Modern.az

Bəhram Osmanovun rejissor qızı: “Qadın rejissorun ətrafında onu başa düşənlər olmalıdır” - MÜSAHİBƏ

Bəhram Osmanovun rejissor qızı: “Qadın rejissorun ətrafında onu başa düşənlər olmalıdır” - MÜSAHİBƏ

Mədəni̇yyət

11 May 2021, 10:10

Modern.az saytında mədəniyyət, ədəbiyyat və incəsənətin təbliğinə yönəlmiş “Art Time” rubrikası davam edir. Budəfəki müsahibimiz Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Ayla Osmanovadır.

Ayla Osmanova, Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanovun qızıdır.

- Rejissor sənətini seçməkdə məqsədiniz atanızın sənətini davam etmək idi, yoxsa bu sənətdəki boşluqları doldurmaq?


- Boşluqları doldurmaq məsələsi mənim missiyam deyil. Nə o vaxt, nə də indi bu barədə düşünmüşəm. Yəni mənim nə yaşım, nə də təcrübəm buna imkan verir.  Mən 5 il Bülbül adına Musiqi məktəbində fortopiano üzrə təhsil almışam. Həmin məktəbi tam bitirməsəm də, həmyaşıdlarımın tanımadığı bir çox bəstəkarların həyatını, yaradıcıliğını bilirdim. Hətta onların əsərlərini tədris proqramından kənara çıxıb ifa da etmişəm. Amma nəsə uşaq da olsam, hiss edirdim ki, fərdi sənət məni çox darıxdırır və mən bir qədər kütləvi sənəti xoşlayıram. Ona görə də musiqi təhsilimi yarımçıq qoyub orta təhsilimi "Tərəqqi" texniki-humanitar liseyində başa vurdum. Sonradan sənədlərimi anamın dəstəyi ilə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə təqdim etdim.

Deyim ki, Bəhram Osmanov qəbul zamanı mənə kömək oldu, yalançı çıxaram. Deyim ki, kömək olmadı yenə yalançı çıxaram, amma hər halda nə evimizdə, nə də təhsil zamanı kimdənsə eşitmədim ki, mənə “o, sənə kömək olub” söyləsin. Lakin həyat elə gətirdi ki, mən universitetdə atamın tələbəsi oldum. Onun rəhbərlik etdiyi kursda bakalavr və magistr təhsilimi başa vurdum. Və bir tələbə kimi borcumdur ki, müəllimimin tövsiyələrini həyata keçirməyi bacarım.

 
- Sizcə rejissor nə etməlidir ki, zal dolsun? Sizin üçün zalın dolması çox önəmlidir, yoxsa tamaşanın keyfiyyəti?

 
- Rejissorun əsas vəzifələrindən biri də odur ki, hazırladığı pyesin yaşadığı dövrdə aktual olduğunu hiss etsin. Tamaşa ünvanlanan yaş fərqinə baxmadan (istər uşaq, istər böyük)  mütləq aktual olmalıdır. Və tamaşaçı birinci növbədə özünün yaşadığı həyatlı, itirdiyi ideallarlı, səhnədə baş verən hadisələrdə tapırsa, onda tamaşa salonu dolu olur. “Sənət yalnız sənət üçündür” ifadəsi çox nadir halda özünü doğruldur.


- Rejissorluq qadına görə müəyyən qədər çətin sənətdir. Bəs sizin sənətinizdə nə kimi çətinlikləriniz olub?


- Rejissorluq ümumiyyətlə çətin sənətdir. Qadın ucun xüsusilə.  Mentallığı da üstünə gəlsən, bu lap çətindir. Bəzən lazım olan düzgün sözün başqa bir ifadəsini tapa bilməyəndə əziyyət çəkirsən, bəzən dediyin fikrin kənardan qeyri-etik başa düşulməsindən utanırsan. Amma bu baryeri keçə bilsən qadının rejissor olması o qədər də çətin deyil. Vacib məsələlərdən biri də odur ki, qadın rejissorun ətrafında onu başa düşənlər olmalıdır.


- Ən uğurlu səhnə əsərinizin adını eşidək və nə üçün uğurlu hesab edirsiniz?


- Mənə elə gəlir ki, hazırladığım hər hansı tamaşa uğur qazanıbsa, bunlar gələcək üçün bir təməldir. Bu barədə danışmaq hələ çox tezdir. Fərqləndirmədən deyə bilərəm ki, hələlik hazırladıgım tamaşalarin hər biri mənə doğmadır və uğurludur.


- Bəs sizə görə teatr tamaşasını uğurlu edən əsas səbəbkar kimdir? Rejissor, dramaturq, yoxsa aktyorlar?


- Ən əvvəl bədii material maraqlı olmalıdır. Ondan sonra dövrün tələbinə uyğun,  müasir dünyagörüşə malik rejissor düsüncəsi, rəssam, bəstəkar və başqaları  olmalıdır. Sonra isə onların bütün fikirlərini həyata keçirməyi bacaran aktyor heyəti. Amma hər bir işin uğurlu olması üçün tamaşanın tamaşaçı ilə ünsiyyətdə inkişafına zaman lazımdır. Təəssüf ki çox vaxt biz tələsirik və həmin vaxtı  unuduruq.


- Ayla xanım hazırda çalışdığınız teatr fasilədədir və yaradıcılığınızı necə davam etdirirsiniz?


- Bu müddət ərzində teatrımızın direktoru Naidə xanım İsmayılzadənin ideyası olan İkinci Qarabağ savaşına həsr olunmuş Pərvinin "Əsgərə salam" adlı video-çarxını hazırlamışam. Pandemiya mövzusunda gənc yazıçıların pyes müsabiqəsi keçirilib və bu müsabiqədə Pərviz Seyidlinin "Mələk" əsəri qalib olub. Hazırda pyes üzərində işləyirəm. Bədii tərtibat üzərində iş gedir. Naidə xanımın işgüzarlığı sayəsində yaranacaq tamaşanı dəstəkləyən təşkilatlar var. Dövlət qurumlarından tutmuş böyük içtimai təşkilatlar bizə dəstəkdir və bu, bizi çox sevindirir. 

Rusiyanin xalq artisti Kama Ginkasın rejissor laboratoriyasına müsabiqədən keçərək dəvət olunmuşdum, lakin təəssüf ki, pandemiyaya görə laboratoriya öz işini gələn mövsümə saxladı. İnanıram ki, pandemiya bitəcək və biz bütün düşundüyümüz  işləri həyata keçirəcəyik .


- Bəzi sənət adamları ata sənətini davam edərkən kölgəyə dönüb, bəziləri isə  atalarının yaradıcılığını kölgədə qoyub. Özünüzü bu iki kateqoriyadan hansında görürsünüz?


- Hələlik heç birində. Çünki  bəzən bu sənətə düşünmədən, təsadüfən gəlib düşürsən. Və sonradan sənin üçün çox şeylər aydınlaşır. Mənim üçün hələlik yaşıma görə öyrənmək daha əsasdı. Məhz buna görə də Teatr Xadimləri İttifaqın nəzdindəki Rejissorlar laboratoriyasına qoşulmuşam. Orada Dostoyevskinin "Cinayət və cəza" romanı əsasında səhnələşdirdiyim "Roskolnikoff" pyesini işləyirəm. Rusiyada təşkil olunan Rejissor laboratoriyalarına qoşuluram. Bu mənə sənətdə ştamplaşmamaq, daim yeniliyə can atmaq və baş verənləri görüb anlamaq imkanı verir.

- Tamaşalarınıza seçdiyiniz yaradıcı heyətdə nəyə üstünlük verirsiniz? Seçimləriniz zamanı aktyorlar arasında narazıçılıq olub?


- Əlbəttə tamaşa hazırlığı prosesində hər cür vəziyyət yaranır və mənə elə gəlir ki, rejissorun borcu təkcə səlahiyyətlərindən istifadə etmək yox, həmin prosesi doğru düzgün anlatmağdan ibarətdir. Aktyor rejissora inanır, bu halda rejissor da aktyora inanmalıdır. Bu qarşılıqlı inam tamaşanın uğurlu olacağına zəmin yaradır. Çalışıram səbirli olum, prosesdə düşündüklərimi təmkinlə aktyorlara başa salım, onları həmfikir edim. Bu çox çətin prosesdir. Teatrımızda aktyorlar müxtəlif rejissorlarla işləyirlər və hər bir rejissordan bəzən özləri etiraf etməsələr də, nə isə götürürlər. Və mənfi hal odur ki, bir rejissorun məşqindən götürdüklərini başqa bir rejissorun işində təqlid etməyə başlayırlar. Anlaşılmazlıq məhz bu zaman olur. Mənə elə gəlir ki, aktyorlar yeni məşq etdikləri səhnə əsərində, buna qədər  etdiklərini unudub,  hər şeyi təzə səhifədən başlamaği bacarmalıdılar. Əgər bunu edə bilsələr sizi inandırıram ki, cox maraqlı  bir yaradıcı  proses alınır .


- Bəzi teatr rejissorları öz yaradıcılığını və auditoriyasını daha da genişləndirmək məqsədilə teatrdan kinoya keçirlər. Bəs sizdə belə bir fikir var?


- Kinonu bir sənət kimi sevirəm, amma hələlik o sahədə işləməyi düşünmürəm.

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü