 yaşı olsa da, hər şeyi başa düşür, hər an atasını axtarır, telefonda atasının şəklini görür... deyir, “atama zəng vururam gəlsin”, telefonun başında gözləyir.
Yoldaşımın məzarı üstünə gedəndə həmişə böyük oğlumu da özümlə aparıram. Başa salıram ki, ata burada yatıb, o, Qarabağı azad edib. Artıq məzarlığın qarşısından keçən kimi deyir ki, "ana, ata burada yatıb". Atası onunla çox vaxt keçirirdi. O qədər bir-birilərinə bağlı idilər, təsəvvür edə bilməzsiniz... Amma övladlarının yanında sonuna qədər olmaq qismət deyilmiş...”.


“Bir ömür nə etməli olduğumu mənə demişdi”

“Uşaqları necə böyüdəcəm, onların şəxsiyyət kimi yetişməsi üçün hansı işləri görəcəm, sanki hər şeyi öyrədib gedib. Əlimdən gəldiyi qədər onun edə bilmədiklərini edəcəm.
Mənəvi cəhətdən həm ana, həm də ata olaraq uşaqlarımın yanında olacam və çalışacam ki, onlar atasızlıq nədir bilməsinlər. 5 aylıq oğluma da atası haqqında danışıram, şəklini göstərirəm... istəyirəm ki, ilk sözü ata olsun....


Süleyman övladlarının hər ikisini gələcəkdə idmançı görmək istəyirdi. Onları savadlı, ağıllı görmək ən böyük arzusu idi. Həyatda bir mövqe tutmaqlarını, şəxsiyyət kimi formalaşmaqlarını istəyirdi”.



“Oktyabrın 7-də yoldaşımla bərabər ölmüşəm”

“Sanki ruhən ölüyəm... Mənim üzümü yalnız uşaqlarım güldürür. Şükürlər olsun ki, Süleymanın mənə əmanət övladları qalıb. Yoxsa dəli olardım... Onları qorumaq, böyütmək mənim həm analıq, həm də atalıq vəzifəmdir. Övladlarımız bizdən xahiş etməyib ki, bizi dünyaya gətirin, onlara gözəl həyat yaşatmaq mənim analıq borcumdur. Bir ana kimi dözümlü, güclü görünməyə çalışıram, mənən yıxılıram, amma acımı içimdə çəkirəm. Övladlarım güclü ana görməlidirlər, çünki onlar məndən örnək götürəcəklər.


Son olaraq şəhid xanımlarına demək istəyirəm ki, bizim həyat yoldaşlarımız cənnət mələkləridir, hər zaman bizi görürlər. Nə olursa olsun, hər zaman onlarla fəxr etməliyik, çünki biz şəhid ailələriyik. Şəhidlik zirvəsinə ucalmaq və şəhid xanımı olmaq hər insana qismət olmur”.


Mehri QURBAN

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir