Modern.az

“İç xəbər”çi Ləman Əliəşrəfqızı: “ANS-də gördülər ki, qır-saqqız müxbirəm və ...” - MÜSAHİBƏ

“İç xəbər”çi Ləman Əliəşrəfqızı: “ANS-də gördülər ki, qır-saqqız müxbirəm və ...” - MÜSAHİBƏ

17 Sentyabr 2012, 10:12

Modern.az-ın tanınmış televiziya jurnalistlərilə müsahibələri davam edir. Budəfəki qonağımız ANS-də “İç xəbər” proqramından hamının yaxşı tanıdığı Ləman Əliəşrəfqızıdır.


– Öncə müsahibəyə özünüz haqqınızda məlumatla başlayaq.

– Oğuz rayonunda doğulmuşam. O vaxtı təbii ki, ağlımın ucundan belə, jurnalist olmaq keçmirdi. Çünki jurnalistika bugünkü qədər ucuzlaşmamışdı. Jurnalistika mənim üçün o qədər əlçatmaz idi ki, fikirləşirdim məndən jurnalist olar, ya yox. Hətta bizə ədəbiyyatdan dərs deyən Tələt müəllim də deyirdi ki, Ləmandan yaxşı jurnalist olar. Amma açığı qorxurdum. Çünki ucqar kənddə doğulmuşdum, oradan heç kim jurnalist çıxmamışdı. Bir nəfər hüququ oxumuşdu, vəssalam. Yəni mənə elə gəlirdi ki, o fakültələrin yanından da ötə bilmərəm.

Məktəbi bitirdiyim birinci ili sənədlərimi Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə verdim ki, ən yaxşı halda ədəbiyyat müəllimi ola bilərəm. Yəqin ki, bəxtimdən yüksək balla konkursa düşdüm. Həmin il sənədlərimi 3 nömrəli peşə məktəbinə verdim və poliqrafiya üzrə oxudum, yəni jurnalistikanın lap ibtidaisini-mətbəə işini öyrənməyə başladım. Növbəti il isə sənədlərimi Jurnalistika fakültəsinə verdim və qəbul oldum.

Bizim vaxtımızda test üsulu yox idi və ali məktəbə qəbol olmaq çox çətin idi. İmtahandan iki fəndən “4” almışdım və konkursa düşürdüm. Gərək o vaxtı bir qiymətim “5” digəri “4” olardı ki, qəbul olum.

– Onda siz də yaradıcılıq imtahanı vermisiniz, bəs necə keçdiniz? Bildiyim qədər onda eyni zamanda yazıları nəşr olunan şəxsləri jurnalistikaya qəbul edirdilər.

– Bəli, yaradıcılıq imtahanı verirdik, çox təəssüf ki, onu indi götürüblər. Amma qeyd edirlər ki, yenidən bərpa edəcəklər. Yaradıcılıq imtahanını sənəd qəbulundan 10-15 gün əvvəl verirdin. Onda rəhmətlik Qulu Xəlilov bizdən imtahan götürürdü. İçəri kim keçirdisə, yaradıcılıqdan kəsilib çıxırdı, demək olar ki, mənə qədər imtahan verənlərin əksəriyyəti kəsilirdi. Məsələn, soruşurlurdu ki, filan ölkədə hansı dövlət quruluşudur və ya o ölkədə hansı hadisə baş verir? O vaxt da texnologiya indiki qədər inkişaf etməmişdi. Hər kəs indiki kimi məlumatlı deyildi. Suallara cavab verə bilməyənlərə deyilirdi ki, “jurnalist olmaq istəyirsənsə, bundan xəbərdar olmalısan”. Mən içəri keçəndə Qulu Xəlilov adımın mənasını soruşdu. Dialoqu olduğu kimi deyirəm.

- Adının mənasını bilirsən?
- Hə, “işıldayan”, “parıldayan”.
- Adın hansı əsərdə var?
- “Cəbhədən cəbhəyə”, rəssam qız obrazıdır.
- Bu əsəri kim yazıb?
- İmran Qasımovla Həsən Seyidbəyli.
- Onların ikisinin birlikdə yazdığı daha hansı əsəri oxumusan?
- “İllər keçir” romanı.
- “Cəbhədən cəbhəyə” əsərinin adını niyə belə qoyublar?
- Əsərin qəhrəmanı 1941-1945-ci il müharibəsində vuruşub sonra orada yaralanır və arxa cəbhəyə keçir, burada da quldurlara qarşı mübarizə aparır.

Onda Qulu Xəlilov dedi ki, “bu əsil jurnalistdir”. Amma deyim ki, əvvəl hər hansı qəzetdə yazılarım çıxmamışdı. Sadəcə, bir dəfə “Oğuz yurdu” qəzetində şeirlərim dərc olunmuşdu. Sonra “Gənclik” jurnalına şeirlərimi göndərdim. Onlar da yazdılar ki, “şeirlərin zəifdir, bir az üzərində işlə”. Bununla da şeir yazmağın daşını atdım.

– Universiteti bitirdikdən sonra ilk işlədiyiniz yer hara olub?


– Universiteti bitirəndən sonra birinci iş yerim “Şəfqət” qəzetində olub. 8 ay heç bir fəaliyyəti olmayan qəzetdə işə başladım. Sonra “Olaylar” İnformasiya Agentliyi açıldı, qrup yoldaşım dəvət elədi. Getdim, oradan məni parlamentə göndərdilər ki, akkreditə olum, dedilər, əgər onu bacarsan, səni işə götürəcəyik. Mən də akkreditə olub parlament müxbiri kimi fəaliyyətə başladım. Ondan sonra “Azadlıq”, “Hürriyyət”, yenidən “Azadlıq” qəzetlərində işləmişəm.

– Universitet vaxtlarında fəaliyyətiniz olub?

– Mən qiyabi oxumuşam. Onda həm də işləyirdim. Mətbəə müəssisəsində çalışırdım. Daha sonra universiteti bitirdikdən sonra jurnalistika üzrə fəaliyyətə başladım.

– Bəs ilk qonorarınızı xatırlayırsınız?

– “Şəfqət” qəzetini çıxmaq şərti ilə həmişə yüksək maaş almışam. Düzü, ilk qonorarımı xatırlamıram. Amma “Olaylar” İnformasiya Agentliyində işləyəndə 1996-cı il üçün çox yaxşı maaş alırdım. Agentlik əgər o maaşı indiki qiymətlərlə saxlayıbsa, onları alqışlayıram. O vaxt  haradasa 300 dollardan yuxarı maaş alırdım. Sonra “Hürriyyət” qəzetinə keçdim, Qurban Məmmədovun vaxtı idi, hələ tutulmamışdı, orada da yüksək əmək haqqı, haradasa 400 dollara yaxın pul qazanırdım. Sonra “Azadlıq” qəzetinə keçdim, orada da maaşım yaxşı idi. Hazırda ANS-dəyəm və burada da əmək haqqımla bağlı heç bir problemim yoxdur.

– Jurnalistika fəaliyyətinizi iki yerə bölmək olar, yazılı media və elektron mediada çalışdığınız zaman zərfi.

–1996-cı ildən 2002-ci ilə qədər - oğlum anadan olanadək yazılı mətbuatda olmuşam. Sonra “Azadlıq” qəzetinə qayıtmaq istəmədim. Çünki 2003-cü ildə işə qayıtmaq istəyəndə “Azadlıq” qəzetində pul sarıdan vəziyyət o qədər də yaxşı deyildi. Fikirləşdim ki, ailəli adamam, körpə uşağımı dayəyə və ya bağçaya etibar edib işə çıxıramsa, qazandığım pul həm ona, həm də öz yaşayışımız üçün çatmalıdır. Onda ANS televiziyasına müraciət etdim. O vaxtı İbrahim Məmmədov, onunla birlikdə bir müddət “Azadlıq” qəzetində birlikdə işləmişdik, yeni layihə başladığını bildirdi. “İç xəbər” haqqında mənə məlumat verdi və dedi ki, sosial sahəni əhatə edəcək. Fikirləşdim ki, “Azadlıq”, “Hürriyyət” qəzetində olanda sosial yazılarım da olub. Və tərəddüd etmədən televiziyaya getdim. Düz 8 il “İç xəbər” proyektində işlədim.

– ANS-də işləyənlər öncə bu məktəbi öyrənir, staj keçir, sonra işə qəbul olunur. Dediyinizdən belə anlaşılır ki, siz elə gələn kimi işə qəbul olmusunuz.

– Bəli, staj keçmədim, çünki ora layihəyə gəldim və işlədim. Ola bilər ki, mənim uzun müddət mətbuatda çalışmağımın da buna təsiri olub. Mətbuatda işləməyimə baxmayaraq, çox tanınan jurnalist olmuşam. Amma deyim ki, ANS-də işə başlayanda çox az maaş aldım və bu məni sındırdı, hər halda öz aləmimdə daha populyar müxbir idim.

Sonra birinci çəkilişə göndərdilər. Səhv etmirəmsə, Əli İnsanovdan uşaq qidası “Humana” ilə bağlı soruşurdum. O da müsahibə boyunca hər şeydən danışır, amma buna toxunmurdu. İsrar etməyə başladım ki, “Əli müəllim, sualım “Humana” ilə bağlıdır, xahiş edirəm bunu cavablandırın”. Bir neçə israrımdan sonra cavabı alıb şirkətə gəldim, onda gördülər ki, qır-saqqız müxbirəm və istəyimi almadan geri gəlmirəm. Sonra avtomatik olaraq əmək haqqımı dəyişdilər. Cəmi 6 ay “İç xəbər”də müxbir işlədim, sonra verilişin redaktoru, buraxılış rəhbəri, ən sonda “İç xəbər”in rəhbəri oldum.

– Qeyd etdiyini kimi, “İç xəbər” layihəsini ilk başladanlardan olmusunuz. Bu zaman zərfində layihə qarşıya qoyduğu məqsədə çatdı? Cəmiyyətdə öz mövqeyini formalaşdıra bildi?

– “İç xəbər” proyekt olaraq uğurlu oldu. Yazılı mətbuatda sosial mövzular daha ciddi və daha yaxşı araşdırılır. Amma onun oxucu dairəsi daha azdır. Televiziya isə çağırılmamış qonaqdır, evlərimizə bizdən qabaq gəlir. Bu mənada “İç xəbər”in cəmiyyətə təsiri daha geniş oldu. Bəli, biz qarşımıza qoyduğumu məqsədə çatdıq. Hər ilin sonunda “İç xəbər”in hesabatını hazırlayırdım ki, bu il nələrə nail olmuşuq. Çox şeyi dəyişə bildik. Köklü dəyişiklik, təbii ki, olmadı. Amma fərdi qaydada kiməsə yardım etdik. Amma deməliyəm ki, çox şeylərə nail olduq.

– “İç xəbər” yeni başlayanda daha təsirli idi. İnsanlar onun hər buraxılışını diqqətlə izləyirdilər. “İç xəbər”in adı gələndə kimlərsə girməyə bir növ “siçan deşiyi” axtarırdılar. Amma bu gün “İç xəbər” o qədər də təsirli deyil və bu layihə artıq adi qarşılanır.

– Məncə “İç xəbər” yenə əvvəlki fəaliyyətində işləyir. Düzdür, canlı bağlantılar son vaxtlar olmur. Verilişin strukturunda bir az dəyişiklik olmuşdu. “İç xəbər”in elə vaxtları olub ki, biz həm şikayətçi, həm cavabdeh tərəfi də birləşdirirdik. Bir də görürdün ki, artıq-əskik şeylər danışılır. Bu da canlı efirdir və hər iki tərəf aqressivləşir, nə gəldi danışırlar və ya bir-birlərini dinləmək mədəniyyəti olmurdu. Ona görə biz onu məhdudlaşdırdıq. Həm də o vaxt biz kimlərlə telefon bağlantısı yaradırdıq - əsasən işıq, qazla bağlı problemlərə görə məsuliyyətli tərəfi bağlayırdıq. 3-4 il əvvəllə müqayisədə artıq belə problemlər qalmayıb və bunlara artıq ehtiyac da yoxdur.

– Sizin süjetləriniz həm “İç xəbər” və “Xəbərçi” proqramında gedir. İndi siz hansı şöbədəsiniz?

– Hazırda “Xəbərçi” proqramındayam. Son vaxtlar “İç xəbər”də bir-iki süjetim olub. Bu ilin mart ayından artıq xəbərlərdəyəm.

– Araşdırmaçı jurnalist kimi də yaddaşlarda qalmısınız. Amma bu gün televiziyada araşdırmalar çox azdır. Hərdən ANS-də olur, amma qeyd etdiyim kimi, əvvəlki kimi deyil. Səbəbini nədə görürsünüz?

– Hərdən bizim aparıcılara deyirəm ki, deməyin ki “Ləmanın araşdırması”, araşdırma deməyin. İnsanlar xəbəri qısa və lakonik istəyir. İstəmir ki, uzun-uzadı 5 dəqiqəlik süjetə baxsın. Bu qəzet deyil axı. Qəzetdə araşdırma imkanları çox böyükdür. Qəzetdə gözəl araşdırmalar edib bir səhifə, 12 min işarə çıxara bilərəm. Amma bunu televiziyada xəbərlərdə etmək mümkün deyil. Olar ki bunu hansısa film içərisinə salasan, necə ki Zəminə edir. Amma yarım saatlıq xəbər proqramının içərisində 5-6 dəqiqəlik araşdırma etmək mümkün deyil. Əvvəllər Qarabağ əlillərilə bağlı süjet hazırladım, 5-6 tərəfin mövqeyini öyrənmişdim və yaxşı effekti də oldu. Amma bunu hər zaman etmək olmaz. Hər halda, məhdudiyyətə uymaq lazımdır. Xəbərlər lakonikliyi sevir.

Amma qeyd etdiyiniz kimi, bəli, bu gün televiziyalarımızda araşdırmalar çox azdır. Onların heç birinin yerinə danışa bilməyəcəyimə görə səbəbini deyə bilməyəcəyəm.

Qeyd etdiyim kimi, efir imkanlarından istifadə edərək hərdən çalışırıq ki, vaxtaşırı araşdırmalar edək.

– Həmkarlar tərəfindən belə fikir səslənir ki, sizin araşdırmalarınızda yazılı mətbuatın ruhu hiss olunur. Yəni televiziyada görüntü əsas olmalıdır, amma sizdə sözə daha çox üstünlük verilir.

– Yəqin ki, qəzetdə yetişmişəm ona görə. Tamaşaçı əgər bundan sarsılmır, yorulmursa, nə xoş. Çünki qəzetdən çıxmışam. Bu təcrübəni öyrənmişəm və başqa cür mümkün də deyil. Onu mənə də deyirlər ki, televiziya görüntüdür, görünütüyə çox yer verim. Amma çox vaxt görüntü zəif olanda, süjetini ən azı sözlə bəzəməlisən. Amma həmkarlarımın dediyi kimi, bunu özüm də hiss edirəm.

– Mətbuatdan təklif gəlsə, qayıdarsınız? Yoxsa televiziya istiqaməti artıq sizə doğmalaşıb?

– Mənə zaman-zaman təkliflər olub. Hətta qəzet redaktoru olmağı da təklif ediblər. Amma getməmişəm, çünki işimdən çox məmnunam. Fikrimcə, getməyim üçün o elə bir təklif olmalıdır ki, onun üstündə oturub fikirləşim.

– “İç xəbər” sosial proqramdır. Küçələrdə, insanların problemlərini işıqlandırmısınız. Elə hallar olubmu ki, neqativ hadisələrlə qarşılaşmısınız və bir daha işləmək istəməsiniz?

– O qədər olub. Çox sınırdım, bəzən gəlib deyirdim ki, “İç xəbər”i bağlayalar. Bizə müraciət edən insanların gedib şikayətini çəkirdik. Hamı istəyir ki, elə öz evinə aparsın, öz problemlərini desin. Başa salırdıq ki, ay xala, bu dayının evini çəkdim. Onun evində olan problem elə sənin problemindir. Onun timsalında hamının problemini verirəm. Onda deyirdilər ki, “budur ANS, bax, pul aldılar, bunu elədilər”. Çox haqsızlıqlarla üzləşmişik, çox sınırdım, çox sarsılırdım, bəzən deyirdim ki, yaxşılığın mənası yoxdur, edirsən, – yerdə qalır. Kiminsə maraqlarına cavab vermirsənsə, o anda sənə qarşı artıq ittihamlar başlayır. Əslində “İç xəbər” problemli layihədir. Orada işləyirsən, əziyyət çəkirsən, istəyirsən kiminsə probleminə yardımçı olasan, amma nəticəsini belə də görürsən.

– Hər zaman problemin sonuna kimi gedib çıxmısınız. Elə olubmu ki, demisiniz “artıq burada dayanmalıyam”. Burdan o yanı mümkün deyil, yəni baryerlə qarşılaşmısınız?

– Yox, belə bir şey hiss etməmişəm, həmişə axıra qədər getmişəm. Əksəriyyət, küçədə, avtobusda, metroda gedəndə mənə yaxınlaşıb deyir ki, “Ləman deyilsən?”. Çox adam deyir ki, “sən yaxşı jurnalistsən, problemin sonuna qədər gedirsən”. Yəqin bu mənim hər zaman hər kəsə kömək etmək istəyimdən irəli gəlir. Hansısa məmurdan, vəzifə sahibindən, məsuliyyət sahibindən öyrənim ki, bunun problemi necə həllini tapacaq. Dayanmamışam hardasa ki, buradan keçə bilmərəm.

– Bəs probleminizə cavab almadığınız olubmu?

– Onunla siz də rastlaşırsınız, biz də rastlaşırıq. Gündəlik həyatımızda bəzən cavab ala bilmədiyimiz o qədər məsələlər var ki. O da yenə ölkədə mətbuat xidmətlərinin necə işləməsi məsələsini gündəmə gətirir. Əlində KİV haqqında qanunla dövlət orqanları bizim suallarımızı cavablandırmalıdırlar. Amma çoxlu əngəllər olur.

Biz qəzetdə olanda şikayətçi tərəfin problemini öyrənirdik, vəssalam. Məsuliyyətli tərəfin cavabını vermirdik. Amma ANS bu baxımdan mənə məktəb oldu. Hər hansı problemlə bağlı mütləq qarşı tərəfin mövqeyi də verilməlidir. O tərəfin nə deməyi artıq bizim üçün məsələnin həlli deməkdir. Biz o prinsipi hər zaman gözləmişik.

– ANS-in gərgin iş rejiminin olduğunu deyirlər. Gərgin atmosferdə işləməkdən yorulduğunuz olub?

– Orada elə ciddi gərginlik yoxdur. Düzdür, kənarda danışırlar, deyirlər, ya da ola bilər biz işin içərisinə girmişik, ona görə hiss etmirik. Atalar məsəli var: su girdi qaba, oldu içməli. ANS-in nəbzini tutmuşam və işləyə bilirəm. ANS-də gərgin iş rejimi yoxdur. Ümumiyyətlə, işə gedirsənsə, işləməlisən, buna görə ayın sonunda məvacib alırsan. Əgər televiziya, xəbər mühiti, canlı efir varsa, orada təbii ki, gərginlik olmalıdır. Efirqabağı süjeti çatdırmaq, kadrı hazırlamaq gərginliyi olur. Redaktor olanda rəhbər kimi müxbirləri tələsdirirdim ki, materiallar vaxtında efirə getsin. Amma artıq professional olduğum üçün bu gərginliyi hiss etmirəm və rahat işləyirəm. Süjetlərim 18:00 və 21:00 xəbərlərində gedir və bunları gözüyumulu çatdırıram.

- Heç rəhbərlik tərəfindən danlandığınız vaxt olub?

– İstər qəzet, istərsə də ANS-də bu qədər zaman işləmişəm, amma töhmətim olmayıb, ciddi şəkildə danlaq almamışam. İşə gecikməkdirsə, bəli, ciddi şəkildə işə gecikmələrim olub. Adətən, nəyə görə danlanırsan, işdə yol verdiyin nöqsana görə. Elə ciddi nöqsanlarım olmayıb.

– Televiziya jurnalisti olaraq digər telekanalların xəbərlərini izləyirsiniz? Necə qiymətləndirirsiniz efir xəbər mühitini?

– Bacardıqlarını verirlər. Kim nə bacarır, onu verir. Elə bu cavabla kifayətlənək.

– Hurnalistlər məmurların mətbuata açıq olmamasından gileylənir. Siz bu barədə nə düşünürsünüz?

– Yaxşı məmurlar, mətbuat xidmətləri var ki, biz onlarla həmişə işləmişik. Amma elə ciddi nazirliklər var ki, bəli, onlar mətbuatla işləmir. Məsələn, bu yaxınlarda Maliyyə Nazirliyinə ilk dəfə müraciət etmişəm. Cavabı 3 gün sonra veriblər, artıq bu da mənə lazım olmayıb. Mən o insanı inandıra bilmədim ki, süjetim indi gedir. Amma deyim ki, açıq qurumlar da var ki, biz onlarla çox rahatlıqla işləyirik.

– Keçmiş həmkarlarınızla görüşürsünüz, ümumiyyətlə münasibətləri qoruyub saxlamısınız, yoxsa unudulub?

– Yox, əlaqələrim var, amma çox az hallarda. Onlarla daha çox tədbirlərdə rastlaşırıq. Şəxsi münasibətlərim olan uşaqlar var ki, zəngləşirik. Görüşüb danışmağa, vaxt keçirməyə elə də zamanımız yoxdur. Jurnalist işi bir az çətindir, ailəli olanda ikiqat çətindir. Ona görə zaman ayıranda da ancaq ailəmə, uşaqlarıma ayırıram. Amma çox istəyirəm ki, köhnə kollektivlərlə hərdənbir yığışaq, dostlarımla görüşək. Lakin bu 2-3 ildən bir olur.

– Bir az da ailəniz barədə danışaq.  

– Həyat yoldaşımla universitetdən əvvəl tanış olmuşuq. Dediyim kimi, poliqrafiyada oxuyanda bizi mətbəəyə göndərmişdilər, həyat yoldaşımla orada tanış olmuşam. Hazırda iki uşağım var. Oğlum Rəsulun 11 yaşı var, qızım Nilufər isə 1 yaş 8 aylıqdır. Ona da dayəsi baxır.

Həyat yoldaşım məni hər zaman başa düşüb. Bəlkə jurnalist olsaydı, yola getməzdik. ANS-də işə düzələndə çox çətinlik çəkdim, ümumiyyətlə yeni kollektivə gec adaptasiya olan biriyəm, qəzetdən ayrılıb televiziyaya getmək çox çətindir. İlk vaxtlar çox çətinlik çəkirdim və o hər zaman məni əmin edirdi ki, yaxşı olacaq. O hər zaman mənə dayaq olub.

– Qeyd etdiyiniz kimi, jurnalist olarkən şəxsi həyata çox az vaxt qalır. Bəs uşaqlarınız bundan gileylənmir?

– Gileylənirlər, daha doğrusu, oğlum gileylənir. Qızım hələ balacadır, hüquqlarını müdafiə edə bilmir (gülür). Amma çalışıram ki, bacardığım qədər boş vaxtlarımı onlarla keçirim.

– Xaricdə olmusunuz?

– Bir dəfə İordaniyada olmuşam, o da ANS-in xəttiylə bir həftəliyə getmişəm. Qəzetlərdə çalışanda xaricə getmək imkanları çox olurdu, amma heç birinə getmirdim. Bilmirəm, nəsə xarici ölkələr mənə cəlbedici gəlməyib, marağım olmayıb. Amma indi söz vermişəm ki gedəcəyəm.

– Mətbəxlə aranız necədir?

– Yaxşı. Özüm bişirirəm və bəyənilir. Çatdıra bilməyəndə qızımın dayəsi Nazilə xanım kömək edir. Amma çox vaxt özüm edirəm

– Boş vaxtlarınızda nə edirsiniz?

– Kitab oxuyaram.

– Ən sonuncu oxuduğunu kitab?

– Sonuncu Fərəh Pəhləvinin memuarlarını oxuyuram. Amma belə, Markesin əsərlərini, Xalid Hüseynin “Çərpələn uçuran”ını oxumuşam. Hər zaman çantamda kitab var.

Aytən Əliyeva

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir