Modern.az

Dünyadakı qaçqınların 82 milyonu ÖTDÜ

Dünyadakı qaçqınların 82 milyonu ÖTDÜ

Aktual

18 İyun 2021, 09:48

“Dünya liderləri on ilə yaxın davam edən, zorakılıq və təqiblərdən qaynaqlanan didərginliyin artması tendensiyasını dayandırmaq və gedişatı əks istiqamətə çevirmək üçün sülhü, sabitliyi və əməkdaşlığı möhkəmləndirməyə yönələn səylərini artırmalıdırlar”.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqın Agentliyinin “Qlobal tendensiyalar - 2020-ci il ərzində zorla didərgin salınmalar” adlı hesabatında bildirilib.

 

Bildirilib ki, pandemiyaya baxmayaraq, 2020-ci ildə müharibələrdən, zorakılıqdan, təqiblərdən və insan hüquqlarının pozulması səbəbindən didərgin vəziyyətinə düşənlərin sayı artaraq təxminən 82,4 milyon nəfərə çatıb. Bu, 2019-cu ilin sonunda qeydə alınmış rekord göstərici olan 79,5 milyonla müqayisədə dörd faiz artım deməkdir.

 

Hesabatda göstərilir ki, 2020-ci ilin sonu üçün 20,7 milyon qaçqın BMT QAK-ın mandatı altında, 5,7 milyon fələstinli və 3,9 milyon venesuelalı vətəndaşı olduqları və ya adətən yaşadıqları ölkədən kənarda olan didərgin kimi qeydə alınıb. Digər 48 milyon insan isə öz ölkələri daxilində məcburi köçkün vəziyyətində olub. Daha 4,1 milyon nəfər isə sığınacaq axtaranlar olub. Bu rəqəmlər göstərir ki, pandemiyaya və qlobal atəşkəs çağırışlarına baxmayaraq, münaqişələr insanları evlərindən didərgin salmaqda davam edir.

 

“Hər bir rəqəmin arxasında zorla evindən didərgin salınmış bir insan və didərginlik, məhrumiyyət və iztirab hekayəsi dayanır. Onlar təkcə humanitar yardımların göstərilməsində deyil, həm də ağır durumlarının həlli yollarının tapılmasında bizim diqqət və dəstəyimizə layiqdirlər”.

 

“Baxmayaraq ki, Qaçqınlar haqqında 1951-ci il Konvensiyası və Qaçqınlarla bağlı Qlobal Saziş didərginlik hallarına reaksiya vermək üçün hüquqi baza və vasitələri təmin edir, ilk növbədə insanları yurdlarından qaçmağa məcbur edən münaqişə və təqiblərin aradan qaldırılması üçün daha artıq siyasi iradəyə ehtiyacımız var”,- deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

 

Hesabata görə, yaşı 18-dən aşağı olan qızlar və oğlanlar zorla didərgin salınmış bütün insanların 42%-ini təşkil edir:

 

“Xüsusən böhranların illərlə davam etdiyi hallarda onlar xüsusilə həssas durumda olurlar. BMT QAK-ın yeni qiymətləndirmələri göstərir ki, 2018-2020-ci illər ərzində bir milyona yaxın uşaq qaçqın olaraq dünyaya gəlib. Onların çoxu gələcək illərdə qaçqın olaraq qala bilərlər.

 

“Bu qədər çox sayda uşağın didərginlikdə doğulması faciəsi münaqişə və zorakılıqların qarşısının alınması və onlara son qoyulması üçün daha çox səy göstərməyə kifayət qədər əsas verən səbəb təşkil edir”.

 

Hesabatda həmçinin qeyd edilib ki, 2020-ci ildə pandemiyanın pik dövründə 160-dan çox ölkə öz sərhədlərini bağlamış və hətta 99 dövlət himayə axtarışında olan insanlar üçün heç bir istisna müəyyən etməyib.

 

“Bununla belə, təkmilləşdirilmiş tədbirlər, məsələn, sərhədlərdə tibbi müayinələr, sağlamlıq sertifikatı və ya ölkəyə gəlişdən sonra müvəqqəti karantində saxlanma, sadələşdirilmiş qeydiyyat prosedurları və məsafədən (distant) müsahibələr sayəsində getdikcə daha çox ölkə pandemiyanın yayılmasının qarşısını almağa çalışmaqla yanaşı sığınacaq prosedurlarına çıxışı təmin etmək üsullarını tapıb.

 

İnsanlar sərhədləri keçməkdə davam etdikləri bir vaxtda milyonlarla digərləri öz ölkələri daxilində didərginə çevriliblər. Daha çox Efiopiya, Sudan, Sahel regionu ölkələri, Mozambik, Yəmən, Əfqanıstan və Kolumbiyadakı böhranların təsiri səbəbindən məcburi köçkünlərin sayı ötən il ərzində 2,3 milyondan çox artıb.

 

2020-ci il ərzində təxminən 3,2 milyon məcburi köçkün və cəmi 251.000 qaçqın evlərinə qayıdıb ki, bu da qayıdanların sayında 2019-cu illə müqayisədə, müvafiq olaraq, 40 və 21 faizlik azalma deməkdir. Digər 33.800 qaçqın sığınacaq tapdıqları ölkələr tərəfindən naturalizasiya olunublar. Qaçqınların üçüncü ölkələrdə məskunlaşdırılmasında kəskin azalma qeydə alınıb (keçən il cəmi 34.400 qaçqın məskunlaşdırılıb ki, bu da son 20 ilin ən aşağı göstəricisidir) ki, bu da üçüncü ölkələr tərəfindən məskunlaşdırma yerlərinin sayının azalmasının və COVID-19-un nəticəsidir.

 

Həll yollarının tapılması qlobal liderlərin və nüfuz sahibi olan şəxslərin fikir ayrılıqlarını kənara qoymalarını, siyasətə eqoistcəsinə yanaşmağa son qoymalarını və bunun əvəzinə münaqişələrin qarşısının alınmasına və həll edilməsinə və insan hüquqlarına hörmətin təmin edilməsinə diqqət yetirmələrini tələb edir”, – deyə Qrandi bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır