Modern.az

Qəriblikdə dünyasını dəyişən nakam Humayı xatırlarkən...

Qəriblikdə dünyasını dəyişən nakam Humayı xatırlarkən...

Aktual

26 Aprel 2021, 16:07

Adam var evdən gedər, adam da var ki, eldən gedər. Haqqında danışacağım 35 yaşlı gənc xanım isə həm evindən, həm elindən, ümumilikdə,  cəmiyyətimizdən, Azərbaycan gəncliyindən  getdi. Azərbaycanın Macarıstandakı fövqaladə və səlahiyyətli səfiri, ədəbiyyatşünas  alim, professor Vilayət Quliyevin qızı Humay Quliyevadan danışacağam. Ailənin yaxın dostu, yaradıcı insan və poetik təbiətli bir şəxs olan Goranboy rayon məhkəməsinin sədri İsmayıl Abdrahmanlı  martın 13-də qəfildən Kolumbiyada dünyasını dəyişən Humay Quliyeva haqda xatirələrini bölüşüb. Qanunlarımızın keşiyində duran İsmayıl Abrahmanlının Humayla bağlı təsirli ürək sözlərini olduğu kimi  təqdim edirəm:

 

"Humayla təxminən 20 il bundan  əvvəl Nabranda dünya ədəbiyyatından, atasının yaradıcılığından, Azərbaycan əsilli İran yazarı Səməd Behrənginin "Balaca qara balıq" əsəri barədə  danışmışdım, daha doğrusu, müzakirə aparmışdıq. Əsərdə süjet belədir ki, xırda sularda yaşayan balaca qara balıq dünyanı öyrənmək, kəşf etmək üçün balaca sularda bezdiyindən okeanlara çıxmaq istəyir. Anası buna etiraz eləyir. Etirazlara baxmayaraq, o məqsədinə  çatmaq üçün çaylar, dənizlər keçir. Bu balığın sonu faciə ilə qurtarır...

 

Bu əsər Səməd Behrənginin sağlığında İranda qadağan olunmuşdu.

Sonra İran hakimiyyəti Səməd Behrəngini öz soydaşlarını milli oyanışa səsləməkdə ittiham etdi. Onu milli azadlığa, oyanışa səsləməkdə, dünyada gedən azadlıq prosesllərindən istifadə etmək təşəbbüsündə ittiham etdilər. Və onun da həyatı balaca qara balığın həyatı kimi faciə ilə bitdi. 29 yaşında Araz çayında boğub öldürdülər.

 

Humayın barəsində danışarkən bu kədərli hekayəni xatırlatmağım təsadüfi deyil. Heç təsadüfi deyil. Bu qarayanız, lakin gözəl, şirin təbəssümlü azərbaycanlı qız bir bəşər övladına çevrilmişdi. Öz istedadıyla, savadıyla, bəşəri sevgisiylə, öz fəaliyyətiylə bəşər övladı olmuşdu. Və sanki 20 il əvvəl müzakirə etdiyimiz balaca qara balıq onun bir talismanına çevrilmişdi, onun yolunu davam etdirirdi. Hər yerdə Azərbaycan mənəviyyatını, mədəniyyətini, insanını öz gülümsər simasıyla təmsil etməkdə idi.

 

Təəssüf ki, o da  Səməd Behrənginin və balaca qara balığın  taleyini yaşadı. Bu ölüm necə gəldi ,haradan gəldi, deyə bilmərəm. Lakin Humay bir dəyər idi. Azərbaycan dəyəri idi. Humayın itkisi Azərbaycan gəncliyi üçün itkidir. Həm də Humayın itkisi bəşəri itkidi - deyərdim... Heç vaxt onun təkrarolunmaz təbəssümü, gülümsər çöhrəsi yadımdan çıxmayacaq. Onun sifətində gözəl qəlbinin cizgiləri hopmuş məsum uşaq təbəssümü vardı. Yaddan çıxmayan, heç kəsə bənzəməyən məsum uşaq təbəssümü...

 

Allah rəhmət eləsin. Ölüm heç vaxt sevinməsin!!! "

 

Vilayət müəllimin sevimli qızı Humay Quliyeva müxtəlif vaxtlarda BP, Dünya Bankı, "Financial Times", Azərbaycan Mərkəzi Banki kimi şirkətlərdə çalışıb. Həyatının son illərini isə humanitar təşkilatlarda ictimai fəaliyyətə həsr etmişdi. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı idi. Kolumbiyada  komitənin xeyirxah missiyasını həyata keçirirdi. Ölüm xəbəri də elə ordan gəldi.

 

Allah səbr versin. Ailəsinə, dostlarına və ümimilikdə Azərbaycan gəncliyinə səbr arzulayıram. Ölüm bəzən doğrudan da yaxşıları aparır....

 

Aytəkin Alxaslı,
Qusar

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə