Arxiv
20 Avqust 2021, 17:36 | REPORTAJ
Bakının məşhur qonaqları: İndira Qandini Azərbaycana gətirən SƏBƏB

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqpərvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açır, Azərbaycan təbiətinin gəzməli-görməli yerlərinə valeh olduqlarını gizlətmirlər. Məhz bu səbəblərdən Azərbaycan xalqı qonaqpərvərliyi ilə dünyaya səs salmış millət kimi tanınır.

Ötən illər ərzində çox məşhurlar Bakıda qonaq olublar. Həmin məşhurların qısa və ya uzunmüddətlik səfərləri Bakının və insanlarımızın keçmişində silinməz izlər qoyub.

Modern.az saytı məşhurların Bakı səfəri haqqında silsilə məqalələri davam etdirir.

“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olmuş şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açılır, o səfərlərin şahidilərinin xatirələri təqdim edilir. Bakıya kimlər gəlməyib?..


Budəfəki yazımızda Hindistanın baş naziri olmuş İndra Qandinin Bakıya gəlişindən bəhs edirik.

İndira Qandi 1917-ci il noyabrın 19-da Hindistanın Allahabad şəhərində dünyaya gəlib. Onun ailəsi Hindistandakı Britaniya müstəmləkəçiliyinə qarşı fəal mübarizə aparanlardan idi.

İndira hələ məktəb illərində müstəmləkə siyasətinə etiraz edən aksiyalarda və tətillərdə iştirak edirdi. 

1934-cü ildə 17 yaşlı İndira ədəbiyyat üzrə Nobel mükafatı laureatı Rabindranat Taqorun təsis etdiyi Xalq Universitetinə daxil olub. 2 il burada təhsil aldıqdan sonra anasının ölümü ilə bağlı təhsilini yarımçıq qoyub və ailəsinin yanına qayıdıb. 1937-ci ildə isə təhsilini artırmaq üçün Böyük Britaniyaya yollanıb. O 4 il ərzində Oksford Universiteti yanında fəaliyyət göstərən Somervel kollecində tarix, antropologiya və dövlət idarəçiliyi ilə bağlı dərs alıb.

Tələbəlik illərində İndira London iqtisadiyyat məktəbində təhsil alan hindistanlı tələbə Feruz Qandi ilə tanış olub. Elə Qandi soyadı da buradan qaynaqlanır.


İndira Qandi həyat yoldaşı Feruz Qandi ilə

1942-ci ildə isə onlar ailə həyatı qururlar. Feruz Qandinin zərdüştlük dininə sitayiş edən fars xalqının nümayəndəsi olması ailəsini narazı salsa da, İndira Qandi buna önəm vermir. Toydan bir neçə ay sonra Britaniya polis orqanları onları siyasi fəaliyyətə görə həbs edir. Feruz Qandi yalnız 9 ay sonra həbsdən azad olunur. 1944-cü il avqustun 20-də onların Raciv, 1946-cı il dekabrın 14-də isə Sancay adlı oğul övladları doğulur.

15 avqsut 1947-ci ildə Hindistan müstəqil dövlət elan olunanda İndira Qandinin atası Cəvahirləl Nehru ölkənin baş naziri idi. O zaman 30 yaşı olan İndira Qandi Oksford Universitetini bitirən evli xanım və 2 oğlu anası idi.

Hindistan müstəqillik qazanandan sonra İndira Qandi atası, baş nazir Cəvahirləl Nehrunun şəxsi katibəsi oldu. Elə o vaxtdan etibarən siyasi karyerası sürətlə irəliləməyə başladı. O, hakimiyyətdəki Hindistan Milli Konqres Partiyasının üzvü oldu. Atasını bütün xarici səfərlərində müşayiət edən İndira Qandi tezliklə ölkəsində populyarlıq qazandı.

1952-ci ildə İndira əri Feruz Qandini parlament deputatı seçdirir. 1958-ci ildə infarkt keçirən Feruz 2 il sonra 57 yaşında qəfildən dünyasını dəyişir.

1959-cu ildə İndira Qandi Hindistan milli konqres partiyasının sədri seçilir.


Atası Cəvahirləl Nehru ilə...

1964-cü ildə atası - baş nazir Cəvahirləl Nehru dünyasını dəyişir. Bunun ardından İndira Qandi deputat, sonra isə informasiya naziri təyin olunur.

1966-cı ildə  Hindistanın baş naziri Şastri qəfildən dünyasını dəyişir. Onun ölümündən sonra Hindistanın baş naziri postuna İndira Qandi seçilir.

Beləliklə, İndira Qandinin 6 il davam edəcək ilk baş nazirlik dövrü başlayır. Onun dövrübdə Hindistanın ən iri 14 bankı milliləşdirilir, kənd təsərrüfatında keçirilən islahatlar uzun illərdən sonra ölkəni ərzaq idxalçısından ixracatçısına çevirir, ilk Atom Elektrik Stansiyası inşa olunur.

Onun milliləşdirmə siyasəti Hindistan milli konqresindəki varlı təbəqənin narazılığı ilə qarşılanır. İndiranı partiyadan xaric etmək üçün təşəbbüs göstərilsə də, Qandi partiyadaxili qarşıdurmadan qalib ayrılır və Milli konqresin parçalanmasından sonra Müstəqil Konqres Partiyasını yaradır.

1971-ci ildə SSRİ-nin Hindistanı, Qərbin isə Pakistanı təhrik etməsi və eyni zamanda birbaşa hərbi yardım göstərmələri ilə bu iki ölkə arasında müharibə başlayır. Bu müharibədən Hindistan qalib çıxır.

Qələbə İndira Qandinin reytinqini zirvəyə qaldırır. Lakin müharibənin iqtisadi fəsadlarının yaratdığı böhran, təbii artımın inzibati qanunlarla ləngidilməsinə çalışılması və müxalifət partiyalarına qarşı təzyiqlər onun populyarlığının azalmasına səbəb olur.

1977-ci ildə keçirilən parlament seçkiləri zamanı İndira Qandi məğlub olur. Bundan sonra iki dəfə korrupsiya ittihamı ilə həbsə salınır.

Buna baxmayaraq, İndira Qandi yenidən siyasi arenaya dönür və 1978-ci ildə parlament üzvü, 1980-ci il seçkilərində isə qalib gələrək yenidən baş nazir olur. Lakin onun qələbə sevinci çox çəkmir.


Qandi kütlə qarşısında...

Özünün baş nazir postunda varisi gördüyü, Hindistan Milli Konqresinin baş katibi olan oğlu Sancay Qandi 1980-ci il iyunun 23-də şəxsi təyyarəsində qəzaya düşür və həyatını itirir.

1980-ci ildə Hindistanın Pəncab vilayətində kompakt yaşayan sinkhlərlə yerli hindlilər arasında etnik zəmində gərginlik yaranır.
1981-də özlərini müstəqil icma elan edən sinkhlər müqəddəs Sarmandir-Sahib məbədini ələ keçirirlər. Qandinin göstərişi ilə məbədin azad olunması əməliyyatı başlayır. Nəticədə 500-dən artıq sinkh öldürülür və məbədə ciddi zərər dəyir. Sinqh lideri Jarnail Sinqh məhv edilir.

Bu əməliyyatlar zamanı İndira Qandiyə nifrət edənlər arasında onun iki mühafizəçisi - əslən Pəncabdan olan Satvant Sinqh və Beant Sinqh də vardı...

Onda sinkhlər qisas alacaqları ilə bağlı bəyanat yayırlar. Yaxınları İndira Qandiyə əslən Pəncabdan olan mühafizəçilərini qovmağı məsləhət görürlər, lakin o, bunu ciddiyə almır.


1984-cü il oktyabrın 31-də britaniyalı aktyor və yazıçı Piter Ustinovla planlaşdırılan müsahibə zaman İndira Qandini öz mühafizəçiləri güllələyirlər. Milliyətcə sinkh olan mühafizəçilər Beant Sinqh və Satvant Sinqh xanım baş nazirə çoxlu atəş açırlar. Yaxınlıqdakı digər mühafizəçilər qəsdçiləri öldürsələr də, 33 güllə yarası alan Qandinin həyatını xilas etmək mümkün olmur.

Onun nəşini Camna çayı sahilində yandırırlar. Dəfn tonqalını onun oğlu Raciv Qandi alovlandırır. Qədim adətə görə Qandinin külünü çaya buraxırlar. Mərasimdə bir neçə milyon insan iştirak edir.
 
Bunun hadisənin ardınca Pəncab əyalətinə hücum edən hindlilər minlərlə yerli sakini qətlə yetirdilər, sinkhlərin məbədlərini isə yandırdılar. 


Ondira Qandi və oğlanları...

İndira Qandinin ölümüdən sonra baş nazir postuna onun oğlu Raciv Qandi seçildi. Amma o da anasının taleyini yaşadı. 5 il baş nazir olan Raciv Qandi 1991-ci ildə seçkiqabağı mitinqlərin birində “Tamilin Azadlıq Pələngləri” adlı terorçu təşkilat tərəfindən öldürüldü.

İndira Qandinin baş nazir olduğu dövrlərdə Hindistanla SSRİ arasında əlaqələr güclənmiş, dostluq münasibətləri möhkəmlənmişdi.

Baş nazir olduğu müddətdə İndira Qandi dəfələrlə SSRİ-yə səfər etmişdi. 1970-ci illərin əvvəlində Moskvaya növbəti səfərlərinin birində İndira Qandi SSRİ-nin o vaxtkı rəhbəri Leonid Berejnevə Azərbaycana da getmək istədiyini bildirəndə Sov.İKP MK-nın Baş katibi təəccüblənir.

Məlum olur ki, İndira Qandini Azərbaycana aparan səbəb Bakıdakı “Atəşgah” məbədini ziyarət etmək istəyidir. O, hələ 1950-ci ildə də atası ilə SSRİ-yə səfər edəndə Cəvahirləl Nehru onu Bakıya – “Atəşgah” məbədinə aprıbmış.

SSRİ rəhbərliyi dərhal göstəriş verir ki, “Atəşgah”ı ziyarət etmək arzusunda olan Hindistan baş nazirinin istəyi təmin olunsun.

Və beləliklə də İndira Qandinin Azərbaycandakı tarixi məkana ziyarəti təşkil olunur.


Xanım baş nazir SSRİ-də...

Amma həmin vaxt bir problem ortaya çıxır: sən demə, Bakının Suraxanı rayonu ərazisində yerləşən bu məbəd o zaman baxımsız vəziyyətdəymiş. Hətta tarixi məkan kimi fəaliyyət göstərməyən məbədin günbəzindəki atəş də söndürülübmüş.

Qeyd edək ki, "Atəşgah" Bakının 30 kilometrliyində, Abşeron yarımadasının Suraxanı qəsəbəsinin cənub-şərq hissəsində yerləşir. Hələ lap qədim dövrlərdə həmin ərazidə atəşpərəstlərin ziyarətgahı olub. Ora VII əsrdən etibarən hind dini ziyarətgahı kimi də zəvvarların inanc yeri imiş.

Hindistanlılar vaxtilə dünyanın ən müxtəlif ölkələrindən bu ocağa ziyarətə gəlirmişlər. Bu ənənə ərəb istilasına qədər davam edib. Ərəblərin Azərbaycanı istilasından, əhalinin İslamı qəbul etməsindən sonra atəşpərəstlərin - zərdüştlərin ibadətgahı unudulub. Zərdüşt dinindən dönmək istəməyənlər isə təqib edildiyindən ölkəni tərk etdiblər. Nəticədə ibadətgah baxımsızlıqdan uçub-dağılıb.

XVII əsrdə Şərqlə Qərb arasında ticarət, mədəni və diplomatik əlaqələr Böyük İpək Yolu boyunca genişlənmiş və ölkəmizin ərazisindən gəlib keçən hindlilərin sayı çoxalmışdı.
Elə onların təşəbbüsü ilə 1713-cü ildə Suraxanıdakı qədim məbədin xarabalıqları üzərində atəşpərəstlərin ziyarətgahı yenidən qurulub.


Suraxanıdakı "Atəşgah" məbədi...

"Atəşgah" təbii qazın çıxdığı əbədi sönməz alovların yerində inşa edilmiş bir od məbədidir. “Atəşgah”ı bu abidəni sifariş vermis hindlilərin planı üzrə yerli ustalar tikiblər. Mərkəzi məbəd-səcdəgahı isə 1810-cu ildə hindli tacir Kançanaqaranın vəsaiti ilə inşa edilib.
"Atəşgah" məbədin özündən, hind guşənişinlərinin hücrələrindən və zəvvarlar üçün otaqlardan ibarət idi. Ümumiyyətlə, abidə memarlıq üslubuna görə hələ Midiya dövründən Azərbaycanda yayılmış od səcdəgahlarının tikinti ənənələrini əks etdirir. Lakin həm də özündə bəzi hind məbədlərinin əlamətlərini saxlayıb.

SSRİ- qurulanda - “Oktyabr inqilabı”ndan sonra “Atəşgah” məbədini kerosin zavoduna çeviriblər. Gümbəzindəki od isə söndürülüb.

Amma buna baxmayaraq, “Atəşgah” bir tarixi abidə kimi hindlilərin yadından çıxmamışdı.

Sonralar elə hindistanlıların təşəbbüsü ilə məbəd yenidən ziyarət yerinə çevrilib, alovu yandırılıb.

Hətta 1950-ci illərin sonlarında Cəvahirləl Nehru qızı İndira Qandi ilə birlikdə SSRİ-yə gələndə bu məbədi ziyarət etmişdi.

İndi - 20 il sonra İndira Qandi “Atəşgah”ı yenidən ziyarət etmək istəyirdi.


"İndira Qandi xalçası"...

O zaman Azərbaycana Heydər Əliyev rəhbərlik edirdi. Moskvadan Heydər Əliyevə zəng edilir və ona İndira Qandinin Bakıya gələcəyi -  müqəddəs yeri ziyarət etmək arzusunda olduğu bildirilir. Dərhal məbədin fəaliyyəti bərpa edilir, ora gedən yol asfaltlanır, tikili təmir edilir, ən əsası isə “Atəşgah”da alov yenidən yandırılır.

İndira Qandi Moskvadan Bakıya gələrək, Suraxanıya gedir və “Atəşgah” ziyarətini gerçəkləşdirir.

Məlumatlara görə, Azərbaycana qısamüddətlik səfərindən çox razı qalan İndira Qandi Bakıda gördüyü qonaqpərvərlik barədə SSRİ rəhbəri Leonid İliç Brejnevə də bəhs edir.

Sonralar Azərbaycanda İndira Qandinin bu səfərinin şərəfinə onun şəkli əks olunmuş xalça da toxunur.

Qeyd edək ki, İndira Qandi “Atəşgah” məbədini ziyarət etmiş yeganə ünlü sima deyil. Vaxtilə fransız yazıçı Aleksandr Düma, rusiyalı kimyagər Dmitri Mendeleyev və bir çox başqaları “Atəşgah”ı ziyarət ediblər.

Məşhur hind aktyoru, sovetlər dövründə azərbaycanlı tamaşaçıların sevimlisi olmuş Amitabx Baççan da Bakıya gələrkən “Atəşgah”a gedib.

Hazırda Azərbaycanda xeyli hindistanlı yaşayır. Onlar əsasən neft şirkətlərinin dəvəti ilə gələn mütəxəssislər, iş adamları, bir qismi isə tələbələrdir. Bu şəxslər də vaxtaşırı Suraxanıya gedir və “Atəşgah”ı ziyarət edirlər.


Ə.Qafarlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakının əsas yollarında tıxac var - SİYAHI 20 Sentyabr 2021, 09:00 Ərdoğan ABŞ-da türk və Azərbaycan icmalarının üzvləri ilə görüşdü 20 Sentyabr 2021, 08:50 Başını Ermənistana əyən İran “səyasətbazları” indiyədək nə din tanıyıb, nə iman...  20 Sentyabr 2021, 08:43 Bulvarda gənc qız özünü dənizə atdı 20 Sentyabr 2021, 08:00 Dünyada koronavirusa yoluxanların sayı 229 milyonu ötdü 20 Sentyabr 2021, 07:53 Azərbaycan ərazisinə keçmiş ermənilər geri qaytarıldı 20 Sentyabr 2021, 07:42 Ərdoğan ABŞ-da səfərdədir 20 Sentyabr 2021, 07:30 Britaniyada 29.6 min yoluxma qeydə alındı 20 Sentyabr 2021, 00:46 Məşhur boksçu prezident olmaq istəyir 20 Sentyabr 2021, 00:37 Çoxmərtəbəli yaşayış binasında yanğın oldu 20 Sentyabr 2021, 00:22 “Əsrin müqaviləsi”nin 27 ili tamamlandı 20 Sentyabr 2021, 00:07 Şahmatçılarımız Moldova yığmasına qalib gəldi   19 Sentyabr 2021, 23:51 Bodibildinqçimiz tarixi uğura imza atdı 19 Sentyabr 2021, 23:38 Makron İsveçrə səfərini ləğv etdi - SƏBƏB 19 Sentyabr 2021, 23:24 “Çelsi” səfərdə “Tottenhem”i məğub etdi 19 Sentyabr 2021, 23:01 Batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edildi 19 Sentyabr 2021, 22:54 Vahid Rusiya partiyası seçkilərdə öndə gedir   19 Sentyabr 2021, 22:35 "BMT Qarabağ məsələnin həll edilməsində istəksizlik göstərdi" - Koffi 19 Sentyabr 2021, 22:30 Mahir Emrelidən “Legiya”da növbəti qol 19 Sentyabr 2021, 22:14 ABŞ-da hərbi təyyarə qəzaya uğradı 19 Sentyabr 2021, 21:51 Deputatlar Rusiyada seçkiləri müşahidə etdilər 19 Sentyabr 2021, 21:40 Türkiyə əhalisinin 67.7% tam peyvəndlənib 19 Sentyabr 2021, 21:34 Rusiyada parlament seçkiləri başa çatdı 19 Sentyabr 2021, 21:17 Baş nazir vulkana görə ABŞ səfərini təxirə saldı 19 Sentyabr 2021, 21:06 İsraildə sutkalık 7 mindən artıq yoluxma 19 Sentyabr 2021, 20:54 Bu ölkədə vulkan püskürdü 19 Sentyabr 2021, 20:46 “Neftçi” “Keşlə”ni darmadağın etdi 19 Sentyabr 2021, 20:33 230-dan çox xarici vətəndaş Kabili tərk etdi 19 Sentyabr 2021, 20:18 “Bursaspor” baş məşqçini istefaya göndərdi 19 Sentyabr 2021, 20:07 Gürcüstan yenidən silkələndi 19 Sentyabr 2021, 19:49 Hindistandan quş və quş əti idxalı dayandırıldı 19 Sentyabr 2021, 19:40 Fransa ABŞ ilə münasibətlərində böhran olduğunu açıqladı 19 Sentyabr 2021, 19:24 Liviyada iki helikopter toqquşdu, ölənlər var 19 Sentyabr 2021, 19:09 8 yaşlı uşaq koronavirusdan sonra iflic qaldı 19 Sentyabr 2021, 18:15 İlk kosmos turistləri Yerə qayıtdı - VİDEO 19 Sentyabr 2021, 18:02
SORĞU Hansı vaksinə etibar edirsiniz?