Modern.az

Parlamentin boş qalan yerləri - Seçkilər nə vaxta təyin edilə bilər?

Parlamentin boş qalan yerləri - Seçkilər nə vaxta təyin edilə bilər?

4 İyun 2021, 09:34

2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyası (MSK) 4 dairənin nəticələrini ləğv edib. Belə ki, MSK-nın 13 fevral 2020-ci il tarixində keçirilən iclasında qəbul olunan qərara əsasən:


- Çingiz Qənizadənin lider namizəd olduğu 80 saylı İmişli-Beyləqan seçki dairəsində;


- Hadı Rəcəblinin lider namizəd olduğu74 saylı Lənkəran kənd seçki dairəsində;


- Rauf Arifoğlunun lider namizəd olduğu 35 saylı Xətai üçüncü seçki dairəsində;


- Hüseynbala Mirələmovun lider namizəd olduğu 33 saylı Xətai birinci seçki dairəsində nəticələr ləğv olunub.


Ötən il avqustun 4-də Fəttah Heydərovun vəfat etməsilə parlamentdə boş qalan deputat yerlərinin sayı 5-ə çatıb. 

 

Artıq üzərindən 1 il 4 ay keçməsinə baxmayaraq, boş qalan deputat yerləri üzrə hələ də yeni seçkilər təyin olunmayıb. Bu isə həmin dairlər üzrə seçicilərin hüquqlarının qanunvericiliyin tələblərinə uyğun qorunub-qorunmamasını sual altına alır. Mövcud qanunvericilik parlament seçkilərinin təyin olunması səlahiyyətini prezidentə, keçirilməsi vəzifəsini isə MSK-a verib. Sözügedən səlahiyyət və vəzifə, müvafiq olaraq, Konstitusiyanın 109-cu və Seçki Məcəlləsinin 25-ci maddələri ilə müəyyənləşdirilib. Seçki Məcəlləsinin 176-cı maddəsinə əsasən, deputat mandatından məhrum edildiyi halda Milli Məclisə əlavə seçkilər təyin olunur. 


Hansısa səbəb üzündən deputatın mandatdan məhrum olunduğu hallar Konstitusiyanın 89-cu maddəsində öz əksini tapıb. Həmin maddədə qeyd olunur ki, seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda, deputat ölkə vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), özü imtina etdikdə, Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin tələbini, deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda mandatdan məhrum olunur. Deputatın mandatdan məhrum olunması haqda qərar MSK və ya müvafiq məhkəmə tərəfindən verilir. Deputatın bu qərardan məhkəməyə müraciət edə bilmə hüququ da qanunda tanınır. 


Seçki Məcəlləsinin 176.4-cü maddəsinə əsasən, deputat mandatının boş qalmasından sonra 1 ay müddətində müvafiq seçki dairəsi üzrə yeni seçkilər təyin edilməlidir.


Milli Məclisə təkrar seçkilər isə Seçki Məcəlləsinin 172-ci maddəsi ilə müəyyənləşdirilib.


Həmin maddəyə əsasən, Dairə seçki komissiyası və ya MSK birmandatlı seçki dairəsi üzrə seçkiləri etibarsız sayarsa və ya Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq etməzsə, MSK təkrar seçkilər keçirir. Həmçinin, deputat qanunvericiliklə ondan tələb olunan sənədləri 60 gün ərzində MSK-ya təqdim etməzsə, MSK həmin seçki dairəsi üzrə seçkilərin yekunlarının ləğv edilməsi barədə müvafiq məhkəməyə müraciət edir və təkrar seçkilər keçirir.

Bununla belə, qanunvericilikdə təkrar seçkilərin təyini üçün hər hansı müddət müəyyənləşdirilməyib. Prezident əlavə seçkiləri 1 ay müddətində təyin etməli olduğu halda, təkrar seçkilərin təyini ilə bağlı belə bir müddət nəzərdə tutulmayıb.

Prezident hətta Milli Məclisin hazırkı çağırış müddətinin bitməsinə qədər təkrar seçkiləri təyin etməyə bilər. 

 

Niyə hərbi vəziyyət ləğv olunandan 3 ay sonra seçkilər keçirilmədi? 

 

Bu barədə Modern.az-a danışan Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, xalq adından danışmaq Azərbaycanda seçicilərinin səsini toplamış təsisatlar tərəfindən həyata keçirilə bilər:

 


“Bu format Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarına aiddir. Bələdiyyə şurasının üzvləri də seçdikləri ərazilər üzrə əhalinin adından danışmaq hüququna malikdirlər. Bu baxımdan Azərbaycanda bəzi seçki dairələri üzrə təmsilçiliklə bağlı məsələ öz həllini tapmayıb. Söhbət ondan gedir ki, Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər zamanı bəzi dairələr üzrə seçkilər baş tutumamış və etibarsız hesab edilmişdi. Seçki Məcəlləsinin tələblərinə görə, həmin dairələr üzrə təkrar seçkilər həyata keçirilməli idi. Lakin COVID-19 pandemiyası zamanı bir sıra məhdudiyyətlər tətbiq olunduğundan və insanların sağlamlağı üçün ciddi təhlükə yarandığından belə bir halda seçki keçirilməsi və seçicilərin öz iradəsini nümayiş etdirməsi üçün şərait olmadı.


