Modern.az

Unudulan deputatlar: Heydər Əliyevin danladığı professor: “Belə şey olmaz Fikrət, olmaz!”

Unudulan deputatlar: Heydər Əliyevin danladığı professor: “Belə şey olmaz Fikrət, olmaz!”

10 Sentyabr 2021, 08:56

Modern.az saytı Milli Məclisdə necə fəaliyyət göstərməsindən asılı olmayaraq, yaddan çıxan, unudulan keçmiş deputatları bir daha sizə xatırladır.

Bu məqsədlə də “Unudulan deputatlar” adlı rubrikamızda vaxtilə parlamentin üzvü olmuş şəxslərdən bəhs edirik.


Rubrikamızda bəhs edəcəyimiz növbəti sabiq deputat Fikrət Sadıqovdur.

Fikrət Sadıqov vaxtilə Milli Məclisin ən imkanlı deputatlarından biri olub.

O, həm I çağırış, həm də II çağırış Milli Məclisdə deputat mandatı daşıyıb.

Fikrət Məmməd oğlu Sadıqov 1940-cı il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. Ailədə 6 uşaq olublar.

Orta məktəbi bitirdiyi ildə ali təhsil ocağına daxil ola bilməyən F.Sadıqovun xatirələrində bildirir:

“Birinci il ali məktəbə girə bilmədim. İpəkçilik fabrikində işə düzəldim. Sonra tikintidə işlədim. Bir müddətdən sonra gedib Siyəzəndə fəhlə işlədim. İkinci il sənədlərimi yenidən verdim və oxudum”.

Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirən sabiq deputat o illəri belə xatırlayır:

“Kimyaya böyük həvəsim vardı... O vaxtlar tələbələri istehsalata göndərirdilər. Mən 4-cü kursdan Sumqayıta, istehsalatda çalışmağa getdim. Nə olubsa, harada olmuşamsa, çalışmışam ki, dərinliyinə gedim. Belə də oldu. İşi çox tez də öyrənə bildim. Qısa müddətdən sonra növbə rəisi oldum. Təyinatla göndərildiyim yerdə sex rəisi çalışdım. Oradan da kimya zavoduna baş mühəndisliyə yüksəldim”.

F.Sadıqovun 80-ci illərdə Heydər Əliyevlə tanışlığı onun vəzifə pillələrində sürətlə irəliləməsinə şərait yaradıb:

“Heydər Əliyevlə 1981-ci ildə tanış oldum. O vaxta qədər mən Sumqayıtda baş mühəndis işləyirdim. 1981-ci ilin yayında mənə dövlət mükafatı verildi. Onu mənə Heydər Əliyev təqdim etdi. Həmin ilin oktyabrında zavod direktoru oldum..
..Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbər qayıtdıqdan sonra onunla münasibətlərimiz dostluq səviyyəsinə qədər yüksəldi. O, iş görən adama çox böyük qiymət verirdi. İşlə nə problemin varsa, de, anındaca həll eləsin. Onun kimi adam çətin bir də bu dünyaya gələ…

... Heydər Əliyev Naxçıvanda olanda ona zəng eləyirdim. Mənim rəhbəri olduğum zavodda həddən artıq kerosin vardı. Bir milyon tona yaxın idi. Qənaət etmişdik. Yardım kimi göndərirdim. Heydər Əliyevə yox ha, Naxçıvan əhalisinə. Bura gələndən sonra da dedi ki, mən bu adamı yaxşı tanıyıram. Nə sözü olurdusa, deyirdi ki, Fikrət, bunu belə eləmək lazımdır. Gedirdim yanına, qəbul eləyirdi, deyirdim ki, bunları belə eləyə bilərik. Nə qədər tələbkar idisə, o qədər də səbirli idi. Söz deyəndə kəsmədən axıra qədər təmkinlə qulaq asırdı...”.

Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələndə F.Sadıqovun ulduzu daha bərk parlayıb.
O, Heydər Əliyevin prezidentliyinin əvvəlindən “Azərkimya” Dövlət Şirkətinin sədri postuna gətirilib. Daha sonra qanunverici orqana üzv olub.

Belə ki, 1995-ci il noyabrın 12-də bitərəf namizəd olaraq 38 saylı Sumqayıt birinci seçki dairəsindən deputat seçilib. Milli Məclisin İqtisadi siyasət komissiyasının üzvü idi.

II çağırış Milli Məclisə isə hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü kimi deputat seçilib (2001-ci il yanvarın 7-də). Bu dəfə də parlamentdə 38 saylı Sumqayıt birinci seçki dairəsini təmsil edib.

F.Sadıqov II çağırış Milli Məclisdə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü olub.

O, Heydər Əliyevin inanıb-etibar etdiyi YAP-çılardan idi. F.Sadıqov mərhum dövlət başçısı Heydər Əliyevin dövründə həm deputat seçilmiş, həm də müxtəlif orden və medallarla təltif olunmuş, fəxri adlara layiq görülmüşdü. 

Amma 2003-cü baş vermiş bir hadisə Fikrət Sadıqovun Heydər Əliyevin gözündənm düşməsinə və mərhum dövlət başçısı tərəfindən danlanmasına səbəb olmuşdu.

Yəqin ki, yaşlı və orta nəsildən olan oxucular Heydər Əliyevin Sumqayıtda keçirdiyi 3 aprel 2003-cü il tarixli və ölkədə böyük səs-küy doğuran müşavirəsini xatırlayırlar.

Bu, mərhum prezident Heydər Əliyevin Sumqayıta sonuncu səfəri idi. Həmin gün bütün respublika ictimaiyyətinin diqqəti Sumqayıta yönəlmişdi. Dövlət başçısı Sumqayıtda o zaman yerli məmurlar və iş adamları arasında yaranmış qarşıdurmaların, aparılan intriqaların sonlandırılması üçün xəbərdarlıq etmiş, şəhərin problemlərini gündəmə gətirmiş, icra başçısı Təvəkkül Məmmədovu elə oradaca işdən çıxarmışdı.


İclasda iştirak edən Sumqayıtın o zamankı deputatları Tofiq Hüseyli, Xıdır Alovlu, Sumqayıtın icra başçısı Təvəkkül Məmmədov, iş adamı Zaman İsgəndərovla yanaşı “Azərkimya”nın rəhbəri Fikrət Sadıqov da Heydər Əliyevin ciddi tənqidi ilə üzləşmiş və ondan kəskin xəbərdarlıqlar eşitmişdi.

Bu da səbəbsiz deyildi. O zaman şəhərdə həllini gözləyən problemlərin bir çoxu adları çəkilən şəxslər arasında yaranmış qarşıdurmalardan qaynaqlanırdı.

Sözügedən müşavirədə dövlət başçısı Heydər Əliyev Sumqayıtın icra başçısı Təvəkkül Məmmədovla deputat Fikrət Məmmədov və digərlərinin yola getmədiklərini açıq şəkildə diqqətə çatdırmış və müşavirə AzTV vasitəsilə bütün respublikaya yayımlanmışdı.

H.Əliyevin həmin çıxışından sitatlar:

“Bir müddət bundan əvvəl bizə Təvəkkül Məmmədov haqqında anonim məktublar daxil oldu. Nə bilim, o pis işləyir, vəzifəsini apara bilmir, haradasa gedib katibəsinin toyunda kefli olubdur, neyləyibdir. Bəli, digər tərəfdən guya o, narkotik qəbul edir, nəşə çəkir və çox belə şeylər. Bunlar anonim məktublar olduğuna görə, bizim işçilər Təvəkkül Məmmədovu həmin məktublarla tanış edirdilər. O da bunları inkar edirdi və bununla da qurtarırdı.

Sonra isə “Azərikimya”nın başçısı Fikrət Sadıqov bir neçə dəfə bizim Aparata gəlibdir, mənim İcra Aparatımın rəhbəri Ramiz Mehdiyev ilə, şöbə müdiri Yusif Hümbətovla görüşüb və Təvəkkül Məmmədov haqqında həmin şeyləri Fikrət Sadıqov da çatdırıbdır ki, məsələ belədir, ona görə də o, burada işləyə bilməz, onu götürmək lazımdır. Bu bir dəfə gəlib, iki dəfə gəlib, üç dəfə gəlib, cəhd edib ki, mənim də yanıma gəlsin. Mənim onu qəbul etməyə vaxtım olmayıbdır.

Nəhayət, mənə dedilər ki, Fikrət Sadıqov, deputatlar Tofiq Hüseynov və Xıdır Alovlu mənim yanıma gəlmək, Sumqayıtdakı vəziyyət haqqında, icra hakimiyyəti başçısı haqqında danışmaq istəyirlər. Düşündüm ki, əgər bunların üçü də yığışıb gəlmək istəyirlərsə, gərək mən vaxt tapıb qəbul edim. Vaxt tapdım, bunları qəbul etdim. Təvəkkül Məmmədovun səhvləri haqqında ən çox Fikrət Sadıqov danışdı. Sözləri belə idi ki, o, Sumqayıtda heç bir iş görməyib, kadrlara münasibəti pisdir. Həmin o şayiələr ki var,- onları bir də təkrar etmək istəmirəm,- bunların hamısını Fikrət Sadıqov dedi.

Sonra Yeni Azərbaycan Partiyasının Sumqayıt üzrə sədri Xıdır Alovlu da Fikrət Sadıqovun dediklərini təsdiq etdi, bəzi şeyləri də əlavə etdi. Eyni şeyləri Tofiq Hüseynov da təsdiq etdi. Mən bunları dinlədikdən sonra fikirləşdim ki, doğrudan da, bunların üçü də Sumqayıtda yüksək vəzifəli adamlardır, hər birinə etimad göstərilmişdir. İndi bunlar gəlib Prezidentin qarşısındadırlar və əgər Prezidentə bu sözləri deyirlərsə, demək, onlar buna məsuliyyət daşıyırlar və yəqin ki, burada həqiqət var. Sonra fikirləşməyə başladım.

İcra hakimiyyətinin başçısı Təvəkkül Məmmədov bir neçə dəfə xahiş etmişdi ki, mən onu da qəbul edim. Sonra isə xahiş etmişdi ki, mən onu tək yox, Fikrət Sadıqovla bir yerdə qəbul edim. Mən bu xahişi yerinə yetirdim və bir neçə gün bundan öncə Təvəkkül Məmmədovu və Fikrət Sadıqovu qəbul etdim. Fikrət Sadıqov mənə dediyi sözlərin bir çoxunu Təvəkkül Məmmədovun yanında dedi. Ancaq Təvəkkül Məmmədov birincisi, onları inkar etdi, ikincisi, burada gördüyü işlər haqqında çoxlu məlumatlar verdi.

Xıdır Alovlu orada yox idi, bunlar ikisi idi. Ramiz Mehdiyev də, Yusif Hümbətov da iştirak edirdilər. Bunları dinləyəndən sonra mən belə bir fikrə gəldim ki, Təvəkkül Məmmədovun işində səhvlər var, bəzi ciddi səhvlər var və bu, inkaredilməzdir. Mən o şayiələri deyə bilmədim. Çünki onu heç kəs təsdiq edə bilmədi. Kim təsdiq edir ki, nə bilim, kefli olubdur. Kim təsdiq edir, burada varsa, desin. Yaxud kim təsdiq edir ki, o, nəşə çəkir. Mən ondan soruşdum, sən siqaret çəkirsənmi? Dedi ki, mən beş ildir siqaret çəkmirəm.

Vallah mən bilmirəm, nəşəni nə cür çəkirlər. Amma yadımdadır, xeyli vaxt əvvəl görmüşdüm ki, papirosun içinə doldururlar. Narkomanlar da iynə vururlar. O da deyir ki, gəlin mənim bədənimə baxın görün iynə yeri haradadır. Demək, bunu da təsdiq edə bilmədilər. Ona görə mən bunları kənara qoydum. O şeyləri ki, heç kəs təsdiq edə bilmir, elə deyil. Sabah hər adam durub başqası haqqında istədiyi şeyi deyə bilər. İndi o qədər böhtançılar, o qədər böhtan sözlər deyənlər, hətta qəzetlərdə yazanlar var. Artıq bu barədə Azərbaycanda qıtlığımız yoxdur.

Ancaq bunları dinləyəndən sonra məni bir neçə şey narahat etdi. Məsələn, Təvəkkül Məmmədov deyir ki, Səməd Vurğun adına saray neçə vaxtdır bağlanıbdır. Orada Ərəblinski adına teatr var idi, teatr dağılıbdır. Fikrət Sadıqov da heç bir iş görmür, çünki bina Fikrət Sadıqovun tabeliyindədir. Yaxud, bilirsiniz, biz vaxtilə burada böyük bir mədəniyyət sarayı tikmişdik, siz ondan xeyli istifadə edibsiniz. Təvəkkül Məmmədov dedi ki, biz bir dəfə orada şəhər yığıncağı keçirtmək istəyirdik, Sadıqov bizə icazə vermədi. İkinci tərəfdən də deyir ki, indi sarayın damı axır, təmirə ehtiyacı var, istifadəsiz qalıbdır. Bu da Fikrət Sadıqovun tabeliyindədir. Bu iki fakt məni çox narahat etdi. Mən orada Fikrət Sadıqova çox ciddi dedim.

Yaxşı, Fikrət Sadıqovun təşkilatı, demək olar ki, Sumqayıtın böyük bir hissəsidir. İndi əsas işləyən istehsal müəssisələri kimya sahəsindədir. Kimyanın da hamısı Fikrət Sadıqovdadır. Bu müəssisələrin gəlirləri də var, imkanları da var. Fikrət Sadıqovun özü də bunu bilir, onun maddi imkanları çoxdur ki, Sumqayıtdakı həmin o sarayları təmir etsin.

Bu böyüklükdə şəhərdir, 300 minə yaxın əhalisi var. Əgər mədəni istirahət üçün bir yerə getmək imkanı yoxdursa, teatr dağılıbsa, sarayın bu birisi də istifadə olunmursa, bu insanlar nə etsinlər?! Bunun haqqında hamısı – icra hakimiyyətinin başçısı da, Fikrət Sadıqov da, başqaları da düşünməlidir. Amma icra hakimiyyətinin başçısı deyir ki, Sadıqov bizi yaxına qoymur. Fikrət Sadıqovdan soruşuram, niyə belə eləmisən? Deyir ki, mən altı aydır oraya getməmişəm. Amma altı ay deyil axı!

Məsələn, 1969-cu ildə biz Ərəblinski adına teatrı yaratdıq. Yaxşı teatrdır. Yəqin çoxlarınızın yadındadır. O teatrdan bir çox gənc artistlər Azərbaycan Milli Dram Teatrına, başqa teatrlara gəldilər. Çox yaxşı kadrlar yetişdirdi. Bu, birincisi. İkincisi də, bu, Sumqayıtın əhalisinə xidmət edirdi. Axı, burada mədəniyyəti boğmaq olmaz. Mən gördüm ki, burada mədəniyyət tamamilə boğulubdur. Yaxşı, Fikrət Sadıqov başa düşmür ki, bu teatrı dağıtmaq olmaz? Fikrət Sadıqov başa düşmür ki, iki sarayın ikisi də onun tabeliyindədir və ağır vəziyyətdə qalıbdır? O, bunu anlamırmı?! Bunlar məni çox narahat etdi.

Mən Fikrət Sadıqova orada dedim, indi burada da deyirəm. Belə olmaz, hörmətli Fikrət, olmaz. Sənə böyük etimad göstərilibdir, böyük bir sahə verilibdir. Yaxın düşən yox, toxunan yox. Orada nə edirsən, özün bilirsən, bir də Allah bilir. Amma orada hər şey də düz deyil, normal deyildir. Sən Sumqayıtda hörmətli adamsan, burada böyük sahə sənin əlindədir, niyə şəhərə fikir vermirsən? Sən nəinki sarayları, hətta şəhərin başqa yerlərini də qaydaya salmalısan, lazımi işlər görməlisən. Bunları eləməlisən, çünki sənin imkanların bütün başqa təşkilatların imkanlarından çoxdur. Amma sən bu imkanları özünün altına yığmısan. Bəli, Sumqayıtın çox imkanlarından istifadə edirsən, amma Sumqayıta heç bir şey vermirsən. Belə şey olmaz Fikrət, olmaz!

Bilirsən ki, mən həmişə sənə hörmət etmişəm. Hələ vaxtilə, 1970-ci illərdə səni mən ilk dəfə zavod direktoru təyin etmişəm və həmin o vəzifəyə vaxtilə mən Moskvaya getməmişdən qabaq səni təyin etmişəm. Mən gələndən sonra da sən işləyirsən, heç kəs də sənə demir ki, gözün üstündə qaşın var. Bunu qiymətləndirmək lazımdır, anlamaq lazımdır. Bunun əvəzində, sən burada intriqaya başlamısan.

Təvəkkül Məmmədov deyir ki, Fikrət Sadıqovun qardaşı icra hakimiyyəti başçısının müavini idi, mən onu işdən azad etdim. Ona görə indi Fikrət Sadıqov mənim üstümə düşübdür. Azad edib, yaxşı edib, düz edibdir. Birincisi, mənə dedilər ki, o, təyin olunandan sonra bütün müavinləri azad edibdir. İkincisi də, o, icra hakimiyyətinin başçısıdır, bilir. Üçüncüsü də, yaxşı, Fikrət Sadıqovun özü orada böyük işdə, bir qardaşı da burada, nə bilim, başqa qardaşı da orada - demək, hamısı Fikrət Sadıqovun qohumları olmalıdır?! Başqa adamlara burada yer yoxdur?! Bu, düzgün deyildir. Əgər Fikrət Sadıqov belə düşünürsə, - təəssüf ki, indiyə qədər mən bunu bilməmişəm, - çox böyük səhv edir. 

Ümumiyyətlə, burada kadr sahəsində çox pis vəziyyət var. Mənə deyiblər, burada bir neçə qrup var, onların əlində böyük kapital var. Onlardan biri Fikrətdir, biri Hüseynovdur, bir neçə başqaları da var. Zaman var, deyirlər bütün ticarət, 30 ildir Sumqayıtın ticarəti onun əlindədir. Sovet vaxtında olub, indi özəlləşdirib, hamısı əlindədir. Yaxşı, sən bunları əlinə almısan, özəlləşdirmisən, götürdüyünü götür. Bəs, Sumqayıta nə xeyir vermisən? Elə hamısını özün götürməlisən? Hamısı sənə çatmalıdır? Bəs, başqaları?

Ümumiyyətlə, burada özəlləşmədə böyük səhvlər var. Deyirlər ki, burada olan obyektlərin böyük bir hissəsini Fikrət Sadıqovun qohumları özəlləşdiriblər. Başqa bir hissəsini Tofiq Hüseynov özəlləşdiribdir. Başqa bir hissəsini Zaman İsgəndərov özəlləşdiribdir. Böyük bir hissəsini keçmiş icra hakimiyyəti başçısı Abışov özəlləşdiribdir. Demək, belə çıxır ki, buradakı obyektlər, yeməkxanalar və sair özəlləşdirilən zaman beş adamın əlinə keçibdir”.

Həmin müşavirədə Heydər Əliyev Fikrət Sadıqova Sumqayıtın abadlaşdırılmasında iştirakı üçün 3 ay vaxt vermişdi.

Sonralar Heydər Əliyevin səhhəti pisləşdiyindən onun başı müalicəyə qarışmış, 2003-cü ilin sonlarında isə vəfat etmişdi.


Heydər Əliyev dönəmi başa çatandan sonra F.Sadıqovun da işləri tərs gətirdi. O, 2005-ci ildə sabiq nazirlər Əli İnsanov, Fərhad Əliyev, habelə Prezidentin İcra Aparatının işlər müdiri olmuş Akif Muradverdiyevlə birgə dövlət çevrilişinə cəhddə ittiham olunaraq “Azərkimya” Şirkətinin prezidenti vəzifəsindən çıxarıldı.

O zaman Milli Məclis dövlət çevrilişinə cəhddə ittham olunan deputat F.Sadıqovu Baş Prokurorluğun parlamentə müraciətindən sonra toxunulmazılq hüququndan məhrum etmişdi.

Beləcə, F.Sadıqov deputat toxunulmazlığından məhrum edilən ilk deputat kimi tarixə düşmüşdü.

Daha sonra o, Azərbaycan Respublikasında hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, kütləvi iğtişaşa hazırlıq, mənimsəmə və ya israf etmə maddələri ilə başlanmış cinayət işi üzrə həbs olunmuşdu…

O zaman Baş prokurorluq, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin yaydığı birgə məlumatda Fikrət Sadıqovun adı necə deyərlər, qırmızı xətlə keçirdi.

Rəsmi məlumatda bildirilirdi ki, Prezident Aparatı İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev və “Azərkimya” Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqov külli miqdarda dövlət əmlakını talamaqda, qulluq mənafeyi əleyhinə cinayətlər törətməkdə təqsirləndirilən və barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa elan olunmuş Rəsul Quliyev, eləcə də sabiq səhiyyə naziri Əli İnsanov, sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev, sabiq maliyyə naziri Fikrət Yusifov və hakimiyyətin zorla ələ keçirilməsində maraqlı olan digər şəxslərlə cinayət əlaqəsinə giriblər.

“İstintaq araşdırmaları göstərmişdir ki, təqsirləndirilən şəxs qismində cəlb olunmuş Fikrət Yusifov Rəsul Quliyevin tapşırığı ilə “Azərkimya” Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqovla onun xidməti kabinetində görüşərək, Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi üçün maliyyə vəsaitlərinin gərəkli olduğunu bildirmişdir. Bu təşəbbüsü dəstəkləyən Fikrət Sadıqov onunla mütəmadi olaraq görüşərək, ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vermişdir...

Əldə olunmuş razılığa əsasən, Fikrət Sadıqov sürücüsü vasitəsilə 2005-ci il oktyabrın 16-da “Flaqman” restoranında Fikrət Yusifova 10 min ABŞ dolları məbləğində pul çatdırmışdır. Şahid qismində istintaqa ifadə verən Fikrət Sadıqov bu məqsədlərlə hələ 2001-ci ildən başlayaraq, ayrı-ayrı vaxtlarda Fikrət Yusifova müxtəlif məbləğlərdə, cəmi 30 min ABŞ dolları pul verdiyini təsdiqləmişdir”,-deyə güc struktirlarının birgə məlumatında vurğulanırdı.


Amma F.Sadıqov bir neçə gün istintaq təcridxanasında saxlanılmış, sonra isə ev dustağı edilmişdi.

Həmin hadisədən sonra F.Sadıqov uzun müddət ortalardan qeyb oldu…

O, 2005-dən 2009-a qədər işsiz qaldı. Bu müddətdə o, ictimai təbirlərdə iştirak etmir, televiziya ekranlarında, mətbuat səhifələrində görünmürdü.

Və bir də 7 ildən sonra  - 2012-ci ildə üzə çıxdı. Onda mediaya məlum oldu ki, sabiq deputat 2009-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasında çalışır. 

Fikrət Sadıqovun mətbuatla sonuncu təması 2015-ci ildə olub.

Texnika elmləri doktoru, professor F.Sadıqov Azərbaycanın əməkdar mühəndisi, Dövlət mükafatı laureatı, Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü, Beynəlxalq Şərq Neft Akademiyasının akademiki, Beynəlxalq Ekologiya-Energetika Akademiyasının üzvüdür.

81 yaşlı F.Sadıqov hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda çalışır - o, həmin elmi-tədqiqat müəssisəsində laboratoriya müdiri vəzifəsini tutur. Evlidir, iki övladı var…


A.Qorxmaz


***

Həmçinin oxu:

Unudulan deputatlar - Erməni dilini bilən iqtisadçı...
Unudulan deputatlar - Kabinetində keçinən vitse-spiker - FOTO
Unudulan deputatlar: Qərbi azərbaycanlıların ağsaqqalı... 
Unudulan deputatlar - Fransanı hiddətləndirən professor: “Jak Şirak qudurub!”
Unudulan deputatlar: Həyat yoldaşı və qızı qətlə yetirilən akademik - FOTOLAR 
Unudulan deputatlar - Administrasiyada vəzifə verildi, iki dəfə həbs olundu, Prezident onu əfv etdi 
Unudulan deputatlar: “Çörək Tofiq” və Heydər Əliyevin məşhur müşavirəsində danlanan MƏMURLAR... 
Unudulan deputatlar - Akademikin təzyiqlərinə dözə bilməyən PROFESSOR 
Unudulan deputatlar - Oğul itkisi ilə barışa bilməyən ƏMƏKDAR JURNALİST 
Unudulan deputatlar - Qardaşından prezidentliyə namizəd olduğuna görə küsən məşhur YAZIÇI…
Unudulan deputatlar: Rafael Allahverdiyevin acı sonluğu... - FOTOLAR 
Unudulan deputatlar: Rəsul Quliyevin güdazına gedən AKADEMİK 
Unudulan deputatlar: İdmançı, həkim, prezidentliyə namizədin qəfil ÖLÜMÜ - FOTOLAR 
Unudulan deputatlar: YAP-dan küsən PROFESSOR

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...