Modern.az

Milli Məclisdə mübahisə düşdü: “Bu, deputata yaraşan çıxış deyil”

Milli Məclisdə mübahisə düşdü: “Bu, deputata yaraşan çıxış deyil”

Parlament

16 Oktyabr 2012, 13:28


“Təmas xəttində yerləşən hərbi hissələr sanki cəmiyyətdən təcrid olunmuş şəraitdə fəaliyyət göstərirlər. Orduya yığılmış bu qədər maliyyə hara gedir?” .
 
Modern.az xəbər verir ki, bu sözləri oktyabrın 16-da Milli Məclisin plenar iclasında millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan Ordusunun 95 illik yubileyi münasibətilə təsis olunan  medalla bağlı müzakirə zamanı deyib. O Azərbaycan Ordusundakı vəziyyətlə bağlı çıxış edib.

Sabir Rüstəmxanlı bu yaxınlarda düşmənlə təmas xəttində yerləşən N saylı hərbi hissədəki vəziyyətlə bağlı öz təəssüratlarını açıqlayıb. Onun sözlərinə görə, təmas xəttində yerləşən hərbi hissələr sanki cəmiyyətdən təcrid olunub. Deputat həmin hərbi hissələrə diqqətin ayrılmasına ciddi ehtiyac olduğunu bildirib. S.Rüstəmxanlının sözlərinə görə, orada olarkən bəzi çatışmazlıqların və əsgərlərin vəziyyətindəki problemlərin şahidi olub.

“Mən həmin hərbi hissədə olarkən əsgərlərin və hərbi texnikanın vəziyyətini müşahidə etdim və soruşdum: Orduya yığılmış bu qədər  maliyyə hara gedir?”.

Millət vəkili deputatları bununla bağlı parlamentdə komissiya yaratmağa çağırıb. O, millət vəkillərinə həmin hərbi hissələrə getməyi təklif edib. Deputatın sözlərinə görə, əsgərlərlə söhbət edərkən sanki onların içlərinin boş olduğunu müşahidə edib.
“Hərbi hissədə kitab yox, komandiri axtarırsan, yerində tapmaq olmur”. S. Rüstəmxanlı bildirib ki, həmin hərbi hissədən 200 metr o tərəfdə isə düşmən yerləşir:

“Mən hesab edirəm ki, təmas xəttindəki hərbi hissələrə diqqət artırılmalı və ora deputatların səfərləri təşkil olunmalıdır”-deyə o, vurğulayıb.    Millət vəkili Aydın Mirzəzadə Sabir Rüstəmxanlıya cavab olaraq bildirib ki, bu, deputata yaraşan çıxış deyil:

“Bu cür çıxışlarla biz kimə çağırış edirik? Bəs Mübariz İbrahimovlar harada yetişir? Azərbaycan Ordusu ən müasir silahlarla təchiz olunub, ordumuz  torpaqlarımızı hər zaman işğaldan azad etməyə qadir bir ordudur. Hansı komandir yerində tapılmır?”.
  Milli Məclis sədrinin I müavini  Ziyafət Əsgərov da Sabir Rüstəmxanlıya irad tutub:

“Siz deputatsınız, bu məsələ ilə bağlı nə zaman Yazıçılar Birliyinə müraciət etmisiniz? Yazıçı və şairlərlə birlikdə cəbhə bölgəsinə getmisiniz? Qoy o adam danışsın ki, o, belə bir şəxsi nümunə göstərsin. Elə bir nümunə ortada olsun. Heç kim sizin qabağınızı kəsməyib. Məsələni  necə istəyirsiniz həll edə bilərsiniz. Azərbaycan hökuməti və prezidenti ordunu möhkəmləndirmək üçün əlindən gələni edir. Bəs ictimaiyyət nə edir? Mən bir şairin, yazıçının  cəbhə bölgəsinə getdiyinin şahidi olmamışam”.

  Modern.az  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır