Modern.az

Milli Mətbuat günü ərəfəsində düşüncələr...

Milli Mətbuat günü ərəfəsində düşüncələr...

14 İyul 2021, 14:24

Akif Cabbarlı,
Yazıçı-publisist


Yarım əsrə yaxın müddətdə yazı-pozu ilə məşğul olan, televiziya və radioda, ölkənin tanınmış nəşrlərində çalışan bir qələm adamının ola bilər ki, nostalji duyğuları kimi dəyərləndirilən düşüncə və qənaətlərini qəbul etməyənlər də kifayət qədər tapılacaq. Amma yenə də ürəyimdən keçən və vaxtilə dilimə gətirdiyim, kağıza köçürdüyüm fikirləri yenidən səsləndirmək istədim. Çox mümkündür ki, həmkarlarım təqdim edəcəyim qeydlərlə tanışlıqlarını yada salacaq və niyə təzədən bu köhnə fikirləri xatırlatmaqda məni qınayacaqlar. Sözün düzü, mətbuat adamının bağlandığı, ömrünü, taleyini həsr etdiyi peşə ilə bağlı qürurverici və bəzən təəssüfləndirici məqamlara yenidən qayıtması, zənnimcə, təbii qarşılanmalıdır.


Son vaxtlar mətbuata dövlət qayğısının gücləndirilməsi, yeni, daha mütərrəqi bir qurumun – Media Agentliyinin yaradılması bu sahənin işıqlı gələcəyindən xəbər verir. Qəzetlərə və saytlara nəzərəçarpan fəaliyyətlərinə görə xüsusi layihələr əsasında maddi yardımların ayrılması, hansısa şəkildə kömək göstərilməsi təbii ki, bu mətbuat orqanlarının məsuliyyətini artırır, yaradıcı kollektivlərin öz potensiallarını daha geniş miqyasda sərgiləməsinə rəvac verir. Media Agentliyi öz imkanlarından daha geniş şəkildə istifadə etmək iddiasındadır və biz bu qurumdan daha uğurlu layihələrin reallaşdırılmasını gözləyirik.


Azərbaycan Mətbuat Şurası qəzet redaksiyalarının və jurnalistlərin ideya-siyasi və mənəvi cəhətdən düzgün istiqamətləndirilməsi, rekertçiliklə məşğul olan cızma-qaraçılarla mübarizə sahəsində səmərəli işlər görür. Yeri gəlmişkən, Mətbuat Şurası nəzdindəki Ahıl Jurnalistlər Məclisinin hamımızın ürəyindən xəbər verən fəaliyyətini xüsusi qeyd etmək istərdim. Ömrünü-gününü jurnalistikaya, qəzetçiliyə həsr etmiş fədakar jurnalistlərimizin taleyi, sağlamlığı, məişət qayğıları Məclisin daim müşahidə radiusundadır. Elə buradaca deyim ki, Media Agentliyi də yaşlı və təcrübəli jurnalistlərin yubileylərinin keçirilməsi, kitablarının təqdimatı, sosial problemlərinin həlli istiqamətində fəaliyyətini gücləndirsə, bu insanların mənəvi cəhətdən həvəsləndirilməsinə, yenidən cəmiyyətə, media aləminə dönüşünə kömək edərdi.

Ustad hesab olunan profesionallar arasında ayrıca yazı müsabiqələri keçirmək, onları mətbuatla bağlı kütləvi tədbirlərə daha geniş şəkildə cəlb etmək Azərbaycan Mətbuat Şurasının və Media Agentliyinin doğma işinə çevrilməlidir. Bu tədbirlər yaşlı qələm sahiblərinin hələ də yazıb-yaratmaq həvəsini və qismən də olsa maddi cəhətdən təminatını stimullaşdıra bilərdi. Belə yazarların, tanınmış publisistlərin imkanlı redaksiyalarda müqavilə əsasında fəaliyyətinə də meydan verilsə, ahıl jurnalistlərimizin sevincinə, daha səmərəli çalışmasına səbəb olardı. Mən əvvəlki yazılarımda da qeyd etmişəm, bu cür praktika dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur. 2002-ci ildə ABŞ-a səfərim zamanı “Vaşinqton Post”, “Nyu-York Tayms” kimi nüfuzlu nəşrlərdə 70-80 yaşlı jurnalistlərin gənclərlə bir sırada çalışdıqlarının şahidi olmuşam.


Yaradıcılıq diskusiyaları, səviyyəli mətnlərin yüksək qiymətləndirilməsi indi xeyli aktuallaşmışdır. Redaksiyalar da bu istiqamətdə səmərəliliyi artırmalıdırlar. Yeri gəlmişkən, niyə də müəllimlər, həkimlər, dövlət qulluqçuları kimi jurnalistlər də işə test yolu ilə götürülməsin? Belə olarsa, qəzet redaksiyaları da qazanar, işə yalnız professionallar qəbul olunar, jurnalist olmaq eşqinə düşən bəzi işbazlar da bacardıqları işin dalınca gedərlər.


Bu gün elektron mediada da genişmiqyaslı islahatlara ciddi ehtiyac duyulur. Doğrudur, indi televiziya və radio kanallarında öz işini sevən, qabiliyyətli gənclərin sayı getdikcə artmaqdadır. Amma gəlin unutmayaq ki, ara-sıra rast gəlinən bəzi neqativ halların qarşısının alınması günün başlıca tələblərindən birinə çevrilmişdir. Belə halların qarşısını almaq üçün ən etibarlı faktor isə ictimaiyyətdir. Biz bu gün sovet dövrünü çox ürəkdən tənqid edir və deyirik ki, o dövrdə qanunlar televiziya verilişlərinə bəsitlik gətirirdi. İdealizə etmək fikrindən uzağam, amma bu mənada o dövrün bir yaxşı cəhəti də var idi – ictimai təşkilatlar, kino xadimləri, bəstəkarlar, rəssamlar, yazıçılar təşkilatları, digər bu kimi qurumlar televiziyanın formalaşmasında, ideoloji-siyasi istiqamətinin müəyyənləşməsində böyük rol oynayırdı. Bu cür təşkilatlarla Azərbaycan Televiziyasının sıx əməkdaşlığı böyük səmərə verirdi. Mahnı janrının problemləri, dilçilik məsələləri və digər mövzular ciddi müzakirə olunurdu. Sevindirici haldır ki, Azərbaycan Televiziyası belə ənənələri bu gün də uğurla davam etdirir. Digər telekanalların da ziyalılarla, yaradıcı təşkilatlarla əməkdaşlığını gücləndirməsini arzulayırıq.


Gəlin unutmayaq ki, cəmiyyətin bütün kateqoriyaları televiziyalardan həyata normal baxış, insanların mənəviyyatına, yaşam tərzinə uyğun verilişlər, musiqi proqramları, filmlər göstərməyi arzu etməkdə tam haqlıdırlar. Televiziyalar cəmiyyətə köklənməli, amma tamaşaçıya hər hansı yad ideologiyanı, mənəvi etik ölçülərdən uzaq düşüncələri sırımamalıdırlar. Bugünkü gənclik, yetişməkdə olan nəsil televiziya ekranlarında gördüklərini ideal hesab edir, hərəkətlərini göstərilənlərlə və danışılanlarla eyniləşdirməyə cəhd edirlər. Bu tendensiyadan isə televiziyalr sui-istifadə etməməli, öz iddialarını yeritməyə çalışmamalıdırlar. Bu da televiziya proqramlarını hazırlayan əməkdaşlardan və aparıcılardan yüksək professionallıq, mənəvi-etik yetkinlik tələb edir. Təəssüf ki, hələ də telekanallarda bu prinsipləri doğrultmayan kadrlara da rast gəlirik.


Müasir medianın diqqətçəkən problemlərindən çox danışmaq olar. Onlardan biri də mövzu seçimi ilə bağlıdır. İndi ölkənin ən populyar, say-seçmə saytlarında belə sensasiya və operativlik naminə heç bir ictimai yükü və mənası olmayan informasiyalara gen-bol yer ayrılır. Ailədaxili münaqişələr, qohumların, ərlə arvadın bir-birinə sui-qəsdi, qonşudakı dul qadına edilən seksual basqı, suvarma və bağ sahələrinin hasarlanması üstündə qardaşların davası, hansısa cavan oğlanın, yaxud yeniyetmə qızın intihara cəhd göstərməsi, ucqar dağ rayonunda yolu keçən inəyin “Kamaz”la vurulması və sair və ilaxır “hadisələr” niyə mətbuatda dönə-dönə tirajlanırsa, başa düşülmür.


Bunların əvəzində son vaxtlarda Bakı çimərliklərində yaranan xaotik vəziyyət, insanların çimərliyə pulsuz girişinə qoyulan qadağalar, ümumən dənizin xeyli hissəsinin hansısa oliqarxlar və pullu, imkanlı şəxslər tərəfindən icazəsiz hasarlanması (dünyanın heç bir yerində belə hallarla rastlaşmazsınız), ictimai nəqliyyatdakı problemlər, fermerlərin öz məhsullarını realizə etməsində yaranan süni əngəllər, məktəblilərin və tələbələrin yay tətilini daha səmərəıli keçirməsinə mane olan baryerlər, brokonyerlərin meşələrdəki qiymətli ağacları amansızcasına qırıb tələf eləməsi, azyaşlı qızların zorla ərə verilməsi, pensiyaçı vətəndaşların güzəranı və digər saysız-hesabsız problemlər barədə yazılar dərc olunsa, oxucular üçün faydalı olar, saytlara və qəzetlərə nüfuz qazandırardı.


Ölkəmizdə medianın inkişafı şəksizdir. Qəzet və jurnallarda, televiziya və radiolarda, saytlarda çalışan peşəkar jurnalistlər elmin, sənətin, ədəbiyyatın, siyasətin ən müxtəlif sahələri barədə maraqlı, bitkin, yüksək səviyyəli yazılarla minlərin, milyonların sevimlisinə çevrilə biliblər. Qoy, onların işini Allah avand eləsin. Jurnalistikaya qəlbən bağlanan, ağ kağıza ürəyindən gələn qızıl kimi kəlmələri səbrlə, dəyanətlə, ləyaqətlə köçürən həmkarlarıma çətin və şərəfli yaradıcılıq yollarında uğurlar arzulayıram.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı