Bir müddət öncə Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirildi. İclasda səsvermə ilə Məzahir Pənahov sədr, Rövzət Qasımov MSK sədrinin müavini, Arifə Muxtarova və Mikayıl Rəhimov isə katib vəzifəsinə seçildilər.
Mərkəzi Seçki Komissiyasının üzvlərinin və rəhbərliyinin müəyyən edilməsindən sonra növbə Dairə Seçki komissiyalarının (DSK) formalaşdırılmasına çatır. Bununla bağlı Modern.az-a danışan MSK-nın sabiq üzvü Akif Qurbanov bildirib ki, azlıq, çoxluq və bitərəf partiyaların sayına uyğun olaraq, namizədlər irəli sürülür:
“Onlar 9 nəfərdən ibarət siyahı ilə Dairə Seçki Komissiyasının üzvləri kimi təsdiq olunurlar.
Ölkədə 125 seçki dairəsi üzrə Dairə Seçki komissiyaları var. Hər komissiyaya 9 üzv seçilməlidir. 9 üzvün 3-ü rəsmi olaraq, çoxluğu - iqtidar partiyasını təmsil edir. Ona görə, hər DSK-da 3 nəfər Yeni Azərbaycan Partiyasının üzvü olacaq. Digər 3 üzv isə bitərəflərdən ibarət olmalıdır. DSK üzvü olan 9 nəfərdən qalan 3 yerə azlıq təşkil edən partiyaların nümayəndələri seçilə bilər. Hər bir dairənin tərkibində ərazilər üzrə məntəqə seçki komissiyaları da var”.
Aysel Məhərrəmova