Modern.az

Akif Təvəkküloğlu: “50 yaşda ilk hədiyyəm oğlumun nişanlanması oldu” - MÜSAHİBƏ

Akif Təvəkküloğlu: “50 yaşda ilk hədiyyəm oğlumun nişanlanması oldu” - MÜSAHİBƏ

30 Noyabr 2012, 18:20


Modern.az
saytı mətbuat xidmətlərinin rəhbərləri ilə silsilə müsahibələri davam etdirir. Bu dəfə qonağımız Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğludur. Müsahibimizin dekabrın 1-də 50 illik yubileyi olacaq.

- 50 yaşlı jurnalist ömrünün neçə ilini mətbuata sərf edib? Nə vaxtdan jurnalistikadasınız?

- Jurnalistikaya gəlişim 1989-cu illərə təsadüf edir. Amma qeyd edim ki, 1986-ci ildən -  universiteti bitirdiyim dönəmdən yazı-pozuyla məşğul olmuşam. Onda Mətbuat Komitəsi deyilən bir komitə var idi. Bütün nəşrlər, çap məhsulları ilə məşğul olurdu. Komitənin nəzdində kitab palatası var idi, orada əvvəlcə filial müdiri, daha sonra şöbə müdiri vəzifələrində çalışmışam. Ora universiteti bitirəndən sonra təyin olunmuşdum. Ancaq deyim ki, hələ orta məktəb vaxtlarında yazı-pozu işlərinə həvəsim var idi. O vaxtdan mətbuata meyilli idim.

- Həmişə deyirlər peşə sevgisi insanın gərək içində olsun, yəqin sizdə də o vaxt bu yavaş-yavaş hiss olunurmuş.

- “İçində olan” ifadəsi yadıma bir şeyi saldı. Orta məktəb vaxtlarında, hardasa 5-6-cı siniflərdə oxuyanda bir şeir yazdım. Bu şeir elə alındı ki, müəllimlərimizdən birinin əlinə keçdi. Baxdı və mənə dedi ki, “sən çox tez yanmağa başlamısan, əgər indidən belə alovlansan, tez kül olarsan”. Bunu deməkdə məqsədim odur ki, elə o vaxt çap olunan rayon qəzetləri, divar qəzetlərinə yazılar verirdim. Hardasa o elementlər olubdu ki, bu da həyat yolumun formalaşmasına təsir göstərib.

- Təhsiliniz ixtisasınız üzrədir?

- Hardasa hə. Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq və bibloqrafiya fakültəsini bitirmişəm. Həmin fakültəni fərqlənmə diplomu ilə bitirdim. İkinci kursdan sonra, Komsomol Təşkilatının fakültə üzrə katibi vəzifəsində çalışdım. Tələbəlik illərim çox maraqlı keçib. Yadımdadır, tez-tez yazıçı və şairlərlə görüşlər təşkil edirdik. O dövrün şəkillərinə baxarkən, çox sevinirəm ki, tələbəlik illərini görkəmli ziyalılarımızla keçirmişik. 

- Hamı sizi uzun illər AzTV-də çalışan jurnalist kimi tanıyır. AzTV-dən öncə hansı media orqanında işləmisiniz?

- Bizim hamımızın çox gözəl tanıdığımız şair Baba Vəziroğlu ilə yaxın münasibətim var. Baba Vəziroğlu o vaxt “Molla Nəsrəddin” jurnalı yaratmışdı, özü də onun baş redaktoru idi, mən də onunla birlikdə çalışırdım, jurnalda şöbə müdiri idim. Amma jurnalın ömrü o vaxt çox qısa oldu. Tale elə gətirdi ki, 1991-ci ildən televiziyaya gəldik. Və ondan sonra həyatımın çox hissəsi televiziya ilə bağlı oldu.

- Bildiyimiz qədər o zaman televiziyaya işə düzəlmək çox çətin idi?

- Təbii ki. O vaxt yeni bir proqram hazırlanırdı. Bu proqram “Bakı studiyası” kimi tamaşaçılara təqdim olundu. “Bakı studiyası” paytaxt sakinləri üçün nəzərdə tutulmuşdu. Bura rəhbər vəzifəyə gələn Baba Vəziroğlu ilə təbii ki, şöbə müdiri kimi mən də gəldim. Həmin ildən başlayaraq, 2006-ci ilə qədər, yəni Milli Məclisə gələnə qədər AzTV-də çalışdım. Televiziyada işlədiyim müddətdə müxtəlif verilişlərdə aparıcı olmuşam, müxtəlif rəhbər vəzifələrdə çalışmışam. Aparıcısı olduğum verilişlərin əksəriyyəti ictimai-siyasi verilişlər idi. 5 il “Həftə” analitik-informasiya proqramının həm aparıcısı, həm də rəhbəri oldum.

- Bu qədər müddət AzTV-də çalışmısınız. O zaman kəsiyində başqa KİV-lərdən təkliflər almısınız?

- Təklif bəlkə də olub. Amma iş yerini, məkanını tez-tez dəyişmək prinsipləri mənim üçün yad olub. Daha çox harasa, kiməsə, nəyəsə bağlı olan insanam. Yəni işi də, hətta yaşadığım yeri də tez-tez dəyişmək xarakterimə uzaqdır.

- Elə AzTV ilə Milli Məclis də ərazi baxımından eyni yerdədirlər. Belə baxanda məkan dəyişikliyi yaşamamısınız...

- Ola bilər taleyin qismətidir. Özümü həddin artıq xoşbəxt hiss edirəm ki, bu gün Milli Məclisin əməkdaşlarından biriyəm. Bunun üçün ölkə rəhbərliyinə, Milli Məclis rəhbərliyinə həddindən artıq minnədaram ki, bu kollektivdə işləyirəm. Dövlət üçün necə AzTV-də çalışırdımsa, burada da çalışıram ki, bütün gücüm, qabiliyyətim nə varsa, üzərimə düşən işin öhdəsindən layiqincə gəlim.

- Milli Məclisə təyinatınız necə baş verdi? Bu xəbəri necə eşitdiniz?

- Birincisi, taleyin qismətidir. İkincisi, özgə bir yerdə deyildim ki. Dövlət strukturlarından olan dövlət televiziyasının əməkdaşı idim. Bunu belə qiymətləndirəm: dövlətim, dövlətimin rəhbərliyi əməyimi lazım olduğundan da yüksək qiymətləndirdi və məni bu vəzifəyə layiq gördülər.

- Dövlət qulluqçusu olmağınız jurnalistlərlə münasibətinizdə dəyişiklik yaratmayıb ki? Necə fikirləşirsiniz, jurnalist olarkən jurnalistlərlə daha yaxın idiniz, yoxsa indi?

- Bu sual Milli Məclisinin mətbuat xidməti olaraq jurnalistlərlə hansı münasibətdə olmağımızdan, onlarla iş birliyimizdən qaynaqlanırsa, bunu onlara versəniz daha yaxşı olar. Mənim üçün heç bir dəyişiklik baş verməyib. Bu sahədə çalışmışam, bu gün də bu sahədə çalışıram. Təbii ki, dövlət qulluğunun öz prinsipləri və qayda-qanunları var. Kimliyindən asılı olmayaraq hamı o qanuna riayət etməlidir. Bu birmənalıdır. Jurnalistlərlə münasibətimi mənim tərəfdən deyirsinizsə, həmişə bu sahənin insanlarına böyük hörmətim olub, olur, olacaq. Özüm də bu sahənin içindəyəm və onları özümə doğma hesab edirəm. Təbii ki, əsl qələm əhlindən danışıram. O ki, qaldı münasibətlərə bunu onların özündə soruşsanız daha yaxşı olar.

- Jurnalistlərlə problemləriniz tez-tez olurmu?

- Problemsiz həyat yoxdu. Amma məsələ burasındadır ki, elə ciddi problemlərimiz yaranmayıb. Hər hansı texniki problem, anlaşılmazlıq yaranıbsa da, dərhal araşdırılıb və aradan qaldırılıb. Ciddi şəkildə problemlərimiz yoxdur.

- Jurnalistlər daim mətbuat xidmətlərinin rəhbərləri ilə əlaqə saxlayır. Hər gün onlara zəng edib çoxlu məlumat götürür, suallarına cavab verilməyəndə və ya verilməkdən imtina ediləndə jurnalistlər hirslənir. Hazırda özünüz mətbuat xidmətinin rəhbərisiniz, bu vəziyyəti necə qiymətləndirirsiniz?

- Mətbuat xidmətləri dövlət qurumları ilə jurnalistlər arasında olan bir körpüyə bənzəyir. Təbii ki, mətbuat xidmətləri jurnalistlərin sorğularına vaxtında cavab verməlidir, əlbəttə ki,  ictimaiyyətə açıq olan informasiyaları çatdırmalıdır. Jurnalistlər də sorğularında bütün hədləri, qayda və qanunları gözləməlidirlər. Milli Məclisin mətbuat xidməti olaraq bizim fəaliyyətimizə gəlincə, jurnalistlərin suallarını hər zaman cavablandırmışıq, özünüz də bunun şahidi olmusunuz. Məncə münasibətlər elə belə də olmalıdır. Bizim rəhbərlik bizdən bunu tələb edir. Biz o körpünü elə yaratmalıyıq ki, orada çatlar əmələ gəlməsin. Amma jurnalistlər də bütün qayda-qanunlara əməl edərək informasiyaları doğru-düzgün çatdırmalıdır. Şərhlər edərək hər kəs subyektiv baxışını ortaya qoymamalıdır.

- Yenidən jurnalistikaya qayıdışınız mümkündür?

- İndi o qədər savadlı, talantlı gənclər televiziyaya gəlib ki, onlara yol açmaq lazımdır. O fikirdə deyiləm və yeddi ildir ki, o fikri qatlayıb kənara qoymuşam. Yaş dövrü də keçib, qarşıda bizi ahıllıq, qocalıq gözləyir. Əslində bu gün öndə göz oxşayan, intelektual səviyyəsi, qələmi ilə seçilən, tamaşaçı ilə ünsiyyət qurmağı bacaran gənclərimizin olmağı daha vacibdir.

- Bu gün televiziyalarımızın fəaliyyətini necə qiymətləndirirsiniz?

- Əgər fəaliyyət varsa, bunu özü alqışlanmalıdır. Deməli burada bir dinamika, hərəkət var. Bu hərəkət elə olmalıdır ki, sonda onun müsbət nəticəsi olmalıdır. Televiziyada gənclərin fəaliyyəti təqdirəlayiqdir. Amma gənclər elə istiqamətləndirilməlidirlər ki, onlar şoulardan qaçsınlar. Efirdə müxtəlif ləhcələrdən istifadə edib, kimlərinsə göz yaşlarını orada axıtmaqla, tamaşaçının beynini, zəkasını dəyişirik. Hər gün faciə, şou göstərmək olmaz. Dövlətimiz inkişaf edir. Humanitar, iqtisadi, elm, təhsil sahəsində uğurlarımız var. Bu nailiyyətləri insanlara, cəmiyyətə göstərmək lazımdır. Yaxşı, əxlaqlı, cəmiyyətdə nüfuz qazanmış insanları, ziyalıları efirə çıxarıb nümunə göstərmək lazımdır. Göz gördüyünü qəbul edir. Mənasız düşüncə sahiblərini ortaya çıxarıb, onları dindirib tamaşaçıya təqdim eləmək, son nəticədə tamaşaçını o işlərə vərdişkar öyrətmək deməkdir. Dediyim odur ki, yaxşı əxlaqı, mənəviyyatı, ölkənin əldə etdiyi uğurları tez-tez qabartmaq lazımdır. Buna baxan insan da pis vərdişlərdən uzaqlaşaraq, ancaq yaxşı işlər görməyə yönələcək. Mənim düşüncəm budur.

- Dekabrın 1-də yubileyinizi qeyd edəcəksiniz, yaşın fərqi hiss olunurmu? 30, 40 yaşlarında həyata baxışınızla indiki arasında fərq varmı?

- Fikrimcə, 50 yaş ömrün elə zirvəsidir ki, oradan həm geriyə baxmaq asandır, həm də qarşını görmək. Bunu pillələrə bənzətsək, 50 yaş ömür yaşının kulminasiya nöqtəsidir. Bu yaşdan sonra ola bilər ki, insan geriyə addımlayar. Burada həm mənəvi, həm tutduğun yol, ağıl, dərrakə nəzərdə tutulur. İstər-istəməz illər səni qocalığa doğru aparır.  Əgər biz qocalığı obrazlı şəkildə uşaqlığa bənzətsək, o zirvədən yenidən uşağlığa doğru gedirsən. Allah nə qədər ömür verəcək, onu demək mümkün deyil. Amma indiyə qədər necə yaşamışam, cəmiyyətdə, dostlar, qohumlar arasında nə münasibət qazanmışamsa, onu qoruyub saxlamağa çalışacam.

30, 40 yaşla 50 yaşın fərqinə gəlincə, desəm ki, hiss etmirəm, bu bir az inandırıcı olmayacaq.
Bu gün də 50 yaşı fiziki mənada hiss etmirəm. Sadəcə olaraq, neyləyəsən ki, 1962-ci ildə dekabr ayının 1-də doğulan adamın 2012-ci ilin dekabrın 1-də 50 yaşı tamam olur. Nə edəsən bu taleyin qismətidir. Bu qismətə şükr edirəm.

- İlk təbriki kimdən gözləyirsiniz?

- İlk hədiyyəm artıq var. Bu oğlumun nişanlanmasıdır və gəlinim mənim üçün ən böyük hədiyyəmdir. Həyatda bundan böyük hədiyyə yoxdu.

- Yubileyinizi tənətənli şəkildə keçirməyi planlaşdırırsınız, yoxsa ailə daxilində?

- Hər halda mən yubileylərin keçirilməsində o qədər də maraqlı olmamışam. Amma dostlar da istəyirlər ki, bir yerdə olaq. Təbii ki, ailəmlə bir yerdə olacam. O qədər də təntənə vurğunu və tərəfdarı deyiləm. Müsahibələrin tərəfdarı olmasam da, necə alındısa sizə müsahibə verməli oldum. Yəqinki bu da 50 yaşın nəticəsidir.

- Geriyə baxarkən keçdiyiniz yolu sevinərək xatırlayırsınız, yoxsa nələrdənsə peşmançılıq hissini keçirirsiniz?

- Şərq filmlərindən birində bir epizod var, onu hər zaman xatırlayıram. Böyük bir nəslin ağsaqqalı oturub süfrənin başında, onun ətrafında isə yaşa uyğun olaraq böyükdən-kiçiyə nəslin davamçıları əyləşiblər. Yaşca kiçik olan yeniyetmələr isə süfrənin lap aşağısında oturublar. Ağsaqqal dünyanın gəlişindən, gedişindən söhbət edir. Süfrə başında ona yaxın olanlar qulaq asır, amma aşağı tərəfdə oturan yeniyetmələr danışırlar, gülürlər. Ağsaqqalın dediyi sözlər onlara gedib çatmır. Ağsaqal bunu görəndə, əlini masaya vurub onları sakitləşdirir. Deyir ki, “biz burada dünyanın gəlişindən, gedişindən, düzlükdən, ədalətdən danışırıq, amma buna siz qulaq asmırsınız. Sizə bir öyüd-nəsihətim var, bu dünya iki otaqlı mənzilə bənzəyir. Otağın birində xoşbəxtlik, digərində isə bədbəxtlikdir. Siz elə bir yaş dövründəsiz ki, hazırda həyatın xoşbəxtlik otağındasız. Xoşbəxt anları yaşayan vaxtlarınızdır. Amma bir şeyi unutmayın, siz xoşbəxtlik otağında ola-ola elə əməl sahibi olun ki, qonşuluqdakı bədbəxtlik otağını oyatmayasınız”.
Bu dünyanın gecəsi-gündüzü olduğu kimi, insanın da sevincli, çətin günləri olur. İnsan sevincli anlarla, kədərli anları eyni dərəcədə yaşayır. Bunu heç kim ölçə bilməz. Gənclərə, insanlara arzu edirəm ki, daha çox həyatın xoşbəxtlik otağında olsunlar. Mənim də 50 ilimi üst-üstə yığanda ağrılı-acılı, faciəli günlərim daha çoxdur. Amma onları həyatda olan və olacaq kimi qəbul eləyib çalışmışam ki, ürəyimdə daha çox yara açmasın. Çünki mənim ətrafım, doğmalarım var. Mənim hər bir halım onlara təsir eləyə bilər. Həyatın xoşbəxt üzünü daha çox insanlara göstərmək istəmişəm.

- Övladlarınızdan sizin yolunuzu davam etdirmək istəyən var?

- Övladlarımdan konkret mənim yolumu davam etdirən yoxdur. İki oğlum da iqtisadiyyat üzrə təhsil alıb. Biri sırf ixtisası üzrə iqtisadçı oldu. Digəri isə müasir sahə olan türizmdə işləməyi üstün tutdu. Hərəsi öz sahəsi üzrə işlərindən razıdırlar. Özüm də onlardan razıyam. Gözəl bir ailənin başçısı olduğum üçün çox xoşbəxtəm. Bu mənim üçün həyatda çox böyük nemətdir.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır