Modern.az

Bakı sakinləri niyə çiy su içməyə qorxurlar?

Bakı sakinləri niyə çiy su içməyə qorxurlar?

14 Fevral 2010, 22:03

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, çirkli və içməyə yararsız su dünyada hər on xəstəlikdən birinin və bütün ölüm hallarının 6 faizinin səbəbidir. İstifadəyə yararsız su dünyada 14 yaşınadək uşaqlar arasında xəstəlik hallarının 22 faizini təşkil edir. Keyfiyyətli su mənbələrinin olmaması üzündən hər il dünyada 1 milyon 600 mindən çox insan tələf olur ki, onların də əksəriyyəti 5 yaşınadək uşaqlardır.
Təsadüfi deyil ki, keyfiyyəti və tərkibinə görə ən yaxşı içməli su mənbələrinin yerləşdiyi ərazilərdə yaşayanlar daha uzunömurlu olurlar.
Azərbaycanda kifayət qədər içməli su ehtiyatının olmasına baxmayaraq ölkənin bəzi regionlarında əhali ekoloji cəhətdən təmiz su ilə təmin oluna bilmir. Halbuki mütəxəssislər Azərbaycanda ildə 20 milyona yaxın adamın şirin su tələbəbatının ödəmək imkanın olduğunu deyirlər.
Hesablamalara görə, qənaətlə istifadə olunsa, respublikamızın içməli su ehtiyatı gələcək nəsillərə də uzun müddət bəs edər. Amma bir sıra rayonlarda, xüsusilə Aran bölgəsində, eləcə də Bakıətrafı yaşayış məntəqələrində içməli su qıtlığı var, elə yerlər var ki, insanlar şirin suyu pulla almalı olurlar. Kürdəmir, Yevlax, Ucar, Biləsuvar rayonlarının elə kəndləri var ki, hazırda orada əhali Kür və Araz çaylarından ayrılan kanalların suyunu kustar üsullarla təmizləyir, duruldaraq içirlər.

Abşeronun bəzi kəndlərində isə quyu suyundan istifadə olunur. Maştağa qəsəbəsinin ucqar yerlərində yaşayanlar şirin suyu pulla su alveri ilə məşğul olan maşın sahiblərindən almağa məcburdurlar. Mütəxəssislərin sözlərinə görə, Bakıda quyu və Aran bölgələrində isə kanal sularından içmək təhlükəlidir, belə suyun tərkibi ağır metallardan və digər maddələrdən yaxşı təmizlənmədiyindən insanların sağlamlığında mənfi təsirlər baş verir.

Bakı şəhərində sakinlər mənzillərə verilən suyun da tərkibinin təmizliyinə tam əmin deyillər. Payataxtda yaşayan əhalinin əksəriyyəti çiy su içməyə qorxurlar. Şəhər sakinlərnin bir qismi içməli sudan istifadə etməzdən öncə onu tənzif, pambıq və ya su daşından süzür. Ümumiyyətlə şəhər sakinlərinin 90 faizi mənzillərə verilən suyu qaynatmamış içmirlər. Mütəxəssislər yalnız daşdan süzülən çiy suyu içməyi məsləhət görürlər. 

«Azərsu» SC-nin mətbuat katibi Aqşin Rüstəmovun sözlərinə görə paytaxta verilən içməli suyun tərkibi ilə bağlı narahatlığa əsas yoxdur. O, bildirib ki, Bakıya verilən suyun fiziki-kimyəvi və bakterioloji keyfiyyətinə ciddi nəzarət edilir. Belə ki, Kür və Ceyranbatan suları mənzillərə verilməzdən öncə bir neçə mərhələdə filtrlərdən keçirilir, təmizlənir, duruldulur və xlorlanır. Bundan başqa hər gün Bakının su şəbəkəsinin 25 ayrı-ayrı nöqtəsindən götürülən su nümunələri laboratoriyada kimyəvi, sanitar-bakterioloji və radioloji müayinədən keçirilir.
Xatırladaq ki, hazırda Bakı şəhərinin içməli suya olan tələbatı ayrı-ayrı mənbəədən çəkilən beş kəmərin hesabına ödənilir. Paytaxt əhalsinin ən etibar etdiyi su kəməri Şollardır.

Amma Bakınnın bir hissəssini təmiz Şollar suyu ilə təchiz etmək 1950-ci ilədək mümkün olub. A.Rüstəmov deyib ki, şəhər böyüyəndən sonra əhalini təmiz Şollar suyu ilə təmin etmək çətinləşib. Hazırda təmiz Şollar suyu Hacı Zeynalabdin Tağıyev qəsəbəsinədək gəlir, orada isə onu digər kəmərin suyu ilə qarışdırırlar. Ötən əsrin 50-ci illərindən sonra Bakıya gələn Şollar digər kəmərlərin suyu ilə qarışıdırıldıqdan sonra istifadəçilərə paylanır. Deməli vaxtilə təmiz Şollar suyundan istifadə edə bilən Bakıdakı köhnə binaların sakinləri artıq bununla öyünə bilməzlər. 

A.Rüstəmovun sözlərinə görə, yaxın gələcəkdə, yəni 2011-ci ildən sonra Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi sayəsində Bakı və Abşeronun həm içməli su problemi birdəfəlik həll olunacaq, həm də sakinlər  təmiz bulaq suyundan istifadə edə biləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır