Modern.az

Siyasi partiyaları tanıyaq - Təkamülçülərin sədri: “Meydandan çəkilmək niyyətində deyilik”

Siyasi partiyaları tanıyaq - Təkamülçülərin sədri: “Meydandan çəkilmək niyyətində deyilik”

Ölkə

21 İyun 2021, 11:51

Azərbaycanda 60-a yaxın siyasi partiya dövlət qeydiyyatına alınıb. Siyasi təşkilatların bir çoxu cəmiyyətdə ya az tanınır, ya da ümumiyyətlə tanınmır.

Modern.az saytı ictimaiyyətin haqqında məlumatlı olmadığı siyasi partiyaları tanıtmağa çalışacaq. Partiya sədri kimdir, qurum nə vaxt yaranıb, üzvləri varmı?...


Beləliklə, “Siyasi partiyaları tanıyaq” rubrikasında Azərbaycan Təkamül Partiyasından (ATP) bəhs edirik.


ATP 2005-ci il avqustun 12-də dövlət qeydiyyatından keçib, sədri Teyyub Əliyevdir (Qənioğlu). Sədr deyir ki, partiya 2010-cu il noyabrın 7-də keçirilən parlament  seçkilərində mübarizə də aparıb. 34 saylı Xətai II seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən ATP sədri  Teyyub Əliyev 306 səslə 8-ci pillədə qərarlaşıb.
Amma ATP 2015 və 2020-ci illərdə keçirilən parlament seçkilərində mübarizə aparmayıb.

Teyyub Əliyevin sözlərinə görə, Azərbaycan Təkamül Partiyası müxalif mövqedə dayanan siyasi təşkilatdır və hazırda partiyanın 7 minə yaxın üzvü var.

 

O, partiyanın hazırkı fəaliyyəti və gələcək planları haqqında Modern.az-a danışıb.

 

Bildirib ki, son bir neçə ildə siyasi partiyalara münasibət dəyişsə də, hələ də problemlər var:


“Pandemiya zamanı öz görüşlərimizi yalnız onlayn formada keçiririk. Vaxtaşırı rayon təşkilatlarını ziyarət edirik. ATP Siyasi Bürosunun iclasları müntəzəm olaraq təşkil olunur. Nizamnaməyə görə, Şura altı aydan bir toplanır.  Üzvlərimizin çoxu müxalifətdə olduqlarına görə, iş problemi var. Bu gün siyasi partiyalara ölkə rəhbərliyi səviyyəsində münasibət dəyişib. Amma təəssüf ki, bəzi yerlərdə hələ də bu, o qədər də hiss olunmur. Bəhanələrlə işdən azad etmək, işə götürməmək hələ də var. Buna görə də imkan daxilində aztəminatlı üzvlərimizə yardım etməyə çalışırıq. Ölkədə baş verən istənilən siyasi hadisəyə öz reaksiyamızı bildirərək, təkamülçü mövqeyindən çıxış edirik. Ağı qaradan seçə bilirik. Baxmayaraq ki, müxalifət mövqeyindən çıxış edirik, amma mövqeyimizi düzgün ifadə edirik.

Keçən ildən başlayaraq müharibə dövründən digər siyasi partiyalarla birlikdə ölkədə baş verən bütün siyasi proseslərə mövqeyimizi bildiririk. Ali Baş Komandanın bu istiqamətdə işlərinı dəstəkləyirik. Son olaraq Şuşa Bəyannaməsi ilə bağlı öz mövqeyimizi bildirdik”.


Sədrin sözlərinə görə, siyasi partiyaların fəaliyyət göstərməsi üçün çoxsaylı amillər var. Bu amillərdən biri də maliyyədir.

“Dəfələrlə çıxış etmişik ki, Azərbaycanda müxalif partiyaların maliyyələşməsi bir problemdir. İki maliyyələşmə mənbəyi var: Milli Məclisə seçilənlərə dövlət büdcəsinin ayrılma və xaricdən maliyyələşmə. Birinciyə bizi yaxın buraxmırlar. Seçkilərdə bizə aldığımız səslər yox, istədikləri səslər yazılır. Misal üçün, mənim yaşadığım mənzilə 10 nəfər qeydiyyatdadır. Yaşadığım binada 200 nəfər partiya üzvü var. Məntəqədə isə mənə səs olaraq 2 səs yazılıb. Bu cür səsvermə ilə təbii ki, biz dövlət tərəfindən  maliyyələşə bilmirik.  Xaricdən maliyyələşmə isə bizlik deyil. Belə bir atalar sözü var: Pulu kim verirsə, musiqini də o sifariş verir. Biz xaricdən maliyyələşən partiyaların ölkədə baş verən siyasi hadisələrə necə münasibət göstərdiyini görürük, yəni bu bizlik deyil. Həmçinin, xarici siyasi partiyalarla əlaqə saxlamaq üçün də kifayət qədər maliyyə təminatı lazımdır.

Bir neçə il əvvəl böyük hay-küylə dedilər ki, siyasi partiyalara qərargah veririk. Təbii ki, bizə də təklif etdilər. Bir binada 4 otaq ayırdılar. Təbii ki, mən bunu qəbul etmədim. Bu, siyasi partiya üçün sadəcə alçaldıcı durum idi. Bu cür münasibət bizim üçün də çətindir. Bundan başqa, hər bir siyasi partiyanın mətbu orqanı olur.  Amma hazırda bizim üçün mətbu orqanı saxlamaq problemdir. Üzvlərin əksəriyyəti tələbələr və gənclərdir. Demək olar ki, biz üzvlük haqqı da götürmürük. Belə bir durumda fəaliyyət göstərmək çox çətindir. Ümid edirəm ki, nə vaxtsa siyasi partiyalara imkan yaradılar. Amma buna baxmayaraq, öz hesabımıza işlərimizi görürük. Belə olmasına baxmayaq, heç kimsədən küsmürük və ya incimirik. Materialımız budur, işləməyi bacarmalıyıq. İşləməyi bacarmırsansa, meydandan çəkilmək lazımdır. Biz də meydandan çəkilmək niyyətində deyilik”.


Teyyub Əliyev bildirib ki, təkmülçülüyü başa düşməyənlər bəzən Azərbaycan Təkamül Partiyasının  möyqeyini düzgün qiymətləndirə bilmirlər.

“1995-ci il sentyabrın 1-də partiyamızı yaratmışıq, amma 2005-ci ildə qeydiyyatdan keçmişik. Biz partiyanı yaratdığımız zaman ölkədə çoxlu siyası hadislər baş vermişdi, dövlət çevrilişi və s. Bizi bəzi müxalifət partiyaları qınayırdılar ki, ölkədə baş verən hadisələri görmürsünüzmü?

Biz hər zaman çevrilişlərə, qarşıdurmalara qarşıyıq. Yolumuz bəlli, uzun və  çətindir. Amma ən ağrısız yol budur”.


Aysel Məhərrəm

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür