Vətən müharibəsində mərdanə duruşu ilə və əyilməzliyi ilə sosial şəbəkələrin trendinə çevrilən topçu əsgər Vüsal Şahkərəmov qulluq etdiyi hərbi hissədən məzuniyyətə buraxılıb.
Modern.az xəbər verir ki, hazırda doğulduğu Xaçmaz rayonunun Qusarçay kəndində doğmaları ilə birlikdə olan topçu Vüsalı bu gün Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ziyarət edib. Şahkərəmovlar ailəsində səmimi görüş keçirən rayon rəhbəri Vüsal kimi qürurlu, vətənpərvər oğul böyüdən atası İslam Şahkərəmova və digər ailə üzvlərinə təşəkkür edib. Vüsalın valideynləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Döyüşlərdə göstərdiyi xidmətlərə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Qubadlının, Cəbrayılın və Fizulinin azad olunmasına görə medalları ilə təltif edilən əsgər Şahkərəmov rayon rəhbərinə ona göstərilən diqqətə görə təşəkkür edib.
Sonra Xaçmaz İH başçısı Elnur Rzayev igid əsgər Vüsal Şahkərəmovla birlikdə Qusarçay kənd qəbristanlığında torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Vətən oğullarının məzarını ziyarət edib,ruhlarına dualar oxuyublar.
Aytəkin Alxaslı