Modern.az

Milli Məclisin yaz sessiyası nələrlə yadda qaldı? - Parlament jurnalistləri QİYMƏTLƏNDİRDİLƏR

Milli Məclisin yaz sessiyası nələrlə yadda qaldı? - Parlament jurnalistləri QİYMƏTLƏNDİRDİLƏR

3 İyun 2021, 15:10

May ayının 31-də Milli Məclis yaz sessiyasının sonuncu iclasını keçirdi. Gələn həftədən parlament növbədənkənar sessiyaya toplaşacaq.


Bəs Milli Məclisin yaz sessiyası nələrlə yadda qaldı?


Parlament jurnalistləri Modern.az-ın sualını cavablandırıblar.  


“Yeni Müsavat” qəzetinin müxbiri Elşad Paşasoy:

 

 

“Milli Məclisin yaz sessiyasında yenə də bir sıra deputatlar müzakirələrdə fəallıqları ilə seçildilər. Hansı ki, həmin deputatlar əvvəlki dönəmlərdə də xalqı narahat edən problemlərin həlli istiqamətində çağırışlarla diqqət çəkirdilər. Amma təəssüf ki, Milli Məclisin bəzi üzvləri özlərini parlamentə sanki qonaq gəliblərmiş kimi apardılar, nə səsləri eşidildi, nə təşəbbüsləri oldu. Hansı ki, Milli Məclisin sədri əksər plenar iclaslarda deputatlara cari məsələlər ətrafında söz demək imkanı yaradır. Qanunvericiliyə dəyişikliklərlə bağlı müzakirələri bir kənara qoyuram, məgər həmin susqun deputatların seçicilərinin hər hansı bir problemi yoxdurmu? Payız sessiyasında həmin deputatların da nəhayət, səslərini eşidəcəyimizə ümid edirəm.

Əslində hər hansı problemin həlli ilə bağlı çıxış, səsləniş seçicidə ümid, etimad, inam yaradır. Problemlərin mərhələli qaydada həlli hökumətin də yükünü azaldır, vətəndaş məmnunluğunu artırır, məncə, deputatlarımız bunları yaxşı bilirlər, sadəcə, sükut etmələri qəribə görünür. İnanaq ki, payız sessiyasında parlamentarlarımızı daha təşəbbüskar, fəal görə biləcəyik. Ümumilikdə isə sessiyanın işini qənaətbəxş saymaq olar, təbii ki, aktiv deputatların sayəsində”.

 

 


"Türküstan" qəzetinin və turkustan.info saytının baş redaktoru Aqil Camal:



"Parlamentin yaz sessiyası da təəssüf ki, pandemiya ilə müşayiət olundu. Bununla belə,  hesab edirəm ki, parlament yaz sessiyasında həm qanunvericilik sahəsində, həm də, cəmiyyət həyatının problemlərinin müzakirə olunması baxımından səmərəli fəaliyyət göstərib. Daha çox fərqləndirə biləcəyimiz cəhətlərdən biri “cari məsələlər”ə ayrılan vaxtın yetərincə olmasıdır. Əvvəlki çağırışlarla müqayisədə indi deputatların ən müxtəlif mövzularla bağlı çıxış etməsinə imkan var. Bu da həm seçicilərin, ümumən xalqı maraqlandıran məsələlərin parlament tribunasından səsləndirilməsinə şərait yaradır, həm parlament plüralizminə stimul verir, həm də media üçün çoxlu xəbər bazasının yaranmasına səbəb olur. Məncə, bunları yaz sessiyasının, ümumən isə parlamentin uğuru saymaq olar".

 

 

Oxu.az saytının əməkdaşı Aqşin Kərimov:

 

“Milli Məclisin yaz sessiyasında qəbul olunan qanun layihələri və onların mahiyyəti barədə uzun-uzadı danışmaq istəmirəm. Gördüyüm odur ki, parlamentin yaz sessiyası parlament diplomatiyasının daha da aktiv fazaya keçməsi ilə yadda qaldı. Sahibə Qafarovanın intensiv səfərləri belə deməyə əsas verir. Bundan əvvəl də bir neçə dəfə demişəm, biz parlamentdən daha effektiv fəaliyyət gözləyiriksə, ali qanunverici orqanın səlahiyyətlərinin artırılması zəruridir”.

 

 

Modern.az-ın əməkdaşı Namidə Bingöl:


“Hesab edirəm ki, Milli Məclisin yaz sessiyası daha məhsuldar keçdi. Çünki ilk dəfə idi ki, parlamentin yaz sessiyasında işğaldan azad edilmiş ərazilərlə bağlı qanun layihəsi öz əksini tapmışdı. İllərlə parlament auditoriyasinda belə qanun layihəsinin hazırlanmasını hamımız çox arzulayırdıq. Yadımdadır ki, media olaraq bir neçə il bundan əvvələ qədər işğal altında qalan ərazilərlə bağlı qanun layihəsinin qəbul edilməməsinin səbəblərini araşdırmağa çalışsaq da, nəticəsiz qalmışdı. Bizimlə eyni işğal taleyini yaşayan Gürcüstanla, Ukrayna ilə müqayisələr də aparırdıq. 2020-ci ilin Vətən müharibəsi bir çox sahələrdə olduğu kimi, parlament siyasətinin də iş mexanizmində köklü dəyişiklik etdi. Təbii ki, bu, sevindirici haldır. Parlamentin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilən bir neçə qanun layihəsi var ki, yarımçıq qaldı. Məsələn, “Lombardlar haqqında” qanun layihəsi; “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi; “Ali təhsil haqqında” qanun layihəsi; “Təhsil kreditləri haqqında” qanun layihəsi və sairə. Güman ki, adıçəkilən qanun layihələri üzərində yenidən işləniləcək. Ümumilikdə isə parlamentin yaz sessiyasını qənaətbəxş hesab edirəm. Sədr Sahibə Qafarova plenar iclaslarda deputatlara bu sessiyada da çıxış etmək imkanı verdi. Hətta bir deputat bir neçə dəfə parlamentin tribunasından söz demək haqqı qazanıb”.

 

 

“Şərq” qəzetinin əməkdaşı İsmayıl Qocayev:


“Milli Məclisin yaz sessiyasında 14 iclas keçirildi və ümumilikdə 88 qanun və qərar qəbul edildi. Pandemiya şəraitinin şərtlərinə uyğun olaraq və tələblərə riayət edərək iclaslarda iştirak etdik. Milli Məclis çalışanlarının media nümayəndələri üçün yaratdığı imkanlardan narazılığımız yoxdur. İclas boyu jurnalistlərin diqqət mərkəzində olduğu, ehtiyaclarının təmin edildiyi danılmaz faktdır.

 

Parlamentin iclaslarına gəldikdə isə ümumən qənaətbəxş hesab etmək olar. Ən azından jurnalistlər deputatların müəyyən çıxışlarından oxucu üçün maraqlı olan məqamlar tapırlar. Media təmsilçiləri əksər hallarda parlament kürsüsündən səslənən tənqidi çıxışlara üstünlük verirlər. Nəzərə alaq ki, qanunverici orqandakı hər çıxış, xüsusən qanun layihələrinin texniki tərəfləri, hüquqi prosedurlar ictimaiyyət üçün o qədər də maraq kəsb etmir. Ona görə də jurnalistlər həmin məqamları işıqlandırmağa ehtiyac duymurlar. Milli Məclisin iclaslarında çıxış edən deputatların kimliyi və sayı da jurnalistlərə aşağı-yuxarı məlumdur. Demək olar ki, əksər iclaslarda çıxışa yazılanlar eyni deputatlar olur. Gənc parlamentarilər də imkan tapdıqca ara-sıra çıxış edirlər.

 

Sessiya boyu əksər çıxışları ilə diqqət çəkən deputatlardan biri Razi Nurullayev oldu. Demək olar ki, hər çıxışında insanları narahat edən məqamları dilə gətirdi. O cümlədən millət vəkilləri - Fazil Mustafa, Sabir Rüstəmxanlı, Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Əli Məsimli, Aqil Abbas, Zahid Oruc, Bəhruz Məhərrəmov və digərlərinin çıxışlarında da mövcud problemlər, çatışmazlıqlar gündəmə daşındı. Siyavuş Novruzov da tez-tez çıxış edənlər arasındadır. Qazandığı mandatın haqqını verməyə çalışan, xalqı təmsil etdiyinin fərqində olan millət vəkilləri kifayət qədərdir. Amma əsas odur ki, seçicilər parlamentin işindən razı qalsınlar”.

 

 

“Yeni Azərbaycan” qəzetinin parlament müxbiri Nardar Bayramlı:


“Milli Məclisin yaz sessiyası əvvəlki sessiyalarda olduğu kimi uğurlu oldu. Millət vəkilləri sessiyanın iş planına daxil olan məsələləri müzakirə edərək qəbul ediblər. Yaz sessiyasında önəmli olan məqamlardan biri budur ki, Nazirlər Kabinetinin, Ombudsmanın, Hesablama Palatasının, Bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqanın hesabatları təqdim olunur, əvvəlki ilin dövlət büdcəsi müzakirə edilir. Deputatlar gündəmdə olan mövzularla bağlı fəal münasibət bildirirlər. O cümlədən, seçicilərin problemləri, bölgələrdə olan sosial xarakterli nöqsanlar və onların həlli ilə bağlı fikir və təkliflərini verirlər ki, bu da yaxşı haldır”.

 

 

Pravda.az saytının baş redaktoru İlkin Pirəli:


“Pandemiyanın gətirdiyi çətinliklərə baxmayaraq, Milli Məclisin yaz sessiyası bütün iclaslarını keçirdi. Təbii ki, karantin rejiminin qaydalarına uyğun olaraq... Parlament nə etmək mümkün idisə, etdi. Düşünürəm, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması mühüm məsələ idi. Belə bir qanunun qəbul edilməsinə ehtiyac vardı. Şuşa şəhəri ilə bağlı bəzi təkliflər də olub, o da yəqin ki, nəzərə alınacaq, müvafiq qaydalarla tənzimlənəcək. Önəmli məsələlərdən biri odur ki, qanunverici orqan cəmiyyətdə baş verən proseslərə dərhal reaksiya verir. Plenar iclaslarda cari məsələlərin müzakirəsi zamanı deputatlar müxtəlif təkliflərlə çıxış etdilər, cəmiyyəti narahat edən məsələləri müzakirəyə çıxardılar. Doğrudur, bəzi deputatlara görə Milli Məclis ümumi şəkildə tənqid edilir. Ümid edirik ki, həmin deputatlar da həyata keçirilən ümumi işə töhfə verəcəklər”.

 

 

Teleqraf.com saytının əməkdaşı Nemət Orucov:


“Milli Məclisin yaz sessiyasında bir sıra mühüm qanun layihələri qəbul olundu. Bu sırada Şuşa şəhəri ilə bağlı qəbul olunan qanun layihəsini xüsusilə qeyd edərdim. Həmçinin, sessiya dövründə deputatlardan Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fəzail Ağamalı, Razi Nurullayev, Tahir Kərimli, Əli Məsimli və Vahid Əhmədov seçiciləri və ictimaiyyəti maraqlandıran bir sıra məsələləri qaldırdılar. Düşünürəm ki, bizim deputatların fərdi şəkildə qanun layihələri təşəbbüsü ilə çıxış etməməsi və ya belə təşəbbüslərin çox az olması mənfi hal kimi vurğulanmalıdsır”.

 

 

Etikxəbər.az saytının baş redaktoru Kamil Həmzəoğlu:


“VI Çağırış Milli Məclisin ikinci yaz sessiyası geridə qaldı, tarixə çevrildi. Sessiya ərzində Milli Məclis, millət vəkilləri öz çiyinlərinə düşən missiyanı - qanun yaradıcılığı prosesini təkminləşdirmək funksiyasını yerinə yetirməyə çalışdı.


Qeyd etmək lazımdır ki, yaz sessiyası da digər sessiyalar kimi səmərəli və məhsuldar keçdi. Millət vəkilləri, Mili Məclis öz üzərinə düşən vəzifələrin müəyyən hissəsini yerinə yetirdi. Əksər deputatlar öz fəallığı ilə seçildi, amma bəziləri istisna olmaqla. Həm Azərbaycanda, həm də dünyada baş verənlərlə bağlı mövqelərini ortaya qoydular. Ən əsas məsələ öz seçicilərinin problemlərini qaldırdılar.

Qanun yaradıcılığı prosesində qeyri-fəal iştirak edən deputatlar çox yaxşı olardı ki, öz həmkarları kimi aktiv olsunlar, öz fəaliyyətlərində gec də olsa, dönüş etsinlər. Çünki onlar deputat mandatı daşıyırlar, ona uyğun olaraq öz missiyalarını yerinə yetirməlidirlər. Seçicilərin problemlərinin qaldırılmasında və həllinə nail olunmasında fəal iştirak etməli, ölkədə və dünyada baş verən proseslərlə bağlı mövqelərini ortaya qoymalıdırlar. Parlamentin səmərəli fəaliyyət göstərməsində spiker Sahibə Qafarovanın və Milli Məclisin rəhbərliyinin xüsusi xidmətləri var. Sahibə xanım parlamenti yüksək və demokratik qayda da idarə etdi. Kimliyindən və mövqeyindən asılı olmayaraq, millət vəkillərinə eyni münasibəti sərgilədi. Hər kəsə fikirlərini bildirməsi üçün lazımı şərait yaratdı.


Yaxşı olardı ki, gələcək sessiyalarda Milli Məclis uzun illərdi onun “mətbəxində” gündəmdə olan qanun layihələrinə baxa və qəbulunu gecikmədən reallaşdıra. Bu, xüsusilə təhsil kreditləri ilə bağlı qanun layihəsidir ki, uzun illərdir onun ətrafında müzakirələr, danışıqlar aparılır. Həm parlamentin müvafiq komitəsinin müəyyən hazırlıqları var, həm də ən əsası millət vəkilləri Vahid Əhmədov və Əli Məsimlinin uzun illərdi ərsəyə gətirdiyi və hər dəfə Milli Məclisdə qaldırdıqları qanun layihəsinin ilkin variantı da ortada mövcuddur. İstərdim parlamentin müvafiq komitəsi, Prezident Administrasiyasının şöbəsi və adlarını çəkdiyim millət vəkilləri bir yerdə təhsil kreditləri ilə bağlı qanun layihəsinin təkmilləşdirilmiş variantını hazırlayıb təqdim edərdilər. Və qarşıdan gələn payız sessiyasında gecikmədən qəbul olunardı. Çünki övladları ali məktəblərdə pullu təhsil alan imkansız valideynlərin bu qanuna ehtiyacı var.
Növbədənkənar sessiyada mümkün olmasa da, payız sessiyasında qəbul edilməsi çox yaxşı olar. Millət vəkillərinə uğurlar arzulayıram, arzu edirəm ki, onlar ölkəmiz üçün həssas və çətin dönəmdə daha fəal və səmərəli fəaliyyət göstərsinlər”.

 

 


“Report” Agentliyinin parlament müxbiri Mirmahmud Kazımoğlu:


“Milli Məclisin yaz sessiyası tarixi sessiya kimi yadda qalacaq. Çünki bu sessiyada “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi qəbul olunub. Həmçinin, bir sıra qanunlara dəyişikliklər edilib və yeni qanun layihələri qəbul olunub. Yola saldığımız yaz sessiyasında deputatların aktivliyi də diqqət çəkən məqamlardan biridir. Ancaq plenar iclaslarda çıxışlar zamanı bəzi deputatlar da olurdu ki, qanun layihəsi barədə fikirlərini kənara qoyub, tamam başqa məsələlərdən danışırdılar. Bu hallara da Milli Məclisin sədri Sahibə Qafarova öz etirazını bildirirdi və deputatları qanun layihəsi ətrafında danışmağa çağırırdı. Amma nə xeyri…
Bəzən də xanım sədr qanun layihəsi səsverməyə çıxarılan zaman yetərsayın olmaması barədə deputatlara irad tuturdu. Hesab edirəm ki, bu kimi hallar da parlamentdə olmalıdır. Çünki parlament əsl siyasət meydanı və siyasi fikirlərin səsləndiyi bir məkandır. Ümumilikdə isə hesab edirəm ki, Milli Məclis yaz sessiyasında öhdəliyinə düşən işləri layiqincə görməyi bacardı. Onu da qeyd edim ki, Milli Məclisin sədri Sahibə Qafarova apardığı islahatlarla, qəbul etdiyi qərarlarla parlamentin nüfuzunun qaldırılması istiqamətində müsbət irəliləyişlərə nail ola bilib.


Bir məsələni də vurğulayım ki, Milli Məclis digər qurumlarla müqayisədə mətbuata daha çox açıqdır. Yeni rəhbərlik jurnalistlərin parlamentdəki fəaliyyətinin yaxşılaşdırılması istiqamətində bir çox işlər görüb. Milli Məclisdə parlament jurnalistləri üçün iş otağı, müsahibə otağı yaradılıb. Ancaq təəssüflər olsun ki, pandemiya ilə əlaqədar olaraq jurnalistlər həmin otaqlardan istifadə edə bilmirlər. Bu qərar da başadüşüləndir. Bununla əlaqədar jurnalistlərə peşə fəaliyyətinin yerinə yetirilməsi üçün inzibati binaya kompüterini keçirmələrinə icazə verilib.

Ancaq çox təəssüf ki, hələ də jurnalistlərə Milli Məclisin inzibati binasına telefonla daxil olmaq qadağan edilib. Ümid edirəm, növbəti mərhələdə smartfonların keçirilməsinə də razılıq veriləcək. Həmçinin, onu da qeyd edim ki, bəzən pandemiya ilə əlaqədar Milli Məclisin komitə iclasları onlayn qaydada keçirilir. Bu iclaslara da jurnalistlər qoşulsalar, daha yaxşı olardı.  Vaxtilə parlamentlə bağlı bir çox məsələlər vardı ki, onlar jurnalistlər tərəfindən qaldırılırdı və artıq həll olunub. Ümid edirəm ki, indi qeyd etdiyim məsələlər də həll olunaraq digərləri kimi geridə qalacaq. Ümumilikdə onu deyə bilərəm ki, ötən sessiya maraqlı, vacib məqamlarla yadda qaldı”.

 


“Olaylar” qəzetinin müxbiri Alim Hüseynli:


“Milli Məclisin yaz sessiyası ənənəvi sessiyalardan fərqli oldu. Sessiya dünyanı cənginə almış pandemiya dövrünə təsadüf etdiyindən həm də bir sıra yeniliklərlə müşahidə olundu. Belə ki, deputatlar parlamentdə tətbiq olunan müasir informasiya texnologiyalarından yararlanaraq, plenar iclaslarda təmsil oluna bildilər. Ən əsası isə parlament Azərbaycanın müharibədəki qələbəsinin nəticələrinin həyata keçirilməsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bildi.
Milli Məclis qanunvericilik sahəsində də bir sıra nailiyyətlərə imza atdı. Dövlət büdcəsinin icrası müzakirə edildi. Bu da imkan verdi ki, deputatlar təmsil etdikləri rayon və şəhərlərin problemini hökumətin diqqətinə çatdırsın. Ümumilikdə yaz sessiyası Azərbaycan cəmiyyəti üçün vacib qanunların qəbulu ilə yadda qaldı”.



Aysel Aslan

Humay İsgəndərova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır