Modern.az

“Növbəti parlament seçkilərinə maraq həddindən artıq böyükdür”

 “Növbəti parlament seçkilərinə maraq həddindən artıq böyükdür”

4 Fevral 2010, 13:02

VƏTƏNDAŞ BİRLİYİ PARTİYASININ SƏDRİ, DEPUTAT SABİR HACIYEV SUALLARIMIZI CAVABLANDIRIR - Sabir müəllim, Azərbaycan cəmiyyəti qarşıdan gələn növbəti parlament seçkilərinə hazırlaşır. Bir partiya sədri və millət vəkili olaraq, növbəti seçkilərlə bağlı gözləntilərinizi öyrənmək istərdik. - Hər bir seçkiyə rəylər müxtəlif olur. Seçkilərdə qalib gələn və məğlub olan tərəflər var. Təbii ki, məğlub olan tərəf öz  narazılığını bildirir. Bunun özü də normal – dünyada yaşanan bir prosesdir. Parlament seçkilərinə gəlincə, qeyd edim ki, bu seçkilərə 8 aydan bir qədər artıq vaxt qalır. Hesab edirəm ki, bu seçkilər yüksək səviyyədə keçirilməlidir. Ona görə ki, bu seçkilərə maraq həddindən artıq yüksəkdir. Bilirsiniz, bələdiyyə seçkilərinə - istər daxildə olan siyasi qüvvələrdə, istərsə beynəlxalq aləmdə o qədər də böyük maraq olmur. Bu, ümumiyyətlə, tək bizdə deyil, bütün dünyada belədir. Amma parlament seçkilərinə maraq yüksək olduğuna görə bu seçkilərdə daha fəal iştirak gözlənilir. - Necə hesab edirsiniz, seçkilərə qeyri-rəsmi və ya rəsmi start verilənə qədər seçki qanunvericiliynə dəyişikliklər edilə bilərmi? - Xeyr, mən bunu gözləmirəm. Gözləmirəm ki, seçki qanunvericiliyi ilə bağlı hansısa bir dəyişikliklər baş verəcək. Heç buna elə bir zəruri ehtiyac da yoxdur. Ola bilər hansısa bir texniki məsələ ilə bağlı Seçki Məcəlləsinə dəyişiklik edilsin. Bu, istisna deyil. Ümumiyyətlə, digər qanunlar kimi, seçki qanunvericiliyi də mütəmadi olaraq təkmilləşdirilə bilər. Ancaq Azərbaycanda mövcud Seçki Məcəlləsində köklü və prinsipial dəyişikliklər aparılmasını gözləmirəm, bunu istisna edirəm. - Siz seçki komissiyalarının mövcud təşkili formatını məqbul hesab edirsiniz, yoxsa...? - Bəli, biz seçki komissiyalarının indiki formatda təşkilindən razıyıq. Bizim partiyanın da nümayəndəsi orada iştirak edir. Yəni, partiyamızın nümayəndəsi birbaşa olmasa da, üç partiyanın razılığı əsasında müvafiq seçki komissiyasında təmsil olunur. - Seçki komissiyalarını iqtidarlı-müxalifətli bütün siyasi partiyaların inhisarından çıxarmaq, bu komissiyaları bitərəf hüquqşünaslardan, qeyri-hökumət təşkilatlarının təmsilçilərindən formalaşdırmaq daha düzgün olmaz ki? - Əgər biz dünya təcrübəsinə, xüsusilə Avropa məkanının, Avropa İttifaqının təcrübəsinə nəzər salsaq, o zaman görərik ki, orada seçki komissiyaları məhz bu formatda təşkil olunub. Yəni, orada professional, peşəkar seçki keçirən qurum dövlət qurumudur. Eyni zamanda, həmin seçki qurumlarında təmsil olunan insanlar peşəkar mütəxəssislərr. Bu baxımdan, təbii ki, biz də gələcəkdə bu istiqamətə doğru getməliyik, həmin təcrübədən yararlanmalıyıq. İnanıram ki, bu, belə də olacaq. Biz də nəhayət bu yolu seçəcəyik. Ancaq o da məlumdur ki, bu gün bəzi siyasi qüvvələr etiraz edirlər ki, niyə həmin seçki komissiyalarında siyasi təşkilatların təmsilçiləri daha çox iştirak etmir. Dünya təcrübəsinə əsasən, xüsusilə Avropa İttifaqına daxil olan dövlətlərdə  seçkilər dövlət qurumu və peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir. Şəxsən belə hesab edirəm ki, bu, düzgün mövqedir. - Dövlət qurumu deyəndə siz konkret nəyi nəzərdə tutursunuz? Daxili İşlər Nazirliyini, yoxsa müvafiq seçki komissiyasını? - Bilirsiniz, seçkiləri aparan və həyata keçirən qurumun adının necə olması heç də mühüm əhəmiyyət kəsb etmir. Yenə də deyirəm, təcrübəyə nəzər salsaq, görərik ki, bəzi ölkələrdə seçkiləri Daxili İşlər Nazirliyi həyata keçirir, bəzilərində isə digər dövlət qurumu... Hətta bu, ayrıca bir qurum da ola bilər, bu da mümkündür. Amma burada hər halda peşəkar insanlardan formalaşmış bir qurumdan söhbət gedir. Adı necə olur, o qədər önəmli deyil. Maraqlı və önəmli olan o ola bilər ki, Avropa İttifaqına daxil olan ölkələrdə seçkiləri niyə siyasi partiyalara həvalə etməyiblər... - Nəyə görə? - Çünki siyasi partiyalar maraqlı tərəfdir. Hər bir siyasi partiya öz siyasi marağından və mənafeyindən çıxış edərək mövqe ortaya qoyur. Amma orada peşəkar insanlar əyləşəndə, onlar birmənalı olaraq və heç kəsin mövqeyindən çıxış etməyərək qanunvericiliyə tam riayət edirlər. Ona görə də dünyada seçkiləri əsasən peşəkar məmurlardan formalaşmış qurum həyata keçirir və daha çox buna üstünlük verilir. - Necə fikirləşirsiniz, parlament seçkiləri ərəfəsində hansısa rəngli inqilab ssenarisi ortaya çıxa bilərmi? - Xeyr. Azərbaycan cəmiyyətində stabillik mövcuddur. Rəngli inqilablar ssenarisi artıq köhnəlmiş yoldur. Təcrübə göstərdi ki, rəngli inqilablar baş vermiş Gürcüstanda, Ukraynada seçkilərdən sonra heç bir stabillik əldə olunmadı. Bu günə qədər də həmin ölkələrdə siyasi, iqtisadi gərginlik davam edir... - Hər halda kənardan seçki prosesinə müdaxilələr, cəhdlər gözləniləndirmi? - Mən buna da inanmıram. İnanmıram ki, kənardan Azərbaycandakı seçki prosesinə müdaxilə baş versin.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi