Modern.az

Sərdar Cəlaloğlu: “Mən çıxış edəndə yazırlar ki, boş-boş danışma” - MÜSAHİBƏ

Sərdar Cəlaloğlu: “Mən çıxış edəndə yazırlar ki, boş-boş danışma” - MÜSAHİBƏ

Müsahibə

5 Avqust 2021, 14:56

“Elçibəyin ideyalarını daşıyan bir nəfər də tanımıram”

 

“Partiya sədri ölür, başsağlığı verməyə adam tapmırıq”

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Modern.az-a müsahibə verib. Onunla söhbəti təqdim edirik:

 

- Sərdar bəy, gənc siyasətçiləri izləyirsinizmi?

 

- İzləməyə vaxtım olmur. Mətbuatda həddindən çox çıxışlarım olur, vaxtım çox gedir. Qalan zamanımda da kitab yazıram. Quranın izahı ilə bağlı çoxcildli kitabın üzərində işləyirəm. Həmçinin bir neçə kitabım var ki, onları redaktə edirəm. Yalnız bəzi liderləri izləyirəm, onların hadisələrə yanaşması, fikirləri mənə maraqlı gəlir.

 

- Son günlər gənclər arasında Tural Abbaslı daha fəal görünür. Onun çıxışlarını və siyasi fəaliyyətini necə qiymətləndirirsiniz?  

 

- Tural Abbaslı başqa bir partiyanın təmsilçisidir. Onun fəaliyyətinə münasibət bildirməyim absurd məsələdir. İzləmirəm.  

 

- Siyasətçilər arasında adını eşitməmisiniz?

 

-Nəsil siyasətçiləri var. Öz dövrümüzün siyasi liderləri ilə oturub-dururuq. Tural gəncdir. Düzdür, çox hörmət etdiyim siyasətçidir. Amma oturaq danışaq, hansısa siyasi məsələni müzakirə edək - bu olmayıb. Yaşımız və dünya görüşümüzün fərqliliyi buna imkan verməyib. Ona görə, bir söz deyə bilmərəm.

 

Onu bilirəm ki, Turalın ətrafında yaxşı piar qrupu var, sosial şəbəkələrdə reklamı, yayımı yaxşı qurublar. Çox yaxşı təbliğ edirlər. Bunu görürəm. Uğurlar diləməliyik.

 

- Bütün siyasi partiyalar bir-birinə rəqibdir. Tural Abbaslını sağlam rəqib kimi görürsünüz?

 

- Bizim yaşımız və təcrübəmiz arasında həddindən artıq fərq var. Mən ondan çox böyüyəm. Necə rəqib görə bilərəm? Tural Abbaslının rəqibləri özü yaşında siyasətçilər ola bilər. Onlarla rəqabət apara bilər.

 

- Dediniz, bəzi siyasətçiləri izləyirəm. Kimlərdir?

 

- Məsələn, Əli Əliyevin, Pənah Hüseyn, İqbal Ağazadə və Mirmahmud Mirəlioğlunun bəzi çıxışlarını izləyirəm. Mənimlə eyni dövrdəki siyasi liderlərin hadisələrə baxışı məni çox maraqlandırır. Gənclərin həyata baxışında onsuz da nəsil fərqliliyi var. Ona görə, gənclərin fikirləri davranışları ilə o qədər də maraqlanmıram. Onlarla rəqabət aparmıram. Mənə yaraşmaz ki, oğlum yaşımda adamla rəqabət aparım. Təmkinli olub, işini yaxşı görsə, çox kitab oxusa, siyasi nəzəriyyə ilə tanış olsa, perspektivdə Azərbaycanda siyasi şüura çevrilə bilər. Gəncliyin verdiyi enerji burulğanı var, aktivdirlər, amma siyasət tək televiziyaya çıxıb, yaxşı danışmaq demək deyil. Hadisələri dərk etmək, düzgün qiymət vermək, proqnozlaşdırma və s. keyfiyyətlər olmalıdır. Bu, həm öz üzərində işləməklə, həm savadla, həm də təcrübə ilə bağlıdır. Azərbaycanda siyasəti o qədər sadə, mənasız sahə kimi hesab edirlər ki... Kimsə işini itirəndə, özünə yer tapmayanda fikirləşir ki, ən azı siyasətçi olaram. Ona görə gündə bir siyasi partiya yaradırlar. Amma siyasətə ciddi yanaşmalıyıq. Xalqın taleyi ilə məşğul olanlar gərək yüksək biliyə, intellektə malik olsunlar.

 

- “Gündə bir siyasi partiya”nı gənclər yaradır, yoxsa orta nəsil?

 

- İki böyük bəlamız var. Biri demokratiyadan sui-istifadə, ikincisi də demokratik bataqlıqdır. Azadlıqlar hər cür insanın yararlanmasına imkan yaratdığına görə, bəzən ləyaqətsiz insanlar da azadlıqdan istifadə edirlər. Ona görə, bəzən yalançı partiyalar, siyasətbazlıq meydana çıxır. Gərək politoloqlar siyasi sferanın problemlərini şərh etsinlər.

 

Bizdə kim pafosla danışa bilir, kəskin ifadələr işlədir, asıb-kəsə bilir, söyə bilir, onlar xalq tərəfindən sevilirlər. Ona görə, heç nə əldə edə bilmirlər. Azərbaycan xalqının siyasət haqqında fikirləri yanlışdır.

 

- Sizə münasibət necədir?

 

- Mən çıxış edəndə, ideoloji siyasi cəbhədə bir fikir söyləyəndə altından yazırlar ki, boş-boş danışma. Satqınsan, xəyanətkarsan. Camaat elə bilir ki, siyasi lider ancaq söyməli, təhqir etməlidir. Düşünürlər ki, mən siyasətçi kimi guya ölkədə icra başçılarını tutdurmalı, cinayətkarlığa, işsizliyə qarşı mübarizə aparmalıyam. Adamlar heç bilmirlər ki, siyasi partiya nəyə lazımdır, nə işlə məşğul olmalıdır. Ona görə, formal şəkildə siyasətə daxil olanların çoxu qeyri-siyasi işlərlə məşğul olur, bunu da siyasi iş kimi təbliğ ediblər. Azərbaycanda siyasi iş adı altında qeyri-siyasi proseslər gedir.

 

- Bəs əsl siyasətçi, əsl müxalifət kimdir?

 

- Bunun əsli və ya qeyri-əsli yoxdur. Ancaq xalq müəyyən edə bilər. Mən desəm ki, əsl bu yolu davam etdirən Pənah Hüseyndir, üstümə hücum çəkərlər ki, niyə gedib ona qoşulmursan? Ona görə, bu suala cavab vermək etik deyil.

 

- Azərbaycanda 62 siyasi partiya var. Sizcə bu düzgündür?

 

- Qətiyyən! Azərbaycanda 4 siyasi partiyadan artığına ehtiyac yoxdur. Bu siyasi partiyalar ideoloji platformalara uyğun olmalıdır. Bir liberal, bir milli-demokratik, bir dini-demokratik, bir də sosial yönümlü partiya olmalıdır. Bu qədər bəsdir. İnsanların sadaladığım dörd kimliyinə uyğun siyasi iş aparılmalıdır. Yoxsa indi?! “Koroğlu Partiyası”, “Turan Partiyası”, “Millətçi Partiya”, “Qurdçu Partiya”... - elə partiyalar var ki, adam məəttəl qalır.

 

- Bu partiyalar ləğv edilsə, çoxpartiyalılıq sisteminə kölgə düşməz?

 

- Çoxpartiyalılıq çoxlu partiyalılıq demək deyil. Çox partiyalılıq siyasi sistemdir. Həmin partiyaların hökumətin, dövlətin həyatında iştirakı ilə bağlı ciddi qayda-qanunlar olur.

 

Bizdə vəziyyət gülməlidir. Partiya sədri ölür. Biz həmin partiyadan adam tapmırıq ki, başsağlığı verək. Partiyanın rəhbəri, müavini, üzvləri bilinmir. Biabırçılıqdır. İndi də cəmi dörd partiya var ki, millət üçün çalışır. Qalanları isə bu dörd partiyanın kölgədə qalması, insanların hansı partiya ciddidir, hansı qeyri-ciddidir, seçə bilməməsi üçün saxlanıblar. 

 

- Dörd siyasi partiya saxlansa, onlara kimlər rəhbərlik etməlidirlər?

 

- İsa Qəmbər millətçi qanada rəhbərlik edə bilər. Mən liberal demokratik qanada rəhbərlik edə bilərəm. Sosial qanadı əvvəllər Zərdüşt Əlizadə və ətrafı mənimsəmişdilər. Amma indi siyasi meydanda yoxdurlar. Mirmahmud Mirəlioğlu da, Əli Əliyev də bu qanada rəhbərlik edə bilər.

 

- Bəs gənc siyasətçilər?

 

- Ağzında gənc deyirsən. Gənc gərək İsa Qəmbərin yaşına çata ki, mən deyim, onun potensialı var, yoxsa yox. Adam hələ indi bu yola düşüb, indidən deyirlər ki, lider olsun. Azərbaycanda siyasətə nə qədər gənc gəldi, çıxıb getdilər. Nə izləri, nə də tozları qaldı. Biz 30 ildir siyasətdəyik, filankəs 3 ildir. Necə müqayisə edək? İctimai siyasi hadisələrdə iştirak etməyən heç bir siyasətçi lider ola bilməz.

 

-Sizcə, Əbülfəz Elçibəyin qurduğu AXCP-dən törəyən partiyalar arasında hansı daha öndədir?

 

- Elçibəyin partiyasından çıxan və Elçibəyin ideyalarını daşıyan bir nəfər də tanımıram. Bircə Mirmahmud Mirəlioğlu çalışır ki, həmin yolu davam etdirsin.

 

- Yəni partiyanı, ideyanı sıradan çıxarıblar?

 

- Bəzi adamlara Elçibəy istifadə etmək üçün lazım oldu. Elçibəyin adından, tarixi rolundan, xalqın sevgisindən istifadə edib, özlərinin siyasi oyunlarını oynadılar. Elçibəyin sağlığında ona hörmət etməyən, arxadan zərbə vuran, xəyanət edən, lağ edənlər indi özünü Elçibəyin davamçısı elan etməsi təlxəklikdən başqa bir şey deyil.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır