Rəsmi İrəvanın məkrli siyasətinin arxasında onlara təzminat ödənilməsi və Türkiyə ərazisinin bir hissəsinin Ermənistana verilməsi kimi cəfəng tələb və iddialar durur. Erməni ədəbiyyatında Türkiyənin şərq əyalətlərinin “Qərbi Ermənistan” adlandırılması da həmin iddiaların rəsmiləşdirilməsinə xidmət edir.
Müstəqillik illərinə qədər xalqımıza qarşı törədilən faciələr barədə daha çox fakt, sənəd, həqiqət bilməyə cəhd etdiyimiz halda, ən yaxın tariximiz olan XX əsrin əvvəlləri və 1918-1920-ci illərdə olmuş erməni vəhşiliyi barəsində özümüzə və dünyaya çatdıra biləcəyimiz səviyyədə təbliğat maşını yarada bilməmişdik. Məmləkətimizin bütövlüyünün qorunması, erməni qırğınının qarşısının alınmasında misilsiz xidmətlər göstərmiş xalq qəhrəmanları səviyyəsinə yüksəlmiş igid oğullarımız barəsində qədərincə yazmamışıq. Müstəqillik illərində bir daha yəqin edilmişdir ki, ziyalılar qarşısında unutqan yaddaşdan təmizlənməkdən daha vacib məqsəd dayanmır. 70 illik yasaqdan və təhrikdən sonra indi aşkarlıq işığında aparılan tədqiqatlar və araşdırmalar nəticəsində aydın olmuşdur ki, tarixə və soykökə bağlılıq, milli tariximizin öyrənilməmiş səhifələrinin araşdırılması indi daha mühüm əhəmiyyət kəsb edir. Son illərə qədər millətlərarası münasibətlər və ümumilikdə xalqımızın başına gətirilən bəlalar səhv təlqin edilərək çatdırılmışdır. Ən dəhşətlisi budur ki, 70 il qadağalarla, saxta beynəlmiləlçilik təbliğatı ilə faciəmizi bizə unutdurmuşlar.
1915-ci ilin əvvəlində Türkiyənin şimali-şərq bölgələrinin erməni əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə və türklərə qarşı kütləvi qırğınlara başladı. Bunun cavabında Osmanlı dövləti erməni əhalisinin o ərazilərdən kütləvi şəkildə köçürülməsi barədə əmr verdi. Erməni dönüklüyünü zərərsizləşdirmək üçün Osmanlı dövləti onları Ərzurum, Qars, Van və digər ərazilərdən cənuba - Suriya sərhədlərinə köçürməyə məcbur olmuşdu. Xain xislətli ermənilər sonralar, o zamankı hadisələrdən "erməni soyqırımı”nın törədilməsi adı altında öz məqsədləri üçün istifadə etmişlər və indi də istifadə etməkdədirlər. Əslində, Türkiyə vətəndaşı olan ermənilər xainlik edərək ruslar tərəfindən türklərə qarşı vuruşmuşlar. Bu məqsədlə könüllü dəstələr yaratmışlar.
Məlum hadisələr zamanı erməni hərbi dəstələri ilə birlikdə İrəvan quberniyasına, Qarabağa və Zəngəzura böyük miqdarda Erməni əhalisi də köçüb gəlmişdi. Onlar bu ərazilərdə azərbaycanlılara divan tutmağa başladılar. 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmışdı. Bu ərazidə yaşayan azərbaycanlıların bir qismi ermənilər tərəfindən qətlə yetirilmiş, qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşlar.
Bu gün iki qardaş ölkənin əlaqələrinin dünyaya nümunə olacaq müttəfiqlik səviyyəsinə yüksəlməsi tarixi təməllərə söykənir. Təbii ki, xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Bildiyimiz kimi, türk xalqlarının kökü eyni genetik-mənəvi başlanğıcdan qaynaqlanır. Biz elə bir xalqın övladlarıyıq ki, tarixdə çox az xalq bizim keçdiyimiz əzəmətli yolu keçib. Bizim şanlı türk xalqlarının tarixi bahadırlıq, alplıq, ərənlik tarixidir. O həm də bəşəriyyəti qüdrətli sənət inciləri ilə zənginləşdirən, ucu-bucağı görünməyən bir mənəviyyat xəzinəsidir. Türkün böyüklüyü elə bir həqiqətdir ki, onu danmaq, görməzdən gəlmək mümkün deyil!
Ümümmilli liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev də öz siyasi xəttində hər zaman Türkiyə ilə münasibətlərə xüsusi önəm vermiş və bunu öz sözləri və əməlləri ilə təsdiq etmişdir. Prezident İlham Əliyevin türk dünyası haqqında bu sitatını xüsusi vurğulamaq istərdim:“Bizim Türkiyə ilə qardaşlıq əlaqələrimiz dayanıqlıdır və reallaşdırılan layihələr bunu təsdiqləyir: aramızdakı qardaşlıq, dostluq əbədi olacaq, XXI əsr türk dünyası əsri olacaq”.
Hatəm Qocayev
Naftalan ziyalısı