“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ikinci törəmə şirkəti, “AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edilib.
Sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşan şirkətin yaradılmasında məqsəd xüsusilə dağ-mədən və tikinti sənayesində istifadə edilən mülki partlayıcı maddələrə olan daxili tələbatın ödənilməsi və idxaldan asılılığın aradan qaldırılmasıdır.
Qeyd edək ki, dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilən şirkət 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Törəmə cəmiyyətin ümumi səhmlərinin 51 faizi “AzerGold” QSC-yə, 49 faizi isə “DM Servis” MMC-yə məxsusdur. 2013-cü ildə təsis edilmiş “DM Servis” MMC mülki partlayıcı maddələr və innovativ partlayış sistemlərinin istehsalı sahəsində dünya liderlərindən olan “Orica-Nitro” şirkətinin Azərbaycan üzrə rəsmi tərəfdaşıdır.
Sözügedən müəssisənin fəaliyyəti regionların 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində daimi iş yerlərinin açılmasına, dağ-mədən sənayesinin yan sahələrinin və qeyri-neft sektorunun inkişafı, o cümlədən ixracın şaxələndirilməsinə xidmət edəcək.