Modern.az

Sovet məmurlarına dağ çəkən jurnalist: “6-ci sinifdə oxuyanda direktoru işdən qovdurdum”

Sovet məmurlarına dağ çəkən jurnalist: “6-ci sinifdə oxuyanda direktoru işdən qovdurdum”

24 Noyabr 2012, 16:36

“Tənqid yazmaq insana təkcə şöhrət gətirmir, həm də düşmən qazandırır”


Bədii yaradıcılığa çox erkən başlayıb. Altıncı sinifdə oxuyanda yazdığı məqalə böyük qalmaqala səbəb olub. Jurnalist kimi fəaliyyət göstərdiyi uzun illər ərzində daha çox tənqidi mövzulara meyl edib. Həm də bunun nə qədər təhlükəli olduğunu bilə-bilə...

Direktoru işdən çıxartdırıb

Modern.az saytı “Sabiqlər” rubrikasında keçmiş jurnalist Siyab Məmmədlidən yazır...
O, 1950-ci ildə İmişli rayonunun Rəsullu kəndində anadan olub. Sözün cazibəsi onu hələ aşağı siniflərdə oxuyanda özünə çəkməyə başlayıb. İlk məqaləsini 6-cı sinifdə oxuyanda yazıb. Haqsızlığa etiraz edən sovet məktəblisinin səsinə dərhal səs veriblər:

“Bir gün direktor sinifimizə gəlib, oğlanlara tapşırdı ki, sabah hamı özü ilə məktəbə odun gətirsin. Məktəbimizin həyətində bir neçə ton daş kömür vardı. Ağlıma bir sual gəldi: əgər dövlət məktəbi isitmək üçün kömür verirsə, biz niyə evdən odun gətirməliyik? Bu problemlə bağlı “Azərbaycan pioneri” qəzetinə bir məqalə yazdım. Məqalə qəzetdə çap olunmasa da, məktubumu rayon Təhsil şöbəsinə göndərmişdilər ki, tədbir görülsün. Bir neçə gündən sonra faktı araşdırmaq üçün məktəbə komissiya gəldi. Komissiya gələnə kimi direktorumuz məktəbdəki daş kömürün hamısını satmışdı. Dərhal direktoru işdən çıxardılar. Məktəbliləri odun daşımaq qayğısından azad etdiyim üçün çox sevindim. Bu hadisə yazı-pozu ilə məşğul olmaq üçün mənə əlavə stimul verdi”.

Məktəb direktorunun cəzalandırılması Siyab Məmmədlinin özünə inamını daha da artırır. Çox keçmədən onu divar qəzetinin redaktoru təyin edirlər. 6-cı sinif şagirdi olan Siyab ənənəsinə sadiq qalaraq, rəhbərlik etdiyi qəzetdə məktəbdəki nöqsanlara güzgü tutmağa çalışır. O, həm də Beyləqan (o vaxt Jdanov) və İmişli rayonlarının birgə qəzeti olan “Yüksəliş” qəzeti üçün məqalələr yazmağa başlayır.
“Azərbaycan gəncləri” qəzetində dərc olunan məqaləsi isə qapısından qıfıl asılmış kənd kitabxanasının fəaliyyətə başlaması ilə nəticələnir. Beləcə bu qoçaq oğlanın gələcəkdə tanınmış jurnalist olacağına getdikcə daha çox adam inanmağa başlayır:

“Səkkizinci sinfi bitirəndən sonra təhsilimi İmişlidəki 1 saylı orta məktəbdə davam etdirdim. Əvvəlki direktorumuz da həmin məktəbdə müəllim işləyirdi. Həmişə bu adamdan qaçır, onunla üz-üzə gəlmək istəmirdim. Həmin vaxt başa düşdüm ki, tənqid yazmaq insana təkcə şöhrət gətirmir, həm də düşmən qazandırır. Buna baxmayaraq, həqiqəti demək üçün heç vaxt kimsədən çəkinmədim”.


Milis rəisini qəzəbləndirib

1966-cı ildə orta məktəbi bitirən Siyab Məmmədli səhhətində yaranmış problemlərlə əlaqədar olaraq, qəbul imtahanlarında iştirak edə bilmir. Bir il sonra sənədlərini indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin jurnalistika şöbəsinə versə də, müsabiqədən keçməyi bacarmır:

“Dörd imtahanın birindən “5”, ikisindən “4”, birindən isə “3” aldığım üçün müsabiqədən keçə bilmədim. 1968-70-ci illərdə hərbi xidmətdə oldum. Əsgərliyimi başa vurub, rayona qayıtsam da, ailə vəziyyətimlə əlaqədar olaraq, 1971-ci ildə qəbul imtahanlarında iştirak edə bilmədim. 1972-ci ildə indiki BDU-nun Tarix fakültəsinə qəbul oldum. Qiyabi təhsil aldığım üçün rayonumuzda işıq üzü görən “Qızıl ulduz” qəzetiylə də sıx əməkdaşlıq edirdim. 1973-cü ildə məni redaksiyada işə dəvət etdilər. Həmin gündən taleyimi peşəkar jurnalistika ilə bağladım”.

“Qızıl ulduz” qəzetində ədəbi işçi kimi fəaliyyətə başlayan Siyab Məmmədli 1975-ci ildə məktublar şöbəsinin müdiri təyin olunur. Rayonun sosial-iqtisadi həyatından müxtəlif məqalələr yazan gənc jurnalist tez-tez tənqidi mövzulara da müraciət edir:

“Şəhərin sahə müvəkkilinin fəaliyyətilə bağlı çoxlu şikayətlər vardı. 10 gün bu məsələni araşdırandan sonra sahə müvəkkili haqda tənqidi bir məqalə yazdım. Yazı böyük rezonans doğurdu. Bir neçə gündən sonra məni və rəhmətlik redaktorumuz Cəfər Qarayevi rayon Partiya Komətəsinin bürosuna çağırıb, həmin yazını müzakirə etdilər. Müzakirə zamanı rayon Miliş Şöbəsinin rəisi redaktorumuz Cəfər Qarayevə təzyiq göstərməyə başladı. Amma Cəfər müəllim sona kimi məni müdafiə etdi. Müzakirələr başa çatandan sonra rayon Partiya Komətəsinin bürosu adından həmin sahə müvəkkilinə partiya töhməti elan olundu. Ertəsi gün isə iş yerini dəyişib, onu rayonun ən ucqar kəndlərindən birinə sahə müvəkkili göndərdilər”.

Məhbəsə göndərdiyi adam ona təşəkkür edib

Siyab Məmmədli deyir ki, respublika mətbuatı ilə müqayisədə rayon qəzetində işləmək çox çətin imiş. Rayonda hamı bir-birini tanıdığı üçün tənqid olunan adam, hətta onun qohum-əqrabası da jurnalistə kin bəsləyir. Buna baxmayaraq, o, heç vaxt həqiqəti deməkdən çəkinməyib:


“İmişlidə bir pambıqçı qızı zorlamışdılar. Oğlanın atası çox imkanlı adam olduğu üçün bu məsələni ört-basdır edə bilmişdi. Baş vermiş hadisə ilə maraqlananda məlum oldu ki, həmin oğlan bundan əvvəl də başqa bir qıza təcavüz edib. Bu məsələni araşdırmağa qərar verdim. Düz bir ay araşdırma apardım. Bütün dəlilləri toplayandan sonra rayon qəzetində kəskin bir məqalə yazdım. Yazı çap olunanda, aləm bir-birinə dəydi. İşi dərhal ibtidai istintaqa qaytardılar. Hüquqi araşdırma bu dəfə başqa bir müstəntiqə həvalə olundu. İstintaq başa çatandan sonra iş məhkəməyə verildi. Məhkəmə əvvəlcə oğlanın qarşısında qızla evlənmək tələbini qoydu. Oğlan qızla nikaha girəndən sonra törətdiyi əmələ görə onun barəsində hökm çıxarıldı. Məhkəmənin qərarı ilə oğlan 3 il azadlıqdan məhrum edildi. O, cəzasını çəkəndən sonra rayona qayıdıb, həmin qızla ailə həyatı qurdu”.

Siyab Məmmədli deyir ki, istintaq dövründə oğlan ona hədə-qorxu gəlsə də, həbsdən çıxandan sonra tamam başqa mövqe nümayiş etdirib:

“Həmin oğlan məhbəsdən çıxandan sonra bir gün redaksiyaya gəldi. Biz köhnə tanışlar kimi görüşdük. O, mənə dedi ki, “qardaş, sənə təşəkkür edirəm. Sən olmasaydın, mən hələ də tüfeyli həyat keçirirdim”. Görünür, türmədə olanda oğlanın yaxşı-yaxşı düşünmək, öz səhvlərini düzəltmək imkanı olmuşdu. Bu izdivac həm oğlan, həm də qız üçün xeyirli oldu. Onlar uzun illərdi ki, bir yerdə xöşbəxt ömür sürürlər. İndi onların övladları,  nəvələri var. Elə bilirəm ki, xoşbəxt bir yuvanın qurulmasında mənim yazımın da rolu olub...”.

Sonralar müxtəlif mətbu orqanlarda çalışan Siyab Məmmədli indi sabiq jurnalist kimi geriyə dönüb baxanda heç bir peşimançılıq çəkmir...


Seymur VERDİZADƏ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?