Modern.az

Deputat “surroqat ana” məsələsinin qanun layihəsindən çıxarılmasına təkid edir

Deputat “surroqat ana” məsələsinin qanun layihəsindən çıxarılmasına təkid edir

8 Fevral 2010, 12:50

Millət vəkili Gövhər Baxşəliyeva Modern.az-ın suallarını cavablandırır

- Gövhər xanım, “Ailə-məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihəsinin qəbulu məsələsi ətrafında həm cəmiyyətdə, həm də deputatlar arasında ciddi müzakirələ getməkdədir. Cəmiyyətin, o cümlədən deputatların bir qismi bu qanunun qəbulunu vacib saysalar da, digər qismi isə birmənalı olaraq bunun yolverilməz olduğunu bəyan edirlər. Siz bu məsələdə hansı mövqedəsiniz?
- Hesab edirəm ki, Azərbaycanda belə bir qanun qəbul edilə bilər. Hər halda, belə bir qanunun mövcudluğu cəmiyyətdə, ailələrdə ailə mədəniyyətinin səviyyəsini qaldıra, yüksəldə bilər. Məncə, belə bir qanunun qəbulu yaxşı olardı. Düzdür, bəzən belə fikirlər səslənir ki, uşaq evə gec gəlir, ata ona necə əl qaldıra bilməsin, ancaq istənilən halda uşaq olsun, qadın olsun, fərqi yoxdur, başqasının üstünə əlqaldırma düz deyil. Qadını, uşağı döymək insanlıqdan, kişilikdən olmaz. Güclü cinsin nümayəndəsinin zəif cinsin nümayəndəsinə, hətta öz cinsindən olan insana əl qaldırması, onu döyməsi, əziyyət verməsi istənilən halda yaxşı cəhət deyil. Sadəcə, bu cür məsələlərdə tərbiyəvi üsullardan istifadəyə üstünlük verilməlidir. Əksinə, tərbiyəvi üsulları kənara qoyub, yalnız fiziki təzyiqə əl atmaq vəziyyəti daha da qəlizləşdirir. Fiziki təzyiqə və təsirə məruz qalan uşaq, övlad sonradan həmin hərəkəti başqa formada – gizlində təkrarlamağa başlayır. Bu isə nəticə etibarilə daha böyük fəsadlara gətirib çıxarır. Ona görə mən ailə-məişət münasibətlərində, bütövlükdə cəmiyyətdə sivil addımların, münasibətlərin tərəfdarıyam. Bu baxımdan bir daha hesab edirəm ki, belə bir qanunun qəbulu ümumi işimizə nəinki mənfi, əksinə daha müsbət təsir göstərər.
- İstər cəmiyyətdə, istərsə elə parlamentdə müzakirə, mübahisə mövzularından biri də yas və toy mərasimlərini tənzimləyəcək “Mərasimlər haqqında” qanunvericilik aktının qəbulu məsələsidir. Siz necə hesab edirsiniz, bu qanunun qəbulu vacibdirmi və qəbul olunacağı təqdirdə işləmə mexanizminə malik olacaqmı?
- Doğrusu, mən dəqiq deyə bilmərəm ki, bununla bağlı qanun qəbul olunmalıdır, ya yox. Əslində mən belə düşünürəm ki, bu məsələləri qanun çərçivəsinə salmaq da bir o qədər düzgün deyil. Amma eyni zamanda hesab edirəm ki, gərək bu yöndə ciddi təbliğat, maarifləndirmə işləri aparılsın, müəyyən məhdudiyyətlər tətbiq olunsun...
- Sizcə, məsələn, yas mərasimləri ilə bağlı , məhdudiyyətləri kim, hansı təşkilat qoymalıdır?
- Mənim fikrimcə, konkret yas mərasimləri ilə bağlı məhdudiyyətləri Qafqaz Müsəlmanları İdarəsi tətbiq edə bilər. Hamımız yaxşı bilirik ki, yas mərasimləri hansı “dəbdəbə” ilə keçirilir. Kimin imkanı varsa yas mərasimini daha “dəbdəbəli” edir, kimin imkanı yoxdur məcbur olur borca düşür.
Qafqaz Müsəlmanları İdarəsi də gərək bu istiqamətdə maarifləndirmə işi aparsın ki, əsl islami qaydalarla yas mərasimləri necə keçirilməli, necə təşkil olunmalıdır...
Bəzən görürsən ki, küçələrdə çadır quraraq gediş-gəliş, magistral yolunu kəsir, ehsan verirlər. Eyni zamanda, həmin çadırın yanında başqa bir balaca çadır da qurub, orada qab-qacaqları tələm-tələsik yuyub, yenidən stolların üstünə düzürlər. Bu, hər şeydən əvvəl antisanitariyadır. Tibbi cəhətdən də düzgün deyil. Mən belə hesab edirəm, yas mərasimləri, necə ki, digər Şərq ölkələrində, o cümlədən yaxın İranda, Türkiyədə təşkil olunur, daha doğrusu, yas mərasimləri məscidlərdə olur, bizdə də məhz bu cür olmalıdır. Fikrimcə, məscidlərin nəzdində müfaviq bir yer ayrılmalı, yas mərasimləri orada təşkil olunmalı və ehsan da orada verilməlidir. Bu daha uyğundur. Özü də ehsan kasıbların, imkansızların arasında paylanmalıdır. Yoxsa dost-tanışı yığıb ehsan vermək, axı, bu, nə dərəcədə düzgün olar...
- Bəs, toy mərasimləri ilə bağlı nə demək istərdiniz? Son 10-15 ildə, demək olar ki, bu mərasimlər bütün adət-ənənələri adlayıb, üstündən keçib...
- Tamamilə razılam. Toy mərasimləri də bütün əndazəni aşıb. Axı, nə qədər israfçılıq, ifratçılıq olar? Bir stolun üstünə nə qədər yemək, neçə cür salat, içki düzülər? Hələ mən bunların keyfiyyətini, sanitariya-gigiyena tələblərinə cavab verdiyini nəzərə almıram. Eyni zamanda, toylarda nə qədər səs-küy, uğultu olar? Musiqidən, səsin həddindən artıq uca verilməsindən ağız deyəni qulaq eşitmir... Biz tez-tez məclislərdə, hətta digər ölkələrdə, o cümlədən Şərq ölkələrində keçirilən toy mərasimlərində oluruq. Onların heç birində - söhbət Şərq ölkələrindən gedir – stolların üstünə bu qədər yemək-içmək düzülmür. Sadəcə, nimçələrdə hər kəsin öz payı gəlir – bir, iki, maksimum üç dəfə... Daha stolların üstündə əlavə yeməklər, içkilər, mer-meyvə qalmır, israfa yol verilmir. Ya da ayaqüstü olanda - furşet şəklində - yemək-içmək, mer-meyvə hamısı bir kənara düzülür və hər kəs nə qədər istəyir gedib oradan istifadə edir. Bilirsiniz, israfçılıq İslamda ən böyük günahlardandır. İsrafçılığa istənilən halda yol verilməməlidir. Bu başqa məsələ ki, bəlkə şadlıq sarayları, restoranlar bir-birilə rəqabətə girirlər ki, kim daha çox stolun üstünə yemək qoysun, artıq hesab edirəm ki, bu keçib, bu, arxada qalmış bir mərhələdir. Zənginliyin yemək-içməyin çoxluğu ilə ölçülməsi mərhələsi keçib. Məncə, iki-üç cür yemək, salat oldu, bu, bəs edər. Son olaraq demək istəyirəm ki, bu cür məsələlər ayrıca qanunla yox, hardasa müəyyən qaydalarla, maarifləndirmə, təbliğat işi ilə tənzimlənməli, qaydaya salınmalıdır.
- Yadınızdadırsa, təxminən bir il öncə parlamentin plenar iclasının müzakirəsinə təqdim olunan “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi elə birinci oxunuşdan geriyə qaytarıldı. Səbəb də bu oldu ki, qanun layihəsində ciddi təkmilləşdirmələrə - xüsusilə “surroqat ana” və “donor bank”ı məsələləri ilə bağlı – ehtiyac var. Bu baxımdan bilmək istərdik ki, bəs siz bu qanunla bağlı nə fikirdəsiniz? Onun qəbulunu vacib sayırsınız, yoxsa?..
- Belə düşünürəm ki, bu qanunun da qəbulu mümkündür. Qanunu hazırlayanlar özləri də razıdırlar ki, həmin məsələ - “surroqat ana” məsələsi sözügedən sənəddən birmənalı olaraq çıxarılmalıdır. Şəxsən elə mən özüm də əvvəldən dedim ki, bu nə mənəviyyata, nə də insanlığa sığan məsələdir. Hansısa qadın o uşağı – başqa anadan mayalanmış - doqquz ay bətnində gəzdirirsə, o qadının həmin uşağa bir ana-övlad münasibəti yaranır və ya hansısa qadın o məsələyə gedirsə, sadəcə, ona ehtiyac üzündən gedir. Doqquz ay uşağı bətnində daşıyandan sonra o uşağı başqasına vermək, mənim fikrimcə, övladı anadan zorla ayırmaq deməkdir. Bu, insanlığa sığan bir məsələ deyil. Əgər Allah-Təala hansısa ailəyə, cütlüyə övlad məsləhət görməyibsə, indi onu bu cür yolla həll etmək özü günahdır, qeyri-humanist hərəkətdir. Odur ki, bu məsələlər qanun layihəsindən çıxarılmaq, eləcə də digər təkmilləşdirmələr aparmaq şərtilə adıçəkilən sənədi qəbul etmək olar. Burada problem doğuracaq bir məsələ görmürəm.
- Ailə Məcəlləsinə də dəyişikliklərin edilməsi məsələsi gündəlikdədir. Bir sıra deputatlar nigah yaşnın artırılmasını, nigaha girməzdən öncə ailə qurmağa hazırlaşan cütlüklərdən tibbi arayışların tələb edilməsini, nigaha girənlər arasında mülkiyyət müqaviləsinin bağlanmasını nəzərdə tutan düzəlişlərin sözügedən Məcəllədə əksini tapmasının vacibliyini önə çəkirlər...
- Bilirsiniz, bizdə nigah yaşı həddi elə orta yaş həddi kimi də götürülüb. Bəzi dövlətlər var ki, orada 14-15 yaşlarında nigaha girməyə icazə verilir. Elə dövlətlər də mövcuddur ki, orada 20-22 yaşlarında ailə qurmaq üçün nigaha girməyə icazə var. Bu baxımdan hesab edirəm ki, bizdəki mövcud qanunvericiliklə müəyyənləşdirilən yaş həddi şəraitimiz üçün normaldır. Şəxsən mən hesab edirəm ki, bu yaş həddi 18 olsa, daha yaxşı olar. Məktəbi bitirdikdən sonra insanların nigaha girmək hüququ, imkanı olmalıdır. Erkən nigahlara gəlincə isə mən də buna qarşıyam...
- Bildiyiniz kimi, erkən nigaha girənlər də çox vaxtı öz münasibətlərini molla kəbini ilə həll edirlər...
- Bunlar yolverilməzdir. Şəxsən mən də yalnız molla kəbini ilə nigahlara qarşıyam. Nigahlar mütləq dövlət qeydiyyatından keçməlidir. Bu münasibətlər mütləq qanuniləşməlidir. Eyni zamanda, insanlar - əsasən qızlar nəzərdə tutulur - 9 illik icbari təhsil var ki, onu mütləq almalıdırlar və yalnız bundan sonra nigaha girmək hüququna malik olmalıdırlar. Özü də bu nigahlar nigaha girən cütlüklərin, ələlxüsus qızların öz arzuları, istəkləri ilə olmalıdır. Onların iradəsinin ziddinə olaraq bu məsələlər zor yoluyla həll olunmamalıdır...
- Burada qızların təhsildən yayındırılması məsələsi bəlkə də ən ciddi problemlərdəndir...
- Bu, çox böyük problemdir. Əksər həmkarlarım kimi, mən də bu məsələdən ciddi narahatçılıq keçirirəm. Xüsusilə Azərbaycanın cənub və şimal bölgələrində, o cümlədən Bakının kəndlərində bu məsələ, problem aktuallığı ilə özünü göstərməkdədir. Bu bölgələrdə qızların təhsildən yayındırılaraq, əməyə cəlb edilməsi və yaxud zorla ərə verilməsi halları çox ciddi problem kimi ortalıqdadır. Ona görə bu məsələlər ciddi şəkildə tənzimlənməlidir. Qızların təhsil alması, ən azı, icbari təhsil alması məsələsi bütün hallarda təmin edilməlidir. Bu məsələyə rayon təhsil şöbələri çox ciddi yanaşmalıdırlar. Yadınızdadırsa, sovetlər dövründə bir uşaq dərsə gəlməyəndə həmin uşağın evinə gedirdilər, onun valideynlərini məcbur edirdilər ki, uşaq dərsə davamiyyətini davam etdirsin. Hesab edirəm ki, indi də belə olmalıdır. Hər bir uşaq məktəb, təhsil şöbəsi tərəfindən nəzarətdə olmalıdır. Direktor bacarmırsa, bu işi rayon təhsil şöbəsi mütləq görməlidir. Hətta deyərdim ki, uşağını dərsdən, təhsildən yayındıran valideynlər üçün cəza tədbiri də seçilməlidir.
Tibbi arayışların tələb edilməsi məsələsinə gəlincə hesab edirəm ki, bu, mütləq Ailə Məcəlləsində öz əksini tapmalıdır. Ailə qurmağa hazırlaşan cütlüklərin nigaha girməzdən öncə bir-birilərinin sağlamlıqları, səhhətləri barədə məlumatlı olmaları çox vacibdir. Bəzən görürsən ki, səhhəti, sağlamlığı yol vermədiyi halda kimsə başqası ilə nigaha girir və nəticədə istər onun, istərsə də nigaha girdiyi şəxsin səhhətində, övlad dünyaya gətirməsində ciddi problemlər yaranır. Bu da çox zaman sonda həmin cütlüyün və yaxud cütlüklərin evliliklərinin dağılmasına gətirib çıxarır. Ona görə düşünürəm ki, bu məsələnin müvafiq qanunvericilikdə - Ailə Məcəlləsində əksini tapması vacibdir...
- Bəs, mülkiyyət müqaviləsi məsələsi barədə nə düşünürsünüz?
- Hesab edirəm ki, bu məsələ sırf könüllülük əsasında olmalıdır. Burada məcburiyyət olmamalıdır. Əgər nigaha girənlər özləri istəyərlərsə, bunu edə bilərlər. Bizdə mental cəhətdən də belədir ki, nigaha girənlər əvvəlcədən bunu düşünmürlər. Onlar, sadəcə, gələcək xoşbəxt ailə həyatları barədə düşünürlər. Düzdür,  bu cür düşünməyənlər də var, ancaq hər halda, bu, böyük üstünlük təşkil etmir. Ona görə bu məsələdə könüllülük prinsipinə üstünlük verilməlidir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi