Modern.az

Ulu öndərlə unudulmaz üç görüş - FOTOLAR

Ulu öndərlə unudulmaz üç görüş - FOTOLAR

14 İyun 2021, 19:19

“Sumqayıtın tarixi” Muzeyinin direktoru, Əməkdar Mədəniyyət işçisi Olya İslamova

özünü xoşbəxt sanır ki, ona dahi rəhbərlə 3 dəfə görüşmək nəsib olub

 

Ulu öndər Heydər Əliyev respublika rəhbəri kimi Sumqayıta ilk dəfə düz 50 il əvvəl - 1971-ci ilin aprelin 7-də səfər etmişdi. O zaman 22 yaşlı Gənclik şəhərinə Rumıniya nümayəndə heyəti ilə birgə gələn ölkə başçısı cənubi Qafqazın ən iri kimya müəssisəsi olan “Üzvi sintez” zavodunda olmuş, kimyaçılarla görüşüb, söhbət etmişdi.

İki il sonra yenidən Sumqayıta gələn, şəhər sakinləri tərəfindən böyük ehtiram və sevinclə qarşılanan Heydər Əliyev ölkə metallurgiyasının nəhəngi Azərbaycan Boru-prokat zavodunda olmuş, poladəridənlərlə və boruyayanlarla görüşmüş, onların əmək şəraiti ilə tanış olmuş, müəssisə kollektivinin yığıncağında çıxış etmiş, ölkə neftçilərini müxtəlif təyinatlı keyfiyyətli borularla təmin etdiklərinə görə metallurqlara təşəkkürünü bildirmişdi.  

Ulu öndər Sumqayıta sonrakı səfərlərində də kimya müəssisələrində, Boru-prokat və Alüminium zavodlarınnda olmuş, sex və istehsalatların yeni texnologiyalarla, müasir avadanlıqlarla təchizi, əmək adamlarının iş və məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər görmüşdü.

Respublika rəhbəri Sumqayıt qadınlarının işlə təmin edilməsi üçün şəxsi təşəbbüsü və bilavasitə rəhbərliyi ilə inşa edilərək fəaliyyət göstərən, minlərlə qız-gəlinin çalışdığı yüngül sənaye müəssisələrində - Sumqayıt Üst Trikotaj və Xovlu İplik fabriklərində əməkçilərlə görüşüb, səmimi söhbət etmiş, respublikanın əmək həyatında qadınların fəal iştirakından məmnunluğunu bildirmiş, müəssisə kollektivlərinin arzu və istəklərini diqqətlə və qayğıkeşliklə dinləyərək, onların operativ yerinə yetirilməsi üçün nazirlik və şəhər rəhbərliyinə lazımı göstərişlər vermişdi.

Ümumiyyətlə, Azərbaycana rəhbərlik etdiyi ilk 14 ildə (1969-1983-cü illər) Ulu öndər ölkə sənayesində, onun inkişafında xüsusi yer tutan Sumqayıta 10 dəfə səfər etmişdi. O, yalnız sənaye müəssisələrində deyil, SSRİ-nin böyük və nüfuzlu elmi-tədqiqat mərkəzlərindən olan, İttifaq əhəmiyyətli Neft-Kimya Proseslərinin Avtomatlaşdırılması İnstitutunda - “Kimyaavtomat”da, İri panelli Evtikmə Kombinatında, inşasının təşəbbüskarı olduğu “Kimyaçı” Mədəniyyət sarayında da olmuş, Sumqayıtın hərtərəfli inkişafı üçün böyük səy və qayğı göstərmişdi.

1974-cü ilin 27 noyabrında respublika rəhbərinin S.Vurğun adına Mədəniyyət sarayında Gənclik şəhərinin 25 illik təntənəli yubileyində iştirakını, Sumqayıt metallurqlarının, kimyaçılarının, energetik və inşaatçılarının əməyinə, quruculuq işlərinə böyük dəyər verdiyini, şəhər sakinlərinə, əmək adamlarına olan qayğı və ümid, inam dolu maraqlı şıxışını bu gün də yaşlı nəsil yaxşı xatırlayır.

15 iyun – Qurtuluş günü ərəfəsində bütün bunlar barədə geniş məlumat verən “Sumqayıtın tarixi” Muzeyinin direktoru, respublikanın Əməkdar Mədəniyyət işçisi Olya İslamova bildirir ki, həmin il yubiley tədbirinin maraqlı keçməsində onun rəhbərlik etdiyi  muzeyin elmi işçilərinin böyük zövqlə, şəhərin qurucularına və xalqımızın görkəmli oğlu Heydər Əliyevə böyük məhəbbət və ehtiramla tərtib etdiyi, tarixi eksponatların “dili ilə danışan” sərgi yubiley iştirakçıları tərəfindən maraqla qarşılanmış, onların bayram ovqatını daha da xoş etmişdi.   

Muzeyin yarandığı 1967-ci ildə sayı 1100-dən çox olmayan eksponatların sayı kollektivin çoxillik səyi, yaradıcılıq axtarışları, yorulmaz əməyi sayəsində ötən yarım əsrdə xeyli artırılaraq, 15 minə çatdırılmışdır. Bu isə həm də ona görə mümkün olmuşdur ki, Olya xanım və muzeyin əməkdaşları Vətənin hər bir daşını qiymətləndirməyi, dəyərləndirməyi bacarır, onu tarixin bir parçası, gələcək nəslə çatdırılmalı olan bir tarixi eksponat kimi görürlər. Muzeyin zəngin fondu içərisində ən çox diqqət çəkən kolleksiyalardan biri isə 1988-ci ilin qaçqınlıq dövründə Göyçəli tarix müəllimi Baxşeyiş Ələmşahovun Ermənistandan araba ilə, min-bir əziyyətlə Sumqayıta gətirə bildiyi, sonralar “Sumqayıtın tarixi” muzeyinə bağışladığı, özündə Göyçə-Zəngəzur ellərinin ruhunu yaşadan, “Bir elin harayı” adlanan qədim eksponatlar kolleksiyasıdır. Həmin kolleksiyanın içərisində təkcə yaxın əsrlərə yox, hətta çox uzaq XII əsrə aid 60-a qədər qiymətli məişət əşyası nümayiş etdirilir.

 

Ulu öndərlə unudulmaz görüşlər...

“Tarixi cırmaq olmaz!”

 

Tale elə gətirmişdi ki, Olya xanım Ulu öndərlə onun ilk hakimiyyəti dövründə yaxın təmasda görüşməmişdi. Lakin dahi rəhbər yenidən Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra onunla sanki qrafik üzrə hər üç ildən bir – 1993-cü, 1996-cı və 1999-cu illərdə görüşmək xoşbəxtliyi qismət olub ona.

 

İlk görüş – 28 dekabr 1993-cü il.  Həmin gün sumqayıtlılar Azərbaycanın görkəmli oğlu, xalqımızın xilaskarı, o zaman cəmi 5 ay əvvəl yenidən ölkə rəhbərliyinə qayıtmış Heydər Əliyevi böyük intizarla gözləyirdi. Əvvəllər Sumqayıta 10 dəfə səfər etmiş Ulu öndər bu şəhərə ilk dəfə idi ki Azərbaycan Prezidenti kimi gəlirdi. Odur ki onun gəlişinə, qarşılanmasına ciddi hazırlıq görülürdü. Respublika rəhbəri ilk növbədə Türkiyənin “Teletaş” firması tərəfindən Sumqayıtın 4-cü mikrorayonunda quraşdırılmış müasir, elektron tipli telefon stansiyasının açılşında iştirak edəcəkdi. Həmin ATS isə bilavasitə “Sumqayıtın tarixi” muzeyinin iki addımlığında olduğundan güman vardı ki, ölkə rəhbəri muzeylə də maraqlansın. Ona görə də bir gün əvvəldən muzeyin hər iki mərtəbəsi, otaqlar, zallar xüsusi idarə tərəfindən diqqətlə yoxlanılmışdı. Olya xanımın bu məsələdən axşam xəbər tutan, dahi rəhbərə nəhayətsiz sevgisi olan, onun qayıdışına çox sevinən atası, Sumqayıtın əslən Xızıdan olan görkəmli ziyalısı və ağsaqqalı Zəbi müəllim Abdullayev qızına tapşırmışdı ki, diqqətli ol, Prezident hökmən muzeylə də maraqlanıb, ora da baş çəkəcək.

Elə də oldu. ATS-dəki təntənəli açılışdan, Türkiyə Prezidenti ilə telefonla birbaşa danışıqdan sonra Heydər Əliyev o vaxtlar özünün ən etibarlı silahdaşı olan Arif Rəhimzadə və özünü müşayiət edən digər rəsmi şəxslərlə birgə muzeyə tərəf addımladı. Onu muzeyin girişində sevinclə, hələ dünəndən onu tərk etməyən həyəcanla qarşılayan Olya İslamova dahi rəhbəri salamlayaraq deyəndə ki, Heydər müəllim, bilirik ki, Sİz dünən Parisin dünyaca məşhur Luvr muzeyində olmusunuz, bu gün isə - Sumqayıt muzeyinə təşrif buyurmusunuz, Ulu öndər əsl vətənpərvərlik duyğusu və sevgisi ilə cavab vermişdi ki, xanım, Luvr Fransadadır, ancaq Sumqayıt muzeyi burda, Azərbaycandadır. Belə bir müdrik, gözlənilməız cavabı eşidən Olya xanım bir qədər ürəklənmiş, muzey haqqında dahi rəhbərə daha geniş məlumat verməyə çalışmışdı.

 

Muzeyin salonlarından birində “Bir elin harayı” kolleksiyasının qarşısında ayaq saxlayıb, onun eksponatlarına diqqətlə, maraqla baxan Ulu öndər 1988-ci ildə həmin zəngin kolleksiyanı Ermənistandan araba ilə, min-bir əziyyətlə Sumqayıta gətirmiş vətənpərvər ziyalı, istedadlı tarix müəllimi Baxşeyiş Ələmşahovla görüşərək, belə bir fədakarlığına görə ona ürəkdən təşəkkür etmiş və demişdi ki, sənin bu “qaçqın muzey”in gələcək nəsillər tərəfindən daha yüksək dəyərləndiriləcək!

Heydər Əliyev daha sonra muzeyin hər iki mərtəbəsini gəzərək, eksponatlara böyük maraqla tamaşa etmiş, muzey işinin yüksək səviyyədə təşkilindən məmnunluğunu bildirmişdi.  Dahi rəhbər özü ilə bağlı ekspozisiya ilə də tanış olub, təəccübə bənzər şəkildə soruşmuşdu ki, “Azərbaycanda olmadığım illərdə mənim bütün şəkillərimi cırıb atıblar, nə əcəb siz qoruyub saxlamısınız?”. Olya xanımın cavabı Heydər Əliyevin çox xoşuna gəlmiş, məmnun olmuşdu: “Heydər müəllim, tarixi cırmaq olmaz! Muzey ilk növbədə ondan ötrüdür ki, tarix necə varsa, elə də qorunsun”.  

Ekspozisiyalarla tanışlıqdan sonra muzeyin çıxışına yönələn Prezidenti meydana toplaşmış yüzlərlə şəhər sakini sevinclə, ehtiramla, sürəkli alqışlarla qarşılamışdılar. Olya xanım bu gün də təəccüblə, heyrətlə xatırlayır ki, Qarabağda erməni faşistlərinin işğalçılıqlarının, azğınlıqlarının davam etdiyi, qanlı çarpışmalar getdiyi həmin qış günündə Heydər Əliyev sumqayıtlılar qarşısında bir saatdan artıq çıxış etmişdi. Və onun hər sözündə sabaha, torpaqlarımızın düşməndən tam azad ediləcəyinə böyük, sarsılmaz bir inam vardı.

Ulu öndər muzeydən sonra o zaman hələ ilk şəhidlərin gətirildiyi Sumqayıt şəhər məzarlığına da baş çəkmək, el yolunda canlarını qurban vermiş mərd oğulların ruhuna ehtiramını bildirmək istədiyini də demişdi. Orda şəhid oğlunu ziyarətə gəlmiş bir ağsaçlı ana ilə təsadüfən görüşən Heydər Əliyev kövrələrək onu qucaqlayıb, ağ saçlarından öpmüş və Vətən uğrunda döyüşdə həlak olmuş oğluna görə ona başsağlığı vermişdi. Və qəti bir inamla şəhidlərin qisasının hökmən alınacağını bildirmişdi.          

 

İkinci görüş – 2 iyun 1996-cı il.  Heydər Əliyevin BMT-nin İnkişaf proqramı üzrə nümayəndəsi Paoolo Lembo ilə və digər hökumət adamları ilə Sumqayıta növbəti gəlişi yay ayına təsadüf edərək, bütün gün üçün nəzərdə tutulmuşdu. 1970-80-ci illərdə müəssisələrə səfərlərindən sonra bir vaxtlar Ulu öndərin öz təşəbbüsü və rəhbərliyi ilə inşa edilmiş  “Kimyaçı” Mədəniyyət sarayında geniş tədbir keçiriləcəkdi. Ona görə də əvvəlcədən belə qərara alınmışdı kİ, Heydər Əliyevə həsr edilmiş, foyedə nümayiş etdiriləcək “Heydər Əliyevin Sumqayıt qayğılarından səhifələr” adlı sərginin (bu adı Olya xanıma hələ bir-neçə gün əvvəl atası Zəbi müəllim təklif etmişdi) fotolarda əmək qabaqcıllarından kimin şəkli vardısa, həmin adamlar - Sosialist Əməyi Qəhrəmanları  Zəminə xanım Həsənova, İdris Dadaşov, Şəmşad Pənahov, Dadaş Dadaşov, həmçinin tanınmış əmək adamları Gülbahar Vəliyeva, İmamverdi Vəliyev və digərləri o stendlərin   yanında dayansınlar. Ölkə rəhbəri şəkillərə maraqla tamaşa edərək irəlilədikcə birdən yanında Zəminə xanımı görüb, gözlənilmədən, lakin çox təbii və səmimi olaraq “əziz bacım!” deyib, sevincək halda onu qucaqlamışdı. Zəminə xanım da “əziz qardaşım!” deyib sevincdən göz yaşlarını saxlaya bilməyərək, Heydər Əliyevə sarılmışdı. Həmin görüş, xoş mənzərə orda olanların hamısını kövrəltmişdi.

Sərgi rəhbərin çox xoşuna gəlmişdi. Bir şəklin önündə isə ayaq saxlayıb, təəccüblə demişdi ki, nə yaxşı, bu şəkil də burdadır ki!.. Şəhərin o vaxtkı İcra başçısı Şakir Abuşov ölkə rəhbərinə bildirəndə ki, sərgini Muzeyimizin direktoru Olya İslamova tərtib edib, yaddaşı çox möhkəm olan Heydər Əliyev Olya xanımı tanıyaraq, onu mehribanlıqla bağrına basmış, minnətdarlıq ifadəsi olaraq üzündən öpmüşdü. Və sonra Mədəniyyət sarayının böyük salonunda keçirilən tədbirdə çıxış edərkən də sərgidən söhbət açaraq, ordakı fotolar arasında bir şəkli görmədiyinə təəssüf etmişdi: “Axı, mən Sumqayıtın 25 illiyində də iştirak etmişdim, çıxışım da olmuşdu. Ancaq həmin şəkli bu gün sərgidə görmədim...”.

 

 

Olya xanım bunu bu gün onunla izah edir ki, həmin şəkildə Heydər Əliyevin başı üzərində “25” rəqəmi ilə yanaşı Leninin də şəkli olduğundan onu sərgidə nümayiş etdirməyə şəhər rəhbərliyi risq etməmişdi...      

3-cü görüş – 14 iyul 1999-cu il.  Bu, Ulu öndərin ilk dəfə olaraq Azərbaycan hakimiyyətinə gəlişinin 30 illiyinə təsadüf edirdi. Həmin tarixi gün münasibətilə Bakının İdman və Konsert sarayında Heydər Əliyevin rəhbərliyi ilə ötən illər ərzində respublikanın şəhər və rayonlarında aparılmış abadlıq-quruculuq işlərini əks etdirən fotolardan ibarət geniş bir foto-sərginin təşkili nəzərdə tutulmuşdu. Sumqayıt Muzeyinin kollektivi tərəfindən həmin sərgi üçün xeyli miqarda şəkil toplanmışdı – axı, Heydər Əliyev bütün hakimiyyəti dövründə ən çox Sumqayıtda səfərdə olmuş, onun sosial-iqtisadi, mədəni inkişafı üçün çox böyük işlər görmüşdü. Azərbaycan Boru-prokat zavodunda xarici avadanlıqlardan ibarət qurulmuş yeni “EMAQ” axın xətti, Sintetik kauçuk zavodunda inşa edilmiş Yaponiya istehsalı olan “EP-300”, “Üzvi sintez” zavodunda quraşdırılmış “Polimir-120” kompleksləri, bütünlükdə Kompressorlar zavodu, Superfosfat zavodunda dənəvər superfosfat istehsalatı və s. Ulu öndərin Sumqayıt sənayesinə ən böyük töhfələri idi.

Sərginin açılşına bugünkü Prezidentimiz - oğlu İlham Əliyevlə, qızı Sevil xanım, gəlini Mehriban xanıımla birgə gələn Heydər Əliyev ilk olaraq sərginin əvvəlində təqdim olunan Gəncə stendinə baxdıqdan sonra Sumqayıt stendinə yaxınlaşarkən 3 il əvvəl görmək istədiyi, lakin görə bilmədiyi, indi isə stenddə ilk foto olaraq şəhərin 25 illiyində özünün çıxışını əks etdirən iri planlı şəklini görüb, məmnunluqla gülümsünmüşdü. Elə bu vaxt Olya xanım irəli durub, demişdi: “Heydər müəllim, bu, Sizin Sumqayıtın 25 illik yubileyinizdə çəkilən şəklinizdir. Biz Sumqayıtlılar çox istərdik ki, Siz şəhərimizin 50 illik yubiley tədbirində də iştirak edərək, bizi sevindirəsiniz!”.

Muzey direktorunun öz adından, həm də ilk dəfə səsləndirdiyi bu təklif-dəvət ölkə Prezidentini çox sevindirmişdi. O, cavabında gülərək demişdi: “Allah qoysa! Hökmən!..”

 

 

Bu, “Sumqayıtın tarixi” Muzeyinin direktoru Olya İslamovanın Ulu öndərlə ən yadda qalan, hafizəsində dərin kök salmış üçüncü, təəssüf ki, son görüşü olmuşdu. Ancaq bununla belə dahi rəhbərin unudulmaz siması Olya xanımın xatirəsində bu gün də Günəş nuru kimi qalmaqda, işıq saçmaqdadır... 

 

Rəhman ORXAN,

Azərbaycanın Əməkdar jurnalisti.  

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır