Modern.az

“Surət Hüseynovun müraciəti qanunla həll olunmalıdır” - Komitə sədrindən AÇIQLAMA

“Surət Hüseynovun müraciəti qanunla həll olunmalıdır” - Komitə sədrindən AÇIQLAMA

31 Oktyabr 2012, 16:01

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova keçmiş baş nazir Surət Hüseynovun Milli Qəhrəman statusunun ona geri qaytarılması ilə bağlı parlamentin spikeri Oqtay Əsədova ünvanladığı müraciətə münasibət bildirib. Komitə sədri Modern.az-a açıqlamasında Surət Hüseynovla bağlı məsələnin Milli Məclisdə müzakirə edilməsinə ehtiyac olmadığını bildirib.

“Hesab edirəm ki, bu məsələ qanun çərçivəsində həll olunmalıdır. Bu baxımdan düşünürəm ki, Surət Hüseynovun göndərdiyi müraciətin Milli Məclisdə müzakirə edilməsinə ehtiyac yoxdur. Qanunun tələbinə müvafiq olaraq, bu məsələ öz həllini tapmalıdır”, -deyə R.Aslanova vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın eks-baş naziri Surət Hüseynov vaxtilə layiq görüldüyü, sonradan məhrum edildiyi Milli Qəhrəman fəxri adının bərpa olunması üçün Milli Məclis sədri Oqtay Əsədova məktubla müraciət edib.

Prezident Əbülfəz Elçibəy Surət Hüseynova Milli Qəhrəman adını 1992-ci ildə verib. S.Hüseynov 1993-cü il 4 iyun qiyamının əsas rəhbəri olub. Onun rəhbərliyi altında Azərbaycanda baş qaldırmış hərbi qiyam AXC hakimiyyətinin yıxılması ilə nəticələnib.

Xatırladaq ki, Surət Hüseynova Milli Qəhrəman adı 1992-ci il oktyabrın 8-də mərhum eks-prezident Əbülfəz Elçibəyin fərmanı ilə verilib. Həmin dövrdə Surət Hüseynov baş nazirin müavini, prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, ordunun korpus komandiri vəzifələrində çalışıb.

Prezident Əbülfəz Elçibəy Surət Hüseynovun 1993-cü ilin iyun ayında qaldırdığı hərbi qiyamla devrilib. Bundan sonra Azərbaycan prezidentinin səlahiyyətlərini icra edən parlament sədri Heydər Əliyevin imzaladığı 1993-cü il 30 iyun tarixli fərmanla Surət Hüseynov baş nazir təyin olunub.

1994-cü il oktyabrın 6-da Surət Hüseynov Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən azad edilib.
1994-cü il oktyabrın 14-də Milli Məclis Surət Hüseynovun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsinin tövsiyə olunması haqqında qərar qəbul edib.

1997-ci ildə həbs edilən S.Hüseynov məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. 2004-cü il martın 17-də prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə Surət Hüseynov azadlığa buraxılıb.

2012-ci il avqustun 22-də Milli Məclisin sədri Oqtay Əsədova göndərdiyi müraciətində Surət Hüseynov iddia edib ki, Milli Qəhrəman adının ondan alınması zamanı qanun pozuntularına yol verilib. Ona görə də Surət Hüseynov Milli Qəhrəman adının ona qaytarılmasına dair müraciətinin Milli Məclisdə müzakirəyə çıxarılmasını, onun qəhrəman adından məhrum edilməsi haqda qərarın ləğv edilməsini və Milli Qəhrəman adının ona qaytarılmasını istəyib.


Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi