Modern.az

Həmişəyaşar YAŞAR NURİ

Həmişəyaşar YAŞAR NURİ

Mədəni̇yyət

24 Noyabr 2012, 21:48

Sağkən ona nekroloq yazmaq istədim, amma qismət bu günə…

Yazmaq istədiyimi hər kəs birmənalı qəbul etməyəcək bilirəm, amma özümdən asılı deyil. Hələ ölməzdən çox zaman öncə sənin haqqında nekroloq yazmaq istəyirdim. Qəribə görünsə də belədir. Bəzən mənə elə gəlirdi ki, mən səni hamıdan yaxşı tanıyıram, bəzənsə də o qədər soyuqqanlı insan təsiri bağışlayırdın ki, elə bilirdim ilk dəfədi tanıyıram. Əslində biz heç tanış da deyildik. Sən mənim varlığımdan belə xəbərdar deyildin. Yox. Yox... Yenə yalnış anlamayın, “Sən həmişə mənimləsən” tamaşasındakı kimi mənim hisslərim gənc qız Nargilənin özündən 45 yaş böyük professor Həsənzadəyə olan məhəbbəti kimi deyil... Sən sadəcə mənim uşaqlıqdan tanıyıb, bəyəndiyim, tamaşalarını və filmlərini sevə-sevə izlədiyim aktyorsan. Bəlkə də elə izləyə-izləyə sevmişəm səni, bilmirəm. Mən baş rolda iştirak etdiyin “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” triologiyasındakı Elçin obrazının sözün əsl mənasında vurğunuyam. Bəzən mənə elə gəlir ki, sən elə Elçinin özüsən, onun yaşadığı həyatı yaşamısan.

Bir etiraf edəcəm, jurnalist olandan sonra özümdə qəribə bir xüsusiyyət aşkarladım. Haqqında sujet yigacağım, müsahibə alacağım və ya məqalə yazacağım bütün respondetlərimin (əks cins olanları) müsbət tərəflərini tapmağa, daha dəqiq sevməyə başladım. Bu mənə sujetimin və ya yazımın təsirli, eyni zamanda maraqlı alınmasına kömək edirdi. Ancaq, sujetdən-sujetə, məqalədən-məqaləyə tez-tez dəyişən belə qısa sevgilər məni həm də vəfasızlığa aparırdı. Ancaq, istisnalar var idi. Və sən, bu istisnalar sırasına daxil idin. Mənim sevimli aktyorum, jesti və mimikalarıyla yaddaşımda və ürəyimdə əbədi iz qoyan YAŞAR NURİ.

İlk və son görüş

Yadımdadır. Hələ televiziya sahəsində ilk addımlarımı atırdım. Ən vacib müsahibələrə məni də yolayırdılar. Belə müsahibələrin birində tanıdım səni, sənə bir az daha yaxın oldum. 2011-ci ilin günəşli sentyabr havasında. Müsahibə üçün evinizə gəldik.  Xəstə idin, müalicə alırdın. Bir az tez gəlmişdik deyə, bizə bir az acıqlı idin. Bu məni alacağım müsahibədən ehtiyatlanmağa aparırdı. Öz-özümə sənət adamlarının kaprizi böyük olur deyirdilər inanmazdım, artıq inanıram- deyə düşündüm. Müsahibə öncəsi isə - “Yanlış anlamayın, məni narahat və uyğun olmayan şəkildə görmənizi heç istəməzdim. Hər zaman məni sevənlərin gözündə şux görsənmək istəmişəm” dedin. Ürəyimdə özümü pislədim. Niyyətin əməlinlə üst-üstə düşməmişdi sadəcə. Müsahibə sonrası bir xeyli söhbətləşdik.

Y: Haranı bitirmisən, qızım?
D: Bakı Dövlət Universitetini. Jurnalistikanı.
Y: Nə vaxt bitirmisən?
D: Bu il.
Y: Müəllimlərin kimlər idi?
D: Cahangir Məmmədli, Akif Rüstəmov...
Y: Cahangir müəllimə deyərsən ki, Yaşar Nuri sizə salam deyir.
D: Baş üstə...

Daha sonra işlərimi soruşdu və əlavə etdi ki, səhhəti ilə əlaqədar uzanmaq istəyir. Biz də müsahibi yormayaq deyə sağollaşıq. Elə bu görüşdən sonra ilk ağlıma nekroloq yazmaq gəldi. Amma risk etmədim. Çünki, ölməyini arzulamırdım. Teatr və ya kino ikinci bir səni yetişdirincəyə qədər yaşamanı-yaratmanı arzulayırdım. 22 noyabr 2012-ci il isə səni əbədiyyətə yola saldıq. İncəsənət aləmində bu ən böyük itkidir məncə. Yaratdığın obrazların dilindən dediyin hər bir ifadə izləyicilərin dillər əzbərinə çevrilib.
Makintoşun “Eybi yox mən onun əyri ayaqlarından raqatka düzəltməsəm atamın oğlu deyiləm”, İsrafilin “Sənə əjdaha lazımdı..?” və ya  “Adə, bir az diri oynayın daaa...” kimi ifadələri, “Yarımştat” tamaşasında Muxtar obrazının “Əşi atova öküz deyən oldu?! Deyirəm siqareti atan kimi? Qulaq as, Saman bala, sən öz şeyinlə zad eləmə” kimi sözləri kim xatırlamaz ki...

Azərbaycan kino və teatr tarixində unudulmaz rollar yaradan Yaşar Nurini xalq heç vaxt unutmayacaq. Ən böyük təsəllimiz odur ki, aktyor cismən aramızda olmasa da, film fondunda onu xatırladacaq onlarla film var. Əsl sənətkar odur ki, özündən sonra iz qoysun. Yaşar Nuri ifa etdiyi obrazlarla hər kəsin ürəyində, beynində dərin silinməz bir iz buraxdı.  

P.S. Müsahibədə bir şeir dedin. O şeirin son misraları bu dəqiqə də qulağımda səslənir.

Yaşamaq istəyirəm o qədər ki,
Nə qədər ki, insanlara lazımam...

Unutma, böyük insan! Zəmanənin, dövrün sənin kimi aktyora hər zaman ehtiyacı var... Çəkiliş məkanları sənin  kimi aktyora hələ çox ac qalacaqlar. Çünki, sən mində bir yetişən sənətkarlardansan. Ruhun şad olsun...

P.P.S. “Sən” deyə müraciətimin tək səbəbi aktyora olan səmimi müraciətimdi.

Dürrə Həsənli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı