Modern.az

Azərbaycanın qədim mahalı - Zəngəzur

Azərbaycanın qədim mahalı - Zəngəzur

Aktual

27 Aprel 2021, 10:15

Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır.

 

Prezident İlham Əliyev 10 noyabr bəyanatında «Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi» olaraq qeyd olunan və Naxçıvan dəhlizi dediyimiz dəhlizi Zəngəzur dəhlizi adlandırdı. Bu, bir tərəfdən Zəngəzurun tarixi torpaqlarımız olduğunun mesajıdır, digər tərəfdən gələcək hədəflərimizi müəyyən edir. 

 

Hələ 2019-cu ildə Türk Konseyinin Bakıda keçirilən Zirvə görüşündə Prezident İlham Əliyev «Zəngəzur türk coğrafiyasının bölünməsinin əsas nöqtəsidir» deyə bəyan etmişdi. Bu, türk dünyasını Ermənistanın işğalçılıq siyasətinə qarşı birləşdirmək addımı idi. Həmin il «Qarabağ Azərbaycandır və Nida» bəyanatı, Qaregin Njde üzərindən edilən manevrlər və Türk Konseyindəki mesaj hesab etməyə imkan verirdi ki, 1920-ci ildə - Azərbaycanın qədim diyarı olan Zəngəzurun Ermənistana verilməsinin 100 illiyində ciddi dəyişikliklər ola bilər. Belə də oldu. 2020-ci ildə Azərbaycan 44 gün davam edən Vətən müharibəsi ilə işğal altındakı ərazilərini azad etdi, həm də Naxçıvanı Azərbaycana birləşdirilən dəhlizin inşası üzərində razılıq əldə olundu.

 

Zəngəzur dəhlizi tarixi torpağımız olmaqla yanaşı, ölkəmizi qardaş Türkiyə vasitəsilə bütöv bir dünyaya bağlayan strateji yol olacaq: “Zəngəzurun bizdən alınaraq Ermənistana birləşdirilməsi, eyni zamanda, türk dünyasını parçalamaq məqsədi daşıyırdı. İndi isə tarixi Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən bir körpü olacaq. Bu yol bir əsrdən artıq bir-birindən ayrı qalan ərazilərimizi bir-birinə bağlamaqla yanaşı, həm də Avropa ilə Asiya arasında əsas tranzit xəttin yaranmasını təmin edəcək. Bu tranzit xəttinin Azərbaycandan keçməsi ölkəmizin həm region, həm də dünya səviyyəsində geopolitik mövqeyinə çox ciddi bir töhfə olacaqdır. Zəngəzur dəhlizi icra edildikdən sonra Çindən yola çıxan yükün qısa bir müddət ərzində ölkəmiz vasitəsilə Avropaya çatdırılması təmin ediləcək: “Ulu öndər Heydər Əliyevin reallaşdırmaq istədiyi və inşasına başlanılan Mehridən keçən Naxçıvan-Bakı avtomobil yolunun tikintisi layihəsi o zamankı Ermənistan rəhbərliyinin etirazlarından sonra dayandırılmışdı. Bu gün isə dövlətimizin başçısı İlham Əliyev bu ideyanı da həyata keçirərək Ulu Öndərin uzun illər əvvəl hazırlamış olduğu strategiyanı çox böyük uğurla davam etdirir.

 

Vətən müharibəsində qazanılmış tarixi Qələbə nəticəsində işğal altında olan torpaqlarımız həmişəlik azad edilməklə ölkəmizin ərazi bütövlüyü tam bərpa edildi. İndi isə qarşıda dayanan əsas məsələ işğaldan azad edilmiş ərazilərimizlə yanaşı, bölgədəki nəqliyyat əlaqələrinin də bərpasıdır. İnanırıq ki, xalqımız Azərbaycan torpağı olan və 101 ildir ki, əsas parçasından ayrı düşmüş Zəngəzura qayıdacaq. 

 

Talıbova Xuraman İman qızı.

Hacıqabul şəhər 8 saylı humanitar fənlər təmayüllü məktəb liseyin direktoru

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə