Modern.az

Böyük Vətən Müharibəsi veteranlarının pensiyası qaldırılır, Qarabağ veteranlarının isə yox

Böyük Vətən Müharibəsi veteranlarının pensiyası qaldırılır, Qarabağ veteranlarının isə yox

13 Sentyabr 2012, 16:01

Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilməsi barədə məsələ müzakirə olunub. Modern.az xəbər verir ki, komitənin sədr müavini Musa Quliyev təkliflə çıxış edib. O bildirib ki, bu qanuna dəyişiklik yalnız Böyük Vətən Müharibəsi əlillərinə şamil olunur.

“Qarabağ müharibəsindən 22 il ötüb. Bu müddət ərzində pensiyaya çıxan müharibə iştirakçıları da var, amma bu dəyişikliyin Qarabağ müharibəsi veteranlarına şamil olunması nəzərdə tutulmayıb. Hazırda Böyük Vətən müharibəsi iştirakçılarının əmək pensiyasının baza hissəsinə 50% əlavə ödəmə nəzərdə tutulubsa, hazırlanan dəyişiklik qəbul olunandan sonra baza hissəsinə bu əlavə 90% təşkil edəcək”.

Musa Quliyev “biz bu haqda da düşünməliyik ki, sabah cəmiyyətdə buna münasibət normal olsun və mənfi yanaşma olmasın. Ona görə də bu məsələləri müzakirə edərkən mütləq Qarabağ müharibəsi əlilərini və iştirakçılarını da nəzərə almalıyıq” deyə vurğulayıb.  

Komitə sədri Hadi Rəcəbli isə bildirib ki, bu çox ciddi məsələdir.

“Azərbaycanda Qarabağ müharibəsi iştirakçıları və veteranlarının təsnifatlanmasına ciddi ehtiyac var, bu qruplaşmalıdır. Bir günlük cəbhə bölgəsinə ezam olunana da veteran vəsiqəsi verilir, 5-6 il vuruşana da... Bu məsələ öz həllini tapmalıdır ki, bilinsin kim veterandır, kim ezam olunan...”.  

Deputat İlham Məmmədov isə qeyd edib ki, məsələ ilə bağlı komitə yaradılsın və həmin komitə deyilən məsələləri tənsifatlandırsın, beləliklə də məsələ öz həllini tapsın.  

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir