Modern.az

Keçmiş səfir: ABŞ Azərbaycanla Ermənistan arasındakı qeyri-sabit sülhü möhkəmləndirə bilər  

Keçmiş səfir: ABŞ Azərbaycanla Ermənistan arasındakı qeyri-sabit sülhü möhkəmləndirə bilər  

Analitika

28 Sentyabr 2021, 13:00

Ermənistanla Azərbaycan arasındakı II Qarabağ müharibəsinin 1ili tamamlansa da, sülh sazişi imzalanmayıb və münaqişənin yenilənməsi ehtimalı mövcuddur.

Modern.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta bu mövzuda məqalə ilə çıxış edib.

Robert Sekuta Vaşinqtonda yerləşən müstəqil, qeyri–kommersiya tədqiqat təşkilatı olan “Xəzər Siyasət Mərkəzi”nin Məşvərət Şurasının üzvüdür. O, 2015-2018-ci illərdə ABŞ-nın Azərbaycandakı səfiri, Enerji Resursları üzrə Dövlət Katibinin köməkçisinin müavini, eləcə də Enerji, Sanksiyalar və Əmtəə üzrə Dövlət katibi köməkçisinin müavini olub.

Robert Sekutanın məqaləsini təqdim edirik:

"Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə 2020-ci ilin noyabr ayında Azərbaycan və Ermənistan dövlət başçılarının razılaşdırdıqları atəşkəs iki Avropa dövləti arasında gedən qızğın müharibəni dayandırmış olsa da, bu ölkələrin hərbi qüvvələri hələ də bir-birinin ölkə sərhədlərini pozmaqda davam edirlər. Bundan əlavə, imzalanmış müqavilə silahlı qüvvələrin bir-birinə atəş açmasının qarşısını ala bilmir və üstəlik, Ermənistanın Dağlıq Qarabağı və Azərbaycanın ətraf ərazilərini işğal etdiyi onilliklər ərzində artan nifrət hissi hələ də səngiməyib. Azərbaycan onilliklər ərzində Ermənistanın işğalı altında qalmış Ağdamın və digər şəhərlərin, demək olar ki, tamamilə dağıdıldığını və əhalisinin didərgin düşdüyünü göstərir; Ermənistan isə bu yaxınlarda “Beynəlxalq Ədalət Məhkəməsi”nə müraciət edərək, rəsmi Bakını dövlət tərəfindən maliyyələşdirilən “etnik və ya milli mənşəli ermənilərə qarşı” yönəlmiş proqramların icrasında və bununla da, Bütün Növ İrqi Ayrı-Seçkiliyin Aradan Qaldırılması haqqında Beynəlxalq Konvensiyanı pozmasında ittiham edir. 


Bu atəşkəs Rusiya qoşunlarının Azərbaycan ərazisində yerləşdirilməsinin əsasını qoyub və Rusiyanın Ermənistanda mövcudluğunu artırıb. Hələ də davam edən düşmənçilik və münaqişənin həllində irəliləyişlərin əldə olunmaması, Rusiyanın maraqlarına xidmət edir. Sirr deyil ki, Rusiya keçmiş Sovet İttifaqına daxil olan dövlətlər üzərində öz nəzarətini gücləndirmək, ABŞ-nı diskreditasiya etmək, qanunlara əsaslanan beynəlxalq asayişi pozmaq və öz qlobal statusunu möhkəmləndirmək məqsədi ilə periferiyasındakı ölkələrin daxilində və həmin ölkələr arasında baş verən münaqişələrdən istifadə edir və hətta bu münaqişələri stimullaşdırır. Ukraynada, Moldovada, Gürcüstanda və digər ölkələrdə olduğu kimi, Rusiya Azərbaycanla Ermənistan arasındakı münaqişədən də öz mənafeyinə uyğun istifadə edib və istifadə etməkdə də davam eləyir.   


Bundan əlavə, ABŞ liderlərinin Rusiya, Çin və İranın ambisiyalarının məhdudlaşdırılması haqqında səsləndirdikləri fikirlərə rəğmən, regiondakı rəsmi şəxslər, alimlər və ictimai xadimlər dönə-dönə təkrarlayırlar ki, ABŞ-a ehtiyac olsa da, onun mövcudluğu görünmür. Regionda bir çoxları bildirirlər ki, Moskva ilə əməkdaşlıq etməkdən başqa çarələri yoxdur.


Bu vəziyyət çox davam edə bilməz.  


ABŞ Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olunmasına, onların təhlükəsizliyinin möhkəmləndirilməsinə və inkişafının təmin olunmasına köməklik göstərmək, eləcə də amerikalıların uzun müddət ərzində çalışaraq təmin etdikləri beynəlxalq hüquq sisteminin gücünü və üstünlüklərini göstərmək üçün kifayət qədər böyük təcrübəyə və imkanlara malikdir.


ABŞ-nın asanlıqla icra edə biləcəyi çoxsaylı səciyyəvi tədbirlər mövcuddur. Bunlardan biri daha əyani diplomatiyadan istifadə etməkdir. ABŞ-nın yüksək vəzifəli rəsmi nümayəndələrinin şəxsi səfərləri ideal olsa da, qarşılıqlı əlaqələrin virtual şəkildə və telefon zəngləri vasitəsi ilə qurulması da çox yaxşı nəticələr verib və Covid–19 pandemiyasının reallıqlarını nəzərə alaraq, bu cür ünsiyyət formaları geniş miqyasda qəbul olunmuş diplomatik norma hesab olunur. Bu cür üsullar Amerika auditoriyasına adi görünsə də, Vaşinqtonun və ya Moskvanın rəsmi şəxsləri və milli liderləri arasında telefon danışıqları və digər qiyabi ünsiyyət formaları bir çox ölkələr üçün yenidir. Bundan əlavə, bu cür yüksək səviyyəli danışıqlardan daha effektiv olan intensiv ABŞ dövlət diplomatiyasıdır ki, bu diplomatiya Amerikanın ismarıclarını daha geniş auditoriyaya çatdıra bilər. Bundan əlavə, bu yaxınlarda ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılmasını nəzərə alaraq, sürətli, əyani və yüksək səviyyəli əlaqələr daha geniş regionda da əminlik yarada bilər.


İkincisi, ABŞ hər iki ölkədə liderlərin sülh, əmin-amanlıq və davamlı təhlükəsizlik haqqında razılığa gəlməsi məqsədi ilə əlverişli mühit yaratmaq üçün Bakı və İrəvanla münasibətdə öz nüfuzundan istifadə etməlidir. Onilliklərlə davam edən münaqişələr, qorxu və nifrət hissi çoxlu sayda ermənilərin və azərbaycanlıların nəinki bir-birinə etimad göstərməsinə, hətta bir-birini tanımasına mane olur. Bu, Azərbaycan və Ermənistan hökümətlərinin sülh müqaviləsinə riayət etməsi və qarşılıqlı əlaqələr qurması üçün imkanlarını məhdudlaşdırır. ABŞ səciyyəvi məsələləri yoxlamaq və onların həlli üçün mümkün yanaşmaları işləyib hazırlamaq məqsədilə şəxsi əlaqələrin qurulmasında Ermənistanla və Azərbaycanla birgə işləməlidir. Şimali İrlandiyadakı təcrübə və digər münaqişələr göstərir ki, bu cür proqramlar mühüm üstünlüklər yarada bilər. 


Üçüncüsü, ABŞ iki ölkədə və Cənubi Qafqazda yeni nəqliyyat və kommunikasiya qovşaqlarının açılması üçün Azərbaycanla və Ermənistanla müştərək çalışmaldır. Bu səylər biznes imkanlarının yaradılmasına, iqtisadi inkişafa, ermənilərin və azərbaycanlıların rifah halının yaxşılaşmasına şərait yaradacaq.  Bu nəqliyyat və kommunikasiya qovşaqları, Dağlıq Qarabağ münaqişəsi səbəbindən Azərbaycan və Türkiyədən təcrid edilmiş Ermənistan üçün daha zəruri olacaq. Bu layihələr Çinin Kəmər və Yol Təşəbbüsünə cavab olaraq, Qafqazı və Mərkəzi Asiyanı stimullaşdıracaq.     


Qeyd etmək lazımdır ki, ABŞ-nın bu əməliyyatlarından heç biri irihəcmli xərclər və ya resurslar tələb edilmir. Bunun üçün yalnız azacıq təşəbbüs və səy tələb olunur. 


Bunun nəticəsi isə əhəmiyyətli olacaq. ABŞ-nın ötən baharda həyata keçirdiyi əməliyyatlar bu məsələni dəstəkləyir. Milli Təhlükəsizlik Müşaviri Ceyk Sallivanın telefon zəngindən sonra Avropa və Avrasiya İşləri üzrə Dövlət Departamenti Bürosunun o vaxtkı rəhbəri ilə Minks Qrupunun həmsədrinin görüşü, Ermənistanın hərbi əsirlərinin qaytarılmasına, eləcə də Azərbaycanın ötən il Ermənistan işğalından azad etdiyi torpaqlarda basdırılmış minaların xəritələrinin Azərbaycana təqdim edilməsi üçün razılıq əldə olunmasına kömək edib. Bu təşəbbüs həm Ermənistan, həm də Azərbaycan tərəfindən müsbət qarşılanıb, Rusiya isə bunu etmək iqtidarında, yaxud arzusunda deyildi.  


Regiondaki rəsmi şəxslərdən biri bu yaxınlarda deyib: “Əgər ABŞ Rusiyanı sıxışdırıb çıxarmaq istəyirsə, o Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olunmasına kömək etməlidir” ABŞ-nın bundan böyük marağı nə ola bilər?"

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü