Modern.az

YAP-çı deputatdan təklif: “Milli Məclis üzvlərinin sayı 200-ə çatdırılmalıdır”

YAP-çı deputatdan təklif: “Milli Məclis üzvlərinin sayı 200-ə çatdırılmalıdır”

Parlament

7 Oktyabr 2012, 23:11

Azərbaycan Milli Məclisinin hazırki və sabiq üzvləri parlametarilərin sayının artırılmasını nə ilə əsaslandırırlar?


Əhalıisinin sayı Azərbaycan vətəndaşlarından az olan ölkələrin bəzilərində  parlament üzvlərinin sayı Azərbaycanın millət vəkillərindən çoxdur.

Elə qonşu Gürcüstanda 2 milyon şeçiçi olsa da, deputatların sayı bizdəkindən artıqdır.

Məsələ Azərbaycanda bir neçə dəfə gündəmə gətirilsə də, gerçəkləşməyib. Bu isə onu göstərir ki, deputatların sayının artırılmasına qarşı çıxanlar daha güclüdür.

Amma yenə də  hesab edənlər var ki, Azərbaycanda əhali çoxaldığından deputatların sayı da qartırılmalıdır. Azərbaycan müstəqilliyini bərpa etdiyi illərdə əhalinin sayı 7 milyondan az olub.
Hazırda ölkə əhalisinin sayı 9,5 milyon nəfərə çatıb. Bəs onda 2,5 milyonluq artım deputatların sayını dəyişdirməyi zəruri etmirmi?

Milli Məclisimn Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının funksionerlərindən olan Eldar İbrahimov bildirir ki, parlamentarilərin say tərkibi 175-ə qaldırılmalıdır:

“Bunu mütləq gerçəkləşdirmək lazımdır. Milli Məclisdə təmsil olunan deputatların sayının artırılmasının tərəfdarıyam. Dəfələrlə bu barədə çıxışlar etmişəm. Mən hər dəfə çıxışlarımda Milli Məclis üzvlərinin sayının artırılmasının tərəfdarı kimi heç olmasa hər rayona bir deputatın düşməli olduğunu vurğulamışam. Elə bölgələr var ki, orda iki rayona bir deputat düşür. Bu baxımdan və əhalinin sayını nəzərə alsaq,  millət vəkillərinin sayınını artırılmasının lehinəyəm. Amma bu artım elə də çox olmamalıdır. Parlamentin say tərkibi təqribən 150-175 və ya 175-200 arasında dəyişsə, daha yaxşı olar. Bunu optimal hesab edirəm”.

Maraqlıdır, Avropa ölkələrində deputatların sayı hansı meyara əsasən müəyyən edilir?

AVRONEST Parlament Assambleyasının komitə həmsədri, deputat Fuad Muradov deyir ki, indiki halda Azərbaycanın parlamentinin say tərkibi Avropa göstəricilərindən 10-15 nəfər azdır. Onun sözlərinə görə,ümumiyyətlə parlamentin say tərkibi ölkənin idarəetmə üsuluna və əhalinin sayına görə dəyişir:

“Bizdə istər paytaxt, istərsə də region üçün təxminən 40-41 min seçiçiyə bir millət vəkili düşür. Gürcüstanda 2 milyona yaxın əhali olduğu halda parlamentdə 150 deputat təmsil olunur. Aktiv seçiçilərin sayını nəzərə alanda, Gürcüstanda millət vəkillərinin sayı Azərbaycan parlamentinin say tərkibindən çoxdur. Avropa göstəriciləri ilə müqayisə etsək, bizdə millət vəkillərinin sayı orta Avropa göstəricisindən 10-15 nəfər azdır. Əslində bunun bir neçə səbəbi var. Birincisi, millət vəkilinin daha çox seçiçiləri ilə görüşmək üçün imkanları olmalıdır. O, çalışmalıdır ki, daha çox seçiçi əldə etsin. Bizim reallığımızda bu çox çətindir, amma mümkündür. İkinci faktor ondan ibarətdir ki, belə yanaşmalar var ki, millət vəkili daha çox özü istiqamətində təşəbbüs göstərməlidir və bu təşəbbüslər yerlərdən-seçiçilərdən gəlməlidir. Üçüncüsü isə bu, büdcə ilə bağlı məsələdir. Odur ki, ilk növbədə bu faktorlar ödənməlidir”.

Millət vəkili onu da bildirir ki, Avropa ölkələrində əvvəllər parlamentarilərin sayı daha çox olub. Həmin ölkələr Avropa Birliyinə qoşulandan sonra millət vəkillərinin sayı azaldılıb.

Onun sözlərinə görə, bu da ona görə olub ki, onlar Avropa Birliyinə daxil olandan sonra Avropada təmsil olunmaq imkanları yaranıb:

“Hazırda bu qurumda 700 millət vəkili təmsil olunur. Eyni zamanda Avropa Birliyinə üzv dövlətlətin hər birinin ölkə daxilində milli parlamenti mövcuddur.

Bizdə isə deputatların sayı məsələsi Konstitusiyamızda öz əksini tapıb. Odur ki, bu elə də sadə məsələ deyil. Deputatların say tərkibini bir-iki ilə dəyişmək mümkün deyil. Amma mən belə fikirləşirəm ki, Milli Məclisin üzvlərinin sayı artırıla bilər”.

Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri, sabiq deputat Əliməmməd Nuriyev isə belə hesab edir ki, parlamentə deputat mandatı ayrılanda unitar quruluşa malik ölkələrin parlamentarilərilərinin sayı, coğrafiyası nəzərə alınır. Əsas məsələ isə əhalinin təmsilçilik məsələsinin doğru müəyyənləşdiriləmsi ilə bağlı olur:

“Azərbaycanda 9 milyondan çox əhali yaşayır. Seçiçilıərin sayı 5 milyona yaxındır. Digər ölkələrlə müqayisədə bizim parlamentin say tərkibi daha azdır. Parlamentin say tərkibi ilə bağlı bir müddət əvvəl müxtəlif fikirlər səsləndirildi. Deputatların sayının 200 nəfərə çatdırılması kimi fikirlər dilə gətirildi. Belə olan halda əhalinin təmsilçiliyi tam sürətdə təmin olunmuş olar, eyni zamanda siyasi münasibətlərin inkişaf etdirilməsində, parlamentin böyük funksiyası var. Ona görə də təmsilçilik nə qədər yetərli olarsa, problemlərin uğurlu həlli variantını tapmaq daha asan olar. Say tərkibinin artırılması parlamentin peşəkarlığına da müsbət təsir edə bilər. Hesab edirəm ki, qonşu ölkələrin təcrübəsinədən yararlanmağa dəyər”.

Hüquqşünas onu da bildirib ki, xarici təcrübədən istifadə edərək parlamentdə millət vəkillərinin say tərkibinin artırılması zəruridir. Onun sözlərinə görə, bunun həyata keçirməyin bir yolu Konstitusiyaya dəyişikliklər edilməsidir:

“Yeni Konstitusiya qəbul olunarkən parlamentin ikipalatalı olması haqqında fikirlər səsləndirilib. Amma qərara alındı ki, parlamentin ikipalatalı olması daha çox federativ dövlətlərə aiddir. Deyim ki, bu tək federativ yox, həm də unitar dövlətlərə də aid edilir. İkipalatalı sistem eyni zamanda qanunların daha təkmil variantının hazırlanmasına gətirib çıxaracaq. Düşünürəm ki, parlamentli respublikya keçid barədə də düşünmək pis olmaz. Belə olarsa, hakimiyyət bucaqları arasında tarazlığın daha dolğun təmin olunması mümkündür. Azərbaycanda artıq parlament üzvlərinin sayının artırılması haqqında düşünülməlidir. Bunun üçünsə, növbəti parlament seçkilərdən əvvəl referendum keçirmək gərəklidir. Azərbaycanın yaxın  gələcəkdə parlamentli respublika olmasını daha doğru variant hesab edirəm. İndiki halda isə növbəti parlament seçkilərinə qədər referendum keçirib parlament üzvlərinin sayını artıra bilərik. Bu hazırki vəziyyətdə zəruridir. Çünki parlamentdə Azərbaycanın bütün coğrafiyasının iştirakının təmini və siyasi qüvvələrin də təmsilçiliyi Milli Məclisə yeni töhfə verə bilər”.

Gültəkin Ələsgər

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır