Modern.az

Sərhədi Ermənistanın yerinə Azərbaycan qoruyacaq?

Sərhədi Ermənistanın yerinə Azərbaycan qoruyacaq?

12 Oktyabr 2021, 11:18

Mahir QABİLOĞLU

 

Adətimcə suala elə başlanğıcda cavab verməliydim. Özü də ki, “HƏ” cavabı. Amma öncəgörənlik etmək istəmədim. Cavabı dəqiq bilsəm də... Niyə? Çünki bir də gördün Ermənistan ərazisində neft fontan vurdu, qaz fışqırdı, qızıl, brilyant yataqları tapıldı. Varlı bir dövlətə çevrildi. Onda qoyduğum suala verdiyim cavab səhv çıxa bilərdi. Ona görə də son nəticəni çıxartmağı sizin öhdənizə buraxmağa qərar verdim.


Sərhəddə iki il aldığım məhdud bilgiləri sizinlə bölüşəcəyəm. Bu zabit bilikləri deyil. Bir sıravi sərhədçinin əsgərlik xatirələridir desək düzgün olar. Özü də ki, o əsgər düzənlik bir yerdə, sərhəd xəttini çayın  təyin elədiyi ərazidə düz iki il xidmət edib. Bunu niyə xüsusi qeyd etdim? Dağlıq ərazilər öz relyefinə görə daha çətin xidmət sahələri sayılır. Mən hələ asanını yazacağam. Relyefi rahat, havası mülayim, qonşu dövlətin də o vaxt çox da təhlükəli sayılmadığı bir sərhəd zastavasından yazacağam. Dövlət sirrini açmaq olmaz? Düz deyirsiniz. Amma mənim demblimdən 35 il keçib. Özü də söhbət sovet dövründən bəhs edəcək. Bəlkə də yazdıqlarım bu günlə səsləşə bilər. Çünki sərhəd zastavasında insan faktoru bu gün də ən önəmli amildir. Müasirlik baxımından isə bugünkü sərhəd mühafizəsi o vaxtkından bəlkə də baha başa gəlir. Həm də indiki zəmanədə sərhədçi potensial şəhiddir. Hər an ölümlə üz-üzədir. 


Bu yazımda yer adları çəkməyəcəyəm. Çünki SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd qoşunlarının bütün hissələrində, zastavalarında qayda eyni idi. Təkcə Çin və Türkiyə ilə sərhəd qorunması fərqlənirdi. Əlbəttə ki, sahil mühafizəsinin də özünəməxsusluğu öz yerində. Elə isə başlayaq.

 

1985

 

1985-ci ildə məni hərbi xidmətə çağırdılar. Baxmayaraq ki, universitetdə oxuyurdum. S.M.Kirov adına ADU-da hərbi kafedra olduğundan məzunlar üç aylıq “zbor” – hərbi toplantı keçərək, ehtiyatda olan leytenant rütbəsi alırdılar və 55 yaşına qədər istənilən vaxt xidmətə çağrıla da bilərdilər, çağrılmaya da... Mənə isə ikinci kursda “povestka” – çağırış vərəqəsi gəlmişdi. Məlumat üçün deyim ki, həmin dövrün dördillik zaman kəsiyində 1965-68-ci illərdə anadan olan bütün oğlanlar – harda oxumaqlarından asılı olmayaraq – məhz 18 yaşında hərbi xidmətə getməliydilər. Özü də hamı kimi – düz iki il. Bunu da belə izah edirdilər ki, bəs bizlər 1941-45-ci illərdə Böyük Vətən müharibəsində həlak olanların nəvələri yaşındayıq. Ona görə də Sovet İttifaqında sözün hərfi mənasında kişi qıtlığıdır.


Buna görə möhlət hüquqları dörd il müddətinə ləğv olunmuşdu. İkinci kursdan təhsilimi yarımçıq qoyub əsgərliyə yollandım. Atamın və xalam ərinin xüsusi səyi, general-mayor Mustafa Nəsirovun xeyir-duasıyla Sərhəd Qoşunlarına düşdüm. Özü də ki, Azərbaycan SSR ərazisində qulluq edəcəkdim – sərhədçi-tərcüməçi kimi. 40 nəfər tələbə-çağırışçı idik. Bu, general-mayor Mustafa Nəsirovun yeni bir addımı idi. Çünki sərhəddə Azərbaycan və Rus dillərini bilənlərə ehtiyac duyulurdu. Sərhədi pozan mülki vətəndaşların əksəriyyətinin İran azərbaycanlıları olduğuna görə.


Yox, yaman tələsdim. Əvvəlcə adım o siyahıya  salındı. Başlandı yoxlama. Bir ay yarım çəkdi bu proses. Başqaları Biləcəri toplantı məntəqəsinə bir dəfə gedirdi. Bizi isə... Sayı yadımdan çıxıb. Yoxlamanın mahiyyətini sonralar başa düşdüm. Xaricdə qohumunun yaşayıb-yaşamaması, yaxınlarından kiminsə türmədə olub-olmaması, ailənin cəmiyyətdə tutduğu mövqe və sairə, ilaxır. Nəhayət yoxlamadan üzüağ çıxdım. Yox. Yalan dedim. Özü də ikiqat yalan danışdım. Demə, yoxlama hələ uzun müddət davam edəcəkmiş. Birinci yalanım üzə çıxanda bunu anladım.

 

HAŞİYƏ: Artıq altı ay idi ki, zastavadaydım. “N” hərbi hissəsinin komandiri və Xüsusi şöbənin rəisi (Xüsusi şöbənin rəisi otryad içində ayrıca hərbi hissə sayılırdı – heç kimə tabe  deyildi ) podpolkovnik Qey zastavaya gələrək, məni sərhəddən geri çağırdı. Kənar külafirəngidə oturduq. Hal-əhval tutandan sonra keçdi mətləbə:

  • - İmamverdiyev, xaricdə qohumunuz olmasından sənin xəbərin vardımı?

  • - Var idi, – deyə həmən cavab verdim, – Atamın dayısı Məmməd inqilab vaxtı Türkiyəyə gedib və geri qayıtmayıb. 1972-ci ildə Bakıya da gəlmişdi. Onda balacaydım. Şəkillərimiz də var.

  • - Bəs onda niyə anketdə qeyd etməmisən?

  • - Ölən adamı niyə qeyd etməliydim ki?

  • - Hardan bilirsən ki, ölüb? Bir də ki, onun arvadı və uşaqları sağ deyillərmi?

  • - İstanbulda evlənmişdi – yerli ailədən. Onun nə arvadını, nə də uşaqlarını tanıyırdıq. O ki, qaldı vəfat etməyinə... Qayıdandan bir müddət sonra bizə – atama, anama və mənə – viza göndərdi. Məmməd dayı elə bilibmiş ki, anam da atamın familiyasıyla gedir. Ona görə də qızlıq familiyasını saxlayan anamın soyadını “Rəhimova” yerinə “İmamverdiyeva” yazıb. Buna görə də vizanı texniki səhvə görə geri qaytardılar. Yenisi gələndən bir-iki gün sonra isə xəbər gəldi ki, bəs dayı rəhmətə gedib. Atam da səfərdən imtina etdi.

  • - Niyə?

  • - Dedi ki, uşaqlarını tanımıram. Ögey adamdırlar mənimçün. Mən dayıma görə gedirdim ora. O yoxdursa, getməyimin nə mənası?

Podpolkovnik Qey fikrə getdi. Yəqin ki, məndən başqa cavab gözləyirdi: “Bundan xəbərim olmayıb. Ona görə yazmamışam”. Mən isə təfərrüatıyla cavab vermişdim.  

  • - İmamverdiyev, gəl belə danışaq. Biz sizə 10 günlük məzuniyyət veririk. Gedirsiz evə. Heç nə hiss etdirmədən, girin atanızın qılığına. Öyrənməyə çalışın ki, indi Türkiyədəki o ailəylə atanızın, ya qohumlarınızın bir əlaqəsi varmı?

  • - Mən getməyəcəyəm. Dəqiq bilirəm ki, əlaqə yoxdur. Nəinki əlaqə – heç onları tanımırlar da...

  • - Sən belə tez cavab vermə. Get. On gün də dincəl. Bəlkə nəsə əlaqə var?

İmtina etdim, nə qədər təkid etsə də... Yox, 10 günlük məzuniyyətdən imtina etdiyimə görə başıxarab deməyin mənə. Prinsip söhbəti vardı ortada. Lap birdən belə əlaqəni üzə çıxartsaydım. Belə çıxır ki, atamdan xəbərçilik etməliydim? Amma bu səhvə görə məni cəzalandıra, Cənub sərhədindən çıxarıb şimala – “Günəşli Maqadan”a da göndərə bilərdilər. Belə təhdidləri ara-sıra eşidirdik. Zastavamızda bu cür hadisə baş vermişdi də...

Amma mənə qaranlıq qaldı. Yarım ildən sonra bu nə hoqqa idi? Demə, yoxlama başa çaymayıbmış. Bir müddətdən sonra podpolkovnik Qey “Səni Moskvaya – “VŞK”ya oxumağa göndərmək istəyirik” dedi. İmtina etdim. Evin tək uşağı olduğumu, xidməti bitirəndən sonra evə qayıdacağımı bəhanə yox, əsas gətirdim. Sonralar başa düşdüm ki, VŞK – “Vısşaya Şkola KQB” – demək imiş. SSRİ-nin iki ən yüksək ali məktəbindən biri yox, bəlkə də birincisi. Əsgərliyi başa vuranda Qeyin daha bir təklifini rədd etdim – mən heç kimi sata bilmərəm – gülməli arqument gətirərək. Nə təklif? Dedi, Bakıya xəbər göndərmişəm ki, belə bir adam var. Yoxlamadan tam keçib. Səni Bakı dəmiryol vağzalında Azərbaycan “KQB”sindən (DTK) uşaqlar qarşılayacaq. Onlarla gedərsən. Evə getsən gərək səni təzədən yoxlamağa başlasınlar. Beləcə, 20 yaşına qədər bəxtimi iki dəfə bağladım. Yox. Üç dəfə. Bir dəfə də Əfqanıstana getmək şansım vardı. (SON)

 

Mahir, indi demək istəyirsən ki, əhali sayı bizdən üç dəfə az olan, iqtisadi, hərbi cəhətdən çökmüş Ermənistan Azərbaycanla sərhədi qorumaq üçün tam yoxlamadan keçmiş bu qədər əsgəri, xüsusi təhsil almış sərhədçi-zabiti, Azərbaycan dilini  bilən, səlis yazıb-danışmağı bacaran kəşfiyyatçı zabit və əsgəri qısa müddət ərzində necə yetişdirəcək? Yaxud buna potensialı varmı? Həm də ki, bu sualı Azərbaycan tərəfə də ünvanla? Başüstə. Biz buna hazırıq. Çünki 30 ildir Azərbaycanın Ermənistanla həmsərhəd olan Naxçıvan, Tovuz, Gədəbəy sahəsini öz sərhədçilərimiz qoruyur. Bazamız var. Səhv etmirəmsə bəzi ali məktəblərimizdə də erməni dili tədris olunur. Erməni dilində orta təhsil almış və illər boyu ata-baba torpaqlarından didərgin salınmış nə qədər qaçqınımız var. Ermənilər yox, məhz onlar indiki Ermənistan ərazisinin hər qarışını, keçidini əzbər bilirlər. Onların hər biri potensial kəşfiyyatçı, kəşfiyyatçı-sərhədçidir. Elələri Ermənistanda da var? Bir şeyi qarışdırmayın. Bu torpaqlar bizimdir. Biz onlar kimi qəsbkar deyilik. Öz torpaqlarımızı qismən qaytarmışıq, qaytarmaq missiyasını da davam etdirməliyik.  İndiki Ermənistan ərazisinin bizim torpaqlar olduğunu sübut edim? Başüstə:

 

ПРОТОКОЛ №3

Заседания Мусульманского Национального Совета

г. Тифлис                                                                          29 мая 1918 г.

 

Председатель                                      Гасанбек Агаев

Секретарь                                            М.Махсудов

 

При­су­т­ство­ва­ли: 1) Ф.Х.Хойс­кий; 2) М.Ю.Джа­фа­ров; 3) М.Б.Гад­жи­нс­кий; 4) Ал.Б.Мах­муд­бе­ков; 5) Ф.Б.Ко­чар­ли­нс­кий; 6) Дж.Ме­лик-Ега­нов; 7) Р.Б.Ве­ки­лов 8) Г.Б.Шах­тах­ти­нс­кий; 9) Ах.Ахун­дов; 10) М.К.Ма­мед­бе­ков; 11) А.Шей­хуль-Ис­ла­мов; 12) М.Ма­гер­ра­мов; 13) Х.Б.Хас­ма­ме­дов; 14) Дж.Б.Гад­жи­нс­кий; 15) С.А.Ага­ма­лов; 16) Ша­ри­фов.

На отк­ры­тии за­се­да­ния член Со­ве­та Ф.Х.Хойс­кий док­ла­ды­ва­ет Со­ве­ту о ре­зуль­та­тах пе­ре­го­во­ров предс­та­ви­те­лей Со­ве­та с предс­та­ви­те­ля­ми Ар­мя­нс­ко­го На­ци­о­наль­но­го Со­ве­та по по­во­ду гра­ни­цы тер­ри­то­рии Азер­байд­жа­нс­кой и Ар­мя­нс­кой Фе­де­ра­ций. Ф.Х.Хойс­кий за­кон­чил свой док­лад со­об­ще­ни­ем, что для об­ра­зо­ва­ния Ар­мя­нс­кой Фе­де­ра­ции им ну­жен по­ли­ти­чес­кий центр, а та­ко­вым пос­ле от­хо­да Алек­са­нд­ро­по­ля к Тур­ции мо­жет быть толь­ко Эри­ван, а по­то­му ус­туп­ка Эри­ва­ни ар­мя­нам, ска­зал Хойс­кий, яв­ля­ет­ся не­из­беж­ной.

По это­му воп­ро­су выс­ка­за­лись Х.Б.Хас­ма­ме­дов, М.Ю.Джа­фа­ров, Шей­хуль-Ис­ла­мов (пос­лед­ний от име­ни пар­тии "Гум­мет"), М.Ма­гер­ра­мов (от име­ни Соц.Мус.бло­ка), ко­то­рые приз­на­ют ус­туп­ку Эри­ва­ни ар­мя­нам ис­то­ри­чес­кой не­об­хо­ди­мостью, не­из­беж­ным злом. Го­ло­со­ва­ние по это­му воп­ро­су да­ло сле­ду­ю­щие ре­зуль­та­ты: за ус­туп­ку Эри­ва­ни по­да­ет­ся 16 го­ло­сов из 28 об­ще­го чис­ла: про­тив - один; воз­дер­жав­ших­ся - трое.

За­тем ста­вит­ся на об­суж­де­ние воп­рос об об­ра­зо­ва­нии с ар­мя­на­ми кон­фе­де­ра­ции. За­тем пос­ле крат­ко­го об­ме­на мне­ни­я­ми этот воп­рос ста­вит­ся на го­ло­со­ва­ние. Та­кой по­ря­док бу­ду­ще­го уст­рой­ства Азер­байд­жа­на и Ар­ме­нии Со­ве­том при­ни­ма­ет­ся еди­ног­лас­но. Да­лее член Со­ве­та Ф.Х.Хойс­кий вно­сит пред­ло­же­ние о вклю­че­нии в сос­тав На­ци­о­наль­но­го Со­ве­та Тей­мур­бе­ка Ма­ки­нс­ко­го пу­тем ко­оп­та­ции, что Со­ве­том при­ни­ма­ет­ся еди­ног­лас­но.

 

Председатель   /подпись/       Гасанбек Агаев

Секретарь                    /подпись/       М.Махсудов

ГААР, ф.970, on.1, д.1, лл.51, 52 (копия)

 

 

Cavabım qane etdimi? Bu protokolda qeyd edilən konfederasiya məsələsini, yekdilliklə səs alan – “За­тем ста­вит­ся на об­суж­де­ние воп­рос об об­ра­зо­ва­нии с ар­мя­на­ми кон­фе­де­ра­ции. За­тем пос­ле крат­ко­го об­ме­на мне­ни­я­ми этот воп­рос ста­вит­ся на го­ло­со­ва­ние. Та­кой по­ря­док бу­ду­ще­го уст­рой­ства Азер­байд­жа­на и Ар­ме­нии Со­ве­том при­ни­ма­ет­ся еди­ног­лас­но.” qərarını bəs necə edək? Axı 44 günlük savaşda 1988-ci ildən başlayan 33 illik müharibəni udmuşuq. Amma 1918-ci ildə başlanan 103 illik müharibə hələ də davam edir. Bəlkə məqamdır? Tarixi sənədin müddəalarını həyata keçirmək vaxtıdır bəlkə? Onda heç mənim sərhəddən yazmağıma da ehtiyac yoxdur. Çünki Azərbaycan-Ermənistan sərhədi də olmayacaq. Amma yox. Zamanı qabaqlamayım. Həm də ki, bu yazı bir yazıçının, publisistin keçdiyi iki illik həyat yolunun mövzuyauyğun qısa xülasəsidir. Qoyduğu suala – “Ermənistan Azərbaycanla sərhədi özü qorumaq iqtidarındadırmı?” sialına dolayısıyla verdiyi cavabdır. Tələsməyin. Deməyin ki, bu şərəfli missiyanı onlar Rus sərhədçilərinə həvalə edəcəklər. Necə ki, əvvəllər də belə olub. Vikipediyaya inansaq hazırda Rusiya Sərhəd Qoşunlarının Ermənistanda dörd sərhəd otryadı fəaliyyət göstərir. Amma inanmıram ki, əlavə olaraq bu boyda – 1007 kilometrlik Ermənistan-Azərbaycan sərhədini qorumağa, yenidən yaratmağa onun da gücü çatsın. Bir də ki, niyə qorumalıdır axı? Lap belə olsa... Bəs onda öz şərəfini, torpağını, namusunu, qeyrətini, evini qorumağı yada tapşıranlara nə ad qoyaq? Yox, Mahir, hələ tezdir nəticə çıxarmaq. Sən davam elə. Nəticə özü ortaya çıxacaq.

 


SƏRHƏD QƏLİZ MƏSƏLƏDİR

 

İlk baxışdan sadə görünür: çöllü-biyaban, tikanlı məftillər, göz gördükcə uzanan “KSP” (kontrolno-sledovaya polosa) – nəzarət-ləpir zolağı, bir də üç sərhədçidən və xüsusi təlim görmüş itdən ibarət və müxtəlif silah-sursatlı sərhəd naryadı. Yaxud da ki, hündür vışkadan TPB ilə, binoklla ətrafa nəzər salan siluet. Mülki əhalinin gördüyü bunlardır. Bu qədər sadə. Mən də uşaqlıqda belə düşünürdüm. Hər dəfə Lənkərana, Astaraya gedəndə gördüyüm sərhəddən aldığım təəssürat beləydi. Amma özüm iki illik sərhəd həyatını yaşayandan sonra...


Sovet sərhədçisi ilk addımlarını üç aylıq “uçebka”da – təlim mərkəzində atmağa başlayırdı. Bu kurslar isə otryadlarda təşkil olunurdu. Üç aydan sonra isə təlim görmüş sərhədçilər zastavalara və otryadın nəzdində olan vzvodlara, KPP-lərə (Nəzarət buraxılış məntəqəsi), komendaturalara... bölüşdürülürdü. Məhz bu ərəfədə köhnələrin demobilizasiyası başlanırdı. Yəni ki, sərhədçilər başqa qoşun növlərində olduğu kimi iki il yox, iki-üç ay artıq xidmət edirdilər. Səfərbərlik isə ildə iki dəfə olurdu. Yaz və payız səfərbərliyi.


Otryad bir mərkəz idi. İyirmiyə yaxın zastavanı, bir və ya iki komendatura, KPP və müxtəlif hərbi və təsərrüfat obyektlərini özündə birləşdirirdi. Başqa bölmələr də vardı. Mən gördüklərimi deyirəm. Bunları niyə deyirəm? Əgər sərhəd yeni salınırsa, inşa olunacaq otryadların, zastavaların, komendaturaların, sərhəd-keçid məntəqələrinin... tikintisinə xərclənəcək vəsaiti göz önünə gətirməyinizi istəyirəm. Təqribi, heç bir rəqəm demədən.


Otryadda 1000-1500 nəfərin  yerləşməsi, yeməyi, tibbi  (uçebka dövrü də nəzərə alınır) təminatı və digər zəruri ehtiyacları (ərzaq, geyim, hərbi sursat anbarları, qaraj, yanacaq çənləri, kotelnilər, işıq, su, daş kömür təminatı və s.) üçün tikililər. İldə iki dəfə geyimlərin təzələnməsi. Mebel, məişət texnikası təminatı. Zabit və praporşik heyətinin və ailə üzvlərinin yaşaması üçün mənzillər. Xüsusi təyinatlı, yəni kinoloq (it təlimçiləri) və rabitəçilərin yetişdirilməsi üçün 6 aylıq serjant kursları. Silah-sursat, maaş... Əlbəttə ki, mən hamısını əhatə edə bilmərəm. Hələ bu, mən əsgərin gördükləridir. Yəqin başqa incəliklər də olub. Və bütün bunlar təkcə otrayada aiddir. Komendaturalar isə otryadların kiçik filialı sayıla bilər. Əlbəttə ki, təhcizat baxımından. Otryadlar sovet vaxtı zastavalardan uzaq yerləşirdi. Komendaturalar isə sərhədin yaxınlığında. Bura iri anbarlar və digər bölmələr aid idi.

 

ZASTAVALAR

 

Zastavaların qarşısına qoyulan vəzifə konkret idi. Onların mühafizə etdiyi müəyyən bir sahə vardı. Rəqəmlə deyim aydın olsun. Bizim zastava sərhədin 8 kilometrinə cavabdeh idi. Üstəlik sərhəd komissarlığı da bizim nəzarətimizdə idi. Bundan əlavə qonşu dövlətlə birgə işlədilən obyektə mülki əhalinin buraxılışını da biz həyata keçirirdik. Hamısı da saatbasaat, dəqiqəbədəqiqə qeydə alınırdı. Ən böyük qeydiyyatı isə zastava rəisi edirdi. Qalın iri bir kitab idi. Diyircəkli qələmlə yox, çəhrayı mürəkkəblə aparılırdı qeydlər. Dəqiq bilmirəm, bəlkə də min səhifəlik bir kitab idi. Bu kitabın mahiyyətini başa düşəndə canıma əsməcə düşdü. Demə, “Boevoy rasçyot” adlandıran bu qalın kitaba, bütün naryadların gündəlik hərəkət trayektoriyası, vaxtı və adları yazılır. Yanında da baş sərhədçilər imza qoyurlar. Əgər iki il ərzində sənin qoruduğun sahədə nəsə bir sərhəd pozuntusu baş veribsə, amma bilinməyib, sonralar üzə çıxıbsa, səni cinayət məsuliyyətinə cəlb edə bilərdilər. Sərhəd naryadının başçısını 7, kiçik sərhədçiləri 5 il həbs gözləyirdi.


Bir balaca açıqlama verim, tam aydın olsun. Kimsə sərhədi pozub SSRİ ərazisinə keçib. Amma aşkar olunmayıb. Müəyyən müddətdən sonra isə geri qayıtmaq istəyir. Qayıdarkən onu həbs edirlər. Soruşurlar ki, bəs bu tərəfə necə keçmisən? O da keçdiyi yeri nişan verir. Lap nə qədər vaxt keçsin. Kitabı açırlar və o vaxt həmin dəqiqədə o sahədə kimin xidmət apardığını müəyyən edirlər. Sonrasına isə hərbi tribunal qərar verir. Mənim iki illik xidmət dövrümdə iki sərhəd pozuntusu baş vermişdi. İki idman təyyarəsi və karate üzrə çempion sərhədi pozmuşdu. İki idman təyyarəsindən biri xarab olub fermanın yanında məcburi eniş etmişdi. O birini isə pilotlarımız bir az aralıda yerə endirmişdilər. Karateçi isə mənim başçılıq etdiyim naryadın keşik çəkdiyi ərazidən biz çıxandan yarım saat sonra keçmişdi sərhədi. Bəxtim gətirmişdi. Necə keçmişdi?  Neçə gün qatarların ordan keçmək qrafikini izləyib. Sonra SSRİ ərazisinə keçmək qərarı verib. Tikanlı məftillərin üstündən hoppananda barmağı məftilə ilişib və həyəcan siqnalı zastavaya verilib. Sərhəd pozucusu dəmiryoluna tərəf irəliləsə də qatara minə bilməyib. Demə qatar həmin gün əvvəlki günlərdən fərqli olaraq qrafikəuyğun hərəkət edibmiş. Cəhdinin boşa çıxdığını, ərazinin hər tərəfdən sərhədçilər və yerli əhali tərəfindən üzük qaşı kimi mühasirəyə alındığını görən casusun isə təslim olmaqdan başqa əlacı qalmamışdı. Bəs günahkar kim idi? Sərhədpozucusu tapılmasaydı günahkar axtaracaqdılar. Amma xoş sonluqla bitən insidentə görə zastava rəisinə töhmət, sonra isə medal verdilər.


Mövzudan uzaqlaşdım. Zastava müəyyən bir əraziyə cavabdehdir. Tutaq ki, bu rəqəmi 8 km götürək. Azərbaycanla 1007 kilometrlik sərhəddə Ermənistan neçə zastava tikməlidir? 1007-ni 8-ə bölsək 126 edir. Hər zastavada 65 əsgər və 5 zabit-praporşik heyəti üçün bina, ailələri üçün ev, anbarlar, qaraj, blindaj, vışka, kinoloji baryerlərin tikintisi. Yüz kilometrlərlə uzunluqda paslanmayan məftillər, elektrik naqilləri, rabitə xətləri. Üstə gəl sərhəd boyu taxta şalbanların basdırılıb, üzərinə tikanlı məftillərin bərkidilməsi, dayaqların arasının qazılaraq beton plitələrlə “protivopodkop” tədbirlərinin görülməsi, tikanlı məftillərin üzüklər vasitəsilə rabitə-elektrik sisteminə qoşulması. Sərhədboyu vışkaların ucaldılması, RLS mərkəzlərin tikilməsi, projektor maşınların yerləşdirilməsi. Torpağın şumlanıb, daşlardan təmizlənərək nəzarət-ləpir zolağının salınması və daha başqa xırdalıqlar. Bu yazdıqlarımı pulla ölçün və vurun 126-ya. Özü də ki, bu, sovet dövrünün zastava tələbləri idi. Sadaladıqlarım yalnız tikinti məsələləridir. Bəs hərbi heyət, onun qidalanması, geyimi, silah-sursatı? Bəs 9-13 il ömrü olan 5-6 alman ovçarkası, lazım gələrsə atlar, onların yemi, dərmanı, təlimi? Bəs kazarmaların, yeməkxananın mebel və avadanlıqlarla, istilik, qaz, su, enerji təchizatı? Bəs rabitə avadanlıqları, binokl və rabitə, KRS rabitə cihazları? Bəs işıq kəsilərsə zəruri generatorlar? Mütəmadi təlimlər. Bəs zabit-praporşiklərin və onların ailələrinin yaşaması üçün mənzillər, məişət şəraiti, “payokları”, “kazyonnı” mebellər, maaş, ezamiyyə, öz vətənlərinə ildə bir dəfə ailəsiqarışıq məzuniyyət xərcləri? Bəs hərbi maşınlar, onların ehtiyat hissələri, benzini..? Lap başım şişdi. Zastavalardan sonra onlarla komendaturanı, ən aşağısı 6 otryadı, nəzarət-buraxılış məntəqələrini, vertolyotları, daha nəyi və bilmədiyim nələri yazmamışam hələ. Hələ dağlıq ərazilərdə olacaq zastavaların spesifikalarını demirəm.

 

KOMPLEKTASİYA

 

SSRİ kimi fövqəl-dövlət sərhədlərinin qorunmasına nə qədər ciddi yanaşsa da, canlı qüvvə baxımından komplektasiyada axsamalar vardı. Çin və Türkiyəylə sərhəd isə xüsusi qorunurdu. Çinlə sərhəddə üç nəfər yox, 10 nəfərlik bölmə naryada çıxırdı. Türkiyə isə NATO üzvü kimi təhlükəli sayıldığından və onunla pozucuların mübadilə müqaviləsi olmadığından ikiqat mühəndis qurğularla, geniş sərhəd zonasıyla qorunurdu. Bunu siyasi dərslərdə zabitlər danışırdılar bizə. Zastavamızda komplektasiya 60-65 nəfər olmalıydı. Amma ən yaxşı halda bu rəqəm 50-ni keçmirdi. Ən çox əziyyət çəkdiyimiz vaxtlar isə demobilizasiya zamanı olurdu. Dembllər gedəndə, elə olub ki, sərhədi 28 nəfərlə qorumuşuq. Sutkanın 14 saatını sərhəddə olurduq. Ona görə də inanmıram ki, Rusiya sərhədçiləri kiçik qardaşlarına bu sahədə kömək etsinlər. SSRİ-dən miras qalmış hazır zastava və otryadlarda xidmət aparmaq başqa... Özü də ki, sovet dağılanda ruslar heç ordan çıxmamışdılar da... Türkiyə-Ermənistan sərhədi onlar üçün daha məsuliyyətli yer sayılır. Gümridə yerləşən Rusiya hərbi bazası da məhz o sərhədi möhkəmləndirmək üçün saxlanılıb. Azərbaycan-Ermənistan sərhədi isə yenidən tikilməlidir. Yuxarıda sadaladıqlarım işin bir tərəfidir. Hər bir sərhədin arxasında tanklar, qırıcı təyyarələr, bir sözlə ordu durmalıdır. Ki, təcavüz zamanı hərəkətə keçsinlər. Sizcə Rusiya bu işə qol qoyarmı?  

 

HAŞİYƏ: Bunu bizə siyasi dərslərdə danışmışdılar bizə. Sovet dövrü İranla sərhəd də ciddi qorunurmuş. Amma İran bu məsələlərə çox da ciddi yanaşmırmış. Onların bir səlahiyyətlisindən soruşanda ki, bəs, ağayi-filankəs, siz niyə belə edirsiniz? Niyə sərhədin siz tərəfində boşluqlar var? Mal-qara, çoban, mülki əhali dumanda azanda, yaxud da adamlar təsadüfdən, ya da qeyri-təsadüfdən keçir sərhədi. Həmin adamın cavabı bilirsinizmi necə olmuşdu? “Şurəvilər qoruyur da sərhədi. Aramızda müqavilə də var. Siz tərəfə keçəndə, tutub geri qaytarırsınız. Biz tərəfə keçəndə, xəbər verirsiniz, tuturuq. Daha nə lüzum bu qədər xərc çəkək?” (SON)

 

Nəhayət gələk başlıqdakı suala. Yəqin əmin oldunuz ki, Ermənistan Azərbaycanla sərhədi qorumağa qadir deyil. Bəlkə buna ehtiyac da duymayacaq. Çünki Azərbaycan onsuz da öz sərhədini göz bəbəyi kimi qoruyacaq. Bəs xalqına bunu necə izah edəcək? Bunu sübut etməyə nə var ki? Rəsmilər ayda bir dəfə beynəlxalq təşkilatlara yalandan məktub yazıb, bir ağız banlayacaqlar ki, bəs Azərbaycan filan gölü tutub, bizim filan ərazimizə öz bayrağını sancıb, traktorçuya güllə atıb, əsgəri yaralayıb... Bununla da xalqına “Sərhədlərimizi göz bəbəyi kimi qoruyuruq” xülyasını yedizdirəcəklər. Necə ki, neçə on illiklərdir Böyük Ermənistan xülyasıyla ovsunlayıblar.


Çox əminliklə danışırsan, Mahir! Yəni biz yuxarıda sadaladıqlarının öhdəsindən gələcəyik? Bəli. Buna əminəm. Müstəqillik qazandıqdan sonra İranla sərhəddə infrastruktur olsa da, Rusiya və Gürcüstanla sərhəd tamamilə açıq idi. Üstəlik İranla sərhədin bir hissəsi ermənilərin zəbt etdiyi ərazilərə düşürdü. Ölkə müharibə şəraitində idi. Milyonlarla qaçqını vardı. Bu ağır vəziyyətdə başlandı sərhəd quruculuğu. Yerli icra orqanları onların balansında olan sərhədyanı bəzi obyektləri sərhədçilərin ixtiyarına verdilər. Kimsə qıraqdan yardım etmirdi bizə. Bircə ABŞ iki nəzarət kateri söz vermişdi. Onlardan da deyəsən biri gəlib çıxdı Azərbaycana. Kadr qıtlığı da öz sözünü deyirdi. Təsadüfi adamların bu sahəyə ayaq açması isə... Pisi yada salmağı xoşlamıram. Komandan, general-mayor Abbasəli Novruzov məhdud maliyyəylə əlindən gələni etdi. Amma boşluqlar qalmaqdaydı. Elçin Quliyevin komandanlıq dövrünü isə Müstəqil Azərbaycanın Sərhəd Qoşunlarının intibah dövrü adlandırmaq olar. Son 44 günlük müharibədə isə sərhədçilərimizin şücaəti, qəhrəmanlığı göz önündədir. Elçin Quliyev isə bir daha sübut etdi ki, Ali Baş komandanımıza, xalqımıza layiq sərkərdədir.


1007 kilometrlik sərhədin Naxçıvan hissəsini çıxsaq, qalan ərazilərdə işlərə başlanılıb. Bundan xəbərim var. Yəqin ki, bir azdan mənə də doğma olan Sərhəd Xidmətinin xoş sədalarını tez-tez eşidəcəyik. Zastavaların ayrı-ayrı açılmasını car çəkməzlər yəqin. Yalnız otryadları deyəcəklər. Ordan da özünüz nəticə çıxarın ki, bir otryad yaradılması nə deməkdir. Əlbəttə ki, bu yazımda verdiyim bəsit bilgiləri yaddan çıxartmamaq şərtiylə.


Sərhədlərimiz etibarlı qorunur. Çünki gecəsi-gündüzü olmayan sərhədçilərimizin arxasında həm də müzəffər Azərbaycan ordusu durur. Kosmosda dövrə vuran peyklərimiz, Haroplarımız, Bayrakdarlarımız, müasir elektron izləmə cihazlarımız, müasir silah-sursatımız onun gücünə güc qatır. O vaxt evdəkilərə məktub yazanda “rahat yata bilərsiniz. Sərhəddə mən dayanmışam” deyirdim. Bu gün isə özüm rahat yatıram. Buna görə isə sərhədçilərimizə borcluyam, borcluyuq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir