Modern.az

Kim daha çox sevirsə, hər gün yazsın

Kim daha çox sevirsə, hər gün yazsın

Aktual

3 May 2021, 14:46

Təxminən bir ay əvvəl çox hörmətli dostum, sənətinin peşəkarı, çəkinmədən sənətinin fədaisi deyə biləcəyim Aytəkin Alxaslı mətbuatda bir xatirə yazısı ilə çıxış etmişdi. Şəhid polkovnik-leytenant Abakar Hacıyev haqqında. Bu yazı bu müddət ərzində beynimdə irəli-geri gedir gəlir, sanki yenidən oxuyurammış kimi xatırlayıram. Yazı çox peşəkar, şəhid polkovnik-leytenantın özü, dostları və ailə üzvlərinin  xatirələrinə əsaslanaraq hazırlanmışdı. O yazıda  mənim də xatirələrim  yer almalı idi. Amma özümün bir qədər soyuq yanaşmağım  səbəbindən şəhidim haqqında xatirəmi  qeyd etməmişdi Aytəkin xanım. Yazıdan sonra  mənə ciddi iradını bildirmişdi: "Sən cəbhəyə getmisən və orda Abakarla görüşmüsən, amma onu mənə deməmisən", hətta zarafatla: "Yaxşı dost deyilsən, doktor" -demişdi mənə. Bu yazı həqiqətən beynimdə irəli-geri gedib gəlirdi. Hətta gecə oyanıb yadıma düşürdü və özümü günahkar hesab edirdim. Çünki döyüşün qızğın getdiyi dönəmdə kollektivin cəbhədə  döyüşən əsgərlərə göndərdiyi dərman, tibbi ləvazimat, geyim və şəxsi gigiyena vasitələrini şəxsən apardığım gün mən polkovnik-leytenant Abakar Hacıyevĺə "N"saylı hərbi hissənin dayaq məntəqəsində görüşmüşdüm. Təxminən gecə saat 12 olardı, çay süfrəsində yığışmışdıq və günü müzakirə edirdik. Cənab polkovnik-leytenant Qusar səhiyyə işçilərinin əsgərə diqqətini çox yüksək qiymətləndirdi və "Allah Sizdən razı olsun,doktor"-demişdi. Bilirsiz, necə xoşbəxt idim? ...Allah bizdən razı olsa nə idi,başqa dərdimiz, yəni,bundan yüksək dua, alqış gözləmək olmazdı. Bu görüşdən təxmini bir həftə sonra polkovnik-leytenant Abakar Hacıyevin şəhid olduğunu eşitdim. Allah ondan razı olsun... Çünki bizim getmək arzusunda olduğumuz yerə, cənnətə  getdi o...

 

Amma bu gün müharibə vaxtı yaşadığım bir hadisəni qələmə almaq istədim. Gecə vaxtı, çoxdan səsini eşitmədiyim bir dostum zəng elədi. Düzü, çoxdan zəng eləmirdi və gecənin bu vaxtı edilən zəngin çox vacib olduğunu fikirləşdim. Hərçənd ki, telefon zənglərini kim zəng etməyindən asılı olmayaraq heç vaxt cavabsız qoymaram,amma bu zəngin xüsusi olduğu sanki ürəyimə dammışdı:

 

 

-Bəli, əziz qardaş, eşidirəm səni...

 

"-Doktor, qadan alaram, Rauf yaralanıb,arxa xəstəxanalarından birinə aparıblar, əlim çatmır, özüm də döyüşdəyəm. Qızğın döyüş gedir. Xeyli irəli getmişik. Uzaqdan ata-baba yurdumu görüncə arxada gözüm yoxdu. Canım oğlum yaralanıb, amma yurd eşqi, vətən həsrəti məni döyüşdən ala bilmir, ancaq irəli getmək istəyirəm. Amma Raufdan  da narahatam. Doktor, sənin qadan alaram, bu vaxtı narahat etdim səni, ümidim sənsən. Səndən başqa zəng edəsi, pənah edəsi bir kəs gəlmədi ağlıma. Yəqin, xəstəxana rəhbəri ilə tanışlığın var. Cabbarov Rauf Dayandur oğlu. Xahiş edirəm, bir maraqlan, imkan olan qədər diqqət ayırsınlar, mən çata bilmirəm."

 

Mən Raufu tanıyıram. Onun necə cəsarətli, qorxmaz, ürəkli olduğunu hələ hərbi xidmətdən əvvəl bilirdim. Hətta dostumun  necə fəxrlə  oğlunun hərbi xidmətdə olduğunu, hərbi geyimdə əlində silah şəkillərinin paylaşdığını xatırlayıram. İndi isə onlar ata-oğul döyüş yoldaşı idilər. Heç bilirsiniz, bu nə deməkdi? Bu, bir qeyrət təcəssümüdü. Bu, bir kişilik məktəbidi. Ata oğlunu Vətəni qorumağa, yağı düşməndən azad etməyə göndərir, özü də müharibə başlayan ilk gündən oğlu ilə çiyin-çiyinə döyüşə girir. Hətta Vətən sevgisi, yurd həsrəti o qədər böyükdü ki, yaralı oğlunu tibbi yardıma göndərir, amma özü səngəri tərk etmir,yalnız-irəli-deyib döyüşə davam edir. Çünki dostum özü də kəşfiyyatçıdı. Ona ən çətin anlarda yalnız Vətən  öyrədiblər, "Öncə Vətən" dərsində əla qiymət almışdı. Amma nə xoş mənə. Nə xoş mənə ki, dostumun çətin günündə mən ümid yeri olmuşam. Əslində buna görə  sevirəm sənətimi. Əslində mən həkim olmaq istəyəndə insanlara xidmət etməyi özümə amal seçmişdim. Bu gün də ümid yeri olmuşamsa, Allaha sonsuz şükürlər olsun.

 

 

Dərhal Raufun müalicə üçün gətirildiyi xəstəxana rəhbərinə zəng etdim. Raufun durumu ilə maraqlandım, çox şükür ki, həyati risq olmayan qəlpə yaralanması var imiş. Amma yenə də diqqət mərkəzində saxlamağını, əlindən gələnin maksimumunu etməklərini xahiş etdim. Həmçinin geri dönüş edib Raufun atası ilə bağlı durum haqqında  məlumat verdim. Əlbəttə o gecə səhərə kimi bir neçə dəfə yaralının vəziyyəti haqqında  məlumat aldım və ataya təskinlik verdim.

 

Rauf bu gün hərbi xidmətini davam etdirir.Yaraları sağalar sağalmaz geriyə, hərbi xidmət yerinə dönüb, bu gün də hərbi xidmətini davam etdirir. Artıq ata-oğul Zəfər gününü birgə qeyd etdilər -deyə ata evə dönüb. Çünki evdə Emilin əsgəri xidmətə yola salmaq mərasiminə hazırlıq gedirdi. "100 oğlum olsa yüzü də Vətənə fəda olsun"-deyir qəhrəmanım. Artıq Emil də ordu sıralarındadı. Xatirələri danışdıqca Dayandurun gözləri yaşarır: "30 ildi həsrətinə qovrulduğum torpağı uzaqdan görüncə gözümə heç nə görünmürdü, doktor. Bu illər başımı yerdən götürə bilmirdim, evim, elim-obam düşmən ayağı altında qalıb, mən isə həsrətlə qovruluram.

 

-Bir neçə gün əvvəl zəng etmişdilər ki, Qayıdışa hazırlıq gedir, siyahı hazırlanır. Siz geri qayıtmaq istəyirsinizmi?-deyə soruşdular. Əlbəttə, qayıdacağıq. Şəhidlərin ruhu bizi bağışlamaz. Onlar can verdilər ki, biz ora qayıdaq,indi bizim başqa şey fikirləşməyə haqqımız varmı?"

 

 

Nə idi bu yazıya məni sövq edən? Unutmamaq, unudulmamaq! Şəhidimiz unudulmasın, qazimiz unudulmasın. Atalar, oğullar, qardaşlar unudulmasın. Hər gün yazılsın. Xatirələr, real hadisələr canlandırılsın. Böyük əsərlər səhnəyə gəlsin. Xalq bu qəhrəmanlığı unutmasın. Mən Dayanduru, Raufu, Emili önlədim. Bir başqası saysız-hesabsız igidlərimizdən yazsın, xatırlasın və unudulmağa imkan verməsin.

 

P.S.Yadımdadı, orta məktəbdə oxuduğum vaxt sinif yoldaşlarımızla sevdiyimiz qıza hərə öz bildiyi qədər şeirlər yazardıq. Niyə? Çünki sevirdik. "Mən daha çox sevirəm"i sübut etmək üçün hər gün yazardıq. Bu gün də kim daha çox sevirsə, o daha çox yazsın, hər gün yazsın. Yetər ki, unudulmasın qəhrəmanlarımız!

 

Mübariz Zeynalov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə