Qubanın Amsarqışlaq kəndinə gələn 3,5 kilometrlik yola asfalt döşənməsi artıq başa çatıb.
Modern.az xəbər verir ki, bu ilin əvvəlində kənd sakinlərinə Quba-Xaçmaz yolundan kəndə gələn 3,5 km yolun əsaslı bərpa ediləcəyini, əsaslı bərpadan sonra yolun asfaĺtlaşacağını vəd edən rayon rəhbəri sözünə tam əməl edib.
Quba İH başçısı Ziyəddin Əliyev bu gün yeni yola baxış keçirib. Altı metr eni olan 4-cü texniki dərəcəli yol bu gün sakinlərin istifadəsinə verilib. Daha sonra Amsarqışlaq kənd sakinlərini təbrik edən cənab Əliyev onlara daha bir sürpriz edib. Amsarqışlaq kəndində yeni müasir parkın layihəsini sakinlərlə bölüşən İH başçısı Ziyəddin Əliyev kənd camaatına parkın Vətən müharibəsi şəhidi Ömər Mustafayevin adını daşıyacağını bildirib.
Qeyd edilib ki, parkda sakinlərin asudə vaxtlarını səmərəli keçirmək üçün hər cür şərait yaradılacaq.
Aytəkin Alxaslı