Modern.az

Yerli təhsil almalı, yoxsa xarici?

Yerli təhsil almalı, yoxsa xarici?

15 Fevral 2010, 10:56

CAVAB TƏHSİLİN KEYFİYYƏTİNƏ GÖRƏ DƏYİŞİR

 

21 yaşlı Nicat, dörd il əvvəl  universitetə qəbul olunanda sevincinin həddi- hududu yox idi. İndi o, xaricdə təhsil ala bilməməsi bir yana, aldığı təhsilin keyfiyyətindən də şikayətlənir.

- Belə təhsil sistemi olar?! Hələ də sovet dövründən qalma kitablardan dərs keçirlər. Sonra da deyirlər ki, Azərbaycanı qoyub niyə xaricə təhsil almağa gedirsən.

Bu sözləri Azərbaycan Dövlət İqtisad universitetinin 4-cü kurs tələbəsi Nicat Cavanşir deyir. Maliyyə fakültəsində oxuyan Nicat təhsilini Avropada davam etdirmək istəyir.

- Yerli təhsil karyera qurmaq üçün çox məhduddur. Azərbaycan universitetləri adi bir işə başlamaq üçün belə, yetərli təhsil vermir. Xarici təhsil karyerada ugur qazanmağa daha çox imkanlar açır.

Tələbə Nicatın sözlərinə görə, xaricdə təhsillə bağlı dövlət proqramı qəbul edilsə də, tələbələrin hazırlaşmaları üçün imkan yaradılmayıb.

- Tələbələr hansı istiqamətdə , necə hazırlaşacaqlarını bilmirlər. Yaxşı olardı ki, Təhsil Nazirliyinin tərkibində bununla bağlı şöbə yaradılsın.

Nicatdan fərqli olaraq Emin Əmrullayev təhsilini Avropada- Macarıstanda davam etdirib. O, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının məzunudur. Di gəl, Emil də yerli təhsilin keyfiyyətindən gileylənir.

- Azərbaycan universitetlərində daha çox nəzəriyyəyə üstünlük verilir. Praktika kənarda qalır. Əzbərçilik prinsipi hələ də davam edir. Yerli universitetlərdə dərs proqramları lazımsız dərslərlə yüklənir. Tələbə bilmir tarix fakultəsində oxuyur, yoxsa filologiya.

Emin Əmrullayev hesab edir ki, gənclərin  xarici təhsilə üstünlük vermələrinin ən böyük səbəbi, orada sərbəst, azad yaşamaq hüququnu qazana bilmələridir. Bununla yanaşı, xaricdə təhsil  tez və qazanclı iş tapmağa da yardımçı olur.

Təhsil məsələləri üzrə ekspert Məlahət Mürşüdlü isə deyir ki, Azərbaycanda modern təhsil sistemi yaradılsa, tələbə xaricə üz tutmaz.

- Təhsildə köklü islahatlar aparılmalıdır. Universitetlərdə hələ də sovet idarəetmə forması qalıb. Bəzi müəllimlər yeniliyi qəbul etmir. Proqramlarını yeni model əsasında qurmurlar. Kadr hazırlığı isə yox dərəcəsindədir. Üstəlik tələbənin hüquqları da pozulur. Bu zorluqları görən tələbə də məcburdur ki, təhsilini xaricdə davam etdirsin.

Məlahət Mürşüdlü onu da bildirir ki, gənclərin savadlı, bilikli olmaları ücün xaricdə təhsil çox önəmlidir. Buna görə də tələbələr daim məlumatlandırılmalıdır.

Təhsil Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov isə deyir ki, tələbələrin xaricdə təhsil almağının Azərbaycan təhsil sisteminin keyfiyyəti ilə heç bir bağlılığı yoxdur. Sadəcə, tələbələr dil öyrənmək, dünyaya inteqrasiya etmək üçün xaricdə təhsil alırlar.

Təhsil Nazirliyinin tərkibində tələbələrin hazırlaşmalarına  yardımçı şöbənin yaradilmasina gəlincə, Qulu Novruzov qeyd etdi ki, təhsil nazirliyin buna fiziki imkanı yoxdur.

Hazırda xarici ölkələrin universitetlərində dövlət xətti ilə təhsil alan Azərbaycanlı tələbələrin sayı 450 nəfərə yaxındır. Gənclərin xaricdə oxumağa ən çox üstünlük verdikləri ixtisaslar isə tibb, mühəndislik və iqtisadiyyatdır. Təhminə Paşayeva

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir