Modern.az

Filmlərimiz niyə dünya bazarına çıxa bilmir, kimlər mane olur? - Gənc rejissorlarla MÜSAHİBƏ

Filmlərimiz niyə dünya bazarına çıxa bilmir, kimlər mane olur? - Gənc rejissorlarla MÜSAHİBƏ

4 Aprel 2021, 12:29

Modern.az saytında “Art Time” rubrikası davam edir. Budəfəki qonaqlarımız gənc rejissorlar Məzahir Haşımov və Fərid Kərimdir. Onlarla Azərbaycan kinosunun son vəziyyəti və gənc rejissorların bugünkü imkanları barəsində söhbətləşdik.

 

- Nəyə görə Azərbaycan filmləri dünya bazarına çıxa bilmir?

 

Məzahir Haşımov:

 

- Kino komanda işidir. Və kinematoqrafiya ilə bağlı hər bir bağlı şəxs biməlidir ki, film çəkimlərinə hazırlıqdan başlamış ta satışına kimi bütün proseslər zəncirvari olaraq bir-birinə bağlıdır. Məncə ilk problem Azərbaycanda lazımı fərqli kino komandalarının olmamasıdır. Çəkilən əksər filmlərdə eyni bəstəkar, eyni rəssam, eyni ssenari, eyni operator, eyni qrim, hətta eyni rejissor və s. Belə olan halda rejissordan, ümumiyyətlə Azərbaycan kinosundan yeni fərqli məhsullar gözləmək gülüncdür. Eyni vaxta bir neçə filmə buraxılsa, kiminsə komandasında problem yaşanacaq.  Və bu da  təbii ki, ekranda özünü  göstərəcək.

Deyim ki, bunun həlli məmur dəyişkənliyi deyil. Kinonun başına istənilən adam gələ bilər, lap Spilberq gəlsin, yenə də əgər düşüncədə problem varsa, o rəhbər tək heç nəyi dəyişə bilməz. Kino bir başqa düşüncə, təfəkkür, mütaliə, müşahidə, psixologiya, ədəbiyyat, fəlsəfə ilə bağlı sənətdir. Bunların biri  çatışmayanda təbii ki, film dünya bazarına  yol tapmayacaq.

Bədii əsərlər oxunmalıdır, dramaturgiya biliyini mükəmmmələ çatdırmaq lazımdır. Ən əsası kino dilinndə danışmağı bacarmaq lazımdır.  Həll yollarında əsas məqamlardan biri bilikli kinotənqidçilərin olmasıdır.  Bax onda biz  kinematoqrafiyanın nə olduğunu anlayarıq.  Və təbii ki, dünyaya iz açmış olarıq.

Daha bir səbəb kinematoqrafiyada festival kinosu anlayışı olmasıdır. Gənclər  keçmiş zamanlarda hansısa festivallarda qalib olmuş filmlərərə baxıb həmin filmləri kadrbakadr  təkrar edirlər. Belə olan halda təkrar və çox keyfiyyətsiz formada olan filmlər bizi geri atacaq. Anlamaq lazımdır ki, dramaturgiyada 32 vəziyyət var . Yəni hadisələr təkrarlana bilər, ancaq  hadisəyə rejissorun münasibəti fərqli olmalıdır. Düşünürəm ki, bunlar yerində olsa, ilk addımı atmış olarıq.

Bir şey də əlavə edim. Rejissor ac olduqda, yəni kinodan uzaq düşəndə əlinə film çəkmək fürsəti keçincə illərlə içində qalan düşüncələri, fantaziyaları, ideyaları  acgüzlüklə bir ekran işinə yerləşdirmək istəyir. Bu da filmin yüklənməsinə gətirib çıxarır.

 

Fərid Kərim:

- Dünya bazarına çıxa bilməməyimiz Azərbaycanda ilk növbədə film produserliyinin zəif olması ilə əlaqədardır. Düşünürəm ki, son illərdə çəkilən hansı filmimizi dünya bazarına çıxarmaq olar? Elə bir filmimiz yoxdur. Nə qədər ki, milli dəyərləri düşünərək film çəkəcəyik, onda da dünya bazarına çıxa bilmiyəcəyik. Çox təəssüf ki, elə bir sistem var ki, yenilik gətirən, yenilik edən rejissorlara cavab olaraq “bu bizim xalqa, bizim milli dəyərlərə ziddir” deyilir.  Bu düşüncədə olan insanlar filmlərimizin inkişafına mane olur. Son illərdə çəkilən kommersiya filmlərinə nəzər salaq. Dünya bazarına “Stalinin başı” filmi ilə çıxaq? Yoxsa “İki mal” filmi ilə? Bu filmlərin siyahısını uzada bilərəm. Bu filmlər Azərbaycan kinosuna zərər verir.  Çox təəssüf ki, 30-60 yaş arası olan rejissorlar kinomuzu elə  hala salıb ki, biz birinci onlarla mübarizə aparmalıyıq. Bir rejissor ancaq öz bölgəsindən olan insanlarla işləyir, biri ancaq özünə ssenarist deyən bir komandanı yığıb ətrafına komediya adı altında bizə nə gəldi sırımağa çalışır. Özləri yazıb, özləri oynayıb, özləri də çəkirlər. Bu problemlər həll olunduqdan,  normal düşüncəli insanlar film çəkməyə başladıqdan sonra dünya bazarına çıxara biləcəyimiz filmlər olacaq. Mən ustadım Elnur Mehdiyevin bir sözünü daim yadımda saxlayıram. O deyirdi ki, rejissor lider olmalı, xalqı arxasınca aparmalı və düşüncəsinə təsir etməlidir. Buna görə biz gənclər mübarizə aparmalı, bayağı insanları Azərbaycan kinosundan təmizlənməliyik.


- Gənc rejissorların professionallaşmasına mane olan səbəblər hansılardır?


Məzahir Haşımov:


-
İlk olaraq  gənclər özləri özlərinə mane olur. Başlayaq ondan ki, xarici dil öyrənmirlər. İngilis, rus dillərini bilməklə gənclər dünyada kinematoqrafiya ilə bağlı kifayət qədər dərslikləri, pitçinqləri,  fondları,  festivalları  mənimsəyə bilərlər.  Az mütaliə etmələri də qəbuledilməzdir. Daha bir səbəb yuxarıda dediyim kimi, Azərbaycanda  kino sənətini düzgün öyrədən kino məktəbi yoxdur. İncəsənət  Universiteti  tələblərinə praktiki dərslər keçməlidir. Yaşlı nəsil müəllimlər Film Fondundakı köhnə plyonka, montaj qurğusundan saatlarla danışmaq əvəzinə Universitetə daha professional, hətta əcnəbi müəllimləri  dəvət etməlidirlər ki, gənclər müasir kinodan xəbər tutsunlar. Kino tarixi fənnində dünya kinosunda dərslik kimi qəbul olunan  filmlərin nümayişi təşkil edilməlidir. Və həm də böyük ekranda.

Öz təhsilimdən misal çəkim. VGİK-də oxuduğum 5 il ərzində sənətlə bağlı vacib fənnləri sayım: dramaturgiya, psixologiya, montaj, rejissorluq, aktyor sənəti, aktyorla iş, danışıq texnikası, operator işi, kinoda musiqi, kinoda səs, kino rəssamı, kino tarixi, xaici və rus ədəbiyyatı, rəssamlıq İZO... bunlara yiyələnmədən kino çəkmək  olmaz.

Gənclər özləri də  kino çəkiliş meydançalarına can atmalıdırlar. Prodakşnlardan xahiş etsinlər ki, onlara icazə verilsin: çəkiliş prosesinə heç olmasa kənardan baxsınlar. Tələbələr üçün isə bunu İncəsənət Universiteti təşkil etməlidir. Mütəmadi çəkilişlər edən prodakşnlar kifayət qədərdir. Məsələn, Baku Media Mərkəzindən xahiş etmək olar ki, tələbələr praktiki dərs kimi həm işləsinlər, həm də öyrənsinlər.  Vim Vendersdən soruşurlar: rejissor olmaq üçün nə etmək lazımdır? Onun cavabı belə oldu: oxumaq, oxumaq, oxumaq... Vəssalam!

Mən də öz fikrimi əlavə edim: Yaxşı kinematoqraf, rejissor, operator və ümumiyyətlə, professional kino çəkmək üçün oxuduqdan sonra çoxlu film çəkmək lazımdır. Daim çəkiliş prosesində olmaq lazımdır ki, sənəti yadırğamayasan...

 

Fərid Kərim:

- Gənc rejissor film çəkməlidir ki, özünü inkişaf elətdirsin. Ona şərait yaradılmırsa, dəstək olunmursa, necə peşəkarlaşa bilər? Bu yaxınlarda müsabiqə elan olunmuşdu. Baxıram şərtlərinə, elə ağır idi ki... Bəllidir ki, gənc rejissor bu şərtləri yerinə yetirə bilmədiyi üçün siz jurnalistlərə üz tuturlar. Bunları edə bilsə, sizə ehtiyacı olmaz. Çox təəssüf ki, istedadlı gənc rejissorlara dəstək yoxdur. Nəzəri bilik önəmlidir, amma onunla yanaşı, praktika da lazımdır. Bir rejissor film çəkməyə maliyyə tapa bilmirsə, keçirilən müsabiqələrin tələblərini gənclərə uyğun qoymurlarsa, necə professional ola bilər? Bir yaşlı rejissor var, adını çəkmək istəmirəm. Mənim bir filmimə irad bildirərkən dedi ki, “Azərbaycanda bir qadının gecə saat 9-dan sonra küçədə olması mentalitetimizə ziddir”. Belə düşüncəli insan hazırda Mədəniyyət və İncəsənət Universitetində gənc rejissorları yetişdirir, dərs deyir. Bu düşüncədə olan insanlar gənclərin önündəki ən böyük maneədir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir