Modern.az

Rayonlar haqqındakı mahnılar - “Barı Naxçıvan” mahnısını ilk dəfə kim oxuyub? - Maraqlı

Rayonlar haqqındakı mahnılar - “Barı Naxçıvan” mahnısını ilk dəfə kim oxuyub? - Maraqlı

14 Sentyabr 2012, 11:09

Modern.az saytı bölgələrlə bağlı olan mahnıların yaranma prosesini araşdırmaqda davam edir. Bu dəfə “Naxçıvan” mahnısının yaranmasından və onun yazılma tarixinin qədimliyindən söhbət açılacaq.

Mahnının ilk ifaçısı “Kəpənək” ləqəbi ilə tanıdığımız mərhum Mirzə Babayevdir. Naxçıvan haqqında dillər əzbəri olan və naxçıvanlıların da hər zaman sevə-sevə dinlədiyi bu mahnının sözləri Hüseyn Əziminindir. Mahnının bəstəkarı dövrünün tanınan musiqiçilərindən olan Məmməd Kərim oğlu Cavadovdur. O, 1912-ci ildə Füzuli rayonunda anadan olub. Onun musiqiçilik fəaliyyətinin zirvə nöqtəsi isə Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Azərbaycan Dövlət İncəsənət İdarəsinin göndərişi ilə 1943-cü ildə Naxçıvan teatrına dirijor təyin olunan gənc musiqiçi eyni zamanda musiqi məktəbində də pedaqoji fəaliyyətini davam etdirir. Ramiz Mirişli, Nəriman Məmmədov, Rəşid Məmmədov kimi tanınmış bəstəkarların yetişməsində M. Cavadovun əvəzsiz xidmətləri olub. Naxçıvanda xalq çalğı alətləri orkestrini və caz orkestrini yaradaraq həmin kollektivlərə rəhbərlik edir. Naxçıvan Muxtar Respublikasının yaranmasının 25 illiyi münasibətilə (1949) 120 nəfərdən ibarət xor kollektivi təşkil edir və yubiley konsertlərində çıxış edir.

M. Cavadov müxtəlif janrlarda musiqi əsərləri yazıb və bəstəkar kimi də tanınıb. Qarabağ torpağında tarixən bir çox görkəmli sənətkarlar, böyük istedad sahibləri yetişib. Onun İslam Səfərlinin sözlərinə yazdığı “Bənövşə”, “Badamlı” , Hüseyn Əziminin sözlərinə yazdığı “Bayram töhfəsi”, “Xəyal”, “Naxçıvan düşüncələri“ kimi musiqi əsərləri böyük rəğbət qazanıb”. Onu daha çox xalqa sevdirən isə 1945-ci ildə şair Hüseyn Əziminin sözlərinə bəstələdiyi məşhur “Naxçıvan” mahnısı olub:   

Ey könül mülkünün barı Naxçıvan
Ellərin sevgili, yarı Naxçıvan ..

Uzun illərdir öz rəngarəngliyini, müasirliyini saxlayan, bu gün də dillər əzbəri olan “Naxçıvan” mahnısı M.Cavadovun mahnı yaradıcılığının zirvəsini təşkil edir desək yanılmarıq. Mahnının melodiyasındakı milli kolorit, həzinlik, şirinlik, sözlərin musiqi ilə ahəngi dinləyicini heyran edir. Bəstəkar musiqinin dili ilə Naxçıvanın tarixini, onun gözəlliklərini vəsf edir, dinləyicinin ruhunu oxşayır.

Onun Füzuli rayonundakı fəaliyyət dövründə bəstələdiyi “Gözəl Füzulim” mahnısı yaddaqalan musiqi əsərlərindən biri idi. 1985-ci ildə iri xalq çalğı alətləri orkestri üçün yazdığı “Qarabağ lövhələri“ və Üzeyir Hacıbəylinin 100 illiyinə həsr etdiyi “Sülh marşı” Azərbaycan teleradiosunun “qızıl fondu”na daxil edilib.

Qarabağ müharibəsi zamani bəstəkar öz doğma yurdunu tərk etmək məcburiyyətində qalaraq ailəsi ilə Lənkəran şəhərinə köçür. Burada musiqi liseyində müəllim işləməklə bərabər, musiqi yaradıcılığını da davam etdirir. Bir müddət sonra Bakıya köçən musiqiçi 2002-ci il dekabrın 10-da dünyasını dəyişir.

Məmməd Cavadovun fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdi. O, Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçilib və prezident təqaüdçüsü adına layiq görülüb. Musiqiçinin irsini bu gün çoxsaylı yetirmələri davam etdirirlər.

Pərvin Arzuqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır