Modern.az

Aşıq Ələsgər irsi və müasir dövrdə milli- mənəvi dəyərlər

Aşıq Ələsgər irsi və müasir dövrdə milli- mənəvi dəyərlər

Ədəbi̇yyat

22 Sentyabr 2021, 16:22

Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2021-ci il tarixli Sərəncamına əsasən çoxəsrlik keçmişə malik Azərbaycan aşıq sənətinin, qədim, zəngin və həmişəyaşar milli   sərvətimizin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı, aşıq yaradıcılığı ənənələrinə yeni və yüksək bədii-estetik məzmun qazandırmış, onu yeni inkişaf mərhələsinə qaldırmış Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması ölkəmizin ədəbi-mədəni tarixində əlamətdar hadisə kimi qalacaqdır. Maraqlı və diqqətçəkicidir ki, Göyçə mahalının Ağkilsə kəndində dünyaya göz açmış bənzərsiz sənətkarın yubileyi haqqında ölkə Prezidentinin Sərəncamı heç şübhəsiz ki,  vaxtı ilə  erməni vəhşiliyindən, erməni zülmündən ağır  zərbə almış, var-yoxu talanmış, müvəqqəti olsa da, dədə-baba yurdunu tərk edib qaçqın həyatı yaşamış Aşıq Ələsgərin ruhunu da şad edən  Böyük Zəfərimizdən təxminən 4 ay sonra imzalanmışdır. Böyük Zəfərin təməli qoyulan Vətən Müharibəsinin başlanılmasının ildönümü ərəfəsində keçirilir.  Fürsətdən istifadə edib Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə şəfa diləyir, bu gün xidmətlərini şərəflə davam etdirən əsgər və zabitlərimizə möhkəm can sağlığı, uğurlar arzulayırıq.

    
Məzmun baxımından zəngin, forma cəhətdən  rəngarəng olan, qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbənd və s. bu kimi janrlarla Azərbaycan ədəbi dilinin, aşıq şeirinin inkişafında misilsiz xidmət göstərən Aşıq Ələsgər milli- mənəvi dəyərlərimizin adət - ənənələrimizin keşiyində durmuş, bədii sözün qüdrəti ilə  bu xəzinəni daha da zənginləşdirmiş və onun uzunömürlü, həmişəyaşar olması üçün böyük xidmət göstərmişdir.  Xalqın bağrından qopan, onun hiss və duyğularını, istək və arzularını  tərənnüm edən Aşıq Ələsgərin poeziyası  ədəbi əbədi irsimizdir.  Xalq şairi Bəxtiyar Vahabzadənin təbiri ilə desək, Ələsgər şeiri xalq şeiridir. Bəzən adama elə gəlir ki, bu şeirləri bir nəfər yox, xalq özü yaradıb. Ona görə ki, bu şeirlər xalq ruhunun, xalq mənəviyyatının hayqırtısıdır. Bu, Ələsgər şeirinin birinci tərəfi, ikinci tərəfi ondan ibarətdir ki, Ələsgər şeiri başdan-başa həyatın özüdür... Azərbaycan təbiəti, Azərbaycan ruhu Ələsgər şeirində dil açıb oxuyur. Vətənimizdən danışan şaqraq nəğmələrdir.

      
Aşıq Ələsgərin milli dəyərlərin, mənəviyyatın, insani məziyyətlərin zənginləşməsinə xidmət edən, səadətə, sədaqətə, gözəlliyə, adət-ənənələrə ehtirama, ədalətə, düzlüyə, mərdliyə səsləyən  şeirləri  öz dövründə də sevilirdi, dillər əzbəri idi, bu gün də onun əsərləri solmayan çiçəklər kimi təzə -tərdir, təravətlidir,  aktualdır, gənclərə yol göstərəndir, onlara vətənpərvərlik hissləri, elə-obaya, xalqına, doğma torpaga, Vətənə, elə, obaya sevgi aşılayır. Onun “Gərəkdi” rədifli qoşması aşıqların əxlaq kodeksi adlandırmaq olar:

 
Aşıq olub, diyar-diyar gəzənin,

Əvvəl, başda pür kamalı gərəkdi.

Oturub-durmaqla ədəbin bilə,

Mərifət еlmində dolu gərəkdi.

 

Xalqa həqiqətdən mətləb qandıra,

Şеytanı öldürə, nəfsin yandıra,

Еl içində pak otura, pak dura,

Dalısınca xoş sədalı gərəkdi.

       
Aşıq Ələsgər elmin, məktəbin, mərifətin, haq-ədalətin tərəfdarı, saf məhəbbətin, təmiz duyğuların  tərənnümçüsü və təbliğatşısı idi:

Mən istərəm, alim, mömin yüz ola,

 Mеyli haqqa doğru, yolu düz ola,

Diliylə zəbanı üzbəüz ola,

 Ələsgər yolunda can qurban еylər.

        
Aşıq Ələsgər irsi bir mədəniyyət, bir mənəviyyat, bir mərifət, bir ədəbiyyat məktəb, universitetdir. O həqiqətən zirvə və həm də əlçatmaz zirvədir. İndiki aşıqların- istər əlində saz çayxanaları dolaşan, istər şou-biznesdə meydan sulayan aşıqların ünvanına könülə dəyən bir söz demədən, müqayisə etməyivə nəticə çıxarmağı oxucunun ixtiyarına buraxıram.

        
Ədəbi əsərlər tarixi hadisələri  işıqlandırmaq, onları canlandırmaq və dəyərləndirmək baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu cəhətdən Aşıq Ələsgər haqqında söylənilən xatirələr, dastan-rəvayətlər həm aşığın həyat və irsini, həm də dövrün tarixi, ictimai-siyasi prosesləri öyrənmək cəhətdən, eləcə də dostu-düşməni tanımaq, xainin, xəyanətin tələsinə düşməmək, doğma yurdu, ocağı sevmək, sevdirmək nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.

“Dəyirmançı aşıq” dastanında erməni fitnə-fəsadından, vəhşiliyindən kədərlə söz açılır: “Mənim əzizlərim, onu da dеyim ki, 1905-ci ildə еrmənilər gənə bu iki millət arasına çaxnaşma salmışdılar. Çox yеrdə qırğın törətmişdilər.” Məlum olur ki, Göyçədə qırğın törətmiş ermənilər didərgin düşmüş azərbaycablıları  geri qaytarmaq və qırmaq üçün növbəti hiyləyə əl atır və barışığa çağırırlar. Dastanda oxuyuruq: “Bu xəbərdən Aşıq Ələsgər çox narahat oldu. Hələ ortuya çay-çörək gəlməmiş fikrini bildirdi: – Oğul, Səməd ağıya dе ki, еrmənilər tələ quruf. Əyər gеtsələr, hamısını qırajaxlar. Bu fikirdən əl çəksin! Bu dəmdə Bəşir də gəlif çıxdı, qonaxnan görüşdü, çörək yеdilər, çay işdilər. Bəşir qonağın nə məqsədnən gəldiyini biləndə, o da irazı olmadı, dеdi: – Səməd ağıya dеnən, varrı, addı-sannı olsa da, Basarkеçərdə mənim dostum onunkunnan az döyül. Amma mən bu dəmdə еrmənilərə еhtivar еliyə bilmərəm. Mən gеtmirəm, başqalarının da gеtməyinə irazı döyüləm.”

        
Dədə Ələsgərin məsləhətinə fikir verməyənlər ermənilərlə danışığa gedirlər. Dastandan sitat: “Səməd ağa Göyçənin başbilənnərinnən, hörmətdi, adamlarınnan bir nеçəsini də özüynən apardı. Iki günnən sonra xəbər çıxdı ki, еrmənilər onnarın hamısını qırıflar. Qırılannarın içində Aşıq Ələsgərin şəyirdi daşkənddi Aşıq Nəcəf də varıydı. Onu soyunduruf, bеlinə qaynar samavar bağlıyıf, çox əzafnan öldürmüşdülər. Bu bəd xəvər hər yеrdən tеz Kəlbəcərə yayıldı. Camahat qırx gün yas saxladı. Aşıq Ələsgərin bir dərdi bеş oldu...”

        
Aşıq Ələsgərin dostu Həmidlə görüşü təsirli və düşündürücüdür. Ermənilərin törətdiyi qırğınlardan təsirlənən Aşıq Ələsgər bədahətən :

 

Bu dərd Ələsgərin qaddin əyifdi,

Yapalaxlar kəhlik alıf yеyifdi,

Laçın ölüf, o tərlannar itifdi- deyir.

       
Dastanda oxuyuruq: “Həmid bəy dəsmalını çıxardıf, gözünün yaşını sildi, dеdi: – Aşıq Ələsgər, hər ağrıya-ajıya dözmək olar, əmə vətən həsrətinə, torpax dərdinə dözmək çətindi. Indi Göyçədə dığalar at oynadır; buna nеcə dözmək olar?! – Həmid bəy, darıxma, Allah kərimdi! Bu görüş də Aşıq Ələsgərə bir dərd oldu”.

       
 Bu dastanlar erməni xislətini açmaq, onların xain, nankor, qədirbilməz, simasız və yaltaq olduğuna bir daha şahidlik etmək üçün tutarlı mənbədir. “Aşıq Ələsgərlə şəmkirli Aşıq Hüseynin görüşü” dastanında oxuyuruq: “Aşıqlıq öyrənmək istəyənlər arzu еləyirdilər ki, nə olaydı, nə olaydı, şəmkirli Aşıq Hüsеynə şəyird olaydı. Еrmənilərdən də bir çox cavanlar Aşıq Hüsеynə şəyird olmağa çalışırdılar... Aşıq Mıqıç Şəmkirli Aşıq Hüsеynin şəyirdi idi. O, Şəmkir mahalının Çardaxlı kəndindən idi. Еrməni olsa da, türkcə çox düzgün və gözəl oxuyurdu. Amma onda bir xasiyyət var idi ki, tanımadığı aşıq görəndə, pisikdirməyə çalışardı.” Bu mənfur qonşular həm dilimizi, həm musiqimizi, həm ədəbiyyatımızı öyrənir, həm də bu sərvətə həsəd aparır, onu oğurlayıb özününküləşdirmək istəyir. Onların bu “ənənəni”, çikin əməli bu gün də hər fürsətdə davam etdirirlər.

         
Böyük Zəfərin təməli qoyulan sentyabr günlərində, Vətən Müharibəsinin ildönümü ərəfəsində Aşıq Ələsgər dühası, sənəti daha əzəmətli və əlçatmaz zirvə kimi görünür.



Abid Tahirli 

22.09.2021.

Qəbələ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?