Daha sonra Vətən müharibəsi zamanı qismən səfərbərlik elan edildi ki, Azərbaycan Respublikası Seçki Məcəlləsi və Konstitusiyaya görə, fövqəladə vəziyyət, yaxud müharibə vəziyyətində seçkilərin keçirilməsi mümkün deyildi. Çünki Seçki Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, yalnız ölkə ərazisinin 25 faizindən çoxunda hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, hərbi və ya fövqəladə vəziyyət zamanı, həmçinin hərbi və ya fövqəladə vəziyyətin ləğv edilməsindən sonra 3 ay müddətində seçkilər və ya referendum keçirilə bilməz. 


Məlumdur ki, 2020-ci il 28 sentyabr saat 00:00-dan 12 dekabr 2020-ci il saat 00:00-a qədər Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edildi. Milli Məclisin boş qalan deputat yerlərinə seçkilər yalnız hərbi vəziyyət ləğv ediləndən 3 ay sonra - yəni martın 12-dən sonra keçirilə bilərdi. Amma həmin dövrdəki pandemiya şəraiti də seçkilərin keçirilməsinə imkan vermədi.


Azərbaycan Seçki Məcəlləsinə görə, boş qalmış yerlərə seçkilər 30 gün müddətinə Prezident tərəfindən təyin olunur. Boş qalmış yerlər o yerlər sayılır ki, deputat ya vəfat etmiş olur ya barəsində cinayət məsuliyyəti yaranır ya da ki, deputatlıqla bir araya sığmayan digər vəzifəyə təyin olunur. Belə olan halda həmin şəxsin deputatlıq mandatının ləğv edilməsi baş verir, deputatlıq səlahiyyətinə xitam verilir.


Şəxsin vəzifəyə təyin edilməsilə deputatlıq səlahiyyətinə xitam verildiyi halda, onun yerinə əlavə seçkilər keçirilir. Əlavə yerə seçkilərin keçirilməsilə bağlı qərar Prezident tərəfindən 30 gün müddətinə verilir. Ona görə də hazırda Azərbaycan Respublikasının parlamentinə 5 yer üçün seçkilər keçirilə bilər. Maraqlıdır ki, vəfat etmiş şəxslərə görə, əlavə seçkilərin təyin edilməsi, digər tərəfdə isə etibarsız sayılan dairələr üzrə seçkilərin keçirilməsi var. Bu baxımdan boş qalan yerlərə seçkilərin keçirilməsi üçün mavfiq aktın qəbul edilməsi vacibdir”.

 

“Vətəndaşların hüquqları pozulur”

 


Ə.Nuriyevin sözlərinə görə, bəzi dairələrdə deputatların olmaması seçicilərin hüquqlarının pozulması kimi qiymətləndirilə bilər:


“Azərbaycanda deputatlar, Konstitusiyanın 83-cü maddəsində qeyd olunduğu kimi, majoritar seçki sistemi əsasında seçilirlər. Bu seçki sisteminə əsasən hər bir deputat seçildiyi ərazi üzrə yaşayan insanları parlamentdə təmsil edir. Aydındır ki, nəticələri ləğv olunan seçki dairələri üzrə təkrar seçkilər keçirilmədikcə, həmin dairələrdə yaşayan insanlar parlamentdə təmsil oluna bilmirlər. Bu hal isə vətəndaşların Konstitusiyanın 25-ci maddəsi ilə qorunan “bərabərlik hüququ”nun pozulmasına yol açır. Həmin maddədə qeyd olunur ki, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Sözügedən halda isə müəyyən qism vətəndaşların ali qanunverici hakimiyyət orqanı olan parlamentlə münasibətdə bərabərlik hüququ pozulur”.

 

“Azərbaycanda parlamentin boş qalan yerlərin seçkilərin keçirilməsi imkanları yaranıb”

 

Hüquq müdafiəçisi qeyd edib ki, sərt karantin rejiminin yumşaldılmasına getdiyimiz indiki şəraitdə seçkilərin keçirilməsinin qarşısını alan hansısa hüquqi hal yoxdur:


“Ona görə də seçkilər keçirilə bilər. Amma o zaman pandemiyanın tələbləri nəzərə alınmaqla icra edilməlidir. Dünya ölkələrində də pandemiya səbəbindən bəzi ölkələrdə seçkilər təxirə salınmış, vəziyyət stabilləşdikdən sonra keçirilmişdi. Azərbaycan üçün bu təcrübədən istifadə edərək, parlamentin boş qalan yerlərinə seçkilər keçirmək imkanları yaranmaqdadır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...