Modern.az

Partiya sədri Şeyxi qınadı: “İrana vaxtında cavab vermədi”

Partiya sədri Şeyxi qınadı: “İrana vaxtında cavab vermədi”

Aktual

23 Sentyabr 2021, 18:06

“İrandan Azərbaycanla bağlı hədə dolu açıqlamanı din xadimi verdiyi üçün buna bizim tərəfdən din xadimi cavab verməli idi. Amma Allahşükür Paşazadə çox ləngidi. Tez cavab versəydi, siyasi partiyalar və dövlət adamlarının, deputatların bu məsələyə qoşulmasına ehtiyac qalmazdı”

 

Bunu Modern.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ötən gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin İran ayətullahı ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.

 

Onun fikrincə, Allahşükür Paşazadə İrana vaxtında cavab verməli idi:

 

“Azərbaycan Qarabağ problemini öz gücü hesabına həll etdikdən, Türkiyə, Azərbaycan və Pakistan arasında müəyyən hərbi-siyasi müttəfiqlik yarandıqdan sonra bəzi ölkələr narahat olmağa başladılar. Onlar bu narahatlığı çox kobud, diplomatiyaya uyğun olmayan şəkildə büruzə verdilər. Bu da İran və Azərbaycan arasında münasibətlərə təsirsiz ötüşmədi.

 

Təbii ki, din xadiminin cavabını bizim tərəfdən də din xadimləri verməlidir. Belə olan halda siyasi partiyalar, dövlət adamlarının, deputatların bu məsələyə qoşulmasına ehtiyac qalmazdı. Amma Allahşükür Paşazadə çox ləngidi, cavab vermədi. Çünki onun İranla münasibətləri var.

 

İran ayətullahının təhdidləri cəmiyyətdə böyük etiraz doğurdu. Allahşükür Paşazadəyə dedilər ki, sən dini mövqe ortaya qoymalısan. Yoxsa o xoşluqla öz mövqeni ortaya qoymazdı”.

 

Xatırladaq ki, ayətullah Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin bu yaxınlarda birgə hərbi təlimlər keçirməsinə münasibət bildirərkən Azərbaycanı hədələmiş, “şirin quyruğu ilə oynamamağı” məsləhət görmüşdü. Şir deyəndə ayətullah Amuli İranı nəzərdə tuturdu.

 

Buna qarşılıq olaraq ötən gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İranın ali dini lideri ayətullah Xameneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi ayətullah Seyid Həsən Amilinə cavab bəyanatı ilə çıxış edib.

 

Fidan İlqar

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu