Modern.az

Muğam tədqiqatçısı Gülhüseyn Kazımlının köməyə ehtiyacı var

Muğam tədqiqatçısı Gülhüseyn Kazımlının köməyə ehtiyacı var

Mədəni̇yyət

9 Avqust 2021, 10:32

Tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlının səhhətində yaranmış problem getdikcə ağırlaşır.

Mədəniyyət tariximiz və muğam irsimizin fədakar tədqiqatçısının indi həm mənəvi, həm də maddi dəstəyə ehtiyacı var.

Bir müddətdir Bakıdakı xəstəxanaların birində bahalı müalicə almağa başlayan Gülhüseyn Kazımlı düçar olduğu ağır xəstəliyin bütün tibbi xərclərini özünün aldığı təqaüdlə qarşılamaq zorunda qalıb.

Modern.az saytının əməkdaşı Gülhüseyn Kazımlı ilə əlaqə saxlayaraq, onun vəziyyətilə maraqlanıb.

Tədqiqatçı alim bildirib ki, hazırda kimyaterapiya müalicəsi alır:

“Kimyaterapiya müalicəsi alıram. Artıq iki seans geridə qalıb, Allah heç kimə göstərməsin, adamın əhədini kəsir.
Bu çox bahalı müalicə növüdür, hər 14 gündən bir 2000 manat ödəməliyik. Mənim maddi imkanlarım isə buna uyğun deyil. Həmin xərci ailə üzvlərimin məvacibi, mənim pensiyamı-filanı cəmləyib bir təhər ödəməliyik. Hələ ki digər çıxış yolu tapa bilmirəm”.

G.Kazımlı bildirib ki, bu xəstəliyin anatomiyası elədir ki, o, bütün tibbi xərcləri mədəniyyət və muğam təqdqiqatçısı kimi aldığı məvacib və təqaüdlə qarşılaya bilməz.

Müsahibimiz bəzi dostlarından gileylənərək, onların yoxa çıxmağından da təəssüflənib.

Sağlıq durumundakı problemin ciddiliyi artıq onu deməyə əsas verir ki, indi Gülhüseyn müəllimə təkcə dostların deyil, həm də dövlətin aidiyyəti qurumlarının maddi dəstəyi mütləqdir. 

Tədqiqatçı alim ziyalıların onun vəziyyətilə bağlı müvafiq təşkilatlara müraciət edəcəyinə inamını da itirməyib.

Əslən Qarabağ bölgəsindən olan Gülhüseyn Kazımlının arzuları çoxdur. Ən böyük arzusu isə işğaldan azad olunmuş doğma Cəbrayıla getmək, uşaqlıq xatirələrilə baş-başa qalmaqdır:

“Mən qarabağlıyam. O torpaqlar mənə çox əzizdir. Babalarımın ruhları orada toxtaqlıq tapıb. Kaş biləydiniz, dogma Cəbrayılım üçün nə qədər darıxıram. Ömrümün bir hissəsi orda keçib. Bircə dəfə Cəbrayılı görə bilsəydim, özümü dünyanın ən xoşbəxti sanardım”…

Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitunun Filologiya fakültəsini, Bakı Ali Partiya Məktəbini, Moskvadakı İctimai Elmlər Akademiyasının Mədəniyyət tarixi və mədəniyət nəzəriyyəsi kafedrasını bitirib, filologiya üzrə fəlsəfə doktorudur.

50 ildən çoxdur yaradıcılıq fəaliyyəti ilə məşğuldur. Buraya publisistik əsərlər, şeirlər, ssenarilər daxildir.
 
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

"Vətən sevgisi" (1978), "Yollarda ömür" (1981), "Mənə inan" (1983), "İnsanın dərki" (1995), "Ümid yeri" (2003), "Heydər Əliyevin yadigarları" (2004) və "Seçilmiş əsərləri" (2010) kitablarının müəllifidir.

Onun sözlərinə dövrün böyük bəstəkarları Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Əfsər Cavanşirov, Nəriman Məmmədov mahnılar yazıb. Həmin mahnıları da Baba Mirzəyev, İlhamə Quliyeva, Flora Kərimova, Oqtay Ağayev kimi sənətkarlar ifa edib.

Tədqiqatçı-alim Gülhüseyn Kazımlı həm də görkəmli xanəndələr, ifaçılar haqqında oçerk, məqalə və kitabların müəllifidir.

Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Bülbülcan, unudulmaz qarmon ifaçısı Kor Əhəd haqqında kitablara imza atıb. Gülhüseyn Kazımlı görkəmli muğam ifaçıları haqqında radiooçerklərin müəllifi kimi də tanınır.

Son illər Beynəlxalq Muğam Mərkəzində muğam sənətinin təbliği ilə əlaqədar çeşidli tədbirlər və müxtəlif layihələr həyata keçirən G.Kazımlı “Unudulmayanlar” və “Dəyirmi masa” kimi layihələrin koordinatoru olub.

“Unudulumayanlar” layihəsi çərçivəsində Azərbaycan muğamının 10-dan çox korifeyinin həyat və yaradıcılığı onun tərəfindən yenidən tədqiq olunub, onların həyatı haqqında indiyə qədər məlum olmayan faktlar və sənədlər üzə çıxarılıb. Bu tədqiqatlar əsasında Beynəlxalq Muğam Mərkəzində onların xatirə gecələri keçirilib. Hər dəfə 400-dən çox muğamsevər bu gecədə iştirak edib və həmin gecələr Mədəniyyət kanalı vasitəsi ilə nümayiş etdirilərək, geniş dinləyici auditoriyası qazanıb.

Gülhüseyn Kazımlı 50 illik yaradıcılıq fəaliyyəti dövründə 15-dən çox kitaba müəlliflik edib.

Azərbaycan mədəniyyəti qarşısında müəyyən xidmətləri var. Düzdür, həmin xidmətlərin hamınınkından çox olduğunu iddia etmir, “amma bunlar heç də az deyil” deyir.


Gülhüseyn Kazımlını tanıyan ziyalılar çoxdur. Belə bir məqamda həmin ziyalıların qabağa düşüb Azərbaycan muğamının hamisi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət etməsi yerinə düşər. Bu müraciətin cavabsız qalmayacağı təqdirdə muğam irsimizin tanınmış tədqiqatçısının səhhətinə diqqət və qayğının artacağı şübhə doğurmur.


Ə.Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